8.Babəklə Afşinin görüşü
Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, Babək və Məzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin "Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: "Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç" lakin o uzaqlaşdı".
Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: "Babəkə (bunları) söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim".
Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı – o, hər birini yandırdı və ya dağıtdı". Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü.
Bu məğlubiyyətdən sonra 837-ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir.
Dostları ilə paylaş: |