1 AZƏRBAYCAN TÜRKİYƏ ƏIAQƏLƏRİNİN TARİXİ VƏ ƏHƏMİYYƏTİ ( DÜNYAMALIYEV MƏHƏMMƏD 130 T)
Münasibətləri şərtləndirən amillər: Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər. Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki respublika arasında rəsmi münasibətlər mövcud olmuşdur. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynamışdır. Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir. Türkiyənin Qafqazda mövqeyi əsasən Azərbaycanın və Azərbaycanla müttəfiqliyə, sıx münasibətlər qurmağa ehtiyacı olan Gürcüstanın hesabına təmin olunur. Azərbaycanla demək olar ki, birbaşa quru əlaqəsi olmayan (təcrid edilmiş Naxçıvanla əlaqə istisna olmaqla) Türkiyə yalnız Gürcüstan, Rusiya və İran vasitəsilə Azərbaycana və Orta Asiyaya daxil olmaq, onlarla hərtərəfli inteqrasiyaya girmək imkanına malikdir. Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır. Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkşafı zəruridir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi
qəbul edilməkdədir.