1 AZƏRBAYCAN TÜRKİYƏ ƏIAQƏLƏRİNİN TARİXİ VƏ ƏHƏMİYYƏTİ ( DÜNYAMALIYEV MƏHƏMMƏD 130 T)
İkitərəfli siyasi münasibətlər: Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Türliyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərirdi. Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.” Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyin çox fərqli olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər dövründə Türkiyə Prezidenti, Baş nazir və parlamentin rəhbəri ilə görüşən Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərək iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin düşüncələri haqqında məlumat verib. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı. 5-8 may 1997-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə ikinci rəsmi səfəri zamanı həyata keçirilən görüşlər, danışıqlar nəticəsində imzalanmış səkkiz sənəd, xüsusilə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olmasının təzahürü idi. 12-17 mart 2001-ci ildə isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə növbəti dəfə rəsmi səfər edib. Türkiyənin dövlət və hökumət rəhbərləri ilə görüşlərdə iki dövlət arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə mövzusu olub. Səfər zamanı imzalanan vergilər, maliyyə, Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər sənədlər qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə şərait yaradılması baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin “Dövlət nişanı”, 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetinin Fəxri doktoru seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin göstəricisidir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə 2 rəsmi, 11 işgüzar səfər edib. 13-15 aprel 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri olub. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyə Prezidenti Ə.N.Sezərlə görüşüb. Sonra geniş tərkibdə görüş olub, sənədlərin imzalanma mərasimi kecirilib. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Turkiyənin Baş Naziri R.T.Ərdoğan ilə də təkbətək görüşüb. Həmin gun Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi H.Ozkökü, Xarici İşlər Naziri A.Gülü qəbul edib. 14 aprel 2004-cu il tarixində İ.Əliyev Ankara yaxınlığında, Batıkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə salınmış parkın təntənəli açılış mərasimində iştirak edib. Həmin gun İ.Əliyev TBMM-də olmuş, onun sədri ilə təkbətək görüşüb, Məclisdə cıxış edib. 14 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə Bilkənd universitetində fəxri doktor diplomu və İ.Doğramacı adına Dünya Sulh mükafatı təqdim edilib. Səfər zamanı Azərbaycan və Türkiyə arasında birgə bəyanat, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlığa dair protokollor və digər vacib sənədlər imzalanıb. 5-6 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün dəvəti ilə bu ölkədə yenidən rəsmi səfərdə olub. Yeri gəlmişkən, qeyd edək ki, bu İlham Əliyevin ikinci dəfə ölkə prezidenti seçildikdən sonra, ilk xarici səfəri idi. Noyabrın 5-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında - Çankaya köşkündə Prezident İ.Əliyevin və Prezidenti A.Gülün təkbətək görüşü keçirilib. Həmçinin səfər çərçivəsində Prezident İ.Əliyev Türkiyə Böyük Millət Məclisində geniş nitq söyləyib, Ankara şəhərinin Batıkent məhəlləsindəki Heydər Əliyev küçəsinin açılışında iştirak edib, habelə Heydər Əliyev parkı və Heydər Əliyev adına ibtidai məktəblə tanış olub. İki ölkə arasında münasibətlərin xarakterindən danışarkən bir məsələyə də diqqət yetirmək istərdik. Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları artıq xoş ənənəyə çevrilib. Hesab edirik ki, Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu fikri iki ölkə arasında münasibətlərin xarakterini gözəl nümayiş etdirir: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır.”