Zəfər tarixi ( Türkiyənin Azərbaycanın münasibətlərinin dahada möhkəmləndirildiy dövr )
Azərbaycanın hərb tarixinə «Tovuz - iyul hadisələri» kimi daxil olan hərbi-siyasi olaylarda Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə və doğma xalqı olmaq missiyasının əyani təcəssümüdür. Səksən milyondan artıq əhalisi ilə Türkiyə Cümhuriyyətini ləyaqətlə təmsil edən güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini bildirməsi qardaş ölkənin, qəhrəman böyük xalqının və qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin əməli ifadəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında səsləndirilmiş «bütün imkanlarımızla», «Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək», «qardaşlarımızı heç vaxt tək qoymarıq» kimi dərin mənaya malik olan və həm də konkret mövqe nümayiş etdirən fikirlər qardaş ölkədə müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibətin hansı miqyasda və mahiyyətdə olduğunu təsəvvür etməyə imkan yaradır. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab, dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi mesajdır.Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Prezident İlham Əliyev də ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. İlham Əliyev - Rəcəb Tayib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım» deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir. Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir. Azərbaycan-Türkiyə Cümhuriyyəti həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əminamanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni gövdəyə - kökə malik sarsılmaz qoşa qanadlarıdır.
İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında iştirak ediblər
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi. Dövlət başçıları əsgərləri salamladılar. Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan. Əziz hərbçilər. Hörmətli qonaqlar. Xanımlar və cənablar. İlk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı - Hörmətli cənab Prezident, əziz Qardaşım. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti. Azərbaycanlı can qardaşlarım. Sizləri ən səmimi hisslərimlə, məhəbbətlə, hörmətlə salamlayıram. Bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq. Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm. Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət, qazilərimizə tezliklə sağalmalarını arzulayıram.
Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı Bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilmişdir. Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm.
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan – Türkiyə əlaqələri və Heydər Əliyev (1-ci kitab), 1991- 2001. Bakı, Qafqaz Universiteti Nəşri, 2002, 180 s.
2. https://imbb.az
3. science.gov.az
4.idp.gov.az
5.president.az
6. Abbasbəyli A., Atmaca T. Müasir dövrdə Azərbaycan və Türkiyə münasibətləri. // Dirçəliş XXI əsr, 1998, № 10, s.33-37.
7. Abdullayev M. Azərbaycan – Türkiyə əlaqələri. Bakı, Mütərcim, 1998, 112 s
8. Abdullayev M.İ. Azərbaycan – Türkiyə mədəni əlaqələrində yeni mərhələ (1970 – 1990-cı illər). // Dövlət və hüquq, Bakı, 1998, №1, s.149-152.
9. Azərbaycan – Türkiyə münasibətləri (1920 – 1922), Sənədlər və materiallar (Tərtib edənlər: Jalə Qurbanova, Musa Piriyev). Bakı, AzAtaM, (Orxan nəşriyyatı), 2003, 334 s.
Dostları ilə paylaş: |