Azərbaycan RespublikasıTəhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 67,41 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü67,41 Kb.
#42053
1   2   3   4   5
1 AZƏRBAYCAN TÜRKİYƏ ƏIAQƏLƏRİNİN TARİXİ VƏ ƏHƏMİYYƏTİ ( DÜNYAMALIYEV MƏHƏMMƏD 130 T)

İqtisadi münasibətlər:
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə “Türk petrolları” şirkətinin xarici neft şirkətləri konsorsiumunda təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü idi. Ümumiyyətlə, Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı var: Bakı-Tbilisi-Ceyhan layihəsində - 6,53 faiz; “Azəri”-“Çıraq”-“Günəşli” layihəsində - 6,75 faiz; “Şahdəniz” layihəsində - 9 faiz; “Kürdaşı” layihəsində - 5 faiz; “Araz”-“Alov”-“Şərq” layihəsində - 10 faiz. 13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınmış və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilmişdir. Bu kəmərin ümumi uzunluğu 1769 km (Azərbaycan hissəsi 443 km, Gürcüstan hissəsi 250 km, Türkiyə hissəsi 1076 km), illik keçirmə qabiliyyəti 50 mln. tondur. 1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensat yatağı aşkar edilməsi ilə Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalandı. 2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Kəmərin Azərbaycanla Gürcüstan ərazisindən keçən hissəsinin 690 kilometrini Cənubu Qafqaz Boru Kəməri (CQBK) təşkil edir, Türkiyənin BOTAŞ şirkətinin Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən hissəsi isə 280 kilometr məsafə qət edərək Ərzurumadək uzanır. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır. Bu layihələr Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Uzun illər ərzində bu məsələ iki ölkə arasında, beynəlxalq maliyyə qurumlarında, sadəcə, müzakirə olunurdu. Bu önəmli layihə faktik olaraq, icra edilmirdi. Türkiyə, Gürcüstan və Azərbaycan rəhbərliklərinin iradəsi nəticəsində bu məsələnin həllinə nail olunub. Layihənin uğurla reallaşdırılması Azərbaycanı Türkiyə ilə dəmir yolu vasitəsilə birləşdirəcəkdir. Şübhəsiz ki, bu layihənin çox böyük, həm iqtisadi, həm də siyasi önəmi var. Yolun tikilməsi Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 10 mlrd. dollaradək yüksəldilməsi üçün real imkanlar açacaq. 2012-ci ildə başa çatdırılmasını planlaşdırılan xəttin istifadəyə verilməsindən sonra 2012-ci ildə 1,2 mln. sərnişin və 3,5 mln. ton yük daşınacaq. 2034-cü ildə isə dəmiryolu xəttinin üzərində 7,8 mln. sərnişin və 21,5 mln. ton yük daşınması təxmin edilir. Bakı-Tiflis-Qars xətti, Marmaray və tikintisi davam edən sürətli qatar layihələri ilə yalnız Türkiyə deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən sərfəli və etibarlı variantı halına gələcək. İqtisadiyyata yönəldilən xarici investisiyalar sahəsində Türkiyə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Türkiyənin iş adamları və şirkətləri 2002 - 2010 illər ərzində Azərbaycanın neft və qeyri-neft sektoruna 1,653 mlrd. AZN həcmində investisiya yönəltmişlər, bu da həmin dövr ərzində ölkəyə yatırılan sərmayələrin 7% təşkil etmişdir. Təkcə 2010-cü ildə Türkiyə Azərbaycana 94,8 mln. AZN (120,0 mln. $) həcmində sərmayə (neft və qeyri-neft sektorlarına) qoymuşdur ki, bu da həmin dövrdə əsas kapitala yönəldilən ümumi xarici investisiyaların 3,9%-ni təşkil etmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə xarici ticarət dövriyyəsinin həcmi 942,08 mln. $, o cümlədən idxalın həcmi 771,19 mln.$, ixracın həcmi 170,89 mln. $ təşkil etmişdir. 2010-cu ildə Türkiyə Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,37%, o cümlədən idxalda 11,69%, ixracda isə 0,8% olmuşdur. Cari ilin 5 ayında iki ölkə arsında əmtəə dövriyyəsi 1,4 mlrd. dollar təşkil edib və ilin sonunda 3 mlrd. dollara çatacağı gözlənilir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olsa da, son illər ərzində iki ölkə arasında ticarət dövriyyəsinin göstəricilərində azalma müşaidə olunur. 2010-cu ildə Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 136 şirkət qeydə alınıb. Onların 74-ü İstanbulda yaradılıb. 2010-cu ildə Azərbaycan kapitalının iştirakı ilə 6 səhmdar cəmiyyət və 130 məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Azərbaycan kapitalının iştirak etdiyi şirkətlərin çoxu tikinti sektorunda fəaliyyət göstərir. 2010-cu ildə Azərbaycan investisiyaları ilə yaradılan səhmdar cəmiyyətlərdə Azərbaycan kapitalının iştirak payı kapitalın ümumi həcminin 25 faizini təşkil edir, məhdud məsuliyyətli şirkətlərdə isə iştirakın 50 faizə yaxını Azərbaycan kapitalının hesabına təmin edilib. 2010-cu ildə Türkiyədə xarici iştirakla yaradılan məhdud məsuliyyətli cəmiyyətlər arasında Azərbaycan dördüncü, səhmdar cəmiyyətlər arasında isə 14-cü yerdədir. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. 2008-ci ilin iyun ayının 5-də neft-kimya sahəsində Türkiyənin ən böyük şirkəti olan “Petkim”in dövlətə məxsus 51 faizlik səhm paketinin satılması üzrə investisiya müsabiqəsində ARDNŞ-nin Türkiyədə təsis etdiyi “SOCAR&Turcas” birgə müəssisəsi və Səudiyyə Ərəbistanını təmsil edən “İnjas” şirkətindən ibarət “SOCAR&Turcas/Injas” alyansı 2 miyard 40 mln. dollarlıq təkliflə qalib qəlmişdir.2010-cu ildə “Petkim”in ümumi istehsal, gəlir, mənfəət və ixracat üzrə rekord göstəricilərə nail olmuş və 2011-ci ildə şirkətin inkişafı üçün 130 mln. dollarlıq sərmayə qoyuluşu nəzərdə tutulur. İqtisadi sahədə əməkdaşlıq haqqında indiyədək iki dövlət arasında 23 sənəd imzalanıb. Mədəni münasibətlər: Uzun illər boyu Sovet İttifaqının tərkibində olan Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmamışdır. Lakin istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duymuşdur. Təsadüfi deyil ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ Sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməmişlər. Xüsusilə maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar Imanov və başqaları daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə bilmişlər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.I. Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoymuşdur. Həmin operada German rolunu Lütfiyar Imanov ifa etmişdir. Sonrakı illərdə Niyazi Türkiyədə P.I. Çaykovskinin “Qu gölü” baletini, C. Verdinin “Aida” operasını da tamaşaçılara təqdim etmişdir. Türk tədqiqatçıları Niyazini müasir dövrün ən qabaqcıl drijorlarından biri kimi qiymətləndirmişlər. Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirmişdir. O, türk tamaşaçılarının ən sevimli müğənnisi statusunu qazanmışdır. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif etmişdir. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin Istanbul, Ankara və Izmir şəhərlərində çox uğurlu çıxışlar etmişlər. Həmin vaxt demək olar ki, bütün türk qəzetləri Zeynəb Xanlarovanın ecazkar ifasından, sənətkarlıq qüdrətindən yazmışlar. Hələ sovet dövründə Azərbaycanda Yaşar Kamal, Orxan Kamal, Rəşad Nuri Güntəkin, Nazim Hikmət, Əziz Nesin kimi türk yazarlarının əsərləri populyar olub və dəfələrlə nəşr edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük dirçəliş baş verib. 2 noyabr 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində dahi Azərbaycan şairi Məhəmməd Füzulini anma mərasimi keçirilib və mərasimdə Azərbaycan Prezidenti heydər Əliyev çıxış edib. Eyni zamanda Azərbaycan Prezidenti Bilkən Universitetində Füzulinin 500 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak edib. Turk dramaturqlarının əsərlərinin Azərbaycan teatrındakı tamaşaları, eləcə də son illərdə Azərbaycan dramaturgiyasının Turkiyə teatrlarında səhnə şərhini tapmış numunələri teatrlarımızın yaxınlaşmasında müstəsna əhəmiyyət kəsb edir. 9 mart 2001-ci ildə Azərbaycanın Prezidenti Heydər Əliyevin, Azərbaycan Atatürk Mərkəzinin açılması barədə fərman verməsi və lazımi çalışmaların qısa muddətdə tamamlanması tapşırığını verməsi mədəni əlaqələrimizin inkişafının canlı təcəssümüdur. Heydər Əliyev 2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq protokolunın təsdiqi haqqında sərəncam vermişdir. Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında iki ölkə arasında həyata keçirilən tələbə mübadiləsi, qarşılılı tele-radio yayınları da mühüm rol oynayır. Müasir mərhələdə əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan – Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf etməkdədir, bunu dövlət və hökumət rəhbərləri səviyyəsində, cəmiyyətlər və diasporalar əməkdaşlığında qeyd edilən tədbirlər də təsdiqləməkdədir. 2007-ci il martın 9-da Heydər Əliyev Sarayında Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun açılışı oldu. Forumda 48 ölkədən ümumilikdə 513 nəfər iştirak edirdi. Forumda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər uzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində də Türkiyə ilə faydalı əməkdaşlıq edir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib. 1993-cü ilin aprelində Ermənistan qoşunları Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən və BMT-nin işğal olunmuş əraziləri tərk etməsi barədə qətnaməsini icra etmədikdən sonra Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və problem həllini tapmayana qədər sərhədləri açmamaqda qərarlıdır. Türkiyə ardıcıl olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasını, bu məslə ilə bağlı BMT-nin müvafiq qətnamələrinin həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini blə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.”


Yüklə 67,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin