XIX əsrin 30-cu illərinin sonlarına yaxın komendant idarə üsulu tam iflasa uğramaqda idi. O, çarizmin Azərbaycanda siyasi mövqeylərini möhkəmləndirmək vəzifəsinə cavab vermirdi. 30-cu illərin əvvələrində general Paskeviç inzibati idarə sisteminə yenidən baxılması zərurəti barədə məsələ qaldırmışdı. Senatorlar Meçnikov və Kutaysov da komendant idarə sisteminin ləğv edilməsini lazım bilmişdilər. 1838-ci ildə senator Qan da Zaqafqaziya ölkəsinin idarə olunmasına dair layihə təqdim etmişdi. Bütün bunlar əsasında 1840-cı il aprelin 10-da çar hökuməti Zaqafqaziyada inzibati islahat haqqında qanun verdi. Qanuna görə komendant idarə üsulu ləğv olundu. Zaqafqaziya mərkəzi şəhəri Tiflis olan Gürcüstan-Imeretiya quberniyasına və baş şəhəri Şamaxı olan Xəzər vilayətinə bölündü. Azərbaycanın böyük bir hissəsi Xəzər vilayətinin tərkibinə daxil oldu. Vilayət Şamaxı, Şuşa, Şəki, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalarına, qəzalar isə məntəqələrə bölünürdü. Gürcüstan-Imeretiya quberniyasının tərkibinə Yelizavetpol, Balakən və Naxçıvan qəzaları daxil idi. Köhnə idarələr əvəzinə yeni quberniya, qəza və məntəqə idarələri təşkil olunurdu. Mahal naibləri vəzifəsi ləğv edilirdi. Azərbaycanlı məmurlar inzibati aparatdan çıxarılır, onların yerinə rus məmurları təyin olunurdu.
Azərbaycanda məhkəmə işləri ümumimperiya qanunları əsasında fəaliyyət göstərən quberniya, vilayət və dairə məhkəmələrinin ixtiyarına keçirdi. Nigah və vərəsəlik işləri müstəsna hal kimi ruhaniliyin ixtiyarında qalırdı.
Çar hökuməti yerlərdə öz mövqeyini möhkəmləndirmək məqsədilə 1841-ci il aprelin 25-də verdiyi fərmanla Gürcüstan-Imeretiya quberniyasının Qazax, Şəmşəddin və Borçalı məntəqələrinin ağaları öz torpaqlarından və kəndlilər üzərindəki hakimiyyətlərindən məhrum edildilər. Onların torpaqları dövlətin ixtiyarına keçdi. 1841-ci il mayın 28-də Xəzər vilayətinin tiyuldar bəyləri haqqında da belə bir qərar qəbul olundu. Lakin bu qərarlar həyata keçirilmədi.
XIX əsrin 40-cı illərinin əvvələrində keçirilən islahatlar nəticəsində yerli bəylərin hüquqlarının məhdudlaşdırılması böyük narazılığa səbəb oldu. Çar hökuməti Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün 1844-cü ildə burada canişinlik təsis etdi. Çarın Qafqazda ilk canişini Vorontsov oldu. Onun dövründə 1846-cı ildə Zaqafqaziyada yeni inzibati bölgü həyata keçirildi. Ölkənin ərazisi Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Quberniyalar qəzalara, qəzalar isə mətəqələrə bölünürdü. 1846-cı il dekabrın 6-da bəylər və ağaların hüquqları haqqında çar fərmanı verildi. Fərmana əsasən təkcə mülklər və mülkixalisləri deyil, habelə tiyul torpaqları da bəylərin, ağaların və məliklərin tam mülkiyyəti kimi təsdiq edilirdi. Fedolların bu torpaqlar üzərindəki əmlak toxunulmazlığı hüququ çar qanunları ilə təmin olunurdu. Fərmanda həm də feodaların kəndlilər üzərində inzibati məhkəmə hüquqları öz əksini tapırdı.
1847-ci il aprelin 20-də və dekabrın 28-də kəndli əsasnamələri adlanan sənədlər nəşr olundu. Bu əsasnamələrdən birincisi Şamaxı, Şuşa, Şəki, Lənkəran, Bakı və Quba qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax və Şəmşəddin məntəqələrində ağaların torpaqlarında yaşayan kəndlilərə aid idi. Əsasnamələrə görə bəy torpaqlarında yaşayan bütün kəndlilər vahid ad-mülkədar tabesi adı alırdılar. Kişi cinsindən olub 15 yaşından yuxarı kəndlilər bəylərə məxsus torpaqlarda 5 desyatinə qədər həcmdə pay torpağından istifadə edə bilər, bunun əvəzində isə taxıl məhsulunun onda birini, çəltik, tərəvəz və meyvə məhsulunun üçdə birini malcəhət formasında bəyə verməli idilər. Otlaqlardan istifadə əvəzində kəndlilər çöpbaşı vergisi ödəyirdilər. Bəyin ev işlərini görmək üçün hər 10 kəndli ailəsi bir nəfər kişi ayırmalı idi. Hər bir ailə bəyən təsərrüfatında biyar mükəlləyiyyətini icra etmək üçün ildə18 gün müddətinə bir nəfər verirdi. Kəndin bütün kəndliləri ildə
iki gün hamılıqla torpaq sahibinin təsərrüfatında əvrəz işinə çıxmalı idilər. Biyar əvəzinə bəy pul da ala bilərdi. 1847-ci il əsasnamələri Azərbaycanın təsərrüfat həyatına müəyyən təsir göstərdi. Maldarlar torpaq vergilərindən azad edildiklərindən əkinçilik bir qədər ixtisar olur, maldarlıq isə genişlənirdi. Beləliklə, 1847-ci ilin kəndli əsasnamələri ali müsəlman zümrəsi ilə kəndlilər arasındakı aslılıq münasibətlərini rəsmləşdirərək qanuni şəklə saldı.