Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 3. İkinci Rusiya-Qacar müharibəsi. Türkmənçay sülh müqaviləsi. İstilanın başa çatması



Yüklə 3,15 Mb.
səhifə107/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   173
Ar2019-47-1

§ 3. İkinci Rusiya-Qacar müharibəsi. Türkmənçay sülh müqaviləsi. İstilanın başa çatması
Rusiyanın 1804-1813-cü illər Rusiya-Iran müharibəsində qələbəsi, Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası inglis müstəmləkəçilərinin qəzəbinə səbəb oldu. Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab edən və Cənubi Qafqazı ələ keçirmək üçün yeni planlar hazırlayan İran sarayı isə Rusiyanın Cənubi Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. İranın bu planları Ingiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun gəlirdi və buna görə də ingilis diplomatiyası hər vasitə ilə yeni münaqişələr törədir, Iranı Rusiya ilə yeni müharibəyə təhrik edirdi.
Müharibənin qurtarmasından cəmi bir il sonra, 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə İran Qacarlar dövləti arasında müqavilə bağlandı. Bu müqavilə Rusiyaya qarşı yönəldilmişdi. İran şahı Iran sərhədləri tərəfdən Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürürdü. Böyük Britaniya isə Irana hər il 1809-cu il müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi. İngiltərə İrana Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmiş Rusiya-İran sərhədlərinə yenidən baxmağa nail olmaq barədə söz verdi. Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolov 1817-ci ildə nümayəndə heyətinin başçısı kimi İranda olarkən çoxlu ingilis zabitinin qızğın fəaliyyətinin şahidi olmuşdu.
Vəliəhd, cənubi Azərbaycanın hakimi Abbas Mirzə Rusiyaya qarşı yeni müharibənin hazırlanmasında yenə də mühüm rol oynayırdı. İngilis diplomatiyası hər vasitə ilə onu İngiltərənin daimi nəzarəti altında saxlamağa çalışırdı. 1815-c ildə Gülüstan müqaviləsinə yenidən baxmağa Rusiyanın razılığını almaq və Cənubi Qafqazın, əsasən Azərbaycan ərazisinin heç olmazsa bir hissəsinin İrana verilməsinə nail olmaq üçün İngiltərə ilə sıx bağlı olan və çoxdan onun təminatından istifadə edən Mirzə Əbdül Həsən xanın başçılığı ilə Peterburqa nümayəndə heyəti göndərildi. İngiltərə və İranla münasibətləri kəskinləşdirmək istəməyən çar hökuməti sərhədlərin müəyyənləşirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu məqsədlə 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə İrana nümayəndə heyəti göndərdi. A.P.Yermolovun səfirlyi İranda soyuq qarşılandı. İngilislər tərəfindən qızışdırılan vəliəhd Abbas Mirzə hətta Yermolovun səfirliyndən ölkədə hərbi əhval-ruhiyyəni qızışdırmaq üçün istifadə etməyə çalışdı.
Tərəflərin elə ilk görüşündə İrandakı ingilis səfirinin iştirakı ilə şah diplomatiyası Gülüstan müqaviləsinə görə Rusiyaya keçmiş torpaqların İrana verilməsini tələb etdi. Şah sarayının mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək fikrində olmadığına və İngiltərənin köməyi ilə müharibəyə hazırlaşdığına əmin olan general Yermolov İranı tərk etdi. Rusiyaya qayıtdıqdan sonra Yermolov Peterburqa yazırdı: «İngilislər ehtiyat edirdilər ki, İran bizim hakim təsirimiz altına düşə bilər». O, daha sonra qeyd edir di ki, «vəliəhdin sarayında ingilislərsiz heç bir iş görülmür».
XIX yüzilliyin 20-ci illərində Qacarların Rusiyaya qarşı hərbi hazırlığı yeni mərhələyə qədəm qoydu və çox fəallaşdı. İngilis diplomatiyası ehtiyat edirdi ki, Rusiya şərq məsələsini öz xeyrinə həll edə bilər və ona görə də hər vasitə ilə Qacarları müharibəyə təhrik edirdi.
Şah sarayı ingilislərin köməyi ilə öz ordusunun gücünü artırır, gələcək müharibədə Türkiyədən kömək almağa səy göstərirdi. Bu işdə də İngiltərə İrana kömək etdi. 1823-cü ildə İran və Türkiyə arasında müqavilə bağlandı. İngilislərin köməyi ilə Cənubi Qafqazda geniş casusluq və təxribat işləri təşkil edildi.
1825-ci ilin payızında Abbas Mirzənin qoşunu üçün İsfahana 200 tay ingilis silahı gətirildi. 1826-cı ildə İngiltərə Hindistandan daha 15 min tüfəng göndərdi. Bu zaman ingilislər şaha bildirdilər ki, gələcəkdə kömək yalnız o zaman göstəriləcəkdir ki, İran Rusiyaya qarşı müharibəyə başlasın. Elə həmin il İngiltərə artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi.
1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə heyəti İran Qacar dövlətinə gəldi. Aldığı təlimata əsasən, Menşikov şah sarayının nəzərinə çatdırmalı idi ki, Rusiyanın məqsədi İranla sülhü, mehriban razılıq və dostluq münasibətlərini qorumaqdan, beləliklə İranın Rusiyanın işğal məqsədi daşıması və öz ərazisini genişləndirmək istəməsi gümanını aradan qaldırmaqdan ibarət olmalı idi. Menşikov sərhəd haqqında məsələni tənzimləməyə, «şahı razı salmaq üçün bütün gücünü sərf etməli idi». Çarın sərəncamı ilə Menşikov Qarabağın və Lənkəran xanlığının bir hissəsini güzəştə getməyə hazır idi.
Şahın yay iqamətgahı Sultaniyyəyə gələn Menşikov başa düşdü ki, mühari-
bə labüddür.
İran sarayı özünün Rusiyaya qarşı hazırladığı müharibə planlarında «Qafqaz müsəlman vilayətlərinin», daha doğrusu Azərbaycan və Dağıstanın «hamılıqla silahlanmasına» böyük ümid bəsləyirdi. Qaçqın Azərbaycan xanları Abbas Mirzəni inandırırdılar ki, onun ordusu görünən kimi müsəlman əhalisi üsyan qaldıracaq və rusları qovacaqdır. Abbas Mirzə Qafqaz xalqları arasıda milli və dini ədəvəti qızışdıracağına da ümid bəsləyirdi.
1826-cı il mayın 26-da İran qoşunu sərhəd dəstələrinə hücum etdi, iki aydan sonra isə iyulun 19-da Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana soxuldu.
Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı ələ keçirmək və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum etmək idi. İrəvan sərdarı Hüseyn xan cənubdan Şuragəl və Pəmbəyə soxulmalı və burada Abbas Mirzənin əsas qüvvələrinin yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan gürcü şahzadəsi Aleksandr isə İran ordusu ilə Kaxetiyaya girməli və burada Car-Balakən dəstələri ilə birləşib Şimal-Şərqdən Tiflis üzərinə hərəkət etməli idi.
Ordunun bir hissəsi yol üstündəki hər şeyi oddan və qılıncdan keçirərək Gəncəyə tərəf hərəkət etdi. Digər əsas qüvvələr Şuşa üzərinə yeridildi.
Zaqafqaziyadakı rus qoşunlarının sayının azlığı və pərakəndəliyi İran qoşununun Quba, Bakı və b. yerlərə hərəkəti üçün əlverişli şərait yaratdı. İran odusu ilə İrana qaçmış hakimiyyət iddiasında olan xanlar- gəncəli Cavad xanın oğlu Uğurlu xan, bakılı Hüseynqulu xan, şirvanlı Mustafa xan və başqaları da gəlirdilər. Qarabağda İrana meyl edən bəy qrupları öz fəallığını artırırdılar. İran şahının hakimiyyəti altında olan İrəvan xanı rus odusunun düşərgə saldığı rayona böyük atlı dəstəsi ilə hücum etdi. Əhali öz keçmiş xanlarına kömək məqsədi ilə Rusiya əleyhinə üsyanlar qaldırdı. Belə bir üsyan Gəncədə baş verdi. Bu çıxışın iştirakçıları iyulun 27-də həbsxananı ələ keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər. Zurnabaddan rus qarnizonunun köməyinə gələn rota top atəşi ilə qarşılandı, rota geri çəkildi. Şəhər Abbas Mirzənin qoşunu tərəfindən tutuldu. Beləliklə, hərbi əməliyyatlar Şimali Azərbaycanın demək olar ki, bütün ərazisini və Qərbi Azərbaycanın bir hssəsini əhatə etdi. Elə bu vaxt İran ordusu bütün Qarabağ mahallarını ələ keçirərək Şuşa qalasını mühasirəyə aldı. Şuşa qarnizonu sayca az idi. O 6 rotadan, daha doğrusu 4 topu olan 1500 adamdan ibarət idi.
Şuşa qalasının mühasirəsi 48 gün davam etdi. Abbas Mirzənin təslim olmaq haqqında dəfələrlə verdiyi tələblər Şuşa qarnizonunun rəisi polkovnik Reut tərəfindən rədd edildi. Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi komandanlığının səhvi idi. Yermolov başa düşürdü ki, azsaylı qüvvələrlə bütün cəbhə boyu düşmənə əks zərbə vurmaq mümkün deyil. Bütün qüvvələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiəsində cəmləşdirməklə o, düzgün qərar qəbul etdi.
Hüseynqulu xan İran sərbazlarından ibarət böyük bir dəstə ilə azsaylı rus qarnizonunun müdafiə etdiyi Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də dənizdən İranın avarlı donanması tərəfindən mühasirədə idi. Qala möhkəm dayanmışdı və Hüseynqulu xanın bütün hücumları dəf edildi. Rus hərbi komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı limanı Həştərxanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı.
Lakin Hüseynqulu xanın qalanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər müvəffəqiyyətsizliyə uğradı. İran qoşunları Şamaxıda da güclü müqavimətə rast gəldilər. Mustafa xan yeni Şamaxını ələ keçirməyə müvəffəq olmuşdu. Bütün əhalinin köməyinə baxmayaraq, o, köhnə Şamaxını ələ keçirə bilmədi. Elə həmin vaxt şəkili Səlim xanın oğlu Hüseyn xan Iran sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu. Mirhəsən xan Lənkərana gəldi. O, Xəzər batalyonunu və kazak bölməsini sıxışdıraraq Salyanı, Qızılağacı ələ keçirməyə və Lənkəranı mühasirəyə almağa müvəffəq oldu. Şimaldan təcrid olunan və ərzaq ehtiyatı tükənən qarnizon rəisi mayor İlyinski iyunun 27-nə keçən gecə şəhəri yandırdı və ordunu Xəzər donanmasına mindirərək Sara adasına üz qoydu.
Özlərinin keçmiş mülklərini ələ keçirən xanların başlıca vəzifəsi yerlərdə İran ordusunun qüvvələri ilə birlikdə hərəkət edərək körpüləri, dəyirmanları dağıdan, ərzaq ehtiyatlarını məhv edən təxribatçı dəstələri təşkil etmək idi.
General Yermolov keçmiş Azərbaycan xanlarına qarşı sərt tədbirlər görmək qərarına gəldi və Dağıstanda yerləşən qoşunu onlara qarşı göndərdi. Bu qoşun Qubaya hərəkət edərək, oradan da iyunun 23-də Köhnə Şamaxıya gəldi. Lakin Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında peyda olması və həmçinin ərzaq ehtiyatının tükənməsi rus qoşunlarını geri çəkilməyə və Qubaya daxil olmağa məcbur etdi. Şəhər Iran ordusu tərəfindən mühasirəyə alındı. Abbas Mirzənin oğlu yerli əhalini soyur və onu özünə qarşı çevirirdi. Cənubi Dağıstan
Abbas Mirzə tərəfindən Dağıstanın hakimi təyin edilmiş Surxay xanın əlinə keçdi.
Abbas Mirzə öz ordusu ilə Şuşa qalası ətrafında dayanarkən Iran ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra Tiflisə tərəf hərəkət etdi. Yolda onlar mənşəcə Qarabağ ermənilərindən olan general Mədətovun dəstəsi ilə rastlaşdılar.
Rus hərbi dəstələri və gürcü süvariləri şahzadə Aleksandrın dəstəsini məğlub etdilər. Mədətovun dəstəsi qazandığı müvəffəqiyyəti inkişaf etdirərək Gəncəyə hərəkət etdi. Lakin Gəncəyə gedən yolun üstündə, Şamxorda Iranın böyük hərbi qüvvələri yerləşmişdi.
1826-cı il sentyabrın 3-də səhər tezdən İran ordusu rus qoşunlarının düşərgəsinə doğru hərəkət etdi. Şamxor yaxınlığında düzənlikdə qanlı döyüş başlandı. Kazaklar və süvarilər döyüşə birinci olaraq girdilər. Gürcü dəstəsi hücum edən rus qoşununun sağ cinahında fəaliyyət göstərirdi. Birləşmiş qüvvələr İran süvari qoşunu ilə döyüşə atıldı. Sonra isə bütün rus qoşunu hücuma keçdi və düşmən geri çəkilməyə məcbur oldu.
İran ordusu Şamxorçay yanında möhkəmlənməyi, sonra isə rus qoşunu üzərinə hücum etməyi qərara aldı. Lakin hücum edən rus qoşununun zərbələri altında şah qoşunları pərən-pərən düşdü.
Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri çəkildi, sentyabrın 4-də general Mədətovun rus dəstəsi Gəncəyə daxl oldu. Sentyabrın 9da rus korpusunun əsas qüvvələri Gəncəyə gələrək general Mədətovun qrupu ilə birləşdi.
İran ordusunun yaxınlaşdığını eşidən rus komandanlığı zərbə qrupunu Gəncə yaxınlığında cəmləşdirdi. Sentyabrın 10-da sonralar Yermolovu əvəz edən Paskeviç də əlavə qoşunla buraya gəldi. Rəqiblər döyüş meydanında üzbəüz dayanmışdılar. Rus qoşunu 8700 adamdan ibarət idi. İran ordusu isə 15.500 nəfərlik nizami piyadadan, 10.700 nəfərlik süvaridən ibarət idi.
1826-cı il sentyabrın 13-də Iran qoşunları hücuma başladı. Amansız döyüş baş verdi. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazırdı: «Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük sultani bir müharibə oldu. Bir saatdan sonra qızılbaşlar basıldılar». Seçmə şah qoşunu darmadağın edildi. Bu döyüşdə Iran qoşunundan 1000 nəfər öldürüldü, 1100 nəfədən çoxu əsir alındı, 4 bayraq, bir neçə top və s. ələ keçirildi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, Xudəfərin körpüsünə tərəf qaçdı. Sentyabrın 18-də Abbas Mirzə Şuşa altında saxlanılan dəstəni də özü ilə götürərək Arazın sağ sahilinə keçdi.
XIX yüzilliyin birinci qərinəsində Cənubi Qafqazda baş verən hərbi əməliyyatlar içərisində ən böyük döyüşlərdən olan Gəncə döyüşünün Rus-İran müharibəsinin sonrakı gedişində çar Rusiyası üçün çox mühüm əhəmiyyəti oldu və faktiki olaraq onun müqəddəratını həll etdi. Şah qoşunu ilə birlikdə onun köməyi ilə öz hakimiyyətlərini bərpa etməyə ümid bəsləyən xanlar və feodallar da Azərbaycanı tərk etdilər.
1826-cı ilin dekabrında Abbas Mirzə və şahzadə Aleksandr Azərbaycan və Dağıstan hərbi hissələrinn köməyi ilə Şəki əyaləti ilə həmsərhəd olan Dağıstan əhalisinin üsyanını təşkil etdilər və Hüseyn xanın iddiasında olduğu xan hakimiyyətini bərpa etmək şərti ilə Nuxaya böyük dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstələri Nuxaya gəldi. Müqavimət göstərməyə və müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayından Irana keçdi. Sentyabrın 24-də Sultan Əhmət özünün 6 minlik dəstəsi ilə Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubada mühasirədən çıxan rus dəstəsi geri çəkilən Iran qoşun dəstəsini təqib etdi. Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvvəllərində İran sərbazları bütün Şimali Azərbaycan ərazisini tərk etdilər, yalnız Lənkəranda hələlik Mirhəsən xan qalırdı. İran feodalları Arazın o tayına keçdikdən sonra da tez-tez soyğunçu basqınlar təşkil etməklə Azərbaycan torpaqlarını rahat qoymurdular.
Belə hücumların qarşısını almaq məqsədilə dekabrın 26-da Mədətovun başçılığı ilə rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı hələlik öz qarşısına Cənubi Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı və Mədətov öz qoşunu ilə geri qayıtdı.
Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu iki istiqamətdə irəliləməyə başladı. Dəstələrədən biri Mədətovun komandanlığı altında 1827-ci il apelin 20-də Xudafərin körpüsünü ələ keçirdi, Cənubi Azərbaycana yol açıldı. Lakin rus komandanlığı ilk növbədə İrəvan xanığını ələ keçirməyi qərara aldı.
Əlahiddə Qafqazda korpusunun əsas qüvvələri Iran qoşunları tərəfindən viran edilmiş Eçmiədzinə daxil oldu və aprelin 23-də Irəvan üzərinə hərəkət etdi, səhəri gün isə Irəvan qalasına yaxınlaşaraq onu mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Lakin rus qoşunu sayının azlığı ucbatından (8600 adam) Irəvanda müvəffəqiyyət qazana bilmədiyindən rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı və qoşununu Naxçıvan üzərinə yertdi. 1827-ci il mayın 26da 20 km.-lik yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına yaxınlaşdı. Bu qalanın böyük strateji əhəmiyyəti var idi. Belə ki, o, şah hakimiyyətinin Naxçıvan xanlığında dayağı idi və Araz çayı üzərində keçidi təmin edirdi.
Rus qoşunu İrəvana yaxınlaşana qədər avqustun 13-də Alagöz dağının ətəklərində, avqustun 17-də Uşağanda və b. yerlərdə iri döyüşlərə girdi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. O ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını mühasirəyə aldı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi, sentyabrın 26-da Irəvan qalasının da mühasirəsi başlandı. İrəvan xanlığı əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. Paskeviçin yazdığı kimi, «İrəvan vilayətində 10 min müsəlman (azərbaycanlı – Red.) və ancaq 3 min erməni ailəsi var idi. Elə həmin gün qanlı döyüşdən sonra rus qoşunu
İrəvan qalasını ələ keçirdi.
İrəvan qalasındakı qələbə, onun alınması Rusiya-İran müharibəsinin gedişində rus komandanlığı üçün mühüm əhəmiyyətə malik idi. Bu vaxta qədər general Krestovun komandanlığı altında Cənubi Azərbaycanın sərhədlərində dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Oktyabrın 2-də Mərənd döyüşsüz ələ keçirildi.
Rus qoşunu Xoy şəhərinə yaxınlaşarkən müqavimətə rast gəlmədi. 1827-ci il oktyabrın 11-də rus qoşunu Təbrizə hərəkət etdi. Oktyabrın 13-də rus qoşunu Təbrizə daxıl oldu. Çoxlu qənimət- 40 top, mindən çox tüfəng, çoxlu mərmi ələ keçirildi.
Təbrizin və bütün Cənubi Azərbaycanın idarə olunmasına dair təlimat A.S.Qriboyedov tərəfindən tərtib edilmişdi. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahş etdi.
Bununla belə, daxili və beynəlxalq vəziyyət Rusiyanı İranla müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7də danışıqlar başlandı. Lakin inglis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətndə hərəkət etməyi əmr etdi. Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. Rus qoşununun yeni hücumu Iranın hakim dairələri arasında vahimə doğurdu. Iranın tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Paskeviçin qarşısında şahdan Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini qoymuşdu. Danışıqların iştirakçısı A.S.Qriboyedov da Cənubi Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı.
Britaniya diplomatiyası danışıqlarda vasitəçiliyə can atırdı. O İran Qacarlar dövlətinin tamamilə dağılmasından, bütün Cənubi Azərbaycanın rus qoşunları tərəfindən tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi Azərbaycana olan iddialarından əl çəksin. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində çar hökuməti İran Qacarlar dövləti ilə sülh müqaviləsi bağlamağa tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı. Türkmənçay sülh müqaviləsinə görə, İran Qacarlar dövləti
Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı. Cənubi Azərbaycan isə İran Qacarlar dövlətinin himayəsində qaldı. Azərbaycan iki yerə bölündü. Bu ədalətsizlik indiyədək davam etməkdədir.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. İran və Rusiya arasında sərhəd xəttini dördüncü, İranın Qafqaz dağlarına qədər bütün Zaqafqaziya ərazisini, o cümlədən Gülüstan müqavləsinə əsasən Rusiyaya keçmiş ərazilərini və «Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını»… .
Rusiyaya «güzəştə» getdiyini beşinci maddələr müəyyən edirdi.
Səkkizinci maddəyə görə İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi. Bu maddə Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin mənafeyinə güclü zərbə idi. Onuncu maddə ilə Rusiyaya İranın istədiyi şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən İran Rusiyaya 20 milyon manat məbləğində hərbi təzminat ödəməli idi. Müqavilədə Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquqlarını müdafiə edən maddə var idi. Türkməçay müqaviləsinə əsasən əhalinin Cənubi Azərbaycan, Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər.
Həm 1804-1813-cü və 1826-1828-ci illər rus-İran müharibələrinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin İran, Türkiyə və Cənubi Azərbaycandan Zaqafqaziyaya, o cümlədən də Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər rus-İran müharibəsinin gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Zaqafqaziyaya, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Məlumdur ki, 1826-1828-ci illər rus-
İran müharibəsinin Rusiya üçün qalibiyyətlə başa çatmasından sonra iki vuruşan dövlət arasında bağlanmış Türkmənçay müqaviləsinə görə ermənilərin maneəsiz olaraq İran ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. Bu akt ermənilərin İrandan Zaqafqaziyaya, o cümlədən Qarabağa kütləvi halda köçməsinə imkan verirdi. Iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 mindən çox İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni əhalisinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200 min desyatindən çox xəzinə torpağı ayrıldı.
Bu hadisələrin şahidi olan rus səfiri A.S.Qriboyedov yazırdı: «Biz onunla, həmçinin müsəlmanları onların uzunmuddətli olmayacaq indiki ağırlaşmalarla barışdırmaq və onlardan ermənilərin ilk vaxtlarda köçürüldükləri torpaqları həmişəlik tutacaqları barədə qorxunu çıxarmaq üçün müsəlmanlara olunacaq təlqin barədə çox mülahizələr etdik. Bu mənada mənim yanıda olmuş xanla danışılmışdı». 1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini isə ermənilər təşkil edirdilər. 1832-ci il kameral təsvirlərinin materiallarına görə, Qarabağ əyalətinin ərazisindəkii 20546 ailədən 13965-i azərbaycanlılar, 6491-i isə ermənilər idi. Beləliklə, çarizmin XIX əsrin 30-cu illərinin əvvəllərindəki köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə qalxdı.
Türkmənçayda rus tacirlərinə bir sıra üstünlüklər verən və xüsusi «akt» adlandırılan ticarət sazişi bağlandı.
Türkmənçay sülh müqaviləsi XIX yüzilliyin birinci qərinəsinin Rusiya-Iran müharibəsinə son qoydu və İranın Cənubi Qafqaza və Dağıstana olan iddialarından imtina etdiyini təsbit etdi.
İkinci Rusiya-İran müharibəsinin başa çatdığı dövrdə Rusiya ilə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşdi. İran üzərində qələbədən sonra, Xəzər demək olar ki, Rusiyanın daxili dənizi idi. İndi çar Rusiyası öz qarşısına Qara dənizi, ilk növbədə Qara dənizdə hökmranlığın açarı hesab edilən Bosfor və Dardanel boğazlarını ələ keçimək vəzifəsini qoymuşdu. Qara dəniz Rusiya üçün nəzərlərini boğazlara və Qafqaza yönəltmiş İngiltərə və Fransadan özünün cənub sərhədlərini qoruma baxımından da mühüm əhəmiyyət kəsb edirdi. 1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi.
Rus-türk müharibəsində Qafqaz əhərbi əməliyyatları rus qoşunlarının Qars istiqamətndə hücumu ilə başlandı. Qarsı tutduqdan sonra ruslar Ahalsıx üzərinə hərəkət etdilər. Avqustun 9-da rus qoşunları Ahalsıxı ələ keçirdilər. Hələ bundan əvvəl rus qoşunları Ahalkələki və Xertsisi tutmuşdu. Avqustun sonlarına qədər rus qoşunları Bəyazid qalası, Torpaqqala və Diadil sədləri ilə birlikdə bütün Bəyazid paşalığını ələ keçirdi.
1829-cu il hərbi əməliyyatlarının gedişində rus qoşunu Ərzrumu ələ keçirdi və Trapezund üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi əməliyyat meydanında isə rus qoşunları Balkan dağlarından keçərək Ədirnəni ələ keçirdi. və İstanbula yaxnlaşdı. Sultan sülh xahiş etməyə məcbur oldu. 1829-cu il sentyabrın 2də (14-də) Ədirnədə bağlanan sülh müqaviləsinə görə, Türkiyə şimalda Anapadan başlayaraq, cənubda Müqəddəs Nikolay limanına qədər Qara dənizin bütün şərq sahillərini və Ahalsıx paşalığının ərazisinin bir hissəsini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları rus və Qərbi Avropa ticarət gəmiləri üçün açıq saxlanılırdı. Moldaviya və Valaxiya rus qoşunu tərəfindən müvəqqəti olaraq işğal edildi.
Ədirnə sülhü Şimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya tərəfindən zəbt ounmasını təsbit etdi, Rusiyanın Orta Şərqdə və Balkanlarda mövqelərini möhkəmləndirdi, Qara dənizdə ticarətin genişlənməsi üçün şərait yarandı.
Beləliklə, Azərbaycanın Şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını müharibə nəticəsində zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. Bu tarixi ədalətizlik nəticəsində vahid xalq bölündü və onların hər biri bir-birindən fərqli sosial-iqtisadi, siyasəi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu. İşğal nəticəsində Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal bazasına, tacirlərinin isə satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisaliyyatı xarakteri aldı. Bu isə o demək idi ki, yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli idi. Nəhayət, ən başlıcası budur ki, Şimali Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə çevrildi.
Azərbaycanın çar Rusiyası tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycan Rusiyanın tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Ələbəttə, Bakı kimi neft sərvəti mərkəzinin olması Azərbaycanda kapitalist münasibətlərinin XIX yüzillikdə inkişaf etməsinin əsas amillərindən biri idi. Rusiyanın tərkibində Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması prosesi də sürətləndi.
Ölkə Rusiya tərəfindən işğal ediləndən sonra elə ilk illərdə Azərbaycan xanlıqlarında mövcud olan müxtəlif pul sistemləri vahid rus pul sistemi ilə əvəz edildi. Bu tədbir ölkənin ayrı-ayrı rayonları arasında ticarətin və XIX yüzilliyin birinci yarısında əmttəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatı müstəmləkə xarakteri alsa da, o, metropoliyanın xammal bazasına çevrilsə də Rusiya impeiyasının ayrılmaz hissəsi kimi Rusiyanın iqtisadi inkişaf axınına cəlb olundu, onun bazarına qoşuldu və bu bazar vasitəsilə dünya əmtəə dövriyyəsində iştirak etməyə başladı.
Çarizm hər vasitə ilə ucqarlarda, o cümlədən Azərbaycanda feodal münasibətlərini, geriliyi qoruyub saxlamağa, rus kapitalı tərəfindən ölkənin müstəmləkə qaydası ilə qarət olunmasına, kapitalizməqədərki münasibətlərin saxlanılmasına çalışırdı. Ucqarların xalq kütlələri ikiqat zülmə- çarizmin və yerli istismarçıların zülmünə məruz qalırdılar. Yerli mülkədarların və zadəganların bəzilərinin simasında özünə müttəfiq tapan və onlara arxalanan çarizm Azərbaycanda müstəmləkə siyasəti yeridirdi.

FƏ Sİ L 13. Şİ MAL İ AZƏ R BAY CAN X I X Ə SR İ N 30-40-ci İ L L Ə R İ NDƏ



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin