Şərqdə ilk demokratik parlament. Nisbətən qısa müddət ərzində əldə olunmuş hərbi və siyasi nailiyyətlərə baxmayaraq, gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə işləməli oldu. 1918-ci il 30 oktyabr tarixli Mudros (Mondros) sazişinə görə Osmanlı Türkiyəsi 1-ci cahan savaşında öz məğlubiyyətini etiraf edib qoşunlarını Zaqafqaziyadan, o cümlədən Azərbaycandan çıxarmaq zorunda qalarkən, Ənzəliyə ingilis generalı Tomsonla danışıqlara yollanmış Azərbaycan nümayəndə heyəti əliboş geriyə qayıtdıqda AXC-nin vəziyyəti daha da gərginləşdi. Belə şəraitdə hələ iyunda öz fəaliyyətini dayandırmış Milli Şuranın çağırılmasını tələb etməyə başladılar. Əslində belə şura artıq Bakının azad edilməsindən sonra çağırılmışdı. Artıq 1918-ci il noyabrın 16-da Milli Şura öz fəaliyyətini bərpa edir və bir neçə gün sonra- noyabrın 19-da AXC parlamentinin yaradılması barəsində qərar qəbul edir. Bu qanunda Azərbaycanda məskunlaşmış bütün milli azlıqlara da parlamentdə təmsil olunmaq hüququ verilirdi.
Lakin ingilis qoşunlarının Bakıya yeridilməsi vəziyyəti son dərəcə kəskinləşdirirdi. Ingilis komandanlığının, ümumiyyətlə Azərbaycan Respublikasının istiqlaliyyəti ideyasının özünə necə yanaşacağını heç kəs bilmirdi. Ingilislərin ilk hərəkətləri heç bir yaxşı şey vəd etmirdi. 1918-ci il noyabrın 17-də ingilis qoşunları Bakıya daxil olarkən limanda ABŞ, İngiltərə, Fransa və İtaliya bayraqları ilə yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin də bayrağının asıldığını görən kimi sonuncu bayrağın dərhal çıxarılması əmr edilmişdir.
M.Ə.Rəsulzadə öz xatirəsində yazırdı ki, noyabrın 17-də iki Bakı var idi: bədbəxt müsəlman Bakısı və bəxtəvər xristian Bakısı. Bundan iki gün sonra ingilis komandanlığı şəhərin müsəlman əhalisini dərindən məyus edən belə bir müraciət nəşr etdirdi: “Antantanın müvəffəq ordusu öz vətəninə qayıtmadan əvvəl ümumi qələbəyə bu qədər yardım göstərmiş cəsur rus xalqı qarşısında öz borcünu yerinə yetirəcəkdir. Bu borcü yerinə yetirmək naminə bu ordu Rusiyadan qoparılmış Qafqazı düşmənlərdən təmizləyəcəkdir və Ufada təşkil olunmuş rus hökuməti ilə razılığa əsasən buraya bu məqsədlə gəlmişdir”.
Milli Şura və Azərbaycan hökuməti müdaxiləçilərə hərbi müqavimət göstərmək üçün heç bir imkan olmadığı (ingilis komandanlığının tələbi ilə AXC-nin azsaylı hərbi qüvvələri və Hərbi Nazirliyi Bakıdan çıxarılmış və Gəncəyə köçürülmüşdür) və ingilis komandanlığının AXC-yə qarşı açıq-aşkar saymazlığı şəraitində milli dövlətçiliyin qorunub saxlanılması üçün doğrudan da zərgər dəqiqliyi tələb edən incə və çevik siyasət yürütmək zorunda qalmışdılar.
AXC parlamentinin açılmasına hazırlıq işləri də bu son dərəcə mürəkkəb şəraitdə aparılırdı.
Müsəlman Şərqi tarixinə ilk seçkili qanunvericilik orqanı kimi daxil olmuş AXC parlamentinin deputat korpusu hansı prinsip əsasında formalaşdırılmışdır? Deputatların əsas hissəsini Milli Şuranın 44 üzvü təşkil edir, qalan 36 müsəlman deputat isə şəhər və qəzalardan, keçmiş milli komitələrin üzvlərindən seçilirdi (belə komitələrin olmadığı yerlərdə deputatlar kənd icmaları nümayəndələrinin Məclisi tərəfindən seçilirdi). Seçkilər gizli idi.
AXC parlamentinin təşkili üçün əsas kimi götürülmüş milli nümayəndəlik prinsipinə müvafiq olaraq erməni və rus milli şuralarına öz deputatlarını parlamentə göndərmək təklif olunmuşdu.
Əvvəlcə hər iki şura bu təklifə rədd cavabı verdilər. Maraqlıdır ki, ermənilər özləri üçün ənənəvi olan ruhda cavab verərək siyasi və milli-mədəni mənafelərin taleyini bəhanə gətirir, erməni milli şurası AXC parlamentinin də ermənilərin ümumi mənafelərini təmsil etmək hüququna malik olmadığını bildirirdi.
Lakin buna bənzər müxtəlif maneələrə baxmayaraq 1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli şəraitdə öz işinə başladı. Parlamentə 11 müxtəlif fraksiya və qrupu təmsil edən 97 deputat seçilmişdi.
Bitərəflər qrupu ilə birləşmiş müsavatçılar parlamentdə ən çoxsaylı fraksiyanı (38 deputat) təşkil edirdilər. Sonrakı yerlər ittihadçılar (13), sosialist bloku
(13), Əhrar (6), Slavyan-rus cəmiyyəti (3), milli azlıqlar fraksiyası (4), erməni fraksiyası (5) və Daşnaksütun fraksiyası (6) tuturdu. Bitərəflər (4 üzv), partiyaların fövqündə duranlar (4) , və sol bitərəflər (1) ayrıca qrup təşkil edirdilər.
Parlamentin işə başlamasından təxminən bir həftə sonra 1918-ci il dekabrın 13-də parlamentin sədri Ə.Topçubaşovun müavini Həsən bəy Ağayev yeni hökumət kabineti təşkil etmək xahişi ilə F.Xoyskiyə müraciət etdi. H.Ağayevin müraciətində Vətənə xidmət yolunda Fətəli bəyin görkəmli xidmətləri və bütün parlament fraksiyalarının onu baş nazir vəzifəsində görmək arzusu qeyd olunurdu.
F.Xoyskinin baş nazir vəzifəsindən diplomatik şəkildə (AXC-nin ilk baş naziri səhhətindən şikayətlənirdi) imtina etməsinə baxamayaraq, parlament onun namizədliyi üzərində təkid etdi. Çünki F.Xoyskinin başçılıq etdiyi ilk hökumət kabineti kifayət qədər mürəkkəb hərbi-siyasi və iqtisadi şəraitdə işləmələrinə baxmayaraq, öz üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gəlmişdilər.
Yeni hökumət kabineti parlamentin özündəki siyasi qüvvələr nisbətinə müvafiq olaraq təşkil edilirdi. Bu yeni koalisiya hökuməti böyük çətinliklərdən sonra faktiki olaraq bütün parlament fraksiyalarının itirakı ilə (“İttihad”dan başqa) yaradıldı. “İttihad”ın koalisiyadan kənarda qalması ondan irəli gəlirdi ki, ittihadçılar bütün digər partiyalar tərəfindən öz vəzifəsinə layiq hesab edilən F.Xoyskinin əleyhinə idilər.
1918-ci il dekabrın 26-da F.Xoyski yeni nazirlər şurasının tərkibini parlamentin təsdiqinə təqdim etdi. Həm partiyanın, həm də bitərəf deputatların təmsil olunduğu həkumətin tərkibi Azərbaycan hökumətinin demokratikliyinə dəlalət edirdi.
Yeni koalisiya hökumətinin təşkili başa çatan kimi general Tomson xüsusi bəyannamə ilə çıxış edərək bu hökuməti yeganə qanuni hökumət kimi tanıdığını bildirdi. Bu, ADR liderlərinin mühüm siyasi-diplomatik qələbəsi idi.