Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 3.Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. Paris sülh konfransı



Yüklə 3,15 Mb.
səhifə135/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   173
Ar2019-47-1

§ 3.Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. Paris sülh konfransı


Müstəqilliyini elan etmiş gənc Azərbaycan Cümhuriyyəti xarici siyasət məsələlərinə də xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox xarici amillərlə də bağlı idi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gələməsi üçün 1918-20-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dövrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik F.X.Xoyski, M.H.Hacınski, M.Y.Cəfərov, A.X.Ziyadxanlı başçılıq etmişlər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, S.Hacıbəyli, M.Y.Mehdiyev, M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri yaxından iştirak etmişlər.
Milliyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Cümhuriyyətinin xarici siyasətini 3 dövrə bölmək olar: Türkiyə oriyentasiyası dövrü (1918ci il may-oktyabr); Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yan-
var); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə döv rü (1920-ci il yanvar-aprel).
Dünya müharibəsinin son mərhələsində Azərbaycan millətinin müstəqillik arzusu Türkiyənin Qafqaz siyasəti ilə çarpazlaşdığından tərəflər arasında bir-birinə olan təbii meyl onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında maddiləşməklə yeni mərhələyə daxil oldu. Bu yeni mərhələnin səciyyəvi cəhəti onlan ibarət idi ki, Azərbaycanın Osmanlı dövlətinə söykənməyi milli idealla yanaşı, xeyli dərəcədə millətin fiziki varlığının hifz edilməsi zərurətindən irəli gəlirdi.
1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. Müqavilədə göstərilirdi: «Bir tərəfdən Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi-hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlirlər». 4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan M.Ə.Rəsulzadə və M.H.Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədi ilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə də qarşılıqlı razılıq əsasında Osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı.
Azərbaycan-Türkiyə münasibətlərinin genişlənib dərinləşməsində 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin böyük əhəmiyyəti oldu.
1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən beynəlxalq vəziyyət Bakının tezliklə azad edilməsini zəruri edirdi. Dünya müharibəsinin sonunda Bakı Türkiyə, Almaniya, İngiltərə və sovet Rusiyası arasında mübarizənin əsas obyektinə çevrilmişdi.
Sovet Rusiyasının Almaniya vasitəsilə işə qarışması Azərbaycan hökumətinin Bakını azad etməsini xeyli yubandırdı. Berlin danışıqları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovniki L.Biçeraxovdan yardım almaq ümidləri boşa çıxdı və iyul ayının axırlarında Bakı Kommunası yıxıldı. Sentrokaspiçilər və avqustun əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan ingilislər şəhəri Qafqaz İslam Ordusunun hücümundan müdafiə etmək iqtidarında deyildilər. Nəhayət, Berlində 3 aya qədər davıam edən
Almaniya-Rusiya danışıqları avqustun 27-də saziş imzalanması ilə nəticələndi.
Sazişin 12-ci maddəsində göstərilirdi: «Almaniya Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı üçüncü dövlətə heç bir yardım et məyəcək. Rusiya Bakı vilayətində neft çıxarılmasını bütün imkanları daxilində artıracaq, çıxarılan neftin 4/1-ni Almaniyaya verəcək».
İstanbulda olan Azərbaycan nümayəndələri bu sazişlə əlaqədar Almaniya səfirliyinə etiraz notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici Işlər Nazirliyinə, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə, habelə bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə də verildi.
Az sonra Berlinə gedən Tələt paşa təcili şəkildə 27 avqust sazişinin ləğv edilməsini Almaniyadan tələb etdi. Bu addım Bakının azad edilməsində mühüm əhəmiyyətə malik oldu. Sentyabrın ortalarında Azərbaycan-Türkiyə hərbi qüvvələri Bakıya girdi.
Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Bu qələbənin diplomatik cəhətdən təmin edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakının azad edilməsi ilə Azərbaycan Cümhuriyyəti öz hakimiyyətini gənc respublikanın ərazisində bərqərar etdi.
Azərbaycan-Türkiyə münasibətlərinin Ə.M.Topçubaşovun İstanbul missiyasının böyük əhəmiyyəti oldu. O, 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və Azərbaycan hökumətinin fövqəladə səlahiyyətli naziri kimi işə başladı.
1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. Lakin Türkiyə məğlubiyyət ərəfəsində böhran içərisində olduğu və ay yarım ərzində 3 hökumət kabineti dəyişdiyi üçün Azərbaycanla Osmanlı dövləti arasında sabit münasibətlər bərqərar etmək mümkün olmadı. 1918-ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı məğlub oldu. Oktyabr ayının 30-da təkcə Türkiyə üçün deyil, Azərbaycan Cümhuriyyəti üçün də son dərəcə ağır olan Mudros barışığı imzalandı. Barışığın 11-ci maddəsinə görə Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, 15-ci maddəyə görə Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.
Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi. Lakin bu etirazın elə bir əhəmiyyəti olmadı.
Mudros barışığının Azərbaycana aid maddələrinə görə Osmanlı dövlətindən narazı qalmasına baxmayaraq, onun dünya müharibəsində məğlub dövlətlərdən biri olmasından ehtiyat etməyərək noyabrın 10-da Azərbaycan hökuməti respublikanı tərk edən Türkiyə ordusunun şərəfinə ziyafət verdi. Türkiyə qoşunları həmin gün Bakıdan, az sonra isə Bütün Azərbaycandan çıxdı. Bununla da Azərbaycan Cümhuriyyətinin xarici siyasətində Türkiyə oriyentasiyası dövrü başa çatdı.
Birinci dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən Almaniya-Türkiyə blokunun Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada ha sil edilən neftin 83 faizi Bakıda çıxarılıdı. Yaxın və Orta Şərqdə möhkəmlənmiş Ingiltərə qoşunları 1918-ci ilin mayından başlayaraq Bakı istiqamətində hərəkətə başladı. Lakin bu zaman Cənubi Azərbaycanda möhkəmlənmiş Türkiyə qoşunları onların hərəkətini dayandırdı və ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqusttuna qədər mümkün olmadı. Bakıda XKS-nin hakimiyyəti devrildikdən sonra Sentrokaspiçilərin ilk addımı Ənzəlidə dayanmış ingilisləri Bakıya dəvət etmək oldu. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ilk qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla 1000 nəfrlik ikinci hərbi dəstə Azərbaycana gəldi. Şəhərin xristian əhalisi ingilisləri böyük sevinclə qarşıladılar. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını görürdü. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı.
Bakıya gələn Britaniya qoşununun çoxsaylı olması haqda məlumatların şaiyə olduğunu bilən Qafqaz İslam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu general Denstervil başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. Lakin 1918-ci ilin payızında iki aylıq fasilədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin birinci dünya müharibəsində tam məğlubiyyəti ilə bağlı idi.
1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az əvvəl Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciətlər qəbul etdilər. Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Rus və erməni milli şuralarının cəhtlərinə baxmayaraq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra general V.Tomson bildirdi ki, onun «Bakıda ən bacarıqlı adamlardan biri» saydığı F.X.Xoyskinin hökuməti ölkədə koalisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır.
Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln az sonra Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır.
1919-cü ilin əvvəllərindən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri Bakıda olan ingilis komandanlığı, İstanbuldakı ingilis hərbi və diplomatik nümayəndəliyi, sonralar isə Paris Konfransında təmsil olunan sülh heyəti vasitəsilə həyata keçirilirdi. Azərbaycan xarici siyasəitnin qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: «Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər müqabil dostluq və həmrəylik yapmadan yaşaya bilməzlər».
Azərbaycan hökuməti Bakıya gəldikdən sonra Dağlılar Respublikası ilə əməkdaşlığı inkişaf etdirmək üçün 1918-ci ilin oktyabr-noyabr aylarında bir sıra müqavilələr bağladı. Iki dövlət arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan hökuməti ciddi maliyyə çətinlikləri qarşısında qalmış Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım göstərmiş və o, Denikinin təcavüzünə məruz qal-dıqda əlində olan bütün vasitələrlə ona yardım göstərəcəyini bildirmişdi. 1919-cü il mart ayının əvvəllərində general Tomsona etiraz notasında Azərbaycan hökuməti bəyan edirdi: «Dağlılar üçün ağır bir zamanda Azərbaycan hökuməti onlara lazımi köməklik göstərməyi özünə borc sayır». Təkcə Dağıstanı deyil, bütün Qafqazı hədələyən Ağ və Qırmızı Rusiyasına münasibətdə Azərbaycan hökumətinin mövqeyi Respublika XIN-in Kuban hökumətindəki səlahiyyətli nümayəndəsi S.Rüstəmbəyova məktübünda öz əksini tapmışdı. Orada deyilirdi: «Bizim hökumətin fikri belədir: Kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və ilaxır; Azərbaycan istiqlaliyyətinə qəsd edən hər kəs onun düşmənidir».
Cənubi Qafqazın üç yeni respublikası- Azərbaycan, Gürcüstan və Ermənistan arasında sülh və sabitliyin yaradılması çox çətin oldu. Müstəqilliyin ilk günlərində Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcüd vəziyyəti dəyişmək cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstan hökumətinin Xarici İşlər İdarəsinin başçısına yazırdı: «Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsi ilə Azərbaycan Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir». Azərbaycan hökumətinin ciddi səyi ilə Qarayazıdakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az sonra isə məsələnin müzakirəsi 1919-cü il aprelin 25-də Tiflisdə işə başlayan Qafqaz Konfransının gündəliyinə daxil edildi. Lakin 1919-cü ilin iyununda Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz Konfransı öz işini dayandırdı. Denikin ordusunun Dağıstan üzərinə hücümu və cənuba doğru irəliləməsi Azərbaycan və Gürcüstan əməkdaşlığını zərurətə çevirdi. Yaranmış vəziyyətdə Ümumqafqaz həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası Gürcüstanla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-cü il iyunun 16-da iki dövlət arasında 3 il müddətinə hərbi-müdafiə paktının imzalanması Azərbaycan Cümhuriyyətinin dəyərli diplomatik addımı hesab edilməlidir. Bu pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqaviləni bağlayan tərəflər öz öhdələrinə bir-birinə hərbi yardım göstərmək borcünu götürmüşdülər. Eyni zamanda, müqavilənin 10-cü bəndində göstərilirdi ki, «bu müqavilə barədə rəsmi məlumat verildikdən sonra Ermənistan iki həftə ərzində bu müqaviləyə qoşula bilər». Həmin müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təqdim edildi.
16 iyun hərbi-müdafiə paktına uyğun olaraq tərəflər hərbi-texniki saziş imzaladılar və birgə Hərbi Şura yaratdılar. İngilis komandanlığının Azərbaycan-Gürcüstan müdafiə paktına münasibəti əvvəlcə mənfi idi, lakin sonralar dəyişdi. Britaniyanın Şərqi Avropa və Qafqazda olan qüvvələrinin baş komandanı S.Miln Denikinin cənuba doğru hərəkəti ilə razı olmadığı barədə baş nazir N.Yusifbəyliyə radioteleqram göndərdi.
Müstəqilliyin ilk günlərindən Gürcüstan Respublikası ilə qurulan diplomatik əlaqələr çox çətin və ziddiyyyətli yol keçsə də, 1920-ci ilin əvvəllərində normal məcraya düşdü. Hər iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən defakto tanındı.
İranla münasibətlərdə də əvvəlki narazılıqlar, daha çox isə anlaşılmazlıqlar 1919-cü ilin ortalarından etibarən öz yerini əməkdaşlıq meyllərinə verməyə başladı. Həmin ilin payızında yaradılan birgə Azərbaycan-İran komissiyasının gərgin işi nəticəsində iki dövlət arasında münasibətlərin bir sıra tərəflərini əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayının 20-də iki dövlət arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandı.
Məğlubiyyətdən sonra çətin vəziyyətə düşmüş Türkiyə ilə də əlaqələr bərpa edilməyə başlamış, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminli Istanbula səfir təyin edilmişdi. Azərbaycan diplomatiyası Avropa və Qafqazdakı fəaliyyətində həyatla ölüm arasında mübarizə aparan Anadolu türklərinin mənafeyini müdafiə edirdi.
Rusiya və Ermənistanla münasibətlər bütün dövr ərzində qeyri-stabil olaraq qaldı. Azərbaycan diplomatiyasının ciddi-cəhtlərinə baxmayaraq «böyük dövlətçilik» mövqeyindən çıxış edən bu dövlətlərlə normal münasibətlər yaratmaq mümkün olmadı.
1918-ci ilin yayından başlayaraq türk xalqının qəddar düşməni Andronik Naxçıvan və Zəngəzur bölgələrində Azərbaycan sərhədlərini pozub dinc əhaliyə qarşı kütləvi qırğınlara başladı. Erməni quldur dəstələri Zəngəzur əhalisindən tələb edirdilər ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da Zəngəzuru boşaltsınlar. Lakin əhali Andronikin bu həyasız tələbini rədd edərək öz torpaqlarının müdafiəsinə qalxdı. 1918-ci ilin payızından Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi əməliyyatına Ermənistan hökuməti bilavasitə rəhbərlik etməyə başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, Irəvan quberiniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər və əhalisini soyqırımına məruz qoydular. Həmin ərazilərin 100 mindən artıq türk-müsəlman əhalisi öz dədə-baba yurdlarından qovulub didərgin oldu.
Bu təhlükənin qarşısını almaq üçün Azərbaycan hökuməti bir sıra zəruri addımlar atdı. 1919-cü il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğu yaradıldı. Həmin il fevralın 12dən Xosrov bəy Sultanov general-qubernator təyin edildi. General-qubernatora tapşırıldı ki, Qarabağda separatist hərəkatı ləğv edib qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin.
Ermənistan hökuməti Qarabağ general-qubernatorluğunun yaradılmasına və Xosrov bəy Sultanovun general-qubernator təyin olunmasına dərhal etiraz etdi və belə iddia irəli sürdü ki, buranın böyük hissəsi Ermənistan ərazisidir, X.Sultanov isə ermənilərin düşmənidir.
1919-cü il yanvarın 2-də Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Ermənistanın xarici işlər nazirinə göndərdiyi teleqramda Ermənistanın etirazını əsassız sayaraq bildirdi ki, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları Azərbaycanın ayrılmaz hissəsidir.Eyni zamanda, Ermənistanın etirazı suverenliyə qəsd və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirildi. Onu da qeyd etmək vacibdir ki, Ermənistan Qarabağ general-qubernatorluğunun yaradılması ilə əlaqədar öz etirazını Qafqazda Böyük Britaniya qoşunlarının baş komandanı general Tomsona və müttəfiq dövlətlərin Zaqafqaziyadakı baş komissarı Haskelə də bildirmişdi. Lakin onlar Azərbaycanın Qarabağ qubernatorluğu yaratmaq və ona general-qubernator təyin etmək hüququnu müdafiə etdilər.
1919-cü il iyunun 18-də Azərbaycan Ermənistana nota göndərdi. Bu notada
Ermənistanın etiraz və iddiaları rədd edilərək Qarabağ məsələsində Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmamaq tələb olunurdu.
İyunun əvvəlində Şuşada vəziyyət yenidən gərginləşdi. Bu zaman Qarabağda baş vermiş hadisələr bilavasitə Erməni Milli Şurasının planı əsasında törədilmişdi.
1919-cü ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində respublikanın qanuni hakimiyyəti Qarabağda bərpa edildi. Qarabağın dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov böyük xidmət göstərdi. Qaniçən Andronik onun ciddi təkidi və müttəfiqlərin yardımı ilə nəinki Azərbaycanı, hətta butun Cənubi Qafqazı tərk etməyə məcbur olmuşdu.
«Böyük Ermənistan» iddialarına daxil olan ərazilərdən biri də Naxçıvan bölgəsi idi. Naxçıvanda hələ 1918-ci ildə Araz-Türk Respublikası yaranmışdı. Respublikanın ərazisinə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan, Ordubad qəzaları daxil olmuşdu. Paytaxt Naxçıvan şəhəri idi. Hökumətin Bakı uğrunda döyüşlər apardığı bir dövrdə bu respublika əhalinin daşnak hücumlarından qorunmasında faydalı işlər gördü.
Daşnak hökuməti hələ 1918-ci ilin noyabrında Naxçıvan, Şərur-Dərələyəz, İçmiədzin qəzalarını, Qars vilayətini müsəlman əhalisindən təmizləyib, Ermənistan hökumətinin hakimiyyətini bərqərar etmək istəyirdi. Lakin bu yerlərin müsəlman əhalisinin güclü müqaviməti həmin planın həyata keçirilməsinə mane oldu. Hətta ingilis komandanlığı müvəqqəti olaraq Naxçıvanın idarəçiliyini Ermənistana versə də, qəza əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri olduğu üçün daşnak hökuməti bu qərarı həyata keçirə bilməmişdi. İngilislərin Zəngəzur və Yuxarı Qarabağı Azərbaycan torpaqları kimi tanıyıb Naxçıvanı Ermənistanın idarəçiliyinə vermək ideyası Azərbaycanla Türkiyənin arasını kəsmək, ümumilikdə Türkiyə ilə qalan müsəlman xalqları arasında xristian erməni dövləti yaratmaq barədə Kerzon planının tərkib hissəsi idi. Naxçıvanlıların dəyanəti və Azərbaycan hö-kumətinin səyləri nəticəsində Ermənistanın amerikanlar vasitəsilə Naxçıvana yiyələnmək niyyətləri puça çıxdı.
Ermənistanla Azərbaycan arasında 1919-cü il noyabrın 23-də imzalanan sazişdən sonra Azərbaycan öz hərbi hissələrini Zəngəzurdan geri çağırdı. Bağlanan sazişə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən sərhəd məsələləri danışıqlar vasitəsilə həll edilməli idi. Lakin Ermənistan bu sazişi kobud surətdə pozub Zəngəzura nizami qoşun hissələri göndərdi. Azərbaycan kəndlərinin talanı və dinc əhaliyə vəhşicəsinə divan tutulması geniş miqyas aldı. 1919-cü il dekabrın 14-də Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda ErmənistanAzərbaycan konfransı açıldı. Lakin konfrans ermənilərin günahı üzündən tərəflər arasında ziddiyyəti həll edə bilməyərək işini yarımçıq dayandırdı.
1920-ci ilin yanvarında Ermənistanın hərbi əməliyyatları yenidən gücləndi. Belə bir şəraitdə Azərbaycan hökuməti erməni təcavüzünü dəf etmək üçün ciddi tədbirlər görmək məcburiyyətində qaldı.
Azərbaycanın həyati mənafeyi Sovet Rusiyası ilə normal münasibətlər qurulmasını tələb edirdi. Yeni iqtisadi əlaqələrin hələ yaradılmadığı və ənənəvi əlaqələrin pozulduğu bir vaxtda Azərbaycanın neft, pambıq və digər xammallarının Rusiya bazarından məhrum olması Azərbaycan hökumətinin Şimal qonşusu ilə münasibətləri normallaşdırılmasını zəruri edirdi.
1919-cü ilin yazında Nazirlər Şurasının yeni seçilmiş sədri N.Yusifbəyli təşkil etdiyi hökumətin proqramında Sovet Rusiyası ilə iqtisadi-Ticarət əlaqələrinin bərpası vəzifəsini də irəli sürmüşdü. Bundan ötrü isə ilk növbədə Azərbaycan hökumətinin bu barədə dəfələrlə müraciət etməsinə baxmayaraq, Sovet Rusiyası müxtəlif əsassız bəhanələr gətirməklə buna razılıq verməkdən yayınırdı. Bu diplomatik oyunbazlığın arxasında isə Bakı neftinə sahib olmaq iddiası dururdu. V.I.Leninin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinə göndərdiyi teleqramda bu niyyət açıq-aydın göstərilmişdi: «Bakını almaq bizə olduqca və olduqca zəruridir.
Bütün səyinizi buna verin…».
Hökumət çoxsaylı çətinliklərlə bağlı olan daxili problemləri həll etməyə çalışdığı bir vaxtda Azərbaycan diplomatları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınmaq və kömək əldə etmək üçün ağır mübarizə aparırdılar. Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Ə.M.Topçubaşov sədr, M.H.Hacınski sədrin müavini, nümayəndə heyətinin üzvləri – Ə.Şeyxülislamov,
Ə.Ağayev və müşavirlər M.Məhərrəmov və S.Hacıbəyov olmaqla nümayəndə heyətini təsdiq etmişdi. 1919-cü il yanvarın 18-də həmin nümayəndə heyəti Istanbula yola düşdü. Burada onlar 1919-cü il yanvarın 20-də Parisə getmək üçün viza almalı idilər. Lakin Istanbula gəldikdən sonra nümayəndə heyəti 1919-cü ilin aprelinə qədər ləngidi, çünki müttəfiq qoşunlarının komandanlığı hər vasitəyə əl atıb onun Paris Sülh Konfransında iştirakına mane olurdu. Lakin artıq 1919-cü il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Görüşün nəticələri çox da ümidverici deyildi. ABŞ prezidenti qeyd etmişdi ki, dünyanın kiçik ərazilərə parçalanmasını Sülh Konfransı istəmir və Azərbaycan məsələsinə Rusiya məsələsi həll olunduqdan sonra baxıla bilər.
Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov Paris Sülh Konfransına təqdim edilmiş memorandum surətini ABŞ prezidenti V.Vilsona təqdim etmişdi. Sənəd xüsusi xəritəli vərəqdə sərhədləri göstərilməklə Qafqaz Azərbaycanının müstəqilliyinə; iqtisadi xəritə ilə birlikdə Azərbaycanın iqtisadi vəziyyəti və maliyyəsinə; etnoqrafik xəritə və diaqramlarla birlikdə Azərbaycan əhalisinin etnik tərkibinə dair 3 maddədən ibarət idi.
1919-cü il iyunun 13-də V.Vilson, D.Lloyd Corc, J.Klemanso,V.Orlando və baron Makinonun imzası ilə Rusiya ərazisində admiral Kolçakın ali hakimiyyətini qis-mən tanımasına dair sənəd dərS olundu. Bununla əlaqədar olaraq Azərbaycan, Gürcüstan, Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələri 1919-cü il iyunun 13-də Paris konfransının sədrinə etiraz notası təqdim etdilər.
Parisdə Azərbaycan nümayəndə heyəti İranla münasibətlər məsələsi üzrə xeyli iş gördü. Məlum olduğu kimi, Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra İran Azərbaycana qarşı ərazi iddiaları irəli sürür və onun İran dövlətinə birləşdirilməsini tələb edirdi.
1919-cü il avqustun 19-da Londonda İngiltərə-İran müqaviləsi bağlandıqdan sonra İran Azərbaycanla bağlı ərazi iddialarından əl çəkdi. 1919-cü il noyabrın 1də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Bu müqavilənin bağlanması Azərbaycan diplomatiyasının beynəlxalq sahədə mühüm qələbəsi idi.
Bolşevik təhlükəsinin güclənməsi nəticəsində Qafqazda yaranmış vəziyyət Antanta ölkələrini ciddi şəkildə düşünməyə və real əməli addımlar atmağa məcbur etdi. Qırmızı Ordunun Qafqaza yiyələnməsi bütün Yaxın və Orta Şərqi təlatümə gətirib bolşevik ideyalarının İranda və digər Şərq ölkələrində yayılmasına kömək edəcəyi aydın idi. Bu məqsədlə 1920-ci il yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Sessiyada İngiltərə, Fransa və İtaliyanın hökumət başçıları və xarici işlər nazirləri, ABŞ və Yaponiya tərəfindən isə onların Sülh Konfransındakı nümayəndələri, həmçinin Parisdəki səfirləri iştirak edirdilər. Burada İngiltərə naziri lord Kerzonun təklifi ilə Qafqaz respublikalarına münasibət probleminin siyasi tərəflərinə aid müzakirə aparıldı. Öz çıxışında Kerzon Loyd Corcün Azərbaycan və Gürcüstanın müstəqil dövlət kimi tanınmaq məsələsini Ali Şuranın gündəliyinə çıxartmaq niyyətində olduğunu bildirdi. «Erməni məsələsi»nə gəldikdə isə onu «Türkiyə məsələsi» ilə bir yerdə həll etmək nəzərdə tutulurdu. Xarici işlər nazirləri Azərbaycan və Gürcüstana qarşı üçtərəfli təhlükə yaranması ilə bağlı eyni fikirdə olduqlarını bildirdilər. Onlar
«üçtərəfli təhlükə» dedikdə, əvvələn bolşevik Rusiyası qoşunlarının cənuba doğru irəliləməsini; ikinci, geri çəkilən Denikin qoşunlarının bu respublikalara soxula biləcəyini; üçüncü isə kamalçıların Rusiya ilə sazişə əsasən bu respublikalara daxil ola biləcəyini nəzərdə tuturdular. Vəziyyətin kəskin böhranlı şəkil alması Azərbaycan və Gürcüstan hökumətlərini Antanta ölkələrindən kömək istəməyə məcbur etdi. Bu xahişlər barədə Ali Şuraya məlumat verən Kerzon Azərbaycan və Gürcüstanın dərhal de-fakto tanınması təklifini irəli sürdü.
Yanvarın 13-də ABŞ-ın Parisdəki səfiri Valles İngiltərə və Fransanın Azərbaycan və Gürcüstən dövlətlərinin müstəqilliklərini de-fakto tanımaları və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.
Yanvarın 15-də Versalda hərbi ekspertlər şurası Azərbaycana və Gürcüstana hərbi kömək göstərməklə bağlı məsələləri müzakirə etdi. Şuranın işində iştirak etmək üçün Böyük Britaniyanın hərbi naziri U.Çörçill, Britaniya İmperiya Ordusu Baş Qərargahının rəisi feldmarşal H.Vilson, admirallığın birinci lordu U.Lanq, lord-admiral A.Bitti və başqaları təcili olaraq Londondan Parisə gəldilər. Yanvarın 16-da hərbi ekspertlərin işi davam etdirildi. Onların iclasıa J.Klemanso sədrlik edirdi.
1920-ci il yanvarın 19-da Paris Sülh Konfransının Ali Şurasının hökumət başçılarının iştirakı ilə keçirilən iclasında Cənubi Qafqaz respublikaları problemi ətraflı müzakirə edildi. İclasda Ali Şuranın 10 yanvar tarixli tapşırığına əsasən, ingilis nümayəndələri tərəfindən tərtib edilmiş memorandum elan olundu. Memorandumda aşağıdakı tədbirlər nəzərdə tutulurdu:

  1. Azərbaycan və Gürcüstanın tanınması (bu tədbirlər həyata keçirilmişdi);

  2. Əvvəllər Denikinə verilmiş və Potidə olan silah və sursatın Azərbaycan,

Gürcüstan və Ermənistana verilməsi;

  1. Azərbaycana və Gürcüstana əlavə ərzaq, maliyyə və hərbi (silah və geyim) cəhətdən yardım göstərilməsi;

  2. Bakının müdafiəsinin möhkəmləndirilməsi üçün əlavə tədbirlərin görülməsi;

  3. Xəzər sahillərinin müdafiəsinin təmin olunması, bolşevik ordusunun Xəzər dənizinə və Xəzər donanmasına buraxılmaması, Denikinin dəniz donanmasının müttəfiqlərin ümumi istifadəsinə qaytarılması, bü mümkün olmadıqda isə onun batırılması.

İclasda müttəfiqlərin hərbi ekspertləri adından məruzə ilə Ferdinand Foş çıxış etdi. Cənubi Qafqaz respublikalarının nədə və hansı formada kömək göstərmək məsələsi kəskin mübahisələrə səbəb oldu.
Beləliklə, Klemanso və Çörçill Qafqaza bilavasitə qoşun göndərmək tərəfdarı olduqları halda Loyd Corc və Nitti köməyi hərbi sursat göndərməklə məhdudlaşdırmağı nəzərdə tuturdular.
Ə.M.Topçubaşov müttəfiqlərə Şimaldan hərəkət edən ordu ilə Qafqaz respublikaları arasında bufer rolu oynayan Dağlılar Respublikasını da de-fakto tanımağı təklif edirdi.
Beləliklə, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması Ə.M.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndələrinin diplomatik fəaliyyətlərinin uğurlu nəticəsi kimi qiymətləndirilməlidir.
1920-ci il yanvarın 2-də Azərbaycan hökumətinin fövqəladə iclası keçirildi. Yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri keçiriləcəyi elan edilmişdi, respublikanın paytaxtında mitinqlər və nümayişlərin, həmçinin Azərbaycan Ordusunun hərbi keçidinin və Azərbaycan parlamentinin təntənəli iclasın keçirilməsi haqqında qərar qəbul edildi. Azərbaycanda yanvarın 14-ü istirahət günü elan olundu.
Azərbaycanın müstəqilliyinin elan olunması beynəlxalq aləmdə ona marağın artmasına təkan verdi. Bir çox ölkələr- Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya Bakıda öz konsulluqlarını açmağa başladılar, İtaliya isə burada öz nümayəndəliyini yaratdı.
1920-ci il martın 20-də Azərbaycanla İran arasında sülh və dostluq haqqında müqavilə bağlandı. Müqaviləyə əsasən, İran hökuməti Azərbaycanın müstəqiliyini de-yure tanıdı. Tərəflər dostluq və iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi, həmçinin Tehranda Azərbaycan səfirliyinin, Bakıda isə İran səfirliyinin açılması barədə öhdəliklər götürdülər. Bundan əlavə, həmin gün Azərbaycanla İran arasında gömrük, Ticarət, poçt-teleqraf və konsul əlaqələri haqqında saziş imzalandı. Təbrizdə isə Azərbaycanın Baş Konsulluğu fəaliyyət göstərməyə başladı.
1920-ci il aprelin ortalarında Azərbaycan parlamenti Böyük Brtaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada AXC-nin diplomatik nümayəndəlikləri açılması haqqında qanun qəbul etdi. Türkiyə, Gürcüstən və Ermənistan kimi qonşu ölkələrlə diplomatik əlaqələr genişləndi. Bu dövrdə Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərməyə başladı.

§ 4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun tarixdə yeri


1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları - «Müsavat», «Əhrar», «İttihad», sosialistlər, kommunistlər, bitərəflər arasında mübarizənin güclənməsi respublikada siyasi durumu pozan və sabitsizliyi dərinləşdirən mühüm amillərdən biri idi.
«Müsavat» partiyası hələ 1919-cü ilin dekabrında beşinci hökumət kabinetini təşkil edərək ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif etmişdi. Belə ki, «Müsavat» ın konkret məqsədi «İttihad» partiyasının simasında parlamentin sağ hissəsini özünə tərəfkeş etmək idi. Lakin «İttihad» hökumətə daxil olmaq təklifi müqabilində üç şərti irəli sürdü: 1) Bütün müsəlman partiyalarının koalisiyasına riayət olunsun; 2) Daxili işlər naziri portfeli M.H.Hacınskiyə verilsin; 3) Dövlət nəzarəti vəzifəsi bu partiyanın nümayəndəsinə həvalə edilsin.
Dövlət nəzarəti vəzifəsini ələ keçirən «Ittihad» bununla da hökumətdə öz gələcək fəaliyyətinin əsas istiqamətini- dövlət strukturlarındakı qanunsuzluqlarla mübarizə aparmaq adı altında «Müsavat»ın əleyhinə kampaniyaçılıq istiqamətini müəyyənləşdirdi. Onların fikrincə, pozuntular və korrupsiyanın daha çox baş verdiyi struktur Ticarət və Sənaye Nazirliyi idi. Bu səbəbdən nazirlik xüsusi hücumlara məruz qaldı.
«İttihad»ın başladığı kampaniyanı Daxili İşlər Nazirliyində davam etdirən M.H.Hacınskinin həyata keçirliyi tədbirlər nəticəsində çoxlu məmur xidmətdən kənarlaşdırıldı. M.H.Hacınskinin bu hərəkətləri, həmçinin fəhlə liderləri və kommunistlərlə yaxınlaşması parlamentin müsavatçılar və bitərəflər fraksiyasında etirazlara səbəb oldu. «İttihad» kommunizmin Qərb imperializminə qarşı mübarizədə müsəlman dünyasına göstərdiyi köməyi onun ateist xarakterindəki günahı yuyub təmizləyən əvəz sayaraq kommunistlərlə ittifaqa çağırır, Rus Sovet ordusunun Antantaya qarşı mübarizə aparan Türkiyə ilə birləşməsi üçün Azərbaycana buraxılmasını tələb edirdilər. Bir-birinə əks cəbhədə parçalanmış Türkiyənin özündə də müəyyən qüvvələr belə mövqe tuturdu.
Türkiyə qoşunları Mudros müqaviləsinin şərtinə görə Azərbaycandan çıxarılsa da, burada Türkiyə amili qalmaqda idi. Mustafa Kamal müttəfiqlərə qarşı çıxdıqdan sonra Türkiyənin nüfuzu Azərbaycanda yenidən yüksəldi, «gənc türklər»də Sovet Rusiyası ilə əməkdaşlıqda Qərb imperializminə qarşı mübarizə aparmaq üçün mümkün üstünlüklər görürdülər. Buna görə də həm onlar, həm də kamalçılar Sovet Rusiyası ilə sıx əlaqə yaratmağa çalışırdılar. Azərbaycan isə bu əlaqələrin yaradılması üçün əlverişli yer hesab olunurdu, çünki sovet köməyi müharibə edən Anadoluya Azərbaycandan keçərək çatdırıla bilərdi.
Azərbaycan cəmiyyətindəki sabitliyə ciddi təsir edən amillərdən biri də «Müsavat» partiyasının sıralarındakı qeyri-müəyyənlik idi. Partiyanın sol qanadı kifayət qədər güclü şəkildə ondan ayrılmağa meyllənmişdi. Bu qanad hökumətin daxili və xarici siyasətini kəskin şəkildə tənqid edirdi. Bitərəflər qrupunun lideri Behbud Xan Cavanşir və «Müsavat» partiyasının üzvü M.H.Hacınski də Sovet Rusiyası ilə dostluq münasibətləri yaradılmasına tərəfdar idilər. Azərbaycanın siyasi xadimlərinin dövlət idarəçiliyi və siyasət-diplomatiya təcrübəsinin olmaması da özünü göstərirdi. Birləşmədən bir qədər əvvəl «Hümmət» partiyasında parçalanma baş verdi. Parçalanmadan sonra sol hümmətçilər R.A.Axundovun başçılıq etdiyi Azərbaycan eserlər partiyası ilə birləşməyə cəhd göstərdilər. Təşəbbüs uğursuzluqla nəticələndi. Müsəlman eserlərinin kommunistlərlə əlaqə yaratmaq cəhdi də baş tutmadı, çünki eserlərin fikrincə formalaşmaqda olan Azərbaycan Kommunist Partiyasının tərkibinə yalnız azərbaycanlılar daxil olmalı idi.
Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11-12-də Bakı şəhərində keçirilən I qurultayında Azərbaycan Kommunist Partiyası yaradıldı. Bu vaxtdan etibarən kommunistlərin silahlı üsyana hazırlığı başlandı.
Respublikada siyasi vəziyyətin sabit olmaması parlamentin və hökumətin işində də öz əksini tapdı. Yeni hökumətdə əmək və əkinçilik naziri vəzifəsini tutmuş Ə.Pepinov 1919-cü il dekabrın 28-də həmkarlar təşkilatlarının iştirakı ilə fəhlə məsələsinə dair müşavirə keçirdi. Nazir fəhlələrdən ona kömək göstərmələrini xahiş etdi və fəhlələr isə onun verdiyi bütün vədlərə əməl edildikdən sonra kömək göstərəcəklərini bildirdilər. Fəhlə sinfinin mənafeyini müdafiə etmək şüarı ilə kommunistlər milli hökumətə qarşı mübarizə aparırdılar.
Parlamentdə çoxsaylı siyasi partiyaların olması və onların arasındakı daimi mübarizə Azərbaycan Cümhuriyyətinin mövcüd olduğu bütün müddət ərzində hökumətin vəziyyətini ağırlaşdırırdı.
28 aprel günündən düz 4 ay əvvəl “Müsavat” partiyasının görkəmli üzvləri və parlamentin bitərəflər qrupu- cəmi 12 nəfər F.Xoyskinin kabinetində toplaşdılar. Toplantıda baş nazir N.Yusifbəyli başda olmaqla müsavatçı nazirlər də iştirak edirdilər. Bu tarixi müşavirədə ölkədə vəziyyətin son dərəcə ciddi olması yekdilliklə etiraf olundu və dərhal təxirəsalınmaz tədbirlər görülməsi tələb edildi. Hökumətə aşağıdakı tədbirlərdən ibarət təklif verildi:

  1. M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən kənarlaşdırmaq və onun yerinə kommunistlərlə mübarizə aparmağa qabil olan adam təyin etmək;

  2. M.H.Hacınski ilə birlikdə digər sosialist nazirlərin gedəcəyi halda onları dərhal başqaları ilə əvəz etmək;

  3. Parlamenti buraxmaq və hökumətə xarici siyasət və ölkənin müdafiəsi işində ən geniş səlahiyyətlər vermək;

  4. 6 aydan sonra Müəssislər Məclisinə seçkilər keçirmək.

Lakin hadisələrin sonrakı gedişi nəzərdə tutulan bu tədbirləri həyata keçirməyə imkan vermədi. Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR Xalq Xarici Işlər Komissarı Q.V.Çiçerinin ağ qvardiyaçı Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifi ilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota Azərbaycanı Rusiyanın daxili münaqişələrinə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrdən başqa bir şey deyildi. Çiçerin notasının əsas məqsədini başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski onun təklifini rədd etdi. Bolşevik təhlükəsinin real olduğunu nəzərə alan F.Xoyski hökumətdən respublikada fövqəladə vəziyyət tətbiq etməyi, parlamentin buraxılmasını, yaxın vaxt ərzində Müəssisələr Məclisinə seçkilər keçirilməsini tələb etdi.
Sovet Rusiyasına münasibət məsələsi Azərbaycanın siyasi partiyaları arasında əsas ziddiyyət nöqtəsinə çevrildi. Sosialistlər və ittihadçılar Çiçerinin notasına müsbət cavab vermək tərəfdarı idilər.
Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübahisə Sovet Rusiyasına loyal münasibətin tərəfdarı daxili işlər naziri
M.H.Hacınski ilə Rusiya təzyiqinə qarşı radikal tədbirlər görülməsinin tərəfdarı olan xarici işlər naziri F.Xoyski arasında baş verdi.Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-də M.H.Hacınski daxili işlər naziri vəzifəsindən getdi, lakin Ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutdu.
Martın ortalarında müsavatçılar və bitərəflər fraksiyasının birgə iclasında bu məsələ tam kəskinliyi ilə qoyuldu. M.H.Hacınski öz baxışlarını şərh etdi. F.X.Xoyski başda olmaqla digər qrup M.H.Hacınskinin məruzəsini mənfi qarşıladı. F.Xoyski qeyd edirdi ki, “heç bir rus partiyası, heç bir Rusiya hökuməti heç vaxt Zaqafqaziya respublikasının müstəqilliyini tanımayacaq və yalnız Qafqaz xalqlarının güclü ordusu və əldə silah müstəqilliyini qorumaq əzmi olduğu zaman Qırmızı Moskva bizimlə hesablaşacaq və bizim sərhədlərimizi keçməyəcəkdir”. Buna görə də sərt xəttin tərəfdarları respublikanı müdafiə etmək üçün bütün zəruri tədbirləri görməyə və ölkəni kommunist ünsürlərindən və onlara rəğbət bəs-ləyənlərdən təmizləməyə çağırırdı. Bu tədbirləri həyata keçirmək üçün onlar hökumətə fövqəladə səlahiyyətlər verməyi və vaxt itirmədən qonşu respublikaları Qafqazın birgə müdafiəsinə çağırmağı təklif etdilər. Lakin sərt kurs tərəfdarlarının təklifləri qəbul edilmədi.
Azərbaycan hökumətində daxili mübarizənin davam etdiyi bütün dövr ərzində Sovet Rusiyası tərəfindən təzyiq hiss olunurdu. Xarici işlər naziri F.Xoyskinin Rusiya ilə hərbi ittifaqdan imtina etməsinə cavab olaraq 1920-ci il yanvarın 23-də Çiçerin ikinci notanı göndərdi və Azərbaycanı Rusiyadakı hərbi münaqişəyə cəlb etmək üçün yenidən təşəbbüs göstərdi.
1920-ci il martın 17-də V.I.Leninin Qafqaz cəbhəsi Hərbi-İnqilabi Şurası adından göndərdiyi teleqram sovet hökumətinin Azərbaycana münasibətindəki gizli niyyətlərdən xəbər verir: “Bizim üçün Bakını ələ keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin, həm də bəyanatlar sırf diplomatik olmalıdır, möhkəm yerli sovet hakimiyyətinin hazırlanmasında maksimum yəqinlik əldə edilməlidir”.
F.X.Xoyski Q.V.Çiçerinin yeni notasını cavabsız qoymadı və 1920-ci il martın 7-də Azərbaycan xarici işlər nazirinin daha qətiyyətli şəkildə tərtib olunmuş üçüncü notasını göndərdi. F.Xoyski qeyd edirdi ki, mehriban qonşuluq münasibətlərinin yaradılması yalnız hər iki tərəfin suverenliyi əsasında həyata keçirilə bilər və məhz bu cəhətdən Azərbaycan hələ Sovet Rusiyası tərəfindən heç bir həmrəylik görməmişdir.
Siyasi dairələrdə Rusiya ilə əlaqələr yaratmağın vacibliyi yaxşı başa düşülürdü. Bu əlaqələrin pozulması nəticəsində Azərbaycan iqtisadiyyatı, xüsusən neft sənayesi ağır böhran keçirirdi. Nəticədə hasil edilən neftin miqdarı ixrac edilən neftin miqdarına uyğun gəlmirdi. Bakıda orta hesabla ayda 18-19 milyon pud neft çıxarılır, amma onun cəmi 5-6 milyon pudu ixrac edilirdi. Buna görə də Sovet Rusiyası ilə iqtisadi əlaqələr yaradılması və əmtəə mübadiləsinin başlanması qaçılmaz zərurətə çevrilmişdi. Lakin belə əmtəə mübadiləsi yalnız xalqların hüquqi bərabərliyi və suverenliyi prinsipləri əsasında mümkün idi.
“Müsavat”ın M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən geri çağırmaq niyyətindən xəbər tutan “İttihad” hökumət koalisiyası haqqında öz razılaşmasını ləğv etmək və hökumətdəki nümayəndəsini geri çağırmaq haqqında qərar qəbul etdi. Daxili işlər naziri vəzifəsinə yeni namizəd məsələsində “Müsavat” heç bir güzəştə getmək istəmədi və bu vəzifəyə yalnız “Müsavat” partiyasının üzvünü irəli sürəcəyini bildirdi. Daxili İşlər Nazirliyini gücləndirmək üçün “Müsavat” partiyası fevralın 23-də bu vəzifəyə hökumətin ən gənc üzvü olan M.Vəkilovu, onun müavini vəzifəsinə isə partiyanın radikal mövqeli liderlərindən olan Ş.Rüstəmbəyovu məsləhət gördü. Məhz onların səyi ilə dövlətə zidd ünsürlərə qarşı fəal mübarizə başlandı. Bolşeviklər içərisində həbslər keçirildi, fəhlə klubları və ən irticaçı, ciddi müxalifət mövqeyində olan qəzetlər “Edinaya Rossiya”, “Novıy mir” və s. bağlandı.
Lakin partiya fraksiyaları arasında danışıqlar heç bir müsbət nəticə vermədi. “İttihad” partiyası “Müsavat”ı hakimiyyəti zorla ələ keçirməkdə ittiham etməkdən də çəkinməyərək bildirdi ki, “Müsavat” parlamentdə çoxluğu təsadüfən qazandığından onun iqtidarda olması qanunsuzdur.
Sosialistlərin və “İttihad” nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyildilər.
Beləliklə, müstəqillik mövqeyində duran bütün siyasi qüvvələrin səmərəli işbirliyi quracağına bəslənən ümidlər özünü doğrultmadı.
Hökumət başçısı vəzifəsini tutmaq imkanı olmayan “Əhrar” və “İttihad” partiyaları müsavatçıların ən loyal nümayəndəsi saydıqları M.H.Hacınskinin namizədliyi ilə razılaşdılar. Sosialistlər üç nazir vəzifəsini tələb edir, daxili işlər, xarici işlər və hərbi nazir vəzifələrinə S.Hacınski, A.Səfikürdski və B.Rzayevi təklif edirdilər.
Yeni hökumətin təşkili prinsipləri ilə razılaşmayan “Müsavat” partiyası üzvlərinin bir hissəsi M.H.Hacınskinin yaratdığı hökumətə daxil olmaq təklifindən imtina etdilər.
Azərbaycan kommunist təşkilatları əsas gücü fəhlələrin və döyüş dəstələrinin silahlanmasına sərf edir, silahlı üsyanın hazırlanmasını özlərinin ən yaxın məqsədləri hesab edirdilər. Azərbaycan kommunistlərinin Həştərxanla əlaqəsi bu sahədə işi yüngülləşdirdi. Həştərxan vasitəsilə Moskvadan göstərişlər daxil olur, bolşevik fəalları, silah ehtiyatları və pul vəsaiti gətirilirdi. Bu dövrdə V.I.Leninin göstərişi ilə RK (b) P-nin Bakı Komitəsinin sərncamına “hərbi məqsədlər üçün” 15 milyon manat pul göndərilmişdi. Silah Həştərxandan başqa Orta Asiyadan da gətirilirdi. 1920-ci ilin mart ayı ərzində Türküstan cəbhəsi komandanlığının köməyi ilə Krasnovodskdan Bakıya qayıqlarla 2 minə yaxın tüfəng, çoxlu döyüş sursatı və pul vəsaiti gətirilmiş, bunlar Qaraşəhərdə və Bayılda düzəldilmiş xüsusi anbarlarda gizlədilmişdi.
Yeni hökumət yaratmaq səlahiyyəti almış M.H.Hacınski Azərbaycan kommunistləri ilə danışıqlara girərək onlara nazir vəzifələri təklif etdi. Lakin kommunistlər bu təklifə razı olmadılar.
Yaxınlaşan “bolşevik təhlükəsinin” bütün ciddiliyini başa düşən F.Xoyski
özünün həmkarı Y.P.Gegeçkoriyə hələ 1919-cü il iyunun 27-də Gürcüstanla Azərbaycan arasında general Denikinə qarşı yönəlmiş birgə müdafiə taktikasının şərtlərini reallaşdırmaq üçün zəruri tədbirlər görməyi təklif etdi. Lakin Azərbaycanla hərbi əlaqələrin belə konkretləşdirilməsi artıq o dövrdə Gürcüstan hökumətinin mənafeyinə uyğun gəlmirdi. Həmin dövrdə Gürcüstan nümayəndəsi Uraqadze Moskvada öz hökuməti adından Çiçerinlə Gürcüstanın Sovet rusiyası tərəfindən tanınması barədə danışıqlar aparırdı.
Öz müstəqilliyi uğrunda Qərb dövlətləri ilə mübarizə aparan və Sovet Rusiyasının hərbi və diplomatik yardımına ehtiyacı olan Türkiyə isə Şimal qonşusu ilə sıx əlaqələr yaratmağa çalışırdı. Ankara hökumətinin RSFSR hökumətinə ilk rəsmi müraciətində - M.K.Atatürkün V.I.Leninə 1920-ci il 26 aprel tarixli məktubunda qeyd edilirdi ki, “Sovet qüvvələri Gürcüstana qarşı hərbi əməliyyata başlamağa və ya diplomatik yolla öz nüfuzu vasitəsilə Gürcüstanı ittifaqa girməyə məcbur etsə, ingilisləri Zaqafqaziyadan qovmağa çalışsa, Türkiyə imperialist Ermənistana qarşı hərbi əməliyyatları öz üzərinə götürür və Azərbaycan Cümhuriyyətini Sovet dövləti dairəsinə girməyə məcbur etməyi öhdəsinə alır”. Bunun müqabilində Türkiyə Sovet Rusiysından ilk yardım kimi qızılla 5 milyon türk lirəsi, həcmi və miqdarı danışıqlar zamanı müəyyən ediləcək silah və sursat, həmçinin bəzi hərbi-texniki vasitələr, tibbi-sanitariya materialları və ərzaq xahiş edirdi. Tərkibində keçmiş Türkiyə hərbi əsirlərindən təşkil olunmuş hərbi hissələr olan 11-ci ordunun Bakıdan yan keçməklə Antanta qoşunlarına qarşı mübarizə aparmaq üçün Qarabağ və Ermənistandan keçərək Anadoluya gəlməsi nəzərdə tutulurdu. Sovet Rusiyası isə öz növbəsində hər vasitə ilə hərbi-strateji cəhətdən çox mühüm olan regionu, ilk növbədə Bakı neft sənaye rayonunu ələ keçirməyə, Yaxın və Orta Şərqin qapısında möhkəmlənməyə çalışırdı.
1920-ci ilin aprelin 8-də RK(b)P Mərkəzi Komitəsinin Plenumu RK(b)P MK-nın Qafqaz Bürosunun yaradılması haqqında qərar qəbul etdi. Büronun tərkibinə S.M.Kirov, A.M.Nazaretyan, N.Nərimanov, Q.K.Orconikidze, Y.D.Stasov və b. daxil oldular.
Bakıda üsyan başladığı halda birgə hərəkəti əlaqələndirmək məqsədilə RK(b)P Qafqaz Diyar Komitəsinin bürosu, AK(b)P və Kirovun XI Ordunun komandanlığı ilə yazışmaları bütün aprel ayı ərzində davam edirdi. XI Ordunun komandanlığı, RK(b)P Qafqaz Diyar Komitəsi və AK(b)P nümayəndələrinin iştirakı ilə aprelin 22-də Bakıda və aprelin 25-də Port-Petrovskda keçirilən müşavirələrdə qarşıdakı birgə əməliyyatlar planını təfsilatı ilə müzakirə etdi. Bu plan aprelin 27də Bakıda kommunistlərin silahlı çıxışını və həmin gün XI Ordunun Azərbaycan sərhəddini keçməsini nəzərdə tuturdu.
Aprelin 27-də səhər tezdən kommunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında ən mühüm obyektləri- dəmiryol vağzalını, poçtu, teleqrafı, radiostansiyanı, polis məntəqələrini, iri neft mədənlərini, sənaye müəssisələrini, hərbi və Ticarət limanınını və s. yerləri ələ keçirməyə başladılar. Eyni zamanda, hərbi nazir S.Mehmandarov zabitlərə yeni hökumətə tabe olmağı əmr etdi.
1920-ci ilin aprelində Bakıda hərbi çevrilişin hazırlanması və keçirilməsində burada olan Türkiyə hərbi xidmətçiləri və kommunistləri fəal rol oynayırdılar. Məhz onların köməyi nəticəsində şəhərdə bir çox mühüm obyektlər, o cümlədən dəmiryol vağzalı tutuldu, şəhərin hərbi qubernatoru M.Q.Tlexas həbs edildi. Məhz Türkiyə zabitləri və əsgərləri hökumətin Bakını tərk etmək cəhdinin qarşısını aldılar.
Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əhəmiyyətli rol oynadı. Donanma gəmilərinin heyəti bu dövrdə kommunistlərdən və onlara rəğbət bəsləyən matroslardan ibarət idi. Hakimiyyətin 2 saat ərzində Azərbaycan İnqilab Komitəsinə təhvil verilməsini ultimatumla tələb edən hərbi gəmilər sahildə düzüldülər və öz toplarını hökumət orqanları binalarına tuşladılar.
Aprelin 27-də günorta artıq hərbi drujinaların faktiki olaraq şəhərdə vəziyyətə tam nəzarət etdiyi və XI Ordunun ön hissələrinin Azərbaycan Cümhuriyyəti ərazisində olduğu bir vaxtda Azərbaycan İnqilab Komitəsi qanuni hökuməti devirib hakimiyyəti qəsb etməsinə qanuni don geydirməyə çalışırdı. Bu məqsədlə aprelin 27-də saat 11-də başda H.Sultanov olmaqla kommunistlərin nümayəndə heyəti AK(b)P MK, RK(b)P Qafqaz Diyar Komitəsi Bakı Bürosu və Mərkəzi Fəhlə Konfransının adından hakimiyyəti N.Nərimanovun başçılıq etdiyi Sovet fəhləkəndli hökumətinə təslim etmək barədə Ç.Ildırım tərəfindən tərtib olunmuş ultimatumu parlamentə təqdim etdi. Cavab 2 saat ərzində verilməli idi, əks halda bolşeviklər atəş açmaqla hədələyirdilər.
Həmin ultimatumu müzakirə etmək üçün parlament iclasından əvvəl M.H.Hacınski, M.Ə.Rəsulzadə, Q.Qarabəyov, A.Səfikürdski, A.Qardaşov və Ağamalıoğlundan ibarət komissiya yaradıldı. Komissiya ultimatuma cavab olaraq öz şərtlərini hazırladı və bu şərtlər parlamentin müzakirəsinə verildi.
N.Yusifbəylinin yanında məhdud dairədə keçirilmiş müşavirədə Ş.Rüstəmbəyov bəzi deputatlara qan tökülməsinə yol verməmək üçün Bakıdan çıxmağı və bolşeviklərə qarşı mübarizəni təşkil etmək üçün Gəncəyə köçməyi təklif etdi. Lakin onun təklifini toplantı iştirakçıları qəbul etmədilər. Saat 20:45-də Azərbaycan parlamentinin təcili iclası açıldı. Gündəlikdə bir məsələ- Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti təhvil vermək barəsində ultimatumu məsələsi dururdu. Müzakirə başlamazdan əvvəl çıxış edən hərbi nazir S.Mehmandarov silahlı müqavimətin mümkün olmadığını bildirdi.
Ultimatumun mətnini oxuyan və öz təslimçilik mövqeyini nümayiş etdirən M.H.Hacınski ultimatumun şərtlərini qəbul etməyi təklif etdi və deputatları inandırmağa çalışdı ki, XI Ordu Bakıya girmədən Türkiyəyə köməyə keçmək niyyətindədir. Qızğın müzakirələrin gedişində çıxış edən müxalif parlament fraksiyalarının nümayəndələri: S.Ağamalıoğlu («Hümmət»), Q.Qarabəyov («Ittihad»),
A.Səfikürdski (sosialist bloku), A.Qardaşov («Əhrar») M.H.Hacınskinin hakimiyyəti təhvil vermək təklifini müdafiə etdilər.
«Müsavat» fraksiyası adından onun sədri M.Ə.Rəsulzadə çıxış edərək dedi: «Bizə kobud ultimatum verilmişdir. Bizim xilaskarımız hörmət etdiyimiz Türkiyədir. Biz öz müstəqilliyimizin tapdalanmaması şərtilə Türkiyəyə köməyə gedən qüvvələri müdafiə edirik. Lakin Cənablar, bizim razılığımızı soruşmadan sərhədlərimizi keçən qüvvələr bizə dost deyil, düşməndir! Bu ultimatumun qəbul edilməsi hakimiyyəti dost maskası geymiş düşmənə vermək deməkdir! Biz buraya millətin iradəsi və arzusu ilə gəlmişik və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar». Bununla belə, vətəndaş müharibəsi təhlükəsini nəzərə alan «Müsavat» fraksiyası Azərbaycanın müstəqilliyinin saxlanacağı şərtilə kommunistlərin ultimatumunu qəbul etmək haqqında çoxluğun fikrinə qoşulmağa məcbur oldu.
1920-ci il aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti Inqilab Komitəsinə təhvil verdi. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri N.Nərimanov, A.Alimov, D.Bünyadzadə, M.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov və H.Sultanovdan ibarət idi. Komitə radio vasitəsilə RSFSR hökumətinə «Qırmızı Ordu hissələrini göndərmək yolu ilə dərhal real kömək göstərmək» haqqında rəsmi xahişlə müraciət etdi. Müraciət əslində formal xarakter daşıyırdı. Səsvermə nəticəsində (əleyhinə 1 nəfər, bitərəf qalanlar 3 nəfər, səsvermədə iştirak etməyənlər 3 nəfər) 1920-ci il aprelin 27-də axşam saat 11 radələrində parlament hakimiyyətinin Azərbaycan İnqilab Komitəsinə verilməsi haqqında qərar qəbul etdi. Parlament sədrinin müavini M.Y.Cəfərov və İşlər İdarəsinin direktoru M.Vəkilov tərəfindən imzalanmış sənəddə hakimiyyətin verilməsi şərtləri göstərilirdi: «Nəzərinizə çatdırırıq ki, biz aşağıdakı şərtlərlə hakimiyyəti təhvil veririk:

  1. Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaycanın tam müstəqilliyi saxlanılır;

  2. Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumət müvəqqəti or-

qan olacaqdır;

  1. Hər cür xarici təzyiqlərdən asılı olmayaraq Azərbaycanın qəti idarə formasını Azərbaycan Fəhlə, Kəndli və Əsgər Deputatları Soveti simasında Azərbaycanın ali qanunvericilik orqanı müəyyən edəcəkdir;

  2. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır və yalnız məsul vəzifə tutan şəxslər dəyişdirilir;

  3. Yeni təşkil olunan müvəqqəti kommunist hökuməti parlament üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

  4. Hökumət Qırmızı Ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün tədbirlər görəcəkdir;

  5. Yeni hökumət kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq Azərbaycanın müstəqilliyinə son qoymaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlərlə və bütün vasitələrlə mübarizə aparacaqdır».

Qərarın yekun hissəsində göstərilirdi: «Azərbaycan parlamenti özünün fövqəladə iclasında səs çoxluğu ilə bu şərtləri qəbul etmişdir və onu Sizin nəzərinizə çatdırdıq».
Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl A.Mikoyan, Q.Səbiyev və Q.Musabəyovu gətirən «III Beynəlmləl» zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə ordu hissələrinin müqavimətini qırmaqla Bakıya doğru hərəkət etdi. Aprelin 27-də axşam saat 21-də Biləcəri stansiyası Sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə «III Beynəlmləl» zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldu. Onların irəliləməsi zamanı başda Xəlil paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini XI Orduya müqavimət göstərməməyə çağıran Türkiyə zabitləri qrupu sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayın 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.
Mayın 1-də Volqa-Xəzər Hərbi Donanmasının gəmiləri Bakı limanına daxil oldu. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantı çıxarıldı. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Cümhuriyyətinin demək olar ki, bütün ərazisini nəzarət altına aldı. Beləliklə, bolşevik Sovet Rusiyasının hərbi müdaxiləsi ilə suverenliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, hakimiyyət kommunistlərin əlinə keçdi. AXC hakimiyyətinin devrilməsi ciddi daxili və xarici səbəblərin nəticəsidir. 1920-ci ilin yazında respublikada getdikcə dərinləşən siyasi sabitsizlik ölkədə fəaliyyət göstərən müsəlman partiyaları- «Müsavat», «Əhrar», «İttihad», sosialistlər, bitərəflər qrupu və b. arasında gedən mübarizənin qızışması ilə müşayiət olunurdu. İki ilə yaxın bir müddətdə 5 hökumət kabinetinin bir-birini əvəz etməsi həmin mübarizənin nəticəsi idi. Azərbaycanın rus-sovet ordusu tərəfindən istilası ərəfəsində siyasi partiyaların qarşıdurması o qədər kəskinləşmişdi ki, həmin ərəfədə yeni hökumət kabineti təşkil etmək heç cür mümkün olmadı.
Respublikada vəziyyəti mürəkkəbləşdirib dərinləşdirən digər ciddi amil o idi ki, hökumət dövlət ərazisinin bütövlüyünü təmin etmək üçün erməni daşnakları ilə mübarizəyə həddindən artıq iqtisadi və hərbi ehtiyatlar cəlb etmək məcburiyyətində qalmışdı. Lakin bu vaxt dərinləşməkdə olan siyasi və iqtisadi böhranın mövcudluğuna baxmayaraq, Azərbaycanda «inqilabi şəraitin yetişməsi» deyilən bir vəziyyət yox idi. O zaman Azərbaycan xalqı üçün aşkarda olan ən vacib məsələ müstəqilliyin nəticələri idi.
N.Nərimanov çevrilişdən bir neçə ay öncə Moskvaya Azərbaycandakı vəziyyət barədə məlumat verərkən ərzaq məsələsinin yaxşı vəziyyətdə olduğunu, Azərbaycana gediş-gəlişin sərbəstliyini, hər istiqamətdə qəzet nəşrini, mətbuat azadlığını, çoxpartiyalı parlament fəaliyyətini, əmək birjasının mövcüdluğunu, ziyalı əməyinin yaxşı qiymətləndirildiyini (onlara yaxşı əməkhaqqı verildiyini), 5 may və 14 avqustda uğursuz tətillərdən sonra fəhlələrin nüfuzunun qismən enməsini, yalnız müsəlmanlardan ibarət nizami ordunu, onun başında təcrübəli generalların durduğunu, əsgərlərin normal təminatını ətraflı şərh etmişdi. Müstəqil dövlət qurucüluğu üçün əlverişli olan belə bir şəraiti arzulayan Moskvadakı Kommunist mərkəzi yerli kommunist hərəkatı təşkilatlarının öz güclərini və səylərini vahid Azərbaycan Kommunist Partiyasında birləşdirməsinə nail oldu. Beləliklə, Azərbaycanı qəsb etmək üçün daha bir ciddi zəmin yarandı. Yerli kommunistlər istilanın iştirakçıları və Mərkəzin arxalandığı əsas qüvvə oldu. Yerli partiya təşkilatlarından birinin 28 apreldən sonrakı hesabatında deyilirdi: «Əgər inqilab qansız keçibsə, Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyil ki, bizim partiyamız güclü idi. Bu ona görə belə oldu ki, XI Qırmızı Ordu güclü idi».
Beləliklə, aprel çevrilişi xarici qüvvənin «ildırım sürətli öldürücü» yürüşü nəticəsində həyata keçdi. Daxili səbəblər isə hökumət böhranı, Qarabağ konflikti, silahlı üsyana hazırlıqda yerli kommunistlərin fəal iştirakı, Türkiyə hərbi qulluqçularının köməyi Qırmızı Ordunun ölkəni istila etməsini yalnız asanlaşdırdı.
Cümhuriyyətin yaradılması, uğursuzluğuna baxmayaraq onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının tarixi taleyində çox mühüm hadisə idi. O, qısa müddətdə öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. Azərbaycan Cümhuriyyəti demokratik respublika kimi bərqərarlaşırdı. AXC-nin yaranışı bütün Müsəlman Türk dünyası üçün çox əlamətdar hadisə idi. Çünki Azərbaycan Cümhuriyyəti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan ilk türk və müsəlman respublikası idi.
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyinin tarixində böyük iz qoymuş, Azərbaycanın gələcəkdə müstəqil olması üçün mühüm təməl hazırlamışdır. Cümhuriyyətin süqutundan sonra M.Ə.Rəsulzadə üçrəngli milli bayrağımızın hər bir nəslin ruhunda, qəlbində qorunub saxlanılacağına inanırdı. Azərbaycanı yenidən müstəqilliyə qovuşdurmaq ehtirası ilə yaşayanlar bu inamdan güc aldılar “bir kərə yüksələn bayraq bir daha enməz” həqiqətini bu gün bir daha təsdiq etdilər. 1991-ci ildə yenidən öz müstəqilliyini, milli dövlətçilik ənənələrini bərpa edərək Azərbaycan Respublikası AXC-nin bütün sahələrdə topladığı böyük tarixi təcrübəni bu gün də davam etdirir və dönmədən həyata keçirir. Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik irsini yüksək qiymətləndiən Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu illiyinə həsr olunmuş təntənəli mərasimdə demişdir: “Biz bu gün Azərbaycanın dövlət müstəqilliyi aktı haqqında danışarkən, mütləq qeyd etməliyik ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin bərpasıdır. Bəli, biz onların varisiyik. Onların işinin davamçısıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda. Bu gün biz müstəqilliyimizin onuncu ildönümünü qeyd edərkən böyük iftixar hissi ilə deyə bilərik ki, on illik bu müstəqillik Azərbaycan xalqının müstəqillik arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən yüksəlmiş böyük bir abidədir. Əgər Xalq Cümhuriyyəti 1920-ci ildə, o vaxtkı tarixi şəraitdə yaşaya bilmədisə, indi Azərbaycan müstəqil dövlət olaraq, on il yaşayıb, bundan sonra da yaşayacaq və müstəqillik əbədi olacaq, daimi olacaqdır”.
Müasir Azərbaycan Respublikası bu il yüzilliyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin həqiqətən varisidir.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin