Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Sovet rejiminə qarşı müqavimət hərəkatı və üsyanlar



Yüklə 3,15 Mb.
səhifə138/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   173
Ar2019-47-1

Sovet rejiminə qarşı müqavimət hərəkatı və üsyanlar. Hələ 1920-ci il aprelin 27-də C.Cabbarlının dağlı məhəlləsindəki evində M.Ə. Rəsulzadənin sədrliyi ilə keçirilən yığıncaqda sovet irticasına qarşı mübarizə aparmaq üçün gizli fəaliyyət göstərən Müqavimət Komitəsi təşkil olunmuşdu. Komitənin sədri M.Ə.Rəsulzadənin yaxın silahdaşı M.B.Məmmədzadə, katibi isə C.Cabbarlı seçilmişdi. Sabahısı günü ” Musavat” partiyasının fövqəladə konfransı keçirilmişdi.Konfransın yeni yaranmış Azərbaycan İnqilab Komitəsinə göndərdiyi müraciətdə göstərilmişdi ki, əgər bolşeviklər vədlərinə sadiq qalaraq, Azərbaycanın müstəqilliyini qoruyub saxlasalar, “Müsavat” partiyası onlara qarşı loyal olacaqdır. Əks təqdirdə isə o, müxalifətə keçəcəkdir.
Müxalifətə keçən “Musavat” və digər partiyalar istiqlal uğrunda geniş gizli fəaliyyət göstərirdilər. Bakı şəhərində və bölgələrdə onun onun yerli təşkilatları fəal siyasi iş aparırdılar. “Musavat”ın təşəbbüsü ilə qeyri-leqal olaraq “İstiqlal” qəzeti nəşr olunurdu. 1923-cü ildə qəzet öz saylarından birində (qəzetin 19 sayı çıxmışdı) nəşr etdirdiyi Bəyannamədə yazmışdı: “Ey türk xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir! Azərbaycanın istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini tanı, milli intibahını yüksəlt, haqq səninlədir!
Yaşasın Azərbaycan istiqlalı! Yaşasın üçrəngli bayrağımız!”.
Bu dövrdə “İttihad” partiyası üzvlərindən bir qrupu “Azərbaycan müdafiəyiislam firqəsi” və “Vətən və ya ölüm!” təşkilatları yaratmışdı. Aprel çevrilişindən sonra Tiflis şəhərinə getmiş F.X.Xoyski də burada Azərbaycan Qurtuluş Komitəsi təşkil etmişdi.
Bu təşkilatlar rejimə qarşı silahlı çıxışların, təxribatların hazırlanması və keçirilməsində mühüm rol oynamışdılar. Onların təşkilatçılığı ilə 1921-ci ilin əvvəllərində Balaxanı neft mədənlərində fəhlələrin tətilləri olmuşdu. Bakı müəssisələrində, ilk növbədə neft mədənlərində təxribat işi aparmaq üçün “Yanar ürək” qrupu yaradılmışdı. Qrup 1921-ci ilin yayında Sabunçu mədənlərində yanğın törətmişdi. 1922-ci ilin aprelində eserlərin Suraxanı mədənlərində törətdikləri yanğın nəticəsində sovet dövlətinə böyük iqtisadi ziyan vurulmuşdu.
Sovet rejiminə qarşı ilk silahlı çıxış 1920-ci il may ayının 23-də Cavanşir qəzasında olmuşdu. Burada yerləşən Nuxa süvari alayı rus hərbi hissəsinə hücum edərək, onu tərksilah etmişdi. Bolşevik istilaçılarına qarşı ən güclü üsyan 1920-ci il mayın 26-31-i arasında Gəncədə olmuşdu. Üsyana Gəncədə və onun ətrafında yerləşən Azərbaycan ordu hissələri başlamışdılar. Üsyanın başlanmasına bəhanə Gəncədə yerləşən Azərbaycan hərbi hissələrinin (3-cü atıcı, 3-cü Nuxa süvari alaylarının və diviziya qərargahının komendant dəstəsinin)komanda heyyətinin XI Qırmızı Ordu qərargahından göndərilmiş zabitlərlə əvəz edilməsi və şəhərin komendantı general Məhəmməd Mirzə Qacarın vəzifəsindən götürülməsi olmuşdu. Üsyana hazırlıqdan xəbər tutan yeni komendantın əmri ilə mayın 25-dən 26-na keçən gecə Azərbaycan Ordusunun əsgərləri postlardan götürülmüş , diviziyanın kazarmaları mühasirəyə alınmışdı. Lakin polkovnik-leytenant Cahangir bəy Kazımbəyovun başçılığı altında 3-cü atıcı alayı üsyana qalxaraq işğalçıların mühasirəsini ləğv etmişdi. Azərbaycan döyüşçüləri şəhərin müsəlman əhalisi yaşayan hissəsində yerləşən Qırmızı Ordu dəstələrini tərksilah edərək, 600 nəfərlik şəxsi heyyətini həbs etmişdilər. Üsyan edən alaya Gəncənin və ətraf kəndlərdə yaşayan müsəlman əhalisi də qoşulmuşdu. Üsyançıların sayı 18 minə çatmışdı.
Üsyana rəhbərlik etmək üçün mayın 26-da tərkibində general Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və.b
olan Hərbi Şura yaradılmışdı. Üsyanın ilk günlərində üsyançılar dəmiryol vağzalını ələ keçirdilər. Onlar mərdliklə şəhəri müdafiə edir,düşmənin hücumlarını rəşadətlə dəf edirdilər. Lakin döyüşə yeni qüvvələr gətirən XI Qırmızı Ordu hissələri mayın 31-də şəhərə girdilər. Fürsətdən istifadə edən ermənilərdə azərbaycanlıları qırmağa başlamışdılar.Onlar xeyli müsəlmanı Ozan məscidinə yığaraq, yandırmışdılar. Qırmızı ordunun əsgərləri üç gün ərzində şəhəri qarət etmişdilər.
Nəhayət, güclü müqavimətə baxmayaraq, mayın 31-də Gəncə şəhəri tam
Qırmızı Ordu hissələrinin nəzarətinə keçdi. Gəncə üsyanının yatırılmasında M.Q. Yefremovun komandanlığı altında olan 18-ci süvari və 20-ci atıcı diviziyalarının qoşun hissələri olmazın qəddarlıq göstərmişdilər. Azərbaycan milli ordu əsgərlərindən və dinc əhalidən 13 min adam qətlə yetirilmişdi. Milli ordunun 6 generalı öldürülmüş, 76 nəfər zabit və əsgəri isə Nargin adasına aparılaraq, güllələnmişdi. Qırmızı ordu da xeyli (8800 nəfər) itki vermişdi.
Üsyan yatırıldıqdan sonra minlərlə adam həbs olunmuşdu. Onların arasında heç bir təqsiri olmayan məşhur Azərbaycan generalları S.Mehmandarov və Ə.Şıxlinski də var idi. O zaman Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri olan N.Nərimanovun qətiyyətli səyi sayəsində onlar həbsdən azad olunmuşdular.
Sovet rejiminə qarşı güclü üsyanlardan biri də Qarabağda olmuşdu. Üsyan Qırmızı Ordunun bu bölgədə yerləşən milli ordu hissələrini tərksilah etmək cəhdlərinə qarşı 1920-ci il iyunun 5-də Tərtərdə,Ağdam və Şuşada baş vermiş etiraz çıxışları ilə başlanmışdı. O, tezliklə bütün Qarabağı bürümüşdü. Üsyana bir qrup türk zabit və əsgəri ilə Dağıstandan Şuşa üsyançılarına kömək üçün gəlmiş Nuru paşa rəhbərlik edirdi. Üsyanın əsas qüvvəsini Azərbaycan Milli Ordusunun Qarabağın müxtəlif ərazilərində yerləşən hissələri – Nuxa,Cavanşir Ağdam, Tərtər süvari, Bakı piyada alayları və iki topçu divizionu təşkil edirdi. Onların tərkibində 6 minə qədər zabit və əsgər var idi. Üsyançılar Tərtərdə bir rus alayını darmadağın etmiş, Ağdamda Qırmızı Ordu hissələrini böyük tələfata uğratmışdılar. Şuşa üsyançıları da əzəli Azərbaycan torpağı Dağlıq Qarabağı ələ keçirmək üçün rus ordu hissələri ilə birgə hərəkət edən daşnaklara qarşı mübarizə aparırdılar.
Üsyançılar Qarabağda sovet hakimiyyətini devirərək, Nuru paşanı bölgənin hakimi elan etmişdilər.
Üsyançılarla Qırmızı Ordu hissələri arasında ən dəhşətli döyüşlərdən biri Bərdədən Yevlaxa gedən yolda olmuşdu. Bu döyüşdə Ehsan xan Naxçıvanskinin komandanlığı altında Gəncə üsyançılarına kömək üçün Bərdədən Yevlax istiqamətində hərəkət edən Nuxa süvari alayı böyük rəşadət göstərmişdi. Mühasirədən çıxan bir qrup döyüşçü Bərdə ətrafında rus hərbi hissələrinə qarşı mətanətlə vuruşmuşdu. Tarixi qaynaqlarda bu “32” lər əfsanəsi kimi xatırlanır.
Sovet rejiminə qarşı 1920-ci ilin yayında Zaqatalada, Şəmkirdə, Dəvəçi və Qusar dairələrində, Zəngəzurun Xanlıq dairəsində kəndlilərin çıxışları olmuşdu.
Zaqatalada üsyan 1920-ci il iyun, ayının 6-da Tala kəndindən başlamışdı. Gəncə və Qarabağdakı üsyançılardan fərqli olaraq,bu üsyanın əsas qüvvəsini əhalidən təşkil olunmuş müqavimət dəstələri təşkil edirdi. Zaqatala şəhəri müqavimət dəstələrinin əlinə keçdikdən sonra, orada olan Azərbaycan ordusunun keşikçi batalyonu zabitləri də onlara qoşulmuşdular. Üsyana peşəkar hərbçi Əhmədiyev və Molla Hafiz Əfəndi başçılıq edirdilər. Üsyançılar iyunun 7-də Qaxı, iyunun 9-da isə Zaqatalanı ələ keçirmişdilər. Onlar, Qumux çayı vadisində gedən döyüşlərdə XI Qırmızı Ordunun hərbi hissələrini ağır məğlubiyyətə uğratmışdılar. Lakin, yeni hərbi qüvvələrin gətirilməsi sayəsində Qırmızı Ordu hissələri iyunun 16-18-də üsyanı yatırmağa müyəssər olmuşdular.
1920-ci ilin yay və payızında Şəmkir qəzasında sovet rejiminə qarşı üsyan olmuşdu.Üsyan əvvəl Müskürlu kəndi ətrafında, sonra isə kəndli Namazın başçılığı ilə Şəmkir ətrafında baş vermişdi. Hər iki üsyan Qırmızı Ordu tərəfindən qəddarlıqla yatırılmışdı.
Sovet rejiminə qarşı ən güclü silahlı çıxışlardan biri də Lənkəran qəzasında olmuşdu. O, 1920-ci ilin may ayında başlayıb 1921-ci ilin payızına kimi davam etmişdi. Üsyana əvvəllər Hüseyn Əfəndi Ramazan və Kərbəlayı Şahverən, sonradan xalq arasında “paşa” ləqəbi ilə məşhur olan türk ordusunun çavuşu Camal bəy başçılıq etmişdi. Üsyan 1921-ci ilin əvvəllərində Qırmızı Ordu hissələri tərəfindən yatırılmışdı. Həmin ilin yayında Astaranı da üsyan bürümüşdü. 1921-ci il oktyabrın əvvəllərində o da yatırılmışdı.
Rejimə qarşı kütləvi silahlı çıxışlardan biri də 1920-ci ildə Bəhlul Əfəndi Behcətin başçılığı ilə Zəngəzur qəzasının Xanlıq dairəsində olmuşdu. Üsyançılar bir müddət dairənin mərkəzi Xanlıq kəndini öz əllərində saxlamışdılar. Bu üsyan da çox amansızlıqla yatırılmışdı.
Bunlardan başqa 1920-1923-cü illərdə Kürdüstan, Cavanşir,Qəbələ, Kürdəmir, Göyçay, Xaçmaz, Ordubad, Şərur və.b qəzalarda da sovet rejiminə qarşı silahlı çıxışlar olmuş, qaçaqçılıq geniş yayılmışdı.
Ümumən, 1924-cü ilə kimi Azərbaycanda sovet hökmranlığına qarşı 60-dan çox silahlı çıxış olmuşdu.
XI Qırmızı Ordu komandanlığının 1921-ci ilin martında Cənubi Qafqaz Respublikalarında vəziyyətə dair mərkəzə verdiyi məlumatlardan birində etiraf olunurdu ki, komitələrin uğursuz fəaliyyəti, batalyon komandirlərinin kobud səhvləri və digər əyintiləri bütün Azərbaycanı da bürüyən silahlı çıxışlara səbəb olmuşdur.
XI Ordu tərəfindən işğal olunduqdan sonra yaradılmış Azərbaycan hökumətinin tərkibi əsasən azərbaycanlılardan ibarət idi. Lakin bu hökumətin hakimiyyəti formal xarakter daşıyırdı. Real hakimiyyət Rusiya kommunist bolşeviklər partiyasının bir hissəsi olan Azərbaycan kommunist bolşeviklər partiyası Mərkəzi komitəsinin katibi və Fövqəladə komissiya sədrinin ixtiyarında idi. Bu vəzifələrə isə yalnız Moskvanın nümayəndələri təyin olunurdu. İmperiyanın Azərbaycanda baş canişini vəzifəsini AK(b)PMK – nın birinci katibi müxtəlif illərdə Q.Kaminski (1920-1921), S.Kirov (1921-1926), L.Mirzoyan (1926 - 1929), N.Qikalo (19291930), V.Polonski (1930-1933), onlardan sonra isə M.C.Bağırov (1933-1953) tutmuşdur. İşğal olunmuş Azərbaycanda formal dövlət quruculuğu prosesinin ilk mərhələsi 1921 – ci ilin mayın 6-da Bakıda keçirilən I Ümumazərbaycan Sovetlər qurultayı tərəfindən başa çatdırıldı. Qurultay Azərbaycan Mərkəzi İcraiyyə komitəsini “seçdi” (MİK)olkədə ali qanunverici orqan elan olundu.Azərbaycan SSR Xalq Komissarları Soveti (XKC) isə ali icra orqanı kimi fəaliyyət göstərirdi. Azərbaycan SSR Konstitusiyasını qəbul etdi. Konstitusiyada Azərbaycanın Rusiya tərəfindən işğalı “qanuniləşdirildi”.
Azərbaycanda inzibati - ərazi dəyişiklikləri dərhal həyata keçirilmədi. 1929cu ilə dək quberniya – qəza sistemi saxlanıldı. 1929-cu ildə quberniya və qəzalar ləğv edilərək, əvəzində dairə və rayonlar yaradıldı. Əlavə inzibati strukturlara vəsait xərclənməsi imperiyaya sərf eləmədiyinə görə 30-cu illərin əvvəlində dairələr də ləğv edildi, birbaşa Bakıya tabe edilməklə rayonlardan ibarət inzibati bölgü sistemi təşkil edildi.
İlk vaxtlar Azərbaycanda işğal rejimi buraya Moskvanın canişinlərinin göndərilməsi ilə hərbi – iqtisadi ittifaq haqqında müqavilələr vasitəsilə də həyata keçirilirdi. 1920-ci il sentyabrın 30 – da Moskvada RSFSR və Azərbaycan SSR arasında hərbi – iqtisadi ittifaq haqqında müqavilə imzalandı. Müqavilədə deyilirdi ki, Azərbaycan və RSFSR hökumətləri hərbi təşkilat və komandanlığın, xalq təssərrüfatı və xarici ticarət, təchizat orqanlarının, dəmiryol və su nəqliyyatının, poçt – teleqraf idarələrinin, maliyə orqanlarının qısa vaxt ərzində “birləşdirilməsi”ni həyata keçirirlər.
Bu müqavilə mahiyyət etibarilə Azərbaycanın hərbi, təsərrüfat, xarici ticarət, nəqliyyat. Poçt – teleqraf, maliyə orqan və təşkilatlarının Rusiyaya tabe etdirilməsi demək idi. Müqavilənin sonunda göstərilirdi ki, müqavilə imza edildiyi andan qüvvəyə minir və ratifikasiya olunmayacaqdır. Qəribədir ki, Azərbaycanın müstəqilliyini faktiki olaraq ləğv etmiş bu sənəd ratifikasiya olunmadan qüvvəyə minirdi. Azərbaycan SSR bütün sahələrdə müstəqilliyini itirərək Sovet Rusiyasından tam asılı vəziyyətə düşdü.
Sover imperiyası təkcə Azərbaycanın işğal olunması ilə kifayətlənmir, ona Zaqafqaziya və bütün Şərqdə sovetləşdirmə adı altında yeni ərazilər ələ keçirmək üçün dayaq məntəqəsi kimi baxırdı. Bu məqsədlə 1920-ci ilin sentyabrında Bakıda Şərq xalqlarının I qurultayı keçirildi. Qurultayda 37 xalqı təmsil edən 1891 nümayəndə iştirak edirdi. Sovet imperiyası xalqların milli azadlıq hərəkatından, onların müstəqillik meyllərindən sui-istifadə edərək bəzi əraziləri (məsələn, İranı) ilhaq etmək, nisbətən uzaq regionlarda isə özünə münasib siyasi rejimlər yaratmaq niyyətində idi. Bunun üçün qurultay Bakıda daimi fəaliyyət göstərməli olan təbliğat və fəaliyyət Şurası yaratdı. Şuranın tərkibinə M.D.Hüseynov, S.Kirov, F.Maxaradze, N.Nərimanov, A.Nuricanyan, Q.Orconikidze və.b daxil oldular. Şərq siyasətinə xüsusi əhəmiyyət verən sovet Rusiyası bu iş üçün sadiq və bacarıqlı emissarlarını səfərbər etmişdi. Rusiya bolşeviklərinin ciddi cəhdlərinə baxmayaraq qurultay gözlənilən nəticəni vermədi. Qurultayda bir sıra ixtilaflar meydana çıxdı və rus imperialistləri nəzərdə tutduqları vahid hərəkat proqramını Şərq xalqlarına qəbul etdirə bilmədilər. Lakin qurultayın başqa bir nəticəsi kimi Zaqafqaziyanın digər ərazilərinin də işğalı surətləndirildi. 1920-ci il noyabrın 30-da Ermənistan, 1921-ci il fevralın 25-də isə Gürcüstan işğal edildi.
Bütün Zaqafqaziya işğal edildikdən sonra Sovet imperiyası rus çarizminin
ənənələrinə sadiq qalaraq, burada regional idarəetmə sistemi yaratdı. Üç müstəmləkənin bir ərazi vahidində birləşdrilməsi onların daha asan və rahat istismar olunması üçün zəruri idi. Üzdəniraq Zaqafqaziya federasiyasının yaradılması 1921-ci ilin iyununda dəmiryol nəqliyyatı və xarici ticarətin birləşdirilməsi ilə başlandı.
Bunun ardınca hərbi, təsərrüfat və.s sahələr birləşdirildi. 1922-ci ilin fevralında
Tiflisdə Zaqafqaziya kommunistlərinin qurultayı keçirildi və regionda Rusiyanın baş canişini vəzifəsi – RK(b)P Zaqafqaziya Diyar Komitəsinin birinci katibi vəzifəsi təsis olundu. Həmin vəzifəni Q.Orconikidze tutdu. 1922-ci ilin martında Sovet imperiyasının yerli çinovnikləri – Azərbaycan, Gürcüstan və Ermənistan SSR Mərkəzi İcraiyyə komitələrinin nümayəndələri Tiflisdə konfransa toplaşdılar və
“Zaqafqaziya respublikalarının federativ ittifaqının ” yaradıldığını elan etdilər. Zaqafqaziya federasiyasının yaradılması 1922-ci il dekabrın 4-13-də Bakıda keçirilmiş birinci Zaqafqaziya sovetlər qurultayında Mərkəzi İcraiyyə komitəsini seçdi və Konstitusiyasını qəbul etdi. Heç bir hakimiyyətə malik olmayan bu orqana Moskva N.Nərimanovu sədr təyin etdi. Beləliklə Zaqafqaziya Sovet Sosialist Federativ Respublikaları ittifaqının yaradılması başa çatdı.(ZSSFRİ).
1922-ci ilin dekabrın 30-da SSRİ-nin – Sovet imperiyasının yaradılmasının
formal tərəfi də həll edildi.
SSRİ-nin birinci Sovetlər qurultayında Ukrayna, Belorusiya və Zaqafqaziya federasiyası qəti şəkildə imperiyanın tərkibinə daxil edildilər. Azərbaycan SSR imperiyanın əyalətlərindən birinə çevrildi.
Sovet imperiyası yarandığı və Şimali Azərbaycanı işğal etdiyi gündən birin-
ci Pyotrun vəsiyyətlərini həyata keçirərək, Zaqafqaziyada Azərbaycan xalqının mövqeyinin zəiflədilməsinə, ərazinin azaldılmasına yönəldilən siyasət yeritmişdir. Gürcüstan və Ermənistan işğal edildikdən sonra bu siyasət daha kəskin və qəti xarakter aldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mübahisəli zonalar sayılan 16,6 min kv kilometrlik elliklə azərbaycanlılar yaşayan ərazilərinin yarısı – Borçalı, Qarayazı və Sığnax mahalları Gürcüstanın, digər yarısı isə - İrəvan, İçmədzin, Sürməli, Yeni Bəyazid mahallarının müvafiq hissələri Ermənistanın qurama hökumətlərinə verildi. Bütün bunlar az imiş kimi “rus siyasəti Nəriman bəyin səxavətkar ağzilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını təntənəli bir surətdə Ermənistana hədiyyə etdi.” Zəngəzuru xilas etmək mümkün olmadı. 7 min kv kilometrlik Zəngəzur mahalının 4.5 min kv kilometri Sisian, Gorus, Qafan, Mehri Ermənistana verildi, yalnız 2.5 min kv kilometri Laçın, Qubadlı, Zəngilan Azərbaycan ərazisində qaldı. Verilmiş ərazidə yaşayan azərbaycanlılar ikiqat rus-erməni zülmünə məruz qalaraq, 70 il ərzində dəhşətli məşəqqətlərə dözməli oldular və ən nəhayətdə tarixi torpaqlarıdan qovuldular. Zəngəzurun və digər ərazilərin ermənilərə və gürcülərə verilməsi Sovet imperiyasının Zaqafqaziyada azərbaycanlılara, həmçinin də qonşu müsəlman dövlətlərinə qarşı əlverişli hərbi siyasi meydan yaratmaq niyyətindən irəli gəlirdi.
Naxçıvan məsələsi isə yalniz Türkiyənin işə qarışması nəticəsində müsbət həll olundu. Onun təklifi və tələbi qarşısında Moskva danışıqlara getməyə məcbur oldu. Danışıqlar nəticəsində iki mühüm müqavilə imzalandı. 1921- ci il martın 16da Moskva şəhərində Türkiyə ilə RSFSR arasında bağlanan müqavilə və 1921-ci il oktyabrın 13-də Qars şəhərində RSFSR-nin iştirakı ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasinda bağlanmış dostluq müqaviləsi əsasında Naxçıvanın müqəddəratı müəyyən edildi. Türkiyə - Rusiya müqaviləsinin 3 – cü bəndində göstərildi ki, danışıq aparan hər iki tərəf razıdır: Naxçıvan vilayəti bu müqavilənin birinci əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın tərkibində (himayəsində) muxtar əraziyə malikdir, bu şərtlə ki Azərbaycan onun protektoratını üçüncü dövlətə verməsin. Türkiyə - Rusiya müqaviləsinin birinci əlavəsində, Qars müqaviləsinin isə beşinci maddəsi və üçüncü əlavəsinə görə üçbucaqlı zona təşkil edən Naxçıvan ərazisi Urmiya kəndindən başlayan düz xətlə Arazdayan stansiyasının (Ermənistan SSR-yə qalmaqla), yenə düz xətlə qərbi Daşburun dağından keçib Cəhənnəm dərəsi ilə bulaqdan keçib suayrıcı xətt üzrə Bağırsaq dağından, keçmiş İrəvan dairəsi və Şərur Dərələyaz qəzasının inzibati sərhəddi boyunca Kömürlü dağa və oradan Sayat dağı, Qurd – Qulaq kəndi ilə Qəməsər dağına, Külgü dağa və bundan sonra keçmiş Naxçıvan dairəsinin şərqi inzibatı sərhədi daxilində müəyyən edildi. Beləliklə hər iki müqavilə Naxçıvanın ərazisi, sərhədləri çox dəqiqi coğrafi yerlərin adları və hüdudlarına istinad edilməklə göstərilmişdir. Məcburiyyət qarşısında müqaviləni imzalamış imperiya rəhbərləri hər cəhdlə həm Moskva, həm Qars müqavilələrinin şərtlərinin yerinə yetirilməsini ləngidir, Naxçıvanın ərazisini heç olmasa kiçiltməyə çalışırdılar. Müqavilələrdə Naxçıvana muxtariyyət verilməsi məsələsinə dair razılıq əldə edilməsinə baxmayraq, bu iş yubadıldı və yalnız 1924-cü ilin fevralında Naxçıvan Muxtar Sovet Sosialist respublikası yaradıldı. Bir neçə il sonra isə onun ərazi bütövlüyünə qəsd edildi. Zaqafqaziya MİK – nin Rəyasət heyəti 1929-cu il 18 fevral tarixli qərarı ilə 1921-ci il Qars müqaviləsində əsas tərəflərdən biri olan Türkiyə Respublikasının razılığı və iştirakı olmadan Naxçıvan muxtar respublikasının 657 kv metr sahəsi olan Qaravan, Qurd-Qulaq, Oğbin, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri və Kilit kəndinin bir hissədini kəsib Ermənistana verdi. Formal muxtariyyət statusuna malik olan Naxçıvan respublikasının nəinki “rəsmi” razılığı alınmadı, heç həmin kəndlərdə yalnız azərbaycanlıların yaşamasına da əhəmiyyət verilmədi.
Sovet imperiyası Zaqafqaziyada ermənilərin mövqeyini gücləndirmək üçün Qarabağın dağlıq hissəsini də onlara verməyə cəhd etdi. Məlum məqsədlərlə ortaya atılmış Qarabağın dağlıq hissəsi haqqında məsələ yerli erməni əhalisi tərəfindən qəti etirazla qarşılandı. Bu etiraz həmin dövrdə Moskvanın Mikoyan, Orconikidze, Nuricanyan və başqaları kimi inanılmış partiya işçilərinin mərkəzə göndərdikləri sənədlərdə də öz əksini tapır. 1920 – ci ilin mayında Anastas Mikoyan Leninə yazdığı məruzədə ermənilərin Qarabağın hər hansı bir hissəsinə qarşı irəli sürdükləri iddiyaya qarşı çıxırdı. Mikoyan təsdiq edirdi ki, Qarabağın Yerevanla heç bir tarixi bağlılığı yoxdur, onu Bakıdan ayırmaq olmaz. O, Bakını Qarabağ üçün “həyat məxəzi” adlandıraraq göstərirdi ki, erməni kəndliləri Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin əlehinə çıxış edirlər. Həmin ilin iyununda
Q.Orconikidze də Q.Çiçerinə göndərdiyi teleqramında bildirirdi ki, Qarabağ və Zəngəzur özlərini Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi hesab edirlər. Nərimanov, Mdivani, Mikoyan və Nuricanyan tərəfindən imzalanmış başqa bir teleqramda göstərilirdi ki, Zəngəzur və Qarabağ heç bir halda mübahisəli ərazi ola bilməz və bu yerlər həmişəlik Azərbaycanın tərkibində qalmalıdırlar. Moskvaya göndərilən bele məzmunlu teleqramlar, məlumatlar, məruzələr külli miqdarda idi. Onların məzmunu Qarabağın erməni əhalisinin əhval-ruhiyyəsini və mövqeyini obyektiv əks etdirirdi. Lakin imperiya liderlərinin fikri başqa idi. Çiçerin 1920-cu ilin iyununda Leninə yazdığı məktubunda Nərimanovu “müsəlman meyllərinə himayə etməkdə” ittiham edirdi. Başqa bir məktubunda isə yazırdı:”Qarabağ qədimi erməni torpağıdır.” Bu, işğalçı rus və ümumxristian siyasətinin açıq aşkar təzahürü idi. Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi işinə Azərbaycanda S.Kirov başçılıq edirdi. Bu ideya ilk dəfə məhz onun tərəfindən otaya atıldı. Azərbaycanın xeyli hissəsinin Ermənistana və Gürcüstana verilməsi ilə inqilab eyforiyasından tədricən uzaqlaşan N.Nərimanov bu məsələdə qəti mövqe tutmuşdu.
Bele bir şəraitdə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun iclasında
Qarabağ məsələsinə baxıldı. İclasda Stalin Qafbüronun üzvlərindən Orconikidze. Maxaradze, Nərimanov, Myasnikyan, Kirov, Naaretyan və Fiqatner iştirak edirdilər. N.Nərimanovun Qarabağın dağlıq hissəsinin Azərbaycanın tərkib hissəsində saxlanılması və bu məsələyə dair bütün Qarabağda sorğu keçirilməsi haqqında təklifləri Kirov – Myasnikyan qrupunun ciddi müqaviməti ilə rastlaşaraq keçmədi. İclas bu ərazinin Ermənistana verilməsi haqqında 3 səsə qarşı(Nərimanov, Maxaradze, Nazaretyan) 4 səslə (Kirov, Orconikidze, Myasnikyan, Fiqatner) qərar qəbul etdi. Maraqlıdır ki, Nazaretyan məsələyə düzgün qiymət verərək, Qarabağın Azərbaycandan ayrılmasına etiraz etdiyi halda, bir neçə ay əvvəl Qarabağın dağlıq hissəsinin Azərbaycana mənsub olduğunu qəti şəkildə müdafiə edən Orcoikidze Moskvanın göstərişlərini sədaqətlə yerinə yetirərək, öz mövqeyini büs-bütün dəyişmişdi. Nərimanovun ciddi müqavimətindən və bəyanatından sonra iclas məsələnin tam həll olunmasını təxirə saldı.Ertəsi gün Qafbüronun iclasında məsələyə yenidən baxıldı. Kirov – Myasnikyan qrupu ehtiyat variantı işə saldı. Onların təklifi ilə Dağlıq Qarabağın muxtar vilayətə çevrilməsi və Azərbaycan SSR – in tərkibində qalması haqqında yenə də 3 səsə qarşı 4 səslə qəbul edildi. N.Nərimanov qərar qəbul edildikdən sonra da onun həyata keçirilməsinə müqavimət göstərirdi. O, 1921-ci il iyulun 19-da Azərbaycan Mərkəzi İcraiyyə komitəsinin iclasında etdiyi məruzəsində əsaslandırırdı ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğuna və konstitusiya çərçivəsində İcraiyyə komitəsi vasitəsilə daxili idarəetmə hüququna malik olduğuna görə burada ayrıca inzibati vahid yaratmağa ehtiyac yoxdur. Lakin imperiyanın Azərbaycandakı baş canişini S.Kirov torpaq, hərbi və dəniz komissarlarının bu məsələ ilə məşğul olan komissiyasını təşkil etmək qərarına gəldi. Bu komissiya Dağlıq Qarabağ muxtariyyətinin sərhədlərini müəyyən etməli idi.
1922 – ci ilin dekabrında Azərbaycan K(b)P Mərkəzi Komitəsi S.Kirov, Mirzəbekyan və Armenak Qaragözövdan ibarət Qarabağ məsələsi üzrə mərkəz komissiya təşkil etdi. Eyni zamanda A. Qaragözovun başçılığı altında 7 nəfərdən ibarət işçi komisiyya Azərbaycanın yaradıldı. Tərkibində azərbaycanlı olmayan bu komissiya Azərbaycanın bir hissəsinin taleyini həll etdi. Komissiya 6 aydan sonra öz qərarını AK(b)P Mərkəzi Komitəsinə təqdim etdi: Qarabağın dağlıq və bir qədər də aran hissəsi inzibatı bölgü kimi qəbul edilsin. On gün sonra AK(b)PMK Azərbaycan Mərkəzi İcraiyyə komitəsinə göstəriş verdi ki, Qarabağ muxtar vilayəti yaradılsın. 1923 – cü il 7 iyul dekreti ilə Dağlıq Qarabağ vilayəti yaradıldı. Vilayər 1937 – ci DQMV adlandırıldı. İmperiya siyasəti məqsədinə tam nail ola bilmədi, lakin əvəzində Azərbaycanda nifaq ocağı yarada bildi. Rus – erməni planının növbəti mərhələsi həyata keçirildi. Dağlıq Qarabağ vilayəti Azərbaycanın daxildən dağılması üçün plasdarm rolunu oynamalı idi.

§ 2. Azərbaycan SSR yeni iqtisadi siyasətə keçid və bərpa dövründə


Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Azərbaycanda da sosializm ideyalarını gerçəkləşdirməyə başladılar. Onlardan Q.N.Kaminski, S.M.Kirov, L.Mirzoyan, Ə.H.Qarayev, M.D.Hüseynov, R.Axundv və b, başda olmaqla bir qrupu V.Leninin və N.Nərimanovun sovet quruculuğunda yerli,milli şəraiti, adət-ənənələri və dəyərləri nəzərə almaq məsləhətlərinə məhəl qoymayaraq Rusiya təcrübəsini eyni ilə Azərbaycanda həyata keçirməyə çalışırdılar. Bir sözlə, Azərbaycanda Rusiya sovet modelini yaratmaq xətti yeridirdilər. Onlar 1920-ci ilin payızında (sentyabr) məhdud və qısa müddətə olsa da Rusiyanın 1918-1920-ci illər təcrübəsi olan hərbi kommunizm siyasətinə aid bir sıra tədbirlər həyata keçirdilər. Ərzaq saplağını,”işləməyən dişləməz “ devizi altında ümumi əmək mükəlləfiyyəti, ərzaq payının verilməsi (kartoçka sistemi) tədbirlərini tətbiq etdilər. Bu tədbirlər Azərbaycan kəndlilərinin vəziyyətini ağırlaşdırdı. Ona görə də Quba və Cavad qəzaları istisna olunmaqla bütün digər bölgələrdə ərzaq tədarükü dayandırıldı.
1921-ci ilin yazından etibarən rəsmən Yeni İqtisadi Siyasətə keçildi. 1921-ci il mayın 17-də İnqilab Komitəsinin dekreti ilə ərzaq saplağı ləğv olundu. Bu, Azərbaycanda da Yeni iqtisadi Siyasətə (YİS) keçməkdə ilk addım idi. Lakin, kəndlilərin vəziyyətinin ağırlığı Azərbaycanda ərzaq vergisinin tətbiqinə imkan vermədi. O, 1922-ci ilin yazına kimi ləngidildi. Kəndlilər YİS dövründə ərzaq vergisi əvəzinə könüllü məhsul rüsumu olan “çanaq vergisi” ödəməyə başladılar.
Bir çanaq 20 girvənkə (8kq) idi.
1922-ci il martın 5-də kənd təsərrüfatı məhsulu vergisi barədə qanun qəbul olundu. Bundan sonra Azərbaycanda da ərzaq vergisi tətbiq edilməyə başladı. Beləliklə, Azərbaycanda da əməli olaraq, yeni iqtisadi siyasətə keçildi.
Yeni iqtisadi siyasət hakim mövqelərin dövlətin əlində qalması şərti ilə ticarət azadlığına yol verilməsini, icarə sisteminin, bank və kredit şəbəkəsinin, müştərək müəssisələrin yaradılmasını, kooperasiyanın inkişafını nəzərdə tuturdu.
Yeni iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanda da müəyyən iqtisadi yüksəlişə nail olundu. 1921-1925- ci illərdə neft hasilatı təqribən iki dəfə artdı. O, müharibədən əvvəlki səviyyəsinin 64 faizini təşkil etdi. 1923-cü ilin yayında Bibiheybət rayonunda dərin nasosla işləyən ilk quyu istifadəyə verildi. Qazma dəzgahlarının elektriklə işlədilməsi artdı (65 faiz idi). Mexaniki emalatxanalar əsasında Şmidt adına (indiki Səttarxan adına) neftmaşınqayırma zavodu işə salındı. Bir sıra sənaye sahələri, o cümlədən “Qırmızı Oktyabr” tütün, Volodarski adına tikiş fabriki yardıldı, Gəncədə, Ləkidə, Ucarda, Salyanda pambıqtəmizləmə zavodları bərpa olundu.
Xarici neft şirkətləri ilə əlaqələr yaradıldı.”Azneft” “Standart Oyl” neft şirkəti
ilə əlaqə, London, Paris, Nyu-York və digər şəhərlərdə nümayəndəliyini yaratdı.
Sənaye istehsalında sosialist bölməsinin yeri yüksəldi. Respublika sənayesinin ümumi məhsulunda sosialist (dövlət) bölməsinin xüsusi çəkisi 85.5 faiz təşkil etdi. 1924-1925-ci təsərrüfat ilində dövlət və kooperativ sənayesinin payı 93.5 faiz səviyyəsinə çatdı.
Kənd təsərrüfatının bərpası, əsasən, başa çatdırıldı. Heyvandarlıq məhsullarının dəyəri təqribən 1914-cü il səviyyəsinə çatdırıldı (94 faiz). Kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfə artdı. Ortabablaşma prosesi gücləndi. Kooperasiyanın şəbəkəsi yüksəldi. 1925-ci ildə 227 istehlak kooperasiysı, 11 sovxoz fəaliyyət göstərirdi.
1924-cü ildə Bakıda köhnə konka əvəzində ilk tramvay işə salındı.
Bu nailiyyətlər xalq təsərrüfatının sosialistcəsinə yenidən qurulması üçün
zəmin oldu.
1925-ci ilə Azərbaycanda хalq təsərrüfatının bərpası əsasən başa çatdı. Sənaye və kənd təsərrüfatının müхtəlif sahələri dağınıqlıq və pərakəndəlik aradan qaldırılmış, I dünya müharibəsindən əvvəlki səviyyəyə yaхınlaşılmış, bir sıra sahələrdə bu səviyyə ötülüb keçilmişdi. Azərbaycan bu cəhətdən SSRI-nin qabaqcıl regionlarından birinə çevrilmişdi.
Bərpa dövrü başa çatdıqdan, yeni iqtisadi siyasət şəraitində iqtisadiyyatda dağınıqlıq aradan qaldırılandan sonra Sovet dövləti sosialist iqtisadiyyatının əsaslarını yaratmaq istiqamətində yeni addımlar müəyyən etdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin