Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 7. 1970-1980-cı illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər



Yüklə 3,15 Mb.
səhifə146/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   173
Ar2019-47-1

§ 7. 1970-1980-cı illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər


1969-cu il iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi. Azərbaycan KP MK-nın plenumunda H.Ə.Əliyev MK-nın birinci katibi seçildi. Azərbaycanın müasir tarixində 1969-cu il dönüş mərhələsinin təməlini qoydu.
Avqust plenumundakı çıxışında H.Əliyev respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə
ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi.
Avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada mədəni-psixoloji iqlimi sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.
H.Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.
H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu. O, 1978-ci il Azərbaycan SSR Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də Azərbaycan SSR-in Konstitusiyası qəbul edildi. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.
H.Əliyevin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik fəaliyyəti sayəsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə (19691982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı
2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı.
H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyin Cavidin cəsəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.
70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan diviziyasının böyük qələbəsinə xatirə ansamblı Sevastopolda 77-ci diviziyanın şərəfinə böyük abidə ucaldılmışdı.
1978-ci ildə Bakı şəhəri faşizm üzərində böyük qələbədə oynadığı rola görə Lenin ordeni ilə təltif edildi.
H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə azərbaycanlı gənc digər şəhərlərə aparıcı təhsil və elm orqanlarına oxumağa göndərildi.
1970-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.
H.Əliyevin təşəbbüsü ilə milli özünüdərk prosesi xeyli gücləndirildi.
«Gəncə» soyu yasaq edildiyi vaxt, «Yeni Gəncə» qəsəbəsi yaradıldı. Bakı rayonlarına «Nizami», «Nəsimi» adları verildi. Naxçıvanda «Babək», Yuxarı Qarabağda «Əsgəran» adlarının verilməsi bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi.
O, «İran Azərbaycanı» terminini «Cənubi Azərbaycan» terminilə əvəz etdi.
Beləliklə, H.Əliyevin çoxcəhətli partiya və dövlət idarəçiliyi sayəsində Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət orqanlarının ictimai təşkilatların içində fəallığı artdı. Dövlət və ictimai təşkilatların əsas diqqəti respublikanın iqtisadi, sosial-mədəni tərəqqisi, xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırılmasına yönəldildi və səmərəli nəticələr verdi.
H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən,
praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.
XX əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçdiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə daxil olub.
H.Əliyevin təşəbbüsü ilə SSR hökuməti Azərbaycavnda sənayenin və kənd təsərrüfatının intensiv inkişafı üçün beş xüsusi qərar qəbul etdi və xeyli vəsait ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70-ci illərin ilk ilindən sürətlə başladı. Kapital qoyuluşunun həcmi 1970-1985-ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.
Bu kapitalın 45 %-dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti materialları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.
Respublikanın güclü elmi texniki və istehsal potensialına söykənərək iqtisadiyyatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirilirdi.
Əlvan və qara metallurgiyanın yeni istehsal sahələri yaranırdı.
Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni müəssisələrin yaradılması sahəsində ciddi işlər görüldü.
Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14 milyard kubmetr təbii qaz hasil edilmişdi. 70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırıldı.
1970-80-ci illərdə yeni müəssisələr sənayenin təkmilləşməsi və məhsul istehsalının artırılmasında əhəmiyyətli rol oynamışdır. Bu dövrdə 218 yeni sənaye müəssisəsi istifadəyə verildi.
Mingəçevirdə elektrik stansiyası, Şəmkir SES, Bakı kondisioner zavodu, Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça qənnadı, çini-saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.
Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssisələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir.
1970-80-ci illərdə yaradılan yeni sənaye müəssisələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi sahələrində istifadəyə verildi.
70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi. Geoloji kəşfiyyat izləri genişləndi. 22 yeni neft və qaz yatağı kəşf olundu. Neft mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.
Üzən buruqlardan «Azərbaycan», «Xəzər» vasitəsilə dənizin dərinliyində 6000 m-ə çatan quyular qazıldı.
70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlanıldı və zavod 1986-cı ildə fəaliyyətə başladı.
Respublikada energetika sənayesi surətlə inkişaf edirdi. Araz çayı üzərində İran ilə birlikdə SES-si tikildi.
Yüngül sənaye, yeyinti sənaye müəssisələri şəbəkəsi xeyli genişləndi.
Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqliyyatın
da inkişaf etdirilməsi vacib strateji məsələlərdən biri idi. 70-80-ci illərdə yeni dəmir yolu – Ağdam-Xankəndi, Ağstafa-İrəvan, Yevlax-Balakən xətləri istifadəyə verildi. 1985-ci ildə 2067 km-ə çatan dəmir yolu xətti var idi.
Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Avtomobil yollarının uzunluğu 1985-ci ildə 22,4 min km-ə çatırdı.
1970-80-ci illərdə metro tikintisi sahəsində böyük uğur əldə olundu. 1970-ci ildə «Ulduz» stansiyası istifadəyə verildi. 1972-ci ildə Bakının mərkəzini «8-ci km» qəsəbəsi ilə birləşdirən metro xətti – «Bakı Soveti» - «Neftçilər» metro xətti işə düşdü. 1985-ci ildə «Memar Əcəmi», «Əhmədli» stansiyalarına gedən yeraltı dəmiryol xətləri istifadəyə verildi.
Azərbaycanın dəniz nəqliyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxıstan, Sibir, İtaliya, Əlcəzair, Polşa, Rumıniya və sair ölkələrə mal daşınırdı.
1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud miqdarladır. Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrindən tam və hərtərəfli istifadə edilməsi vacib idi. Bunun üçün ilk növbədə əkinçilik və heyvandarlığın müxtəlif təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və təmərküzləşməsi tələb olunurdu.
70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşmiş prosesi sürətləndi. Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi. 18 rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə, Ağcabədi, Beyləqan, Sabirabad idi. 1985-ci ildə pambıq əkin sahələri 795,5 min hektara çatmışdı.
Başqa sahələrdə də təmərküzləşmə gedirdi. Tərəvəzin 92 faizindən çoxu Lənkəran-Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara taxılçılıq Mərkəzi Aran, Şəki, İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçülük bütün təbii-iqtisadi zonalarda yetişdirilirdi.
Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi1981-85-ci illərdə orta hesabla 1966-70-ci illərə nisbətən 2,6 dəfə çoxaldı.
1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona, tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.
Beləliklə, 70-80-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi. Əsas sosial-iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları içərisində ön sıralara keçdi. Azərbaycanın ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların istehsal hşəcminə görə rolu xeyli genişləndi.
Akademik Cəmil Quliyev yazır: «1969-cu ilin yayından H.Əliyevin respublikaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında dönüş başlandı. H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi. Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu».
Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycan iqtisadiyyatınrda ciddi geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi rejimində baş verən gərgin və təlatümlü hadisələr onu sarsıdaraq iqtisadiyyatın tənəzzülünü sürətləndirdi.
Azərbaycanın ictimai-siyasi həyatının, təsərrüfat sistesinin ahəngi 1987-ci ildə erməni millətçilərinin «Dağlıq Qarabağ» ətrafında başladıqları fitnəkarlıqla pozuldu. Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini genişləndirirdilər.
İlk növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adı altında respublikada böyük gəlir verən üzümçülüyün ləğv edilməsinə çalışdılar. 1990-cı ildə 107 min hektar üzüm sahəsi ləğv edilmişdi.
1988-ci ildə Gəncə avtomobil zavodunun, AKTİ-nin tələb şəhərciyinin tikintiləri dayandırıldı.
Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə azaldıldı. Əsas fondların istifadəyə verilməsi 1990-cı ildə 1985-ci ilə nisbətən 50 faiz aşağı düşdü.
Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1 milyon tona, qaz hasilatı isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad, dəmir, sement, yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmirdi.
Mühüm kənd təsərrüfatı məhsulları istehsalında da ciddi geriləmə baş verdi.
1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətlər, çox çətin və ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma, millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi, iqtisadi inkişafa mane olurdu.
Respublikanın 1970-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaşmasına şərait yaratmışdı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci illərdə 1,3 dəfə kolxozçuların orta aylıq əmək haqqı isə 1,5 dəfə artmışdı.
Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı.
1970-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə artmışdı. Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və qəsəbələr salınmış, çox mərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 3 milyonkvadrat metrə çatmış və əhalinin mənzil şəraiti yaxşılaşdırılmışdı.
Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, fəvvarələr meydanı yaradılmışdı. 70-ci illərdə Bakı Dəniz vağzalı, Respublika sarayı, Gülüstan sarayı, Velotren tikildi.
Həmin illərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılaraq, Kür su kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti inkişaf etdikcə, təhlükəsizlik texnologiyasına ciddi əməl olunmaması, təmizləyici qurğulardan istifadə edilməməsi, respublikada ekoloji mühitin gündən-günə pozulmasına gətirib çıxardı.
Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı şəhərləri ekoloji cəhətdən çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi həddən çox çirklənmişdi. Kimya zavodları Sumqayıt şəhərini «Ölü şəhərə» çevirmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarının çirkab və zəhərli maddələrin axıdılması böyük problem yaradırdı.
70-80-ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı. Hər min nəfərə görə təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil edirdi.
Əhalinin sosial-sinfi strukturu da yeniləşmişdi. 1989-cu ildə əhalinin 86,8 faizini fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi.
Əhalinin milli tərkibində də mühüm dəyişikliklər baş vermişdi. 1989-cu il siyahıya alınmasına görə 7 milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min nəfərini ruslar, 390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə respublikada 82 xalqın nümayəndəsi məskunlaşmışdı.
Beləliklə, 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda, məişətində, rifahında mühüm dəyişikliklər baş vermişdi.
Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca ödənilmirdi, xidmətlərin səivyyəsi xüsusən kənd yerlərində hələ aşağı idi. Ekoloji mühit çirklənirdi və s.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin