Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 1. Müstəqillik ərəfəsində Azərbaycanda siyasi vəziyyət. § 2



Yüklə 3,15 Mb.
səhifə131/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   173
Ar2019-47-1

§ 1. Müstəqillik ərəfəsində Azərbaycanda siyasi vəziyyət.
§ 2.Azərbaycan Xalq Cümhuriyyətinin təşkili yaradılması. Milli hökümətin daxili siyasəti.
§ 3.Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. Paris sülh konfransı. § 4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun tarixdə yeri.
§ 5. 1917-1920-ci illərdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatı. Ş.M.Xiyabani.

§ 1. Müstəqillik ərəfəsində Azərbaycanda siyasi vəziyyət


1917-ci il fevral inqilabı 2-də II Nikolayı Rusiya taxt-tacını tərk etmək haqqında ilk manifesti imzaladı. Martın 2-də ölkədə real hərbi-siyasi güc olan qurumun-Petroqrad Fəhlə və Əsgər Deputatları Sovetinin bilavasitə dəstəyi ilə Müvəqqəti hökumət təşkil olundu.
Məmməd Əmin Rəsulzadə o günlərdə yazırdı: «Rusiyanın xalqları öz ürəklərində saxladıqları məqsədlərə, nəhayət ki, çatdılar. Əliqanlı жandarm, bütün xalqın düşməni olan istibdad yıxılmışdır».
Fevral inqilabı bütün müsəlmanların, o cümlədən azərbaycanlıların siyasi
fəallağını artırdı. Gündəlikdə duran ən vacib məsələlərdən biri təkcə Cənubi Qafqazın deyil, bütün Rusiya müsəlmanlarının pərakəndə halda olan qüvvələrinin birləşdirilməsindən ibarət idi.
Fevral burjua-demokratik inqilabının qələbəsindən sonra «Müsavat» partiyası leqal şəkildə xalqı öz tərəfinə çəkmək istiqamətində geniş siyasi və təşkilati fəaliyyətə başladı.
«Müsavat» partiyası federativ demokratik Rusiya tərkibində Azərbaycana milli-ərazi muxtariyyəti və 20 yaşına çatmış azərbaycanlı vətəndaşlara seçki hüququ verilməsi ideyasını irəli sürürdü.
Qurultayın gündəliyinə fəhlə və torpaq haqqında məsələlər də daxil edilmişdi. Lakin qurultay bu məsələlərə aid qətnamə qəbul etmədi və onların həllini Müəssislər Məclisi çağırılana qədər təxirə saldı.
«Müsavat» partiyasının 1917-ci il oktyabrın 25-də 31-dək davam etmiş I qurultayı Azərbaycanın ictimai həyatında və partiyanın özünün siysi tarixində əhəmiyyətli hadisə idi. Partiya proqramının müzakirəsi və qəbul edilməsi qurultayın ən başlıca məsələsi oldu.
“Müsavat” partiyasının proqramı dövlət quruluşu, fəhlə məsələsi, milli və dini məsələlər, vətəndaş hüquqları, aqrar məsələ və s. sahələri əhatə edən 9 bölmə və 76 maddədən ibarət idi. “Müsavat”ın I qurultayı partiyanın sonrakı siyasi mübarizəsinin və Azərbaycana milli ərazi muxtariyyəti verilməsinin taktika və strategiyasını müəyyən etdi. “Müsavat” partiyasının I qurultayı partiyanın idealoji və təşkilati cəhətdən tam formalaşdırmaqla yanaşı, onun ümummilli siyasi qüvvəyə çevrilməsi istiqamətində mühüm hadisə oldu. Qurultayda partiyanın rəhbər orqanları, eyni zamanda M.Ə.Rəsulzadə onun Mərkəzi Komitəsinin sədri seçildi.
Milli azadlıq hərəkatında və milli Azərbaycan dövlətinin yaradılmasında “Müsavat”ın rolu böyük idi. Partiyanın liderləri real vəziyyətdən çıxış edərək ölkədəki bütün demokratik qüvvələri milli Azərbaycan dövləti yaratmaq uğrunda mübarizəyə çağırırdılar. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin siyasi üsyanı nəticəsində Müvəqqəti hökumət devrildi. Bolşeviklərin Petroqradda hakimiyyəti ələ keçirməsi xəbəri alındıqdan sonra – 1917-ci il oktyabrın 27-də Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin fövqəladə yığıncağı keçirildi. İclasın gündəliyində duran əsas məsələ hakimiyyət məsələsi idi. Bolşeviklərin kəskin etirazına baxmayaraq, menşevik-eser-daşnak bloku 168 səsə qarşı 246 səslə Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin (İTK) yaradılması haqqında qərarın qəbul olunmasına müvəffəq oldu.
Rusiyada baş vermiş oktyabr çevrilişinə loyal münasibət nümayiş etdirən
“Müsavat” partiyası bundan sonra xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçiriləcəyinə ümid edirdi.
Beləliklə, 1917-ci ilin sonu- 1918-ci ilin əvvəlində Zaqafqaziyada baş verən hadisələr bütün diyardakı həm mövcüd siyasi şəraitə, həm də siyasi partiyaların fəaliyyətinə ciddi təsir göstərirdi. Bu dövrdə diyar şərti olaraq iki hissəyə parçalanmışdı: birinci, Rusiya bolşevizminin dayağına çevrilməkdə olan Bakı şəhəri; ikincisi, Zaqafqaziyanın qalan ərazisi. Hakimiyyəti ələ keçirmiş bolşeviklər Azərbaycana muxtariyyət vermək istiqamətində heç bir addım atmır, əksinə inqilabi- demokratik qüvvələri Leninin başçılıq etdiyi Xalq Komissarları Soveti ətrafında daha sıx birləşməyə çağırırdılar.
1917-ci il dekabrın 18-də Lenin S.Şaumyanı Zaqafqaziya işləri üzrə xüsusi komissar təyin etdi, Bakı Sovetinin sədri vəzifəsini isə ondan sonra P.Çaparidze tutdu. Bu dövrdə müsavatçılar, xüsusilə Gəncə müsavatçıları Bakıdakı öz fəaliyyət məkanını Rusiyadan getdikcə uzaqlaşan bütün Cənubi Qafqaz regionuna keçirməyə başladılar. RSFSR XKS-nə tabe olmaq istəməyən və diyarı anarxiyadan qorumağa çalışan Gürcüstən Sosial Demokrat partiyası (menşeviklər), “Müsavat”, “Daşnaksütun” və sağ eserlərin nümayəndələri noyabrın 11-də Tiflisdə keçirdikləri müşavirədə Rusiya bolşevik hökumətinin hakimiyyətini tanımaqdan imtina etdiklərini bildirib, “Müstəqil Zaqafqaziya hökuməti” yaratmaq haqqında qərar çıxartdılar. Noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı. Onun tərkibinə Gürcüstəndan Y.Gegeçkori (sədr) və A.Çxengeli, Azərbaycandan F.X.Xoyski,
M.Y.Cəfərov, X.Məlik-Aslanov, ermənilərdən T.Ter-Qazaryan, X.Karçikyan,
A.Aqacanyan, sağ eserlərdən D.Donskoy daxil oldular.
Milli Şuralar vətənpərvər qüvvələri öz ətrafında birləşdirir və yerlərdə hakimiyyəti ələ alırdılar. Bu cəhətdən Bakı Müsəlman Şurasının vəziyyəti çətin idi, çünki onun qarşısını bolşeviklərin başçılıq etdiyi Bakı Soveti kimi güclü bir rəqib kəsmişdi.
Milli hərbi hissələrin yaradılması yerli milli şuraların əsas fəaliyyət istiqamətlərindən biri idi. İlk milli dəstələrdən biri əvvəllər çar ordusu birləşmələrindən olan “Qafqaz yerli süvari diviziyasına” daxil olan, Azərbaycan türklərindən ibarət süvari alayın “Tatar süvari alayı” idi. Çar ordusu dağıldıqdan sonra bu alay Azərbaycana qayıtdı və yaradılan milli silahlı qüvvələrin tərkibinə daxil oldu.
Yeni silahlı dəstələr yaradılması üçün silah çatmırdı. Bunu nəzərə alan Gəncə Müsəlman Şurası şəhərdə olan keçmiş çar ordusunun 219-cü alayının, həmçinin Qafqaz cəbhəsində Rusiyaya qayıdan bir neçə hərbi eşelonu tərksilah etməyə razı oldu. Bu tədbirin həyata keçirilməsi nəticəsində 15 min tüfəng, 70-ə yaxın pulemyot və 20 top əldə edildi. Bu əməliyyat zamanı Gəncə Milli Şurasına Zaqafqaziya Komissarlığının göndərdiyi zirehli qatar kömək etdi.
Dövrün ən kəskin sosial-iqtisadi məsələlərindən biri olan aqrar məsələsinin həlli üçün Zaqafqaziya Komissarlığı bir sıra addımlar atdı. Məsələn, 1917-ci il dekabrın 16-da “Dövlət keçmiş xanədan, kilsə, monastr, hüquqi şəxslər və sahibkar torpaqlarının torpaq komitələrinə verilməsi haqqında” qanun qəbul etdi. Bu qanuna görə, kəndlilərin alacağı torpaqlar torpaq komitələrinin sərəncamına verilməli, kəndlilər isə torpağı həmin komitələrdən icarəyə götürmədli idilər.
Zaqafqaziya Komissarlığının fəaliyyəti Antanta və ABŞ tərəfindən Sovet Rusiyasına qarşı hərbi müdaxilənin başladığı vaxta düşdü. İngiltərə, Fransa və ABŞ hökumətləri Cənubi Qafqazda antibolşevik qüvvələrə kömək etməyə xüsusi diqqət yetirirdilər. Onların nümayəndələri (ABŞ konsulu və b.) 1917-ci il noyabrın 11-i və 15-də Zaqafqaziya Komissarlığının yaradılması ilə bağlı keçirilən iclaslarda olmuşdular. ABŞ konsulu Smit Vaşinqtona göndərdiyi məktubunda Zaqafqaziya Komissarlığını de-fakto tanımaq və antibolşevik qüvvələrə maliyyə yardımı göstərmək üçün Tiflisə 10 milyon dollar göndərməyi təklif edirdi.
Xarici siyasət sahəsində Zaqafqaziya Komissarlığının fəaliyyəti əslində diyarı bolşevik Rusiyasından ayırmaq məqsədi daşıyırdı.
1917-ci il dekabrın 5-də Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışıq sazişi bağlandı. 1918-ci il yanvarın 14-də isə Türkiyə komandanlığı Zaqafqaziya Komissarlığına tərəflər arasında sülh müqaviləsi bağlamaq haqqında danışıqlara başlamaq təklifi ilə müraciət etdi.
1917-ci ilin sonlarında Azərbaycanın və ümumiyyətlə Zaqafqaziyanın siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirilməsi oldu. Ona hazırlıq işlərinə hələ Oktyabr çevrilişindən əvvəl başlanmış, Xüsusi Zaqafqaziya Komitəsi nəzdində Müəssislər Məclisinə seçkilər üzrə Mərkəzi Zaqafqaziya Komissiyası yaradılmışdı. Azərbaycanda Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya F.X.Xoyski rəhbərlik edirdi. Seçkilərə hazırlıq və onların keçirilməsi işində həm siyasi (seçkiqabağı kompaniyanın gedişində siyasi partiyalar arasında aşkara çıxan ixtilaflar), həm də sırf texniki xarakterli çoxlu çətinliklər var idi. Siyahıyaalınma prosesi yerli əhali arasında savadsızlığın yüksək səviyyədə olmasını aşkar etdi (Müəssislər Məclisinə seçkilərdə iştirak etmək hüququna malik seçicilərin 50 faizindən çoxu savadsız idi, bu, seçkilərin mütəşəkkil keçirilməsini çətinləşdirən amillərdən idi).
Sentyabrın sonlarında seçkilərə hazırlıq işləri qəzalarda qaydaya düşsə də, Bakı şəhəri və mədən-zavod rayonlarında vəziyyət mürəkkəb olaraq qalırdı. Bolşeviklər əhalinin tərkibində fəhlələrin çoxluğuna nail olmaq niyyətilə mədən-zavod rayonlarının şəhərə birləşdirilməsi üçün geniş təbliğat aparırdılar. Bu tədbirin həyata keçirilməsi həmin rayonların ərazilərindəki əhaliyə seçkilərdə iştirak etmək hüququ verməliydi. Müsavatçılar bu tədbirin fəal tərəfdarları kimi çıxış edirdilər. Bütün bu səylər nəticəsində OZAKOM-un xüsusi göstərişi ilə mədən-zavod rayonları ərazisi şəhər idarəsi tərkibinə qatıldı.
“Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə” öz dövrünün burjua dövlət hüququ standartları baxımından demokratik sənəd idi. Qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. buna dəlalət edirdi. Bu fakt da maraqlıdır ki, Müəssislər Məclisinə seçkilər üzrə komissiya müsəlman qadınların seçki kampaniyasında iştirakını təmin etməyə çalışmış, onların səs verməsi üçün 9 seçki dairəsində xüsusi binalar ayrılmasına icazə vermişdi.
Zaqafqaziyada, o cümlədən Azərbaycanda Müəssislər Məclisinə seçkilər 1917-ci il noyabrın 26-da keçirildi. Zaqafqaziya dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar ümumilikdə səslərin 73 faizini qazandılar. Seçkilərin Nəticələri göstərdi ki, Zaqafqaziyada bolşeviklərin hakimiyyətə gələ bildikləri Bakı şəhəri istisna olmaqla, “Müsavat və “Daşnaksütun” partiyaları daha güclü nüfuza malikdir.
1918-ci il fevralın 23-də 3 əsas partiya fraksiyalarının nümayəndələrindən ibarət olan Zaqafqaziya Seymi öz işinə başladı. Seymdə Gürcüstəndan sosial-demokratlar (menşeviklər)- 32 nəfər, Azərbaycandan müsavatçılar, onlara qoşulmuş bitərəf demokratlar- 30 nəfər, ermənilərdən “Daşnaksütun” partiyasından olanlar-
27 nəfər deputat iştirak edirdi. Bundan əlavə, sosial-inqilabçılar (eserlər), milli demokratlar, Erməni Xalq Azadlıq Partiyası, Müsəlman Sosialist Bloku-7 nəfər, Rusiyada müsəlmanlar fraksiyası (“İttihad”)-3 nəfər və menşevik-hümmətçilər partiyası –4 nəfər deputatla Seymdə təmsil olunmuşdular.
Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi.
Zaqafqaziya Seymi Y.Gegeçkori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Zaqafqaziya Seymindən müsəlman fraksiyasının lideri M.Ə.Rəsulzadə bu barədə yazırdı: «Seymdə müsəlmanların bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdir».
Seymin qarşısında duran əsas məsələlərdən biri yaxınlaşan sülh danışıqları
üçün hüquqi baza yaratmaq idi.
Zaqafqaziya Seymi hələ Türkiyə ilə sülh danışıqlarına hazırlaşdığı vaxt Brestdə Rusiya ilə Almaniya arasında separat müqavilə imzalanmışdı və onun bir şərtinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilməli idi. Belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıldı. Konfransda Türkiyə nümayəndəliyi mövqeyini açıqlayaraq bildirdi ki, əgər Zaqafqaziya beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir.
Seymdə mübahisələr getdiyi bir vaxtda Türkiyə tərəfi qətiyyətlə bəyan etdi ki, Zaqafqaziya Seymi ilə sülh Brest-Litovsk müqaviləsinin məlum şərti əsasında bağlanacaq.
Trabzon danışıqlarında iştirak edən Zaqafqaziya nümayəndəliyinin daxilində Türkiyəyə güzəşt məsələsində yekdillik yox idi. Çünki ermənilər Qars vilayətinin böyük bir hissəsini, gürcü nümayəndələri Ərdəhanın və Batumun Zaqafqaziya dövlətinin tərkibində qalmasını istəyirdilər. Azərbaycan daha 2 mühüm səbəbdən gürcüləri müdafiə edirdi: birincisi, bütün Zaqafqaziya, o cümlədən Azərbaycan üçün Qars və Ərdəhan dünya okeanına yeganə çıxış qapısı olan Batum qədər çox böyük əhəmiyyət daşımırdı; ikincisi, yerli əhalinin əksəriyyəti türklər olan bu 2 vilayət milli, coğrafi, tarixi amillərlə Türkiyəyə bağlı idi.
Aprel ayının 6-da Türkiyə tərəfi Zəqafqaziya nümayəndələrinə Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul edib-etməmək barəsində 48 saat ərzində cavab verilməsini tələb edən ultimatum təqdim etdi.
Nümayəndə heyətinin başçısı A.Çxengeli Türkiyə tərəfinin ultimatumunu qəbul etmək qərarına gəldi. Lakin gec idi, artıq Türkiyə qoşunları Batumdan başqa həmin ərazilərin hamısını tutmuşdu.
Aprelin 13-də Seymin, hökumətin və fraksiya nümayəndələrinin birgə iclasında danışıqların gedişi müzakirə olundu. Türkiyə ilə müharibə məsələsində hətta Azərbaycan fraksiyası daxilində də yekdillik yox idi.
“Müsavat”, bitərəflər qrupu və “İttihad” məsələyə münasibətdə eyni mövqedən çıxış edərək müharibə əleyhinə birgə qətnamə qəbul etdilər. Lakin Seym həmin iclasda Trabzon danışıqlarını dayandırmaq və Türkiyə ilə müharibəyə hazırlaşmaq haqqında qərar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan edildi. Lakin bu tədbirlər də Türkiyə qoşunlarının irəliləməsini dayandıra bilmədi və onlar 1918-ci il aprelin 14-də Batumu tutdular.
Azərbaycanda milli hərəkatın genişlənməsi, milli azadlıq carçısı olan “Müsavat”ın nüfuzunun artması “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakları ciddi narahat edirdi. Daşnaklar mart qırğınını törətməklə “Müsavat”ın sosial bazasını, şəhərin müsəlman əhalisini məhv etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 5 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Beləliklə, “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi erməni idi. Əsasən ruslardan ibarət olan Xəzər donanması içərisində xüsusi təbliğat işi aparılmışdı, həmçinin Şamaxı və Muğanda ehtiyat rus-molokan silahlı dəstələri də yaradılmışdı.
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəşlər açıldı. Aldatma siyasəti yeridib özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütun” və Erməni Milli Şurası bu ilk atəşlərdən sonra Bakı Sovetini müdafiə etdilər. Tarixə qanlı faciə kimi daxil olan mart qətilləri 3 gün davam etdi. İlk atəşlərdən sonra həmin gün şəhər silahlı dəstələrlə doldurulmuşdu. Uzun müddət menşeviklərə qarşı mübarizə aparan bolşeviklərin menşevik və eserlərlə, hətta kadet və daşnaklarla mart günlərində birləşməsi dini və milli zəmində baş verdi. Martın 30-da axşam Bakı Soveti hərbi dəstələri başçılarının təcili iclası keçirilirdi. Döyüşə başlamaq haqqında qərar çıxarıldı və Erməni Milli Şurasına, daşnak liderlərinə müraciət edildi ki, öz hərbi dəstələrini hərəkətə gətirsinlər. Onların fəaliyyətinə “Kazino” mehmanxanasında yerləşmiş təcili açılmış təlim qərargahından rəhbərlik etmək A.Mikoyan və N.Anançenkoya tapşırılmışdı. Onların müsəlman silahlı dəstələrinin toplandığı yerə qəfil hücümu qələbə ilə başa çatdı. Xəzər donanması gəmilərindən müsəlman məhəllələrinin atəşə tutulması şəhərdə vahiməli vəziyyət yaratdı. Bir neçə saatlıq bombardmandan sonra rus matrosları bunun təxribat olduğunu, “Müsavat”a qarşı mübarizə bəhanəsi ilə müsəlman əhalisinin qırğına verildiyini bildikdə atəşi dayandırdlar. Xeyli molokan-rus hərbi dəstələri də eyni qaydada aldadılaraq Muğandan Bakıya gətirilmişdi. Lakin onlar şəhərdə ayrı vəziyyət olduğunu görüb döyüşdən imtina etdilər və buna görə Bakı Soveti və erməni qoşunları tərəfindən tərksilah olundular. Martın 31-də danışıqlar aparmaq üçün müsəlman nümayəndələri Sovetin İcraiyyə Komitəsinə gəldilər. İnqilabi Müdafiə Komitəsinin ultimatumunun qəbul edilməsinə baxmayaraq, orada P.Caparidze ilə aparılan danışıqlar nəinki heç bir müsbət nəticə vermədi, hətta müsəlman heyətindən 3 nəfər geri qayıdarkən yolda güllələndi.
Beləliklə, 3 günün- 18-21 mart (30 mart-1 aprel) – qətil və qarətlərindən sonra Fövqəladə İstintaq Komissiyasının ümumiləşdirdiyi hesabatına görə Bakıda “əksinqilabçı” adı ilə 12 min nəfər azərbaycanlı qətilə yetirilmişdi. Bu faciəli hadisələrə inqilabi don geyindirmək üçün M.Əzizbəyov şəhərin onsuz da boş qalmış hissəsinə komissar təyin edildi. O, müsəlman əhalisinin şəhərdən çıxmasını və yerdəyişməsini qadağan etsə də, bunun elə bir əhəmiyyəti olmadı.
Danılmaz tarixi fakt kimi məlumdur ki, Azərbaycan müsəlman soyqırımı təkcə Bakı ilə məhdudlaşmadı. Bakıda törədilmiş cinayətlər aprel ayının ilk günlərindən etibarən eynilə Şamaxı, Quba, Xaçmazda törədildi. Azərbaycanın qəzalarına “sovet qoşunları” adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni “hərbiçiləri” T.Əmiryan, H.Amazasp rəhbərlik edirdilər. Daşnak cəlladlardan ən ağır ziyan çəkən Şamaxı qəzası oldu. Nəticədə Şamaxı şəhəri və qəzasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnak qoşunları tərəfindən dağıdıldı. Şamaxı qırğınlarında 8 min nəfərə qədər azərbaycanlı öldürüldü.
Quba qəzasında qırğın törədən quldur dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi H.Amazasp rəhbərlik edirdi. Aprel ayından qəzanın 122 müsəlman kəndi dağıdılmış, yüzlərlə azərbaycanlı və dağlı, o cümlədən ləzgi məhv edilmişdi. Quba qəzasında 16 min insan qətlə yetirilmişdi.
Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni Cəza dəstələrindən ciddi ziyan çəkmişdi. 1918-ci il mart soyqırımı nəticəsində 50 min azərbaycanlı məhv edilmişdi.
1918-ci il aprelin 22-də müsəlman fraksiyasının təzyiqi altında Zaqafqaziya Seyminin geniş iclası keçirildi və müstəqil demokratik federativ Zaqafqaziya Respublikasının elan olunması haqqında qətnamə qəbul edildi. Aprelin 20-də Bakı hadisələri ilə bağlı məsələnin müzakirəsi zamanı yaranmış hökumət böhranının bir nəticəsi də bu oldu ki, Y.Gegeçkorinin başçılıq etdiyi Zaqafqaziya hökuməti istefa verdi.
Zaqafqaziyada vəziyyət getdikcə pisləşirdi. Çünki müstəqilliyini elan etməsindən sonra Zaqafqaziya Federativ Respublikasının nə daxili, nə də xarici siyasətində ciddi bir dəyişiklik baş verməmişdi. Siyasi partiyaların nümayəndələri Zaqafqaziya Seymində ümumi dil tapa bilmirdilər, onların ümumi fəaliyyət proqramı yox idi və fraksiyaların hər biri isə öz siyasi xəttini həyata keçirməyə çalışırdı.
1918-ci il mayın 11-də Batumda Zaqafqaziya və Türkiyə arasında nümayəndə heyətləri səviyyəsində danışıqlar davam etdirildi. Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri A.Çxengelinin başçılıq etdiyi heyətin danışıqlarında Azərbaycanı M.Ə.Rəsulzadə və M.H.Hacınski təmsil edirdilər. Türkiyə tərəfinin təmsilçilərinə xarici işlər naziri Xəlil paşa, Qafqaz cəbhəsi komandanı Vahid paşa və hərbi nazir Ənvər paşa başçılıq edirdilər.
Batum konfransında müşahidəçi sifətində general Ottofon Lossovun başçılığı ilə Almaniya nümayəndəliyi də iştirak edirdi. Batum konfransında Zaqafqaziya Seyminin nümayəndə heyəti Türkiyənin Qars, Ərdəhan və Batum əyalətləri haqqında tələblərini tamamilə tanıdı və bununla da Brest-Litovsk müqaviləsinin müddəasını təsdiq etdi. Bundan əlavə, Türkiyə Axalsıx, Axalkələk, Aleksandropol
(Gümrü), Sürməli və Naxçıvan qəzalarının daxil olduğu ərazini də tələb edirdi.
Türkiyə qoşunları 1918-ci mayın 17-də Gümrünü (Aleksanropolu) ələ keçirdilər və Cülfa istiqamətinə çıxdılar. Almaniya və Türkiyə tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində Batum konfransında gürcülər, azərbaycanlılar və ermənilər Türkiyə ilə ayrı-ayrılıqda danışıqlar aparmağa başladılar.
Digər tərəfdən Batum konfransında Almaniya nümayəndələri ilə separat danışıqların gedişində general Fon Kressin təzyiqi nəticəsində Seymin gürcü fraksiyası Gürcüstənın Federativ Zaqafqaziya Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini elan etməsini qərara aldı.
Zaqafqaziya Seyminin sədri və üzvləri – K.Çxeidze, A.Sereteli və Y.Gegeçkori gözlənilmədən 1918-ci il mayın 25-də F.X.Xoyskinin sədrliyi ilə keçirilən axşam iclasına gəldilər. A.Sereteli gürcü fraksiyası adından bəyanat verərək xüsusi qeyd etdi ki, “Seymin sabahkı iclasında biz Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq edəcəyik”.
Cavab nitqində F.X.Xoyski bildirdi ki, “Əgər gürcü xalqının iradəsi belədirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır”.
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası oldu. Gürcü fraksiyası Zaqafqaziya Seyminin dağılmasının bütün günahını müsəlman fraksiyasının üstünə yıxdı. Buna görə də müsəlman fraksiyası belə vəziyyətdə Seymin özünü buraxmasına etiraz etmədi.
Beləliklə, həmin qüvvələrin təzyiqi altında yaradılmış Zaqafqaziya Respublikası daxili ziddiyyətlərin kəskinləşməsi nəticəsində dağıldı.
Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft mədən rayonunda Bakı Sovetinin hakimiyyəti gücləndi.
1918-ci il mayın 1-də Bakı XKS gələcək funksiyaları və fəaliyyət proqramını müəyyən edən deklarasiyasını dərc etdi. Deklarasiyada qeyd edilirdi ki, Bakı XKS RSFSR XKS-nın bütün dekret və sərəncamlarını həyata keçirməyə başlamış ümumrusiya mərkəzi hökuməti ilə sıx əlaqədə fəaliyyət göstərəcək.
“Bankların mililəşdirilməsi haqqında” dekret Bakıda komissarların həyata
keçirdiyi ilk dekretlərdən biri sayılsa da əslində heç bir milliləşdirmə həyata keçirilməmişdi.
“Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında” 1918-ci il 2 aprel tarixli dekretin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı xüsusi qeyd etmək lazımdır. RSFSR hökuməti, şəxsən Lenin Bakı XKS-dən neft təchizatını təmin etməyi tələb edirdi. V.I.Lenin iyunun 5-dən S.Şaumyana “nefti ilk sıraya qoymaq” tapşırığını, 2 gün sonra göndərdiyi teleqramda isə yenə “tezliklə Bakıdan neft göndərilməsi üçün tədbirlər görün” göstərişini vermişdi.
Bütövlükdə 1918-ci ilin aprel-iyul ayları ərzində Bakı XKS-nın zorakı tədbirləri nəticəsində Bakıdan Sovet Rusiyasına 1,3 milyon tona yaxın neft və neft məhsulları daşındı.
Fəhlələrin vəziyyəti də Kommunanın xeyrinə deyildi. Fəhlələrin irəli sürdükləri tələblər kifayət qədər sərt idi: sovetin yenidən seçilməsi, koalision hökumətin yaradılması, ərzaq məsələsinin tezliklə həll edilməsi, dərin böhranın aradan qaldırılması.
Beləliklə, yeni hökumətin siyasəti təkcə liberal ünsürləri və orta təbəqəni deyil, həmçinin digər sosialist partiyalarını və onların arxasınca gedən fəhlələri ondan uzaqlaşdırdı. Şəhərin müsəlman əhalisi isə yeni hakimiyyətdən üz döndərdi, Bakıda, Azərbaycanda vəziyyət bolşeviklərin xeyrinə olmayan istiqamətdə dəyişdi və “Bakı Kommunası”nın süqutu ilə nəticələndi.

§ 2.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması. Milli hökümətin daxili siyasəti


1918-ci il mayın 26-da Gürcüstənın Zaqafqaziya Federasiyasından çıxıb özünün istiqlaliyyətini elan etməsindən sonra, ertəsi gün Tiflisdə Zaqafqaziya Seyminin müsəlman fraksiyası özünü Azərbaycanın Müvəqqəti Millli Şurası elan etdi. M.Ə.Rəsulzadənin sədr seçildiyi bu Şura 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi. Müvəqqəti Milli Şuranın həmin iclasında qəbul olunmuş tarixi sənəddə- Istiqlaliyyət Bəyannaməsində bildirilirdi ki:

  1. Bu gündən etibarən Azərbaycanın xalqları suveren hüquqların daşıyıcılarıdır və Zaqafqaziyanın şərqi və Sənubunu əhatə edən Azərbaycan tam hüquqlu müstəqil dövlətdir;

  2. Müstəqil Azərbaycanın siyasi quruluşunun forması kimi demokratik res-

publika müəyyənləşdirilir;

  1. Azərbaycan Demokratik Respublikası bütün dünya dövlətləri ilə, xüsusən də qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa can atır;

  2. Azərbaycan Demokratik Respublikası hüdudları daxilində milliyyətindən, dini mənsubiyyətindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq özünün bütün vətəndaşlarının siyasi və vətəndaş hüquqlarına təminat verir;

  3. Azərbaycan Demokratik Respublikası öz ərazisində məskunlaşmış bütün xalqların azad inkişafı üçün imkanlar yaradacaqdır;

  4. Müəssislər Məclisinin çağırılmasınadək bütün Azərbaycana səsvermə yolu ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsul olan Müvəqqəti Hökumət başçılıq edir.

“İstiqlaliyyət Bəyannaməsi”nin qəbul edilməsindən sonra Müvəqqəti Milli Şura hökumətin- Nazirlər Kabinetinin təşkil olunmasını Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinetinin aşağıdakı tərkibini təsdiq etdi:

  • Baş nazir və daxili işlər naziri – Fətəli xan Xoyski (bitərəf);

  • Maliyyə naziri və xalq maarifi naziri – Nəsib bəy Usubbəyov (“Müsavat”);

  • Xarici işlər naziri – Məhəmmədhəsən Hacınski (“Müsavat”);

  • Yollar naziri və poçt-teleqraf naziri – Xudadat bəy Məlikaslanov (“Müsavat”);

  • Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (“Müsavat”); - Əkinçilik və əmlak naziri - Şeyxülislamov (“Hümmət”);

  • Hərbi nazir – Xosrovpaşa bəy Sultanov (“Ittihad”);

  • Ticarət və sənaye naziri – Məmmədyusif Cəfərov (bitərəf);

  • Dövlət nəzarət naziri – Şamo bəy Hacınski (sosialist)

Azərbaycan milli-demokratik qüvvələrinin görkəmli nümayəndələrinin siyasi zəkası xalqın bütün arzu və istəklərini nəzərə alaraq, Qafqazın şərqi və Sənubunda dünyəvi və dnmokratik Azərbaycan dövlətinin yaradıldığını bütün dünyaya bəyan etdi.
1918-ci il iyunun 16-da Müvəqqəti Milli Şuranın üzvləri və AXC-nin ilk hökuməti Tiflisdən Gəncəyə gəldi və dərhal da çox çətin problemlərlə toqquşdu. Bu zaman Gəncədə siyasi vəziyyət son dərəcə mürəkkəb idi. Gəncədəki siyasi qüvvələrin bir qrupu Nuru paşanı inandıra bilmişdi. Tiflisdən gələnlər heç də Azərbaycan xalqının ən ümdə arzu və istəklərinin günun təminçiləri yox, bir qrup siyasətbazlardır.
Milli Şura Gəncəyə gələn kimi Nuru paşa tərəfindən son dərəcə soyuq münasibətlə qarşılandı. Nuru paşanın müşaviri Əhməd bəy Ağayev Fətəli xan Xoyski ilə söhbətində Müvəqqəti Milli Şuranın buraxılması və yeni hökumət kabinetinin təşkil olunmasını təkid etdi. Digər tərəfdən “Müsavat” partiyasında təfriqə başlandı. N.Yusifbəyov, M.Cəfərov və R.Vəkilovun simasında bu partiyanın radikal qrupu Osmanlı hərbi komandanlığı tərəfindən siyasi təzyiqlərə etiraz edir, Müvəqqəti Milli Şuranın buraxılması ilə razılaşsa da yeni hökumət kabinetinin təşkilinə qarşı çıxırdı.
Müvəqqəti Milli Şuranın öz fəaliyyətini dayandırması ərəfəsində “Hümmət” fraksiyası onun tərkibini tərk etdi.
Fətəli xan Xoyski tərəfindən yeni hökumət kabinetinin tərkibi elan olunduqdan sonra sosialistlər də Milli Şuradan çıxırlar. Lakin, eyni zamanda bildirirlər ki, ola bilsin yeni hökuməti dəstəkləyəcəklər. Beləliklə, 1918-ci il iyunun 18-də Müvəqqəti Milli Şuranın “Müsavat”, bitərəf və ittihadçılar fraksiyalarından ibarət qalan hissəsi cəmisi bir nəfərin (Milli Şuranın sədri Seyidovun) bitərəf qalması ilə yeni hökumət kabinetinin tərkibini təsdiq etdi və Azərbaycanda bütün hakimiyyət səlahiyyətlərini yenə də F.X.Xoyskinin sədrliyi ilə təşkil olunmuş ikinci hökumət kabinetinə verdi. Lakin Milli Şuranın öz fəaliyyətini dayandırması barəsində qərarında xüsusi olaraq qeyd olunurdu ki, Nazirlər Şurası Azərbaycanın suverenliyi məsələsində heç bir siyasi qüvvəyə güzəştə gedə bilməz və bütün hakimiyyət səlahiyyətlərinin ancaq və ancaq tezliklə çağırılmalı olan ÜmumAzərbaycan Müəssislər Məclisinə verə bilər.
Sonralar M.Ə.Rəsulzadə öz xatirələrində bu hadisələr barəsində yazırdı ki, Milli Şuranın bu şəkildə buraxılması həmin dövrdə Gəncədə gedən müəyyən siyasi mübarizənin nəticəsi idi. Bu mübarizə dövlət idarəçilik formaları ətrafında, demokratik cərəyanlar və demokratik anlayışlar arasında gedirdi.
Beləliklə, Azərbaycanda yenidən özünəməxsus ikihakimiyyətlilik bərqərar oldu. Bir tərəfdən daşnak yaraqlılarının süngülərinə söykənən, 1918-ci ilin martaprel aylarında Azərbaycanı qana boyamış Bakı Kommunası və daha sonra eyni dərəcədə xalqa yad olan Sentrokaspi diktaturası, digər tərəfdən isə Gəncədə qərar tutmuş Azərbaycan millli hökuməti, istər Şaumyan erməni - bolşevik güruhu, istərsə də Sentrokaspi diktaturasının eser – menşevik - daşnak rejimi tamamilə məlum səbəblərə görə xalqın arzu və istəklərinə cavab vermirdilər. Digər tərəfdən isə Azərbaycan hökuməti Osmanlı ordu hissələrinin köməyi ilə ölkəni yad ünsürlərdən tamamilə azad etmək üçün gərgin iş aparırdı. Azərbaycan hökuməti Milli Şuranın qanunvericilik səlahiyyətlərini öz üzərinə götürdükdən sonra, qısa müddət ərzində dövlət qurucüluğu sahəsində geniş və sistemli tədbirlər həyata keçirdi.
Artıq iyunun 24-də hökumətin qərarı ilə AXC-nin üzərində aypara və səkkizguşəli ulduz olan al qırmızı Dövlət Bayrağı təsdiq olundu (sonralar noyabrın 9da bu bayraq Azərbaycan Respublikasının indi qüvvədə olan bayrağı ilə əvəz olundu), iyunun 27-də Azərbaycan türkcəsi respublikamızın dövlət dili elan edildi, iyulun 7-də milli komitələrin ləğvi və onların əmlakının müsadirəsi, avqustun 11-də isə Azərbaycan Ordusuna səfərbərlik haqqında fərmanlar verildi.
İngilislərin köməyə çağırılmasına baxmayaraq, Sentrokaspi Bakını əldə saxlaya bilmədi və 1918-ci il sentyabr ayının 15-də yeni yaradılan Milli Ordunun hissələri Bakıya daxil oldular. Sentyabrın 17-də F.X.Xoyskinin başçılıq etdiyi hökumət də Gəncədən Bakıya gəldi. Beləliklə, Şimali Azərbaycanda təxminən 4 ay davam edən ikihakimiyyətlilik başa çatdı və bütün ölkədə qanuni Azərbaycan hökumətinin hakimiyyəti bərqərar oldu. Rus müstəmləkəçilərinin əli ilə məhv olunmuş Azərbaycan milli dövlətçiliyi 90 illik fasilədən sonra xalqın və milli öndərlərimizin sayəsində yenidən dirçəldi və Quzey Azərbaycanını əhatə edən AXC dünya dövlətləri sırasında layiqli yer tutmaq üçün gərgin mübarizəyə başladı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin