Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 5 Moğolların idarəçilik sistemi



Yüklə 3,15 Mb.
səhifə42/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   173
Ar2019-47-1

§ 5 Moğolların idarəçilik sistemi


Hülakülər dövləti Yaxın və Orta Şərqdə geniş ərazini əhatə edirdi. Bu dövlətin sərhədləri Misirdən Amu-Dərya çayına, Hörmüz körfəzindən Dərbəndə (Bab əl-Əbvaba) qədər uzanırdı. Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraq-i ərəb, İraq-i əcəm, Kirman, Gürcüstan, Kiçik Asiya (Rum), Erməniyə, Kürdüstan, Fars, Xuzistan, Xorasan və s. vilayətlər daxil idi.
XIII əsrin ortalarında Hülakülər dövlətinin təsisi Ön Qafqazda vilayətlər arası sərhədlərin sabitləşməsinə, nisbətən dəqiq sərhəd zonalarının müəyyənləşməsinə səbəb olur və kiçik təbəddülata baxmayaraq, bu vəziyyət Qaraqoyunlular dövlətinin təsisinə kimi davam edir. Azərbaycan Hülakülər-Elxanilər dövlətinin mərkəzi vilayəti, Marağa və Təbriz isə həmin dövlətin müxtəlif dövrlərdə paytaxtı olmuşdu.
Moğol, türk tayfalarının Azərbaycanda məskunlaşması və Hülakülər dövlətinin təsisi ölkənin ictimai-iqtisadi və siyasi həyatı ilə yanaşı, onun idarə sisteminə və dövlət quruluşuna da təsir göstərmişdi. Azərbaycanda iki dövlət quruluşunun— yerlilərə və köçərilərə məxsus dövlət quruluşlarının çuğlaşması və qarşılıqlı təsiri nəticəsində yeni, nisbətən inkişaf etmiş, təkmilləşmiş dövlət quruluşu və idarə sistemi yaranır. Yeni sistem özündə hər iki dövlət quruluşunda olan ən yaxşı müsbət cəhətləri cəmləşdirirdi. Dövrün kamil idarə sistemlərindən sayılan həmin sistem ölkənin siyasi, ictimai, mənəvi həyatı və təsərrüfatının bütün sahələrinin idarəsini özündə birləşdirirdi.
Təsərrüfatın idarəsi «Divan sistemi» üzrə təşkil edilmişdi. Mərkəzi dövlət divanına vəzir və onun naibi başçılıq edirdi. Buraya iyirmidən artıq sahə üzrə divanlar tabe idi. Maliyyə sisteminə mustovfi baxırdı. Mühasibat işləri yeddi dəftər əsasında aparılırdı. Bu dəftərlərdə maliyyə sahəsində baş vermiş gündəlik hadisələr, təsərrüfatın müxtəlif sahələri üzrə hesabatlar, mərkəzi divana aid xərclər, vilayət və şəhərlər üzrə qeydlər, ölkənin qanun toplusu və s. cəmləşmişdi. Təbrizə aid dəftər başqa şəhərlər üçün ölçü, nümunə rolunu oynayırdı.
Hülakülər dövlətində hərbi idarə sisteminə, təsərrüfata nisbətən üstünlük verilirdi. Dövlətin hərbi qüvvələri baş əmirin ixtiyarında idi. Baş əmir dövlətin dörd yüksək rütbəli əmiri arasında seçilir və Elxan tərəfindən təsdiq edilirdi. Qalan 3 əmir «qol əmirləri» adlanırdı. Dövlət fərmanlarında hökmdardan sonra bu dörd əmirin adı, sonra isə vəzirin adı yazılırdı. Baş əmirlər Hülakülər dövlətinin idarəsində həlledici rol oynamış və bəzən də dövlətin faktiki hakimi kimi fəaliyyət göstərmişlər.
Hülakülərin ədliyyə sistemi iki böyük hissəyə ayrılırdı. Şahzadələrə, köçəri feodallara, hərbi hissələrə aid mübahisələr Çingiz xanın “Yasa”sına əsaslanan “yarğu” məhkəmələrində, yerli əhaliyə aid mübahisələr isə qəza məhkəmələrində, şəriət qanunları əsasında aparılırdı. Yarğunun şəriət məhkəmələrinin işinə müdaxilə etməsi qanunla qadağan edilirdi.
Hülakülər dövlətinin başında səlahiyyəti məhdudlaşdırılmayan hərbi feodal mütləqiyyəti üsul-idarəsindən ibarət «Elxan» və ya «Sultan» dururdu. Səltənətə Hülakü xanın nəslindən olan şahzadələr yiyələnə bilərdilər. İlk vaxtlarda şahzadələr Çingiz xanın “Yasa”sına əsasən qurultayda seçilir və Ali moğol xaqanlığı tərəfindən təsdiq olunurdular. Lakin bu proses XIII əsrin son rübündə formal xarakter alır və tədricən aradan çıxır. XIV əsrin ikinci rübündə Hülakülər səltənətinə feodal ara müharibələrində qələbə çalan feodalların irəli çəkdiyi şahzadələr sahib dururlar. Onlar tamamilə asılı vəziyyətdə olub, yalnız Azərbaycanda Hülakülər dövlətinin mövcud olduğunu nümayiş etdirirdilər.
Ölkənin baş qazısı dini işlərin idarəsinə cavabdeh idi. Onun sərəncamında «Qazılar dördlüyü», vilayət və şəhər qazıları işləyirdilər. Baş qazı şəriət qanunları əsasında mühakimələr aparır, dini baxışların genişlənməsi, gəlirlərin artırılması, xəzinənin və vəqf əmlakının mühafizəsi ilə məşğul olurdu. İctimai-iqtisadi və mədəni həyatın bir çox sahələri—zəkat və cizyə toplanması əhali arasında nizam intizamın qorunması, ticarətdə, pul dövriyyəsində əyintilərə yol verilməməsi, karvan yollarında əmin-amanlığın təmini, məscid, mədrəsə və tibb sahələrinin idarəsi dini idarələrin öhdəsinə düşürdü.
«Əmarət» (əmirlik) adlı təşkilatda dövlətin hərbi və inzibati idarələri cəmləşirdi. Qoşun tümənlərə (on minliklərə), minliklərə, yüzlüklərə və onluqlara bölünürdü. Və bunlar müvafiq əmirlər tərəfindən idarə olunurdu. Orduda inaq, bukaul, yasaul, yurdçu, bəlarğuçi, bəxşi və s. məmurların xidməti vəzifə səlahiyyətlərini yerinə yetirirdilər. Belə ki, inaqlar hərbi məsləhətçi idilər. Bukaullar divandan ayrılmış ixracatı və yürüşlərdən əldə olunan gəlirləri hərbi hissələr arasında bölməli, ordu hissələrinin təminatı ilə məşğul olmalı idilər. Yasaullar qoşun hissələrini döyüş meydanlarına aparıb onları döyüşə hazır vəziyyətdə saxlamalı idilər. Düşərgədə, yaylaq və qışlaqlarda padşahın və hərbi hissələrin yerləşdiyi məskənlər—yurdlar yurdçular tərəfindən salınırdı. Bəlarğüçi öz dəstəsi ilə qoşun hissələri çəkildikdən sonra döyüş meydanlarında, yurdlarda qalıb itkin düşmüş, azmış adamları, mal-qaranı və əşyaları toplayıb sahiblərinə çatdırmalı idi. Hərbi kargüzarlıq bəxşişlər tərəfindən aparılırdı.
İstifadəsiz torpaqların becərilməsi, tikintinin, ticarətin, sənətkarlığın, rabitənin və s. sahələrin idarəsi ilə məşğul olan xüsusi orqanlar—«Divan»lar Azərbaycanda fəaliyyət göstərirdi.
Hülakülər dövlətinin ərazisi vilayətlərə, onlar isə tümənlərə bölünmüşdü.
«Tümən» hərbi və inzibati bölgü baxımından eyni ərazini əhatə edirdi. Azərbaycan müstəqil vilayət kimi doqquz tümənə bölünmüşdü və onların hər biri Azərbaycanın iri şəhərlərindən birinin adı ilə (məsələn: Təbriz tüməni, Ərdəbil tüməni və s.) adlanırdı. Vilayətlər iki nəfər tərəfindən idarə olunurdu. Vilayət hakimlərinin vəzifəsi mərkəzi hökumətin mənafeyini müdafiə etmək və göstərişləri yerinə yetirmək, sərhədləri qorumaq, təsərrüfatı idarə etmək, xalq hərəkatını və sinfi mübarizəni boğmaq idi.
Moğol uluslarında iki siyasi axın bir-biri ilə qarşılaşırdı. Bu axınlar hərbçi moğol əyanlarının mənafeyi ilə bağlı idi və çöl örüş davranışını sürdürüb davam etdirmək məramında dayanırdı. Birinci siyasi axının tərəfdarları kəndlilərin, sənətkarların və başqa zəhmət adamlarının amansız istismarı ilə var-yoxdan çıxarılmasına, daimi təqib və terror altında saxlanılmasına çalışırdı. Bunlar oturaq təsərrüfata qayğı göstərmir, onun dirçəlməsini düşünmür, əksinə bir vaxt yüksək inkişaf yolu keçmiş əkinçilik yerlərini öz sürüləri üçün örüş və otlaqlara çevirməyə çalışırdı. Məhz bu qrupun inadlı tələbi ilə Çingiz xan köçəri moğolların oturaq həyata keçməsini ayrıca bir buyruqla qadağan etmişdi. Bu hərbçi mürtəce əyanlar əslində moğol dövlətinin də mənafeyinə düşmən idilər. Çünki dövlət şəhər və kənd əhalisinin əməyi ilə yaşayırdı. Bu axını təmsil edənlərin sırasında Çingiz xanın oğlu Cağatay, həmçinin, Cəbə, Subutay, Xubilay, Celme kimi sərkərdələr var idi.
İkinci axının mövqeyi üçün güclü mərkəzi idarəçiliyin, xan hakimiyyətinin yaranması, hərbi-köçəri əyanların mərkəzdən qaçma meylinin dəf edilib aradan götürülməsi başlıca yer tuturdu. Bu məqsədə nail olmaq üçün tabe edilmiş ölkələrin oturaq yerli əsilzadələri və şəhərlərin yüksək zümrə və təbəqələri ilə yaxınlaşmaq zəruri idi. Yalnız «örüş» siyasətini rədd etmək, şəhər və kənd təsərrüfatına münasibəti kökündən dəyişmək yolu ilə bu məqsədə yetişmək olardı. Çingiz xanın böyük oğlu Cuçi xan və o biri oğlu Ugedey öz atalarının qırğın siyasətini, tabe edilmiş ölkələrin tarmar və talan edilməsini pisləyirdilər. Cuçi narazılıqla söyləyirdi: “Çingiz xan bir çox xalqları məhv etməklə və bu qədər dövlətləri dağıtmaqla ağlını çaşmışdır. Mənə belə gəlir, atamı ovda öldürüb (Xarəzmşah) Sultan Məhəmmədlə yaxınlaşmaq, bu dövləti abad vəziyyətə gətirərək müsəlman xalqlarına kömək əli uzatmaq məqsədyönlü bir iş olardı».
Beləliklə, Hülakilər dövlətində XIII yüzilin 90-cı illərində «örüş siyasəti»nin həyata keçirilməsi moğol hakimiyyətinin özünü təhlükə qarşısında qoymuşdu. Odur ki, ümumi qanunvericilikdə islahatlar keçirilməsi zəruri idi.
Qazan xanın islahatlarından sonra Hülakülər-Elxanilər dövlətində idarəçilik
və hüquq sistemi.
İslahat ideyasının meydana çıxmasının başlıca səbəbi bütün Orta və Yaxın Şərqdə Hülakü imperatorluğunun özülünün sarsılması idi. Həmçinin, yeni xəttin başbiləni Fəzlullah Rəşid-əd-din olmuşdu. O, keçiriləcək islahatların fəlsəfi özülünü qoymağa çalışır, rəiyyətə, əslində xərac ödəyəsi olan bütün kənd və şəhər əhalisinə qarşı «ədalətli» siyasət yeritmək fikrini düzgün müdafiə edirdi. Rəşid-əd-dinin fikrincə hər hansı bir dövlətin mədaxil xəzinəsi («Xəzineyi daxil») rəiyyət özüdür, onun halal zəhməti və çalışqanlığıdır. Rəiyyət soyulub vardan çıxarılarsa, hökmdarlara və xəzinəyə heç bir qazanc qalmaz. O, yazırdı: «Və işin kökünə baxsan, hər bir səltənətin özülü ədalətdir, çünki...dövləti ordu qazanır,—dövlətin ordudan başqa gəlir ağacı yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar,— vergisiz qoşun yoxdur, vergi isə rəiyyətdən alınır. Rəiyyətdən başqa vergi verən yoxdur, rəiyyəti isə ədalət hesabına saxlamaq olar. Ədalət yoxdursa rəiyyət də yoxdur».
Artıq dinc əhaliyə, xüsusilə rəiyyətə qarşı dövlət siyasətini kökündən dəyişdirmək zərurətini moğol hakim dairələrinin düşünən nümayəndələri də anlayırdılar. Yeddinci hülakü hökmdarı Qazan xan (1295-1304) öz sahibi-divanı Rəşid-əddinlə bir mövqedən çıxış edirdi. Onun fikrincə, bütün işlər, gəlir və firəvanlıq rəiyyətin çalışqanlıq və əməyindən, əkinçilik və ticarət işlərindən asılıdır. Bununla o, hər hansı bir cəmiyyətin yaşayıb irəli getməsi üçün başlıca dayaq olan 3 sosial təbəqənin (rəiyyətin, sənətkarların və tacirlərin), kənd və şəhərlərin iş adamlarının əməyinə qayğı ilə yanaşmağı tələb edirdi. Onlara qarşı davranışın «Örüş siyasəti» üzərinə deyil, bir «müdrik», yumşaq siyasət üzərinə keçirilməsinə tərəf çıxırdı. Öz acgöz, hərbçi əmirlərinə üz tutaraq o söyləyirdi: «Əgər onların (kəndlilərin, bütün vergi ödəynlərin) hamısının ucdantutma talan edilməsi ağıllı bir iş sayılırsa, gəlin edək... Ancaq gələcəkdə rəiyyətdən taxıl (tağar) və süfrəniz üçün azüqə (aş) yığmaq gümanında olsanız və bunun üçün mənə müraciət etsəniz mən sizinlə amansız davranacağam. Siz gərək ağıllı başlı düşünəsiniz. Bir halda siz rəiyyəti incidərək onun qoşqu heyvanlarını və toxumunu əlindən alırsınız, çörək zəmisini tapdayıb yox edirsiniz, bəs onda gələcəkdə nə ilə dolanacaqsınız. Siz onların arvad və uşaqlarını döyüb işkəncə verirsiniz, bu barədə də gərək düşünəsiniz».
Qazan xanın Rəşid-əd-dinlə birlikdə keçirdiyi başlıca islahatlardan biri hərbi iqta torpaqları haqda 1303-cü il qanunudur. Bu qanuna görə qoşunda hərbi xidmətdə olan bütün moğol kişilərinə irsən atadan oğula keçən iqta verilirdi. Sosial hüququ baxımdan iqta torpaqlarını alan döyüşçülər kiçik torpaq sahiblərinə çevrilirdilər. İlkin elxanlar çağında iqta çox az adamlara, başlıca olaraq yüksək rütbəli qoşun başçılarına verilirdi.
Sıravi döyüşçü kütləsinə torpaq paylanmırdı. Bu kütlə bir qismi natural vergi ilə, bir qismi isə pul ilə ödənilən dolanışıq xərci hesabına yaşayırdı. Belə ödəniş daimi, aramsız səciyyə daşımırdı. Ancaq onun bu naqis cəhətləri yürüşlər zamanı yeni-yeni ölkə və vilayətlərdə ələ keçirilən qənimət hesabına ört-basdır edildiyindən açılmırdı. Qazan xanın hakimiyyətə gəldiyi XIII əsrin 90-cı illərində saysız qənimət və qazanc verən yürüşlər artıq kəsilmişdi. Buna görə döyüşçülər və bütün ordu içərisində böyük narazılıq yaranmağa başlamışdı. Ordunun narazılığı Hülakü dövlətinin bütün varlığını təhlükə qarşısında qoyurdu. Çünki boş xəzinə orduya aylıq vermək gücündə deyildi.
Torpaq almaqla kiçik feodallara çevrilən döyüşçülər kütləsinə 1303-cü il qanunu ilə böyük üstünlük və imtiyazlar verilirdi. Birincisi, yeni iqta sahibinə əvvəllər dövlət xəzinəsi xeyrinə ödənilən renta ilə yanaşı bütün vergiləri kəndlilərdən toplamaq hüququ verilirdi. İkincisi, ikta nəsil torpaq sahəsinə çevrilirdi bir şərtlə ki, atanın yalnız ordu xidmətində onun yerini tutub qulluq çəkən oğluna çatırdı. Üçüncüsü, əkin yeri suvarma qurğuları və s. ilə birlikdə həmin torpaqla bağlı olub, onu əkib becərən rəiyyətlər də torpaq sahibinin ixtiyarına keçirdi.
1303-cü il yarlığında ayrıca göstərilirdi ki, keçmiş incu və divan torpaqların-
da kopçur və başqa vergilər ödəyən rəiyyətlər indi bu mükəlləfiyyətləri öz yeni ağalarına ödəməlidirlər. Yarlıqda yazılmışdır ki, moğol döyüşçülərinə paylanılan iqta torpaqlarının keçmiş rəiyyətləri başqa torpaqlara qaçıb dağılmışsa və bu qaçqınlıqdan 30 ildən çox vaxt keçməyibsə indi yeni sahiblərinə qaytarılmalıdırlar.
Döyüşçülərə səxavətlə paylanılan torpaq öz-özlüyündə onları dolandıra bilməzdi. Gəlir götürmək üçün torpağı becərən gərəkdir, əkib-biçən olmalıdır. «Örüş siyasəti» kəndlini torpağı atıb qaçmağa məcbur etdiyi üçün «Yeni siyasət» onları bir biri ilə yenidən birləşdirməyi nəzərdə tuturdu. Başqa yolla ordunu daimi gəlir mənbəyi ilə təmin etmək, onun təhlükəli narazılığını aradan götürmək olmazdı.
Beləliklə, iqta torpaqları haqqında verilən yarlıq güzəştli fərman idi. Qazan xan dövlət hərbi maşını qarşısında güzəştə gedirdi. Çünki yalnız onun gücü ilə mərkəzi hakimiyyəti parçalamağa çalışan mürtəce «Örüş siyasəti» tərəfdarlarının qarşıdurmasını yox edə bilər, həm də ordunu xarici siyasət məsələlərinin həlli üçün öz ardınca apara bilərdi. Xarici siyasət sahəsində isə başlıca məsələ Qızıl Orda ilə müharibələrin davam etdirilməsi idi. Bu isə güclü ordu olmadan mümkün deyildi.
Ölüm qorxusu altında dövlətin verdiyi iqta torpağını satmaq, bağışlamaq və cehiz vermək ona qadağan olunurdu. Əgər iqtadar aldığı torpağın becərilib dirçəlişi üçün qayğı göstərmir, onu yaxşı saxlamırdısa, torpağın geri alınması nəzərdə tutulurdu. İqta sahiblərinin özbaşınalığı üzərinə nəzarət qoyulur rəiyyəti qula çevirib onlarla əsir kimi davranmaq yasaq edilirdi. Başlıca mükəlləfiyyət öhdəlikləri, yəni biyar ilə bağlı olmayan işlərin onların üzərinə qoyulması da yasaq idi. Vergilər müəyyən olunmuş bir vaxtda yığıla bilərdi, natura ilə, pul və biyarda ödəniləcək mükəlləfiyyətlərin müddəti dəqiq göstərilirdi. Rəiyyət üzərində sonsuz və amansız soyğunçuluq vasitəsinə çevirilmiş olan müqatiə sistemi (vergi yığımının icarəyə verilməsi) ləğv edilirdi. Bütün bu yeniliklər rəiyyəti «Örüş siyasəti» üçün xas olan özbaşınalıqdan, qanunsuzluqdan qorumağa, rəiyyətin öz təsərrüfat işlərini arxayınçılıqla yerinə yetirməsi üçün şərait yaratmağa yönəlmişdi. Nəhayət yarlıq, yeni torpaq sahiblərinə başqalarının torpağını, arx, kəhriz və su hövzələrini tutub ələ keçirməyi, o sıradan başqalarının gəlir və qazancına tamah salıb ortaq çıxmağı qadağan etmişdi.
Rəiyyət və bütün kəndlilər üçün bu yeniliklərin əhəmiyyəti də az deyildi. Dövlət divanı xeyrinə torpaq vergisinin (xəracın) və başqa vergilərin toplanma qaydasının dəyişdirilməsi onlar üçün tutarlı yenilik idi. Bu iş yeni torpaq sahibinin (iqtadarın) öz ixtiyarına verilsə də, qayda-qanun gözlənilirdi. Vergilərin qədəri, və ödəniş vaxtı dəqiq bildirilirdi. Taxıl vergisi əkinçilərdən yalnız ildə iki dəfə:-21 mart-11 aprel və 22 sentyabr-12 oktyabr arasında və ya ildə bir dəfə (20 gün içərisində) yığıla bilərdi. Göstərilən zaman xaricində, və ya artıq vergi tələb etmək ağır cəzalarla qadağan edilmişdi. Taxıl vergiləri kəndlilərin öz yük heyvanları ilə dövlət ambarlarına daşınmalı idi. Hər bir kənddə metal və ya taxtadan lövhə vurulmalı, ödəniləcək verginin miqdarı buraya yazılıb, göstərilməli idi.
Elxanilər ilk zamanlar 3,072 qramlıq gümüş dirhəm tətbiq edirdilər. Bunun altı misli bir gümüş dinar, dinarın isə 10.000 dənəsi bir tümən idi. Alış-veriş, bazar hesabları dirhəmlə gedirdi. Kəsilən pulların mədən tərkibi qarışıq olduğundan çətinliklər yaranırdı. Qazan xan bu işə də qatıldı. Onun məsləhətı ilə dirhəmin gümüş dəyəri kiçildildi. Bir dirhəm 2,304 qram saf gümüşə bərabər tutuldu. Dinar isə bunun altı misli ölçüsündə 13,827 qram saf gümüşə bərabər sayıldı.
Vergi sisteminə başqa mühüm yeniliklər də gətirilmişdi. Qoşunların və dövlət xəzinəsinin hərbi qulluqçulara, məmurlara və təqaüdçülərə borclu olduğu məbləğin kəndlilər üzərinə bir mükəlləfiyyət kimi qoyulması da ləğv edildi. Yam və poçt mükəlləfiyyətləri kəndlinin üzərindən götürüldü. Vahid rabitə sistemi yaradıldı. Başlıca yollarda üç fərsəxdən (21 km) bir yam (rabitə dayanacaqları) açıldı. Yam əmirlərinin ixtiyarına istənilən sayda qulluqçu və atlar verildi. Ezam olunan dövlət elçiləri yol xərcini rəiyyətdən deyil, divandan almalı, karvansaralarda gecələməli, lazımi məntəqəyə getmək üçün yalnız yam xidmətindən istifadə etməli idilər.
Kəndli icmaları dövlətə məxsus işlənməmiş və ya sahibi tərəfindən tərk edilib başlı-başına buraxılmış torpaqları tutub onları becərmək hüququ almış oldular. Belə torpaq yararsız hala gəlmiş olduğundan ilk becərmə ili vergidən tam azad edilirdi. İkinci il taxıl vergisinin 2/6-si ödənilirdi. Üçüncü ildə çoxpilləli ödəniş sisteminə keçilirdi. Yaxşı torpaq verginin 3/4, orta torpaq 2/3,qeyri münbit torpaq isə yarısı qədərində ödəməli idi. Yalnız dördüncü ildə verginin tam ödənilməsi buyurulmuşdu.
Dövlətin bütün bölgələri, əyalət və qəzaları daxil olmaqla hər çeşit ərazi və
mülklərin yerini, ölçüsünü, hüdud və dəyərini qeydə alan kadastr cədvəlləri (dəfatiri-qanun) tutulurdu. Xüsusi katiblər bütün mülk, xassə əmlakı və xeyrət vəqflərini kadastr dəftərlərinə alırdılar. Əmlak sənədinin tərtibi üçün yarım dinardan artıq rüsum alana ölüm cəzası qoyulmuşdu.
Təsərrüfatı canlandırmaq üçün əkinçilərə toxum, alət, iş heyvanı verilirdi. Əlcəzairdən, Farsdan və başqa yerlərdən mal vergisi hesabına 20 000 baş öküz və başqa iş heyvanı toplanmış, bunların yem təchizatı Anadolu, Azərbaycan, və Quzey İraq üzərinə yüklənmişdi.
Bütün bunlar ilə bağlı təsərrüfatda gözə çarpacaq bir irəliləyiş başlamış, Elxani dövlətinin vergi varidatı 17-dən 21 milyon dinara yüksəlmişdi.
Xalq kütlələri ilə yaxınlaşmaq üçün başlıca islahatlardan biri də dövlətin islam dininə münasibətinin dəyişməsi idi. Say sırası ilə əslində birinci olacaq din islahatı keçirilmişdi. Qazan xan əyanları və ordusu ilə birlikdə islamı qəbul etdi. Öz türk adına müsəlman adı əlavə edərək Qazan Mahmud oldu. İslam 5-ci ulusun dövlət dininə çevrildi. Qazan xanın göstərişi ilə bütpərəst məbədləri, hətta atasının tikdirdiyi məbədlər də dağıdılır, yerinə məscidlər tikilirdi. Görünür bu islahatla bağlı olaraq o, Moğolustanda oturmaqda olan xaqan hakimiyyətini tanımaqdan imtina etdi. Bu, yerli torpaq sahibləri və ruhanilər ilə yaxınlaşmaq siyasətinə keçid idi. Bunsuz «yeni» siyasətin prinsiplərinə inam qazandırmaq mümkün deyildi. 1297-ci ildə Qazan xan Şirvana, Bakıya gəldi. Ola bilsin, bu gəliş onun Şirvan dövləti ərazisində tanınmış müsəlman ocaqlarından biri olan Bibi Heybət türbəsinin ziyarəti ilə bağlı idi.
Qazan xanın varisi Ölcaytu xanın hakimiyyəti illərində (1304-1316) də yerli feodalların hüquqlarının bərpa edilməsi, Şirvanşah hakimiyyətinin get-gedə dirçəlişi baş verirdi. Dövlətin baş vəziri Rəşid-əd-din də bu iki islahatçı Elxandan geri qalmırdı. O, yeni siyasətə uyğun olaraq, Şirvanşah Keykavus ilə qohumluğa girib onun qızını öz oğullarından birinə almışdı.
Beləliklə, aparılmış islahatlar ölkənin iqtisadi, mənəvi həyatında mühüm rol oynamış, hakim təbəqə ilə yerli xalqın yaxınlaşması istiqamətində irəliyə doğru atılmış addım olmuş və Hülakülər dövlətinin labüd tənəzzülü bir neçə onillik müddətində təxirə düşdü.

FƏ Sİ L 7. AZƏ R BAY CAN X I V Ə SR İ N İ K İ NCİ Y AR I SI – X V Ə SR DƏ



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin