§ 1. Azərbaycan XIV əsrin ikinci yarısı. XV əsrin başlanğıcında Azərbaycanda si- yasi vəziyyət. Şirvanşahlar dövləti. § 2. Azərbaycan Qaraqoyunlu dövləti. § 3. Azərbaycan Ağqoyunlu dövləti. § 4. XV əsr Azərbaycan dövlətlərinin sosial-iqtisadi həyatı. § 5. XIII – XV əsrlərdə Azərbaycan mədəniyyəti. § 1. Azərbaycan XIV əsrin ikinci yarısı. XV əsrin başlanğıcında Azərbaycanda siyasi vəziyyət. Şirvanşahlar dövləti. 1357-ci ildə Qızıl Ordu xanı Canı bəy sui-qəsd nəticəsində öldürüldü və bundan sonra onun oğlu Bərdi bəy Təbrizi tərk edərək, təcili Qızıl Orduya qayıtdı. Boşluqdan istifadə edən Çobani nəslinin nümayəndəsi Əmir Əxicuq hakimiyyəti ələ aldı, lakin cəmi bir il hakimiyyətdə qala bildi: 1358-ci ildə cəlairi Şeyx Üveys (1354-1374) Təbrizi tutdu və paytaxtını Bağdaddan bura köçürdü. Beləliklə, Cənubi Azərbaycan torpaqları Cəlairi dövlətinə qatılmış oldu.
Cəlairilər Cənubi Azərbaycanı tutduqdan sonra bir müddət Şirvanşahlar müstəqil oldular. Hətta Şirvanşah Kavus (1345-1372) iki dəfə Təbrizə hücum edib onu Cəlairilərdən azad etməyə cəhd göstərdi. Əksinə 1362-ci ildə Şeyx Üveys hücum edib Şirvanı da tutdu. Daxili idarəçilik sistemi saxlanılmaqla Şirvanşahlar da Cəlairi dövlətindən asılı vəziyyətə salındı.
Şeyx Üveysin dövründə Cəlairi dövləti həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etmişdi. 1360-1370-ci illərdə onun apardığı islahatlar mərkəzi hakimiyyətin güclənməsinə, kənd təsərrüfatının, sənətkarlığın və ticarətin canlanmasına şərait yaratdı. Lakin Şeyx Üveysin ölümündən sonra ölkə daxilində feodal çəkişmələri başladı. Şeyx Üveysi əvəz edən oğlu Sultan Hüseynin (1374-1382) dövründə feodal çəkişmələrinə sülalədaxili mübarizə də əlavə olundu. Belə ki, müxtəlif feodal qruplarından dəstək alan Sultan Hüseynin qardaşı Sultan Əhməd taxt-tac uğrunda mübarizə aparırdı. 1382-ci ildə Sultan Hüseyn qardaşı Sultan Əhməd tərəfindən öldürüldü. Hakimiyyəti qanunsuz ələ keçirən Sultan Əhmədin dövründə ara müharibələri daha da qızışdı. Vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də qonşu dövlətlərin Cəlairi dövlətində gedən proseslərə müdaxilə etməsi idi.
Bu dövrdə həm Teymurilər, həm Şirvanşahlar, həm də Qaraqoyunlu tayfa ittifaqı Cəlairidə gedən proseslərdən bəhrələnməyə çalışır, imkan düşdükcə bu dövlətə qarşı diplomatik, hərbi tədbirlər gürürdülər. Cəlairidən asılılığı qəbul edən Şirvanşah Kavus 1372-ci ildə vəfat etdi və hakimiyyətə onun oğlu Hüşəng (13721382) gəldi. Hüşəng Şirvanın Cəlairi asılılığından azad olması üçün heç bir cəhd etmədi, Cəlairilərə ödənilən xərac isə xalqı dilənçi halına salmışdı. Hüşəngdən narazı kütlələr 1382-ci ildə, yəni Cəlairidə çevriliş baş verən ili üsyan edib Hüşəngi öldürdülər. Hakimiyyətə Hüşəngin əmisi oğlu İbrahim gətirildi. Hüşəngin təqibindən qaçıb Şəkidə xırda torpaq sahibi kimi fəaliyyət göstərən İbrahimin babaları Dərbənd hakimi olduğu üçün o, I İbrahim Dərbəndli adı ilə taxta çıxdı (13821417). Beləliklə, Şirvanşahlar tarixində 3-cü sülalənin-dərbəndlilərin(1382-1538) hakimiyyəti başlandı.
I İbrahim uzaqgörən, müdrik dövlət xadimi idi. O, hakimiyyətə gələn kimi yerli feodal əyanlarının özbaşınalığına son qoydu, mərkəzi hakimiyyəti gücləndirdi. Cəlairi sarayındakı ara müharibələrindən yararlanaraq yenidən Şirvanın tam müstəqilliyini bərpa etdi və bununla kifayətlənməyərək bütün Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda Cəlairilərə qarşı mübarizəyə başladı.
Cəlairilərə qarşı ən fəal çıxış edənlərdən biri də Qaraqoyunlular idi. Qaraqoyunlular türklərin oğuz qoluna aid idi. Hələ VII əsrdə Mərkəzi Asiyadan Azərbaycana – öz qədim dədə-baba torpaqlarına qayıdan qaraqoyunluların sayı artmış və coğrafi arealı xeyli genişlənmişdi. XIV əsrin ortalarında qaraqoyunlular artıq Van gölü ətrafı ərazilərdə Ərzincan, Sivas və Cənub-Şərqi Anadoluda yaşayırdılar. Erkən orta əsrlərdə Yaxın və Orta Şərqin tarixində mühüm rol oynayan qaraqoyunlular XIV əsrin ikinci yarısında yenə tarixin səhnəsinə çıxdılar. XIV əsrin 80-ci illərində artıq Qaraqoyunlu tayfa ittifaqı yarandı. İttifaqa Baharlı nəsli başçılıq edirdi.
Qaraqoyunlu sülaləsinin banisi oğuzların Baharlı tayfasının Barani sülaləsindən olan Bayram Xoca olmuşdur. Bayram Xoca Cəlairilərlə mübarizə aparırdı. Bu mübarizədə uğur qazana bilməyən Qaraqoyunlu tayfa ittifaqı dağılma ərəfəsində idi. Lakin Bayram Xocanın oğlu Qara Məhəmməd (1380-1389) yenidən tayfa ittifaqını möhkəmləndirdi, Cəlairilərlə münasibətləri nizama saldı, onlarla qohum olaraq qızını Sultan Əhmədə verdi. Van şəhərini özünə paytaxt seçən Qara Məhəmməd hətta adına pul da kəsdirmişdi. Qüvvə topladıqdan sonra o, 1382-ci ildə hücum edib Təbrizi ələ keçirdi, 1383-cü ildə Suriya hakimi Səlimi, 1384-cü ildə Mardin hakimi Məcdəddin İsanı məğlub etdi. 1385-ci ildə Əmir Teymur Azərbaycana qarşı hərbi yürüşə başladı. Bu dövrdə Qaraqoyunlulara qarşı Ağqoyunlu tayfa ittifaqı çıxış etməyə başladı. Qara Məhəmməd Teymurilərdən çox çəkinirdi və Əmir Teymurun yürüşə çıxdığını biləndə Misir sultanından icazə alaraq 1385-ci ildə Suriyaya köçdü.
Əmir Teymur (1370-1405) Mərkəzi Asiyada mərkəzləşmiş dövlət yaratdıqdan sonra işğalçılıq müharibələrinə başladı. 1385-ci ildə Sultaniyyə yaxınlığında Cəlairi Sultan Əhmədin qoşunları məğlubiyyətə uğradılsa da, Səmərqənddə baş verən üsyan Əmir Teymuru geri qayıtmağa məcbur etdi. Beləliklə, 1385-ci ildə Cəlairi Sultan Əhməd basılmış, Qara Məhəmməd Suriyaya qaçmış və Əmir Teymur geri Asiyaya qayıtmışdı. Belə bir şəraitdə Qızıl Ordu xanı Toxtamış fürsəti əldən verməyərək Dərbənddən Azərbaycana soxuldu, Təbrizi 8 gün mühasirədə saxladı. Şəhər müdafiəçilərinə toxunmayacaqlarına söz verərək hiylə vasitəsilə şəhərə daxil oldu və şəhər talan edildi. Bu vaxt Əmir Teymur Qızıl Orduya hucum etdi və bu hadisə Toxtamışı məcbur etdi ki, təcili öz ölkəsinə qayıtsın. Toxtamışın yürüşü zamanı Marağa, Təbriz, Bərdə, Gəncə, Şirvan və Dərbənd kimi Azərbaycan şəhərləri qarət edildi.
Əmir Teymur Azərbaycana yarımçıq qalan birinci yürüşünü 1386-cı ildə davam etdirdi. Üçillik yürüş zamanı Təbriz ələ keçirildi, məşhur sənətkarlar, ustalar ailələri ilə birlikdə Səmərqəndə göndərildilər. Cəlairi əmirlərinin bəziləri Bağdada qaçdı, bir qismi isə Əlincə qalasında gizləndi. 1387-ci ildə Teymur Naxçıvana hücum etdi. Əlincə qalasını mühasirəyə aldı və bu qəhrəman qala 13 il, yəni 1399-cu ilə qədər Teymurilərə təslim olmamışdı. 1387-ci ildə Naxçıvan ərazisində Əmir Teymurun qoşunları ilə qaraqoyunlu qoşunları üz-üzə gəldilər. Çapaqçur adlanan yerdə baş verən bu döyüşdə Qara Məhəmməd Teymurun qüvvələrini məğlub etdi.
1387-ci ildə Teymur Azərbaycanı tərk etdi və buranın idarəçiliyini oğlu Miranşaha həvalə etdi. Bu qələbədən ruhlanan və Teymurun Səmərqəndə qayıtdığını bilən Qara Məhəmməd 1388-ci ildə hücum edərək Təbrizi Cəlairi əmirlərindən aldı. 1389-cu ildə başqa bir qaraqoyunlu əmiri Qara Pirhəsən Qara Məhəmmədi və
onun oğlu Bayramı qətlə yetirdi ki, Qaraqoyunlu tayfa ittifaqına özü başçılıq etsin. Lakin Qara Pirhəsən buna nail ola bilmədi. O, Qara Məhəmmədin digər oğlu Qara Yusif tərəfindən məğlub edildi. Azərbaycanın feodal əyanları arasında birlik yox idi. Onların hər biri təklikdə işğalçılara-Teymurilərə qarşı mübarizə aparsalar da, öz aralarında da ara müharibələrini davam etdirirdilər. Əsas mübarizə obyekti Cəlairi dövlətinin paytaxtı Təbriz şəhəri idi. 1387-1392-ci illərdə bu şəhər müxtəlif qüvvələrin 17 dəfə hücumuna məruz qalmışdı. 14 hücum Təbrizin bu və ya digər feodal qruplaşması tərəfindən tutulması ilə başa çatmışdı.
1392-ci ildə Təbriz qaraqoyunlular tərəfindən ələ keçirildi. Bunu eşidən Əmir Teymur 1392-ci ildə Azərbaycana qarşı ikinci yürüşə başladı. Həmin il Təbriz Teymurilər tərəfindən ələ keçirildi. Bundan sonra Əmir Teymur qaraqoyunluların mərkəzi şəhəri Vanı tutdu.
Teymur tərəfindən məğlub edilən cəlairi Sultan Əhməd və qaraqoyunlu Qara Yusif ittifaq bağladı. 1394-cü ildə Bağdad döyüşündə Cəlairi-Qaraqoyunlu birləşmiş qüvvələri Əmir Teymur tərəfindən darmadağın edildi. Bu məğlubiyyətdən sonra Qaraqoyunlu tayfa ittifaqı dağılsa da, 1395-ci ildə Qara Yusif onu bərpa etdi. Teymur tərəfindən təqib olunan Sultan Əhməd və Qara Yusif Misir sultanı Berqoqun yanına qaçdılar. Cəlairi dövlətinin başçısı Sultan Əhməd Misirə qaçsa da, onun oğlu Məlik Tahir Əlincə qalasında teymurilərlə savaşmaqda davam edirdi. Onun ən yaxşı silahdaşları Xacə Kövhər və Əmir Altun idi. Cəlairi dövlətinin xəzinəsi də bu qalada gizlədilmişdi. Qalanın müdafiəsinə Gürcüstandan və Şəkidən mütəmadi canlı qüvvə, silah-sursat və ərzaq göndərilirdi. Qalaya teymurilər 4 dəfə genişmiqyaslı yürüştəşkil etsələr də, onu ala bilməmişdilər. 1399-cu ildə Əmir Teymurun Azərbaycana 3-cü yürüşü zamanı yenidən Əlincə qalasına qarşı böyük hərbi qüvvələr göndərildi. 13 illik mühasirədən sonra müdafiəçilərin sayı seyrəlmişdi, ərzaq, silah tükənirdi. Xüsusilə, 1395-ci ildə, Şəkinin teymurilər tərəfindən işğalından sonra kənardan gələn yardımlar azaldı, qalada daxili çəkişmələr başladı. Məlik Tahirin cəlairi xəzinəsini götürüb xəlvəti Bağdada qaçmasından sonra qala müdafiəçiləri ruhdan düşdülər və 1399-cu ildə Əlincə qalası Əmir Teymura təslim oldu.