Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 4. Hülakülərin Azərbaycanda hakimiyyəti. Moğolların süqutu



Yüklə 3,15 Mb.
səhifə41/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   173
Ar2019-47-1

§ 4. Hülakülərin Azərbaycanda hakimiyyəti. Moğolların süqutu


1253-cü ildə moğol xaqanı — Çingiz xanın nəvəsi, Tuluy xaqanın oğlu Münkə Qabaq Asiyada istilaları davam etdirmək üçün 120000 böyük ordu göndərir. Yürüşə onun qardaşı Hülakü xan başçılıq edirdi. Hülakü xan 1256-cı ildə Azərbaycanı tutur.
1257-ci ildə Münkə xaqan vəfat edir. Bütün hakimiyyət onun qardaşı Hülakü xanın əlinə keçir. Onun qoşunları 1258-cı ildə Bağdadı alırlar. Döyüşə Hülakü xan özü və onun sərkərdəsi Baqu rəhbərlik edirdi. Müasirlərin yazdığına görə Bağdadda qırğın 40 gün davam edir. 508 il davam edən Abbasilər sülaləsinin son nümayəndəsi əl-Müstəsim öldürülür. Beləliklə, İraq-i ərəb, İraq-i əcəm, Gürcüstan, Ermənistan, Azərbaycan, Fars, Kiçik Asiya, Rum, Kürdüstan, Kirman, Xorasan, Xuzistan və digər ölkələr daxil olmaqla Hülakülər dövləti yaranır. Amu-Dəryadan Aralıq dənizinə, Dərbənddən İran körfəzinə qədər olan ərazidə yeni — 5-ci ulus yaradılır. Bu dövlətin hökmdarları Elxan rütbəsi daşıyırdı.
Hülakü xan (1256-1265-cı illər) 1260-cı ildə Azərbaycanda məskən tutur.
Ölkənin paytaxtı Marağa, Təbriz və XIV əsrdə Sultaniyyə şəhərləri olur.
Hülakilər Cuçilər dövlətinin qanunlarının onların tutduqları ərazilərə aid olmadıqlarını bildirdikləri üçün tez-tez Qızıl Orda xanları ilə Hülakülər arasında qanlı toqquşmalar baş verirdi ki, Azərbaycan məhz bu toqquşmalarda ən çox zərər çəkən ölkələrdən olmuşdu. Qızıl Ordalılar 1262, 1265, 1288, 1290, 1318 və b. illərdə Azərbaycana basqınlar etmişdilər.
Hülakü xanın və onun oğlu Abaqa xanın (1265-1282-ci illər) hakimiyyəti
dövrlərində dövlətin iqtisadi, hərbi, siyasi və inzibati qüdrəti kifayət qədər möhkəm olduğundan köçəri feodallar Elxana qarşı çıxmağa cürət etmirdilər. XIII əsrin 60-cı illərində Gürcüstan və Azərbaycanda moğollar əleyhinə Elxana xidmət etməkdən boyun qaçıran feodalların başçılığı altında üsyanlar baş versə də, Hülakü xan böyük qoşun göndərib bu üsyanları qan dəryasında boğurdu.
Sara Aşurbəyli «Şirvanşahlar dövləti» əsərində yazır ki, Şirvanşahlar dövləti Elxanilərdən vassal asılı dövlət idi. Lakin Hülakü xanın hakimiyyəti illərində Şirvan xüsusi nəzarət altında saxlanılırdı. Şirvanşah II Axsitan 1260-cı ildə Hülakü xanın əmri ilə öldürülür.
Hülakü xan II Fərruxzadı Şirvana hakim təyin edir. Göründüyü kimi, Hülakü xanın və qismən də Abaqa xanın dövründə Şirvanşahlar dövləti vassal dövlət kimi yox, heç bir hüququ olmayan dövlət kimi fəaliyyət göstərirdi.
Abaqa xanın ölümündən sonra feodallar arasında ziddiyyətlər kəskinləşir və qardaşı Tekudar Əhməd (1282-1284-cü illər) dövründən başlayaraq şahzadələr hakimiyyət uğrunda mübarizəyə başlayırlar. Bu mübarizələrdə dövlətin hərbi qüvvələrinə başçılıq edən baş əmirlər və idarə sistemində yüksək vəzifələr tutan dövlət əyanları əsas rol oynayırdılar. Feodal ara müharibələri nəticəsində Abaqa xanın oğlanları Arqun xanın (1284-1291-ci illər), Göyxatu xanın (1291-1295-cü illər) və Hülakü xanın nəvəsi Tarağayın oğlu Baydu xanın (1295) dövründə dövlətin daxili və xarici vəziyyəti daha da gərginləşir.
Arqun xanın oğlu Qazan xan (1295-1304-cü illər) hakimiyyəti dövründə vəziyyəti nizama salmaq məqsədilə bir sıra islahatlar, o cümlədən müsəlman ruhaniləri və yerli feodallarla yaxınlaşmaq üçün dini islahat həyata keçirir, islam dinini qəbul edir. Qazan xanın islahatları Hülakülər dövlətinin müvəqqəti möhkəmlənməsinə səbəb olur. Bu vəziyyət Qazan xanın varisi Məhəmməd Ölcaytunun (1304-1316-cı illər) hakimiyyəti dövründə də davam edir. O, Qazan xanın bütün qanunlarının qüvvədə qaldığı barədə yarlıq verir. Əmir əl-Üməra vəzifəsinə Qutluqşah, onun ölümündən sonra isə Çoban təyin edilir. Məhəmməd Ölcaytu vassalları üzərində hakimiyyətini möhkəmlədə bilir. Gilan, Herat və s. ərazilər yenidən Elxanilər dövlətinə qatılır. Onun ölümündən sonra isə vəziyyət kəskin sürətdə dəyişir.
Göyxatu xanın nəvəsi, Xudabəndənin oğlu 12 yaşlı Əbu-Səidin hakimiyyət (1317-1335-ci illər) başına gəlməsi bir çox feodalların mərkəzdənqaçma və müstəqilliyə can atmalarına səbəb olur.
Əbu-Səidin hakimiyyətinin ilk illərində dövlətin bütün işləri Sulduz tayfasından olan Çobanın əlində cəmləşir. O. Hülakülər dövlətinin faktiki hakiminə çevrilir. Əbu-Səid tamamilə Çobandan asılı vəziyyətə düşür. Dövlətdə bütün vəzifə başında oturanlar Çobani əmirləri olurlar. Hakimiyyətin Çobanın əlində cəmləşməsi bir sıra feodalları narahat etməyə başlayır. Mərkəzi hakimiyyətə qarşı mübarizə güclənir. 1320-ci ildə Gürcüstanda Qazan oğlan, 1322-də Rumda DəmirDaş padşah elan olunurlar. Həmin üsyanların yatırılmasına baxmayaraq, ölkədə vəziyyət sakitləşmir.
Çobani əmirlərinin yüksəlməsindən narahat olmağa başlayan Əbu-Səid onlara qarşı mübarizəyə başlayır və 1328-ci ildə Çobanı öldürtdürür.
1329-cu ildə Xorasanda Narın Toğayın, 1334-cü ildə Sultaniyyədə bir qrup feodalın başçılığı ilə üsyan qalxır. 1335-ci ildə Qızıl Orda xanı Özbək Azərbaycana hücum edir. Onlara şarşı döyüşmək üçün Əbu-Səid Qarabağa gəlir və burada zəhərləndirilərək (01 dekabr 1335-ci il) öldürülür.
Əbu-Səidin ölümündən sonra ölkədə qoşa və çoxpadşahlıq meydana gəlir. 1336-1344-cü illərdə dövlətin müxtəlif vilayətlərində 8 şahzadə padşah elan olunur. Həmin ildə Şeyx Həsən Cəlairinin (ona Şeyx Həsən Bozorq–«Böyük» deyirdilər) 1340-cı ilin sonunda Cahan Teymuru taxtdan salıb Bağdadda müstəqil Cəlairlər dövləti yaratması buna misaldır.
Əbu-Səidin ölümündən sonra Rumda Qala Hasar qalasında olan çobanilər Şeyx Həsən Çobaninin başçılığı ilə mübarizəyə qalxıb Azərbaycanda hakimiyyəti ələ keçirə bilirlər. Şeyx Həsən Çobani Hülakülər dövlətinin mühafizəsinin əsas tutur, şəhzadələrdən Satıbəy Xatunu (1339-1340-cı illər) və Süleyman xanı (13401344-cü illər) padşah elan edərək Azərbaycan, İraq-i Əcəm, Həmədan, Kəşan, Rey, Gürcüstan faktiki hakimiyyət sürürdülər. Onların əsas rəqibləri Cəlairilər və Xorasan əmirləri idi.
Hülakülər səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə Çobanilərin, Cəlairilərin və Xorasan əmirlərinin başçılıq etdikləri feodal qrupları daha fəal iştirak edirlər.
Ara müharibələri nəticəsində Hülakülər dövləti müxtəlif hissələrə parçalanır. Cəlairilər-Bağdadda, Xorasan əmirləri-Xorasanda, Çobanilər isə Azərbaycanda möhkəmlənirlər. Lakin Çobanilər Cəlairilərdən fərqli olaraq müstəqil dövlətÇobanilər dövləti təsis edə bilmirlər.
Əbu-Səiddən sonra altı ay hakimiyyətdə olmuş Arpa xan (1335-1336-cı illər), dörd ay hakimiyyət sürmüş Musa xan (1336-cı il), iki il padşah olmuş Məhəmməd xan (1337-1338-ci illər), Satıbəy (1339-1340-cı illər), Süleyman xan (1340-1344-cü illər) faktiki hakim olsalar da, ölkəni Çobani əmirləri idarə edirdilər. Lakin Şeyx Həsən Çobani və qardaşı Məlik Əşrəf (1344-1357-ci illər) öz hakimiyyətlərini hüquqi cəhətdən Hülakü şahzadələrinin adı ilə qanuni şəklə salmalı olurdular.
1339-1340-cı illərdə Elxanilər dövlətinin ərazisi müxtəlif feodal qruplarının mübarizəsi nəticəsində parçalanır. Azərbaycan və qonşu vilayətlər Satibəy xatunun, İraq-i Ərəb Cəlairi Şeyx Həsənin, Xorasan Toğa Teymurun, Rum Əmir Ərtinayın, Mosul və Diyarbəkr İbrahim şah bin- Sənitənin, Şiraz, İsfahan və Fars əyalətləri sultan Əbu İshaqın, Yəzd və Kirman vilayətləri Məhəmməd şah bin Müzəffərin əlinə keçir.
Cəlairi Şeyx Həsən 1340-cı ildə Cahan Teymuru hakimiyyətdən kənar edib müstəqil Cəlairilər dövlətinin əsasını qoyur. 1343-cü ildə Şeyx Həsən Çobani öldürüldükdən sonra Azərbaycanda daxili vəziyyət daha da gərginləşir. 1344-1355ci illərdə Ənuşirəvan hökmdar elan edilir. Ölkəni faktiki olaraq Məlik Əşrəf idarə edirdi. O, 1356-cı ildə Ənuşirəvanı Həsən xanla əvəz edir (1356-1357-ci illər).
Məlik Əşrəf 1357-ci ildə Azərbaycana hücum etmiş Qızıl Orda xanı Canibəy tərəfindən öldürülür. Ölkədə hakimiyyət Cani bəyin oğlu Qızıl Ordalı Bərdi bəyin əlinə keçir. Əbu Bəkr əl-Qütbi əl-Əhəri yazır: «Onun hakimiyyəti iki aya çatmadı. Onun nəsəbi Bərdi bəy bin Canı bəy, bin Özbək, bin Toğrulca, bin Menku Temir, bin Noqay, bin Batu, bin Cuçi bin Çingiz xandır».
Beləliklə 1357-ci ildə Elxanilər dövləti tam süqut edir. Azərbaycan müvəqqəti olaraq Qızıl Orda dövlətinin tərkibinə daxil olur.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin