Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


XVII yüzilliyin 20-30-cu illərində Qərbi Avropa dövlətləri ilə münasibətlər. İran körfəzi uğrunda savaşlar



Yüklə 3,15 Mb.
səhifə76/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   173
Ar2019-47-1

XVII yüzilliyin 20-30-cu illərində Qərbi Avropa dövlətləri ilə münasibətlər. İran körfəzi uğrunda savaşlar. Fəal xarici siyasət yürüdən I Şah Abbasın qarşısında duran əsas vəzifələrdən biri İran körfəzində Portuqaliya ağalığına son qoyub Hind okeanına çıxmaq idi. Avropa monarxları ilə əlaqələrini gücləndirən I Şah Abbas onların aralarındakı dəyintilərdən faydalanaraq İran körfəzi məsələsini həll etməyə çalışırdı. Avropa dövlətləri isə şahdan daha çox Osmanlı dövlətinə qarşı istifadə etmək istəyirdilər. Roma Papası VIII Klement 30 sentyabr 1592-ci ildə I Şah Abbasa yazdığı məktubda Osmanlı dövlətini ümumi düşmən adlandırırdı və şahla müqavilə bağlayıb onu Osmanlı dövlətinə qarşı savaşa qaldırmaq istəyirdi. Eyni zamanda Səfəvilərə odlu silahlar göndərəcəyini də vəd edirdi. Əslində Qafqaz, Xorasan və İran körfəzinin geri alınması üçün savaşa hazırlaşan I Şah Abbasın həm müttəfiqə və həm də odlu silaha böyük ehtiyacı vardı.
XVI yüzilin sonlarında İngiltərədən Səfəvi ölkəsinə Antoni və Robert Şerli qardaşlarının başçılıq etdikləri bir dəstə gəldi. I Şah Abbas 1599-cu ildə Antoni ilə birlikdə Oruc bəy Bayat və Hüseynəli bəy Bayatın başçılıq etdiyi elçilərini Almaniya, Ingiltərə, Fransa, Ispaniya, Şotlandiya, Polşa, Italiya monarxları ilə danışıqlar aparmaları üçün Avropaya göndərdi. I Şah Abbas xristian tacirlərinə Səfəvi ölkəsində gömrük ödəmədən ticarət aparmaq hüquqları verib, Avropa dövlətləri ilə Osmanlı dövlətinə qarşı müqavilə bağlamaq fikrində olsa da, qərb dövlətləri arasındakı münasibətləri də aydınlaşdırmaq istəyirdi. Ona görə ki, Şah Ispaniyaya qarşı da savaşa hazırlaşırdı. O, bu savaşda Qərb dövlətlərinin aralarındakı çəkişmələrdən Ispaniya və Portuqaliyaya qarşı istifadə etmək fikrində idi.
Ancaq Avropa ölkələri ilə Səfəvi elçilərinin diplomatik danışıqları uğursuz oldu. Səfəvi elçisi Iffət bəyin 1600-cü ildə Venesiyada apardığı danışıqlar da baş tutmadı. Ancaq I Şah Abbas diplomatik axtarışlarla Qərb dövlətləri arasındakı münasibətləri aydınlaşdıra bildi.
Avropa Kralları Səfəvi və Osmanlı dövlətlərini savaşdırıb gücdən salmaqla Şərqdə asanlıqla yeni torpaqlar tuta bilərdilər. Bu işdə onlar xristianlığı yayan missionerlərinə daha çox ümid bağlayırdılar. 1603-cü ildə Isfahana Ispan missionerlərindən Ceranimo de Kruz, Kristefor de Spiritu, Antonio de Qovea gəldilər. Missionerlər I Şah Abbasa bildirdilər ki, katolik məzhəbinin yayılmasına imkan versə, İspan kralı Osmanlı dövlətinə qarşı müharibədə ona kömək edəcəkdir. Şah həmin ildə Allahverdi bəy Türkmanı kömək almaq üçün İspaniyaya göndərdi.
1603-cü ildə Səfəvi dövlətinə Almaniyadan II Rudolfun elçisi Georq Tektandr göndərilmişdi. Ancaq o, yolda Lənkəranda öldü və onun səlahiyyətini elçiliyin başqa bir üzvü Stefan Kakaş öz üzərinə götürdü. O, 1603-cü ildə I Şah Abbasla Təbrizdə görüşdü. Şah 1604-cü ildə onlarla birlikdə öz elçisi Mehdiqulu bəyi Almaniyaya göndərdi. 1603-cü ildə şahın Fəthi bəy adlı elçisi Venesiyada idi. O,
Venetsiya doжu ilə danışıqlardan sonra xeyli silah aldı. Ancaq Səfəvi ölkəsinə göndərilən silahları Suriyada Osmanlı dövləti ələ keçirdi. Səfəvi elçisi 1609-cu ildə isə Venetsiya, Florensiya və Romada danışıqlar apardı. Ancaq dönük xarici siyasət aparan Qərb dövlətləri ilə danışıqlar Səfəvi dövlətinə uğur gətirmirdi. İspanPortuqaliya siyasətçiləri Şərqin iki imperatorluğu arasında gedən savaşı qızışdırmaqla Bəhreyni tutmaq, özləri bitərəf qalmaqla Osmanlı dövlətinə qarşı hərbi blok yaratmaq istəyirdilər.
1612-ci ildə Osmanlı Səfəvi barışığından sonra I Şah Abbas Hörmüz məsələsini həll etməyi qəti qərara aldı. Bu Səfəvilərlə İspaniya arasındakı durumu pozdu. Hələ 1601-ci ildə İspanlar Bəhreyndən qovulmuşdular. 1614-cü ildə isə fars bəylərbəyi İmamqulu xan ispanları Hambrundan çıxardı. I Şah Abbas fars körfəzi limanlarını başqa ölkələrin üzünə qapayır, onların Səfəvilərlə iqtisadi-diplomatik əlaqələrini nəzarət altında saxlayan Portoqallarla artıq hesablaşmırdı. I Şah Abbas Avropa dövlətləri arasındakı çəkişmələrdən də bacarıqla istifadə edirdi. Onların
Səfəvilərə qarşı birləşməsinin mümkün qədər qarşısını alırdı. İspan-Portuqaliya ilə İngiltərə arasındakı dartışmalar I Şah Abbasın diplomatik uğurları ilə daha da dərinləşmişdi. Şah İran körfəzini tutmağa tələsmirdi. Çünki onun hərbi donanması yox idi. İspaniya Səfəvilərə qarşı başqa Avropa dövlətləri ilə birləşə bilərdi. Əksinə, I Şah Abbas İspaniyaya 1615-ci ildə Robert Şerlinin başçılığı ilə elçi göndərdi. Şah III Filippi arxayın edib Fars körfəzini geri qaytarmaq üçün müharibəyə hazırlaşırdı. Robert Şerli Londonda da oldu. O, İngiltərə ilə Səfəvilər arasında diplomatik-iqtisadi əlaqə yaratmalı idi. Amma o, bu məsələlərdə çox iş görə bilmədi.
Robert Şerlinin səfərindən bir qədər əvvəl, yəni 1614-cü ildə Səfəvi ölkəsinə İspaniyadan Don Qarsiya de Silva göndərildi. O, şahla barışığa gəlib Bəhrəyin və Hambrunu geri almalı idi. O, Səfəvi ölkəsindən digər Avropa tacirlərinin çıxarılması haqqında III Filippin tələbini 1619-ci ildə Qəzvində Şaha çatdırdı. Ancaq onun şahla apardığı danışıqlar uğursuz oldu.
1621-ci ildə İngiltərə ilə Səfəvi dövləti arasında müqavilə bağlandı. 1622-ci ildə İngilis Ost-Hind kompaniyasının nümayəndələri Hörmüz və Kişin geri alınmasında I Şah Abbasa kömək edəcəklərinə söz verdilər. Bunun müqabilində ingilis tacirləri gömrükdən azad olunmalı və körfəzdə gömrükdən götürülən gəlirin yarısı da Ost-Hind kompaniyasına verilməli idi. 1622-ci ildə İngiltərə donanmasının köməyi ilə İmamqulu xan Portuqal qarnizonlarını məğlub edib Kiş və Hörmüzü geri aldı. İran körfəzindəki bu qələbələr I Şah Abbasın diplomatik fəaliyyətinin uğurlu nəticəsi idi. I Şah Abbas xarici siyasəti sahəsindəki uğurları ilə Azərbaycan Səfəvi dövlətini beynəlxalq əlaqələr sisteminə qovuşdurub onun dünyanın fəal dövlətləri sırasında nüfuzunu xeyli gücləndirmişdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin