§ 2. XVII yüzilliyin 20-30-cu illərində Səfəvi-Osmanlı münasibətləri
Osmanlı dövləti ilə yeni savaş. I Şah Abbas 1613-cü ildə Gürcüstana qoşun yeritdi. Azərbaycan bəylərbəyi Pirbudaq xan Türkman, Qarabağ əmirlərindən Dəli Məhəmməd Şəmsəddinli, Şirvan bəylərbəyi Yusif xanın alayları Gürcüstanda sakitlik yaratmalı idilər. I Şah Abbasın ordusu Gürcüstanı asanlıqla tutdular. Gürcüstanın xeyli xristian əhalisinə islam dini qəbul etdirildi.
I Şah Abbasın Quzey Qafqazdakı bu uğurları Osmanlı I Sultanı Əhmədin
narazılığına səbəb oldu. O, 1612-ci il müqaviləsini Pozub Qafqazı yenidən tutmağı qərara aldı. Osmanlı ordusu 1616-cı ildə Ərzurumdan Təbrizə doğru hərəkət edir. Quzeyə dönüb Çuxur-Sədə daxil olan yüz minlik Osmanlı qüvvələri Irəvanı mühasirəyə aldılar.
Irəvana qorçular və tüfəngçilərdən ibarət könüllü dəstələr göndərildi. Şah 1616-1617-ci ilin qışında Ərzuruma dönən Osmanlı ordusunun qabağını kəsmək üçün bura əlavə qoşun da yeritdi. O, osmanlılara ərzaq, sursat gətirilməsinin qarşısını alıb onları mühasirədə saxlamaqla məğlub etmək istəyirdi. Qırx minə yaxın döyüşçü itirən Osmanlı ordusu dərhal geri çəkilməyə başladı.
I Şah Abbas osmanlıların gələcək yürüşlərini pozmaq üçün yenə də köhnə tədbirlərinə əl atdı. Səfəvi ordusu Qarçıqay xanın başçılığı altında Ərzurum və Vana keçib bu bölgələri boşaltdı. Azərbaycana yürüşə hazırlaşan Xəlil Paşanın Osmanlı qüvvəsi qışlamaq üçün Diyarbəkirə çəkilməyə məcbur oldu.
Bu vaxt, yəni 1617-ci ildə Osmanlı dövlətində hakimiyyətə gələn Sultan Mustafa həbsxanada olan Səfəvi elçisi Qasım bəyi azad edib Azərbaycana göndər-
di. Sultan Mustafanın Qasım bəyə verdiyi tapşırığa görə savaş dayandırılmalı və iki ölkə arasında 1612-ci il müqaviləsinə əməl edilməli idi. Ancaq Sultan Mustafa hakimiyyətdən kənar edildi, yerinə şahzadə Osman (1617-1622) gətirildi. Danışıqlar baş tutmadı.
Baş vəzir Xəlil Paşanın ordusu 1618-ci ildə yenidən Təbrizə doğru yola düşdü. Qarçıqay xan Təbrizi, I Şah Abbas özü isə Ərdəbili boşaltdı. Osmanlı ordusu boşaldılmış Təbriz şəhərinə döyüşsüz daxil oldu.
I Şah Abbasın dəfələrlə barış barədə təklifləri cavabsız qaldı. Xəlil Paşa I Şah Abbasın əsas qüvvəsi ilə həlledici savaşa girmək istəyirdi. Ancaq savaş qaydalarını gözəl bilən I Şah Abbas Osmanlı ordusunu boşaldılmış bölgələrdəki çətin yollarla arxasınca aparıb yorurdu. Xəlil Paşanın yollarda yorğun düşmüş 50 minlik qüvvəsi Ərəşdabanla Saqamsaray arasındakı Sınıq körpüdə I Şah Abbasın qoşunu ilə qarşılaşdılar. Savaşda Həsən Paşa öldürüldü, Krım xanı Canıbəy Gəray qaça bildi və onun vəziri Mirzə bəy, Van bəylərbəyi Məhəmməd Paşa əsir alındı.
Osmanlı ordusu 15 min nəfərə yaxın itki verdi.
Bu uğursuz savaşdan sonra Xəlil Paşanın I Şah Abbasa barışıq təklifi ilə onlar arasında Mərənddə 1618-ci ildə 1612-ci il Istanbul müqaviləsinin şərtləri əsasında müqavilə bağlandı. Ancaq bu müqavilədə Səfəvi dövlətinin Osmanlı dövlətinə 1612-ci il müqaviləsinə görə ildə ödəməli olduğu 200 xarvar xam ipək yarıbayarı azaldıldı. Müqaviləni Osmanlı hökuməti 1619-cu ildə təsdiq etdi.
Barışıqdan xeyli sonra Osmanlı ölkəsində daxili çəkişmələr başlandı. Bundan istifadə edən I Şah Abbas 1622-1623-cü illərdə Ərəb Iraqına qoşun yeridib Bağdad, Kərbəla, Nəcəfi tutdu. Eyni zamanda Çuxur-Səd bəylərbəyi Əmirgünə xan Qacar Osmanlı tabeliyində olan Axiskanı ələ keçirdi.
Səfəvilərin bu uğurları ilə barışmayan Sultan Diyarbəkr hakimi Hafiz Əhməd Paşaya tutulan torpaqların geri alınmasını tapşırdı. Diyarbəkr hakimi savaşa hazırlaşdığı zaman Gürcüstanda Səfəvilərə qarşı Georgi Sakadzenin (Murov bəy) başçılığı altında hərəkat başlandı. Bu vaxt (1623-24) Kaxetiya hakimi Peykər xan vilayətin əsilzadələrinin şah hakimiyyətinə qarşı hazırlanmış qəsd barədə I Abbasa xəbər göndərdi. Şah Gürcüstandakı bu mərkəzdənqaçma meyllərinin qarşısını alıb sakitlik yaratmaq üçün bura əmir əl-üməra Qarçıqay xanın başçılığı altında qoşun və ardınca qorçubaşı Isgəndər xanın qorçu alaylarını göndərdi. 30 iyul 1625-ci ildə Gümüşlü döyüşündə məğlub olan Georgi Sakadze qaçmaqla canını qurtardı. Azərbaycanın Cənub-Qərbində kürd çıxışları da (1624-1626) yatırıldı. I Şah Abbas savaşlardakı uğurları ilə yanaşı asılı bölgələrdəki mərkəzdənqaçma hərəkatlarının qarşısını da alıb Səfəvi imperatorluğunu daha da möhkəmləndirdi. I Şah Abbas 1629-cu ildə vəfat etdi. Səfi Mirzənin (I Şah Abbasın oğlu) oğlu Sam Mirzə I Səfi Mirzə (1629-42) adı ilə şah oldu.
Osmanlı dövləti Anadoludan İran körfəzinə çıxan karvan yolu üzərindəki
Bağdadın itirilməsi ilə heç cür hesablaşmaq istəmirdi. I Şah Abbas vəfat etdikdən sonra Bağdadın geri qaytarılması yenə də ön plana çəkildi. Xosrov Paşanın ordusu Bağdada doğru yan aldı. Azərbaycan və Çuxur-Səd bəylərbəyiliklərinin bir çox mahallarına Osmanlı qüvvələri zərbə endirdilər. Bu vaxt Çuxur-Səd bəylərbəyi Əmirgünə xan Qacarın oğlu Təhmasibqulu xan 10 minlik qoşunla Ihlat və Adilcivaza qədər hərəkət edib çoxlu əsir, hərbi sursat ələ keçirdi.
Rüstəm xanın başçılıq etdiyi Səfəvi ordusu isə Vanı mühasirəyə aldılar. Diyarbəkr hakimi Murtuz Paşa və Ərzurum hakimi Xəlil Paşanın qüvvələrinin Vana doğru yürüşünü eşidən Rüstəm xan geri çəkildi.
Osmanlı Sultanı IV Murad (1623-1640) 1634-cü ildə yeni səfərbərlik keçirib güclü ordu yaratmışdı. Bu xəbəri eşidən şah əsas qüvvəni Təbriz şəhərinə topladı. IV Murad 1634-cü ildə Çuxur-Səd sərhəddini keçib Irəvanı mühasirəyə aldı. Şəhər 10 günlük mühasirədən sonra tutuldu. IV Murad Irəvanı tutduqdan sonra Təbrizə doğru yola düşdü. Bu vaxt Təbrizin yeni bəylərbəyi Rüstəm xan şəhəri tamamilə boşaltdırdı. IV Murad Təbrizə savaşsız daxil oldu. Ancaq boşaldılmış şəhərdə ərzaq, sursat yox idi, qış yaxınlaşırdı, Səfəvilər hücum edə bilərdilər. Elə buna görə, 26 sentyabr 1635-ci ildə osmanlılar şəhərdən çıxıb geri döndülər. Səfəvi ordusu 11 aprel 1635-ci ildə Irəvan şəhərini də geri aldı. Bağdad şəhərini isə osmanlılar yenidən tutdular. Tərəflər arasında yenidən danışıqlar başlandı və 1639-cu il mayın 17-də Qəsri-şirində iyirmi yeddi maddədən ibarət sülh müqaviləsi bağlandı. Iki dövlət arasındakı əhdnamədə göstərilirdi: «… Birinci maddə odur ki, hər iki tərəfdən vurğunçu, yağmaçı və talançı olmasın. Ələ keçirildikdə hər iki tərəfə uyğun ədalətli hökm verilə… Ikinci maddə: əsgər çəkilib gərənay, nəfir ilə top və tüfəng atılıb ölkə basılmaya…» Müqaviləni Səfəvilər tərəfindən Sarı xan, Osmanlı dövləti tərəfindən isə Mustafa Paşa imzaladılar. Müqaviləyə görə dövlət sərhədləri dəyişdirilmədi. Maku, Van, Axiska Osmanlı dövlətinə qaldı. Səfəvilər Arazın sağ sahilindəki Maku, Qotur, Mağazburd qala divarını dağıtmalı idilər. Beləliklə, iki qonşu dövlət bir-birindən asanlıqla qopara biləcəkləri bir şeyin olmadığını anlayınca, aralarında diplomatik münasibətlər güclənməklə sərhədləri sabit bir sakitliyə qovuşdu.
Müqavilə imzalandıqdan az sonra, 1639-cu ildə Səfəvi dövləti Osmanlı sarayına Məhəmmədqulu xan Ciğatayı göndərmiş və o, 1640-cı ildə geri döndükdə, elə həmin il Sultan İbrahim (1640-1648) də 1639-cu il andlaşmasının şərtlərinə uyğun olaraq qarşılıqlı münasibətləri möhkəmləndirmək üçün İsfahana elçi göndərir. I Şah Səfi də Osmanlı elçisi ilə Maqsud sultan adlı elçisini Sultan İbrahimi hakimiyyətə keçməsi münasibəti ilə təbrik etmək üçün İstanbula yola salır. 1642ci ildə Sultanın Yusif ağa adlı elçisi diplomatik danışıqlar və II Şah Abbası təbrik etmək üçün Səfəvi dövlətinə gəlir. Yusif ağa ilə II Şah Abbas Qəzvində görüşmüş və iki ölkə arasında dostluq, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etmişdilər.
XVII yüzilin ikinci yarısında daxili və xarici vəziyyət. Şah Səfidən sonra hakimiyyətə onun kiçik oğlu II Şah Abbas (1642-1666) keçir. Yeni Şahın yaşı az olduğuna görə dövləti təxminən 1648-ci ilə qədər baş vəzir Mirzə Tağı idarə etmişdi. II Şah Abbasın dövründə Səfəvi dövlətinin iqtisadiyyatı inkişaf edərək beynəlxalq aləmdə nüfuzu güclənmiş, Avropa və Şərq dövlətləri ilə qarşılıqlı diplomatik əlaqələri də genişlənmişdi. O, mülayim təbiətli və sülhpərvər olub, qonşu dövlətlərlə qarşılıqlı «dostluq içində» münasibətlərini qoruyub saxlamağa çalışmışdı. Osmanlı dövləti ilə 1639-cu ildə müqavilə bağlandıqdan və qarşılıqlı anlaşma əsasında hüdudlar müəyyənləşdirildikdən sonra tərəflər arasında müharibə təhlükəsi aradan götürülmüş, Səfəvi dövlətinin sərhədlərinin təhlükəsizliyi təmin olunmuşdu.
Bu iki dövlət arasında elçilik mübadiləsi ilə münasibətlərin gücləndiyi bir zamanda Osmanlı əyanlarından kökcə kürd olan Ibşir Paşanın öyrətməsi ilə Pinyaniş kürdləri dəfələrlə Səfəvi sərhədini pozub qarət və qətillər törədirlər. Nəticədə, Urmiya xanı top və tüfənglə təchiz olunmuş 20 minlik qoşunla Osmanlı sərhədini keçib Pinyaniş kürdlərini cəzalandıraraq, onların 40 min qoyununu da sürüb gətirdi. Tərəflərdən biri digərinin sərhədini top və tüfəngli qoşunla pozması 1639-cu il əhdnaməsinə zidd olduğuna görə, Osmanlı dövləti dərhal Səfəvi dövlətinə etirazını bildirib, Vanda hərbi hazırlıq işlərinə başlayır. Ancaq bu hadisə ilə bağlı 1654cü ildə IV Sultan Mehmed (1648-1687) tərəfindən Azərbaycana göndərilən Evliya Çələbi iki dövlət arasındakı anlaşılmazlığı aradan qaldırıb dostluq münasibətlərini bərpa edə bilmişdir. Ancaq Səfəvi dövlətinin quzeydə Rusiya ilə «dostluq münasibətləri» tərəflərin ticarət maraqlarına əsaslansa da, onların arasında siyasi münaqişələr də vardı. Belə ki, Rusiya Kazan (1552) və Həştərxanı (1556) işğal etdikdən sonra Volqa-Xəzər karvan yolunun böyük bir hissəsi üzərində nəzarəti ələ keçirməklə kifayətlənməyib XVII yüzilliyin ortalarında Səfəvi-Rusiya sərhəddi boyunca qalalar, istehkamlar tikdirirdi. Digər tərəfdən isə Yaik Don kazaklarının Xəzəryanı yaşayış məntəqələrinə qarətçi yürüşlərinin ardı-arası kəsilmirdi. Yaik kazakları 1632-ci ildə Bakıya hücum etmiş, Don kazakları isə 1647-ci ildə Bakı yaxınlığında dənizdə Fərəhabad tacirini yağmalamışdı.
Səfəvi dövlətinin quzey sərhədlərinə yaxın məsafələrdə Rusiyanın qalalar inşa etməsindən və Rusiya təbəələri olan kazakların Xəzəryanı vilayətlərə qarətçi yürüşlərindən ehtiyat edən II Şah Abbas Astrabaddan Dərbəndə qədər bütün vilayətlərin hakimlərinə hərbi istehkamların möhkəmləndirilməsini, yeni qarovul məntəqələrinin qurulmasını, onlarda tüfəngçilərin yerləşdirilməsini əmr edir.
Aleksey Mixayloviç (1645-1676) isə Terek çayı üzərində yeni qala inşa etdirdi. Elə bu zaman, yəni 1642-ci ildə Kaxetiya hakimi Teymuraz Aleksey Mixayloviçin sarayına xüsusi nümayəndə göndərib Səfəvi dövlətinə qarşı mübarizədə kömək istədi və Şimali Qafqazdan Göysuda qala inşa olunması barədə məsələ qaldırdı. Bu qala çərkəzlərin Səfəvi dövləti ilə əlaqəsini pozmalı və həm də Rusi-yanın Gürcüstana yardımını asanlaşdırmalı idi. Bu zaman Gürcüstanın Səfəvi dövlətinə aid olan bölgələrini Rüstəm xan adı ilə məşhur olan Xosrov Mirzə idarə edirdi. O, Teymuraz və onun tərəfdarlarını Gürcüstandan 1653-cü ildə əsgəri güclə çıxarmağa müvəffəq olsa da, Teymuraz elə həmin ildə Rusiyanın təsiri ilə yenidən Gürcüstana daxil oldu ki, bu zaman Şirvana da ciddi zərər toxundu. Ancaq o, məğlub oldu və özü də əsir götürülüb Isfahana göndərildi. Bu hadisə Rusiyanın gizli də olsa, Gürcüstanı iddia etdiyini və Səfəvi dövləti ilə aralarında münaqişənin olmasını bir daha təsdiq edir.
1650-ci ildə Rusiyanın sərhəd məntəqəsində yenə bir qrup Səfəvi taciri qarət edilir və bu hadisədə Kuban kazaklarını günahlandıran şah Şirvan bəylərbəyi Xosrov xana Sunжen qalasına hücum etmək barədə göstəriş verir. 1653-cü ildə Şirvan, Qarabağ, Çuxur-Səd bəylərbəylərinin qoşunları Sunжen qalasını tutub yandırdılar. Şirvan bəylərbəyi Xosrov xan şaha müracət edib, Terek qalasına hücum etmək üçün ondan icazə istəsə də, şah buna razılıq vermədi və Səfəvi qoşunu geri döndü. Ancaq Rusiya ilə Səfəvi dövləti arasında münaqişə 1662-ci ilə qədər davam etmiş və nəhayət qarşılıqlı diplomatik danışıqlarla aradan qaldırılmışdı.
II Şah Abbas 1649-cu ildə Qəndəharı tutub, buradakı hindliləri öz vətən-lərinə yola salıb, Şah Cahana (1627-1658) dostluq məktubu yazdı və onunla əlaqələri nizama salaraq dövlətin doğu sərhədlərini möhkəmləndirdi.
1666-cı ildə II Şah Abbas vəfat etdikdən sonra onun böyük oğlu Səfi Mirzə Şah Süleyman (1666-1694) adı ilə hakimiyyətə gəldi. Onun dövründə ölkənin Şərq sərhədləri zəifləmiş, özbək xanları isə Xorasana tez-tez hücumlar edir və heç bir ciddi müqavimətlə qarşılaşmışdılar. XVII yüzilin 70-ci illərində Xəzəryanı vilayətlər də kazak hücumlarına məruz qalmışdı. Belə ki, Stepan Razinin başçılıq etdiyi kazaklar 1668-ci ildə Xəzər dənizi ilə Gilana yan aldığı zaman şah hökuməti onlara qarşı güclü qoşun çıxardıqda, taktiki məqsədlə bildirdilər ki, Səfəvi dövlətinin təbəəliyinə keçmək üçün bura üz tutmuşlar. Hətta onlar danışıqlar üçün şahın nümayəndəsini gözləyərək Rəştdə xeyli dayandılar. Ancaq 1669-cu ildə şahın onlara qarşı göndərdiyi qoşunu məğlub edib Xəzəryanı vilayətləri qarət edərək geri döndülər. Kazaklar Səfəvi dövlətinin çox mühüm vilayətlərinin iqtisadiyyatına, Rusiya dövləti ilə ticarət əlaqələrinə ağır zərbələr vurdular.
Artıq XVII yüzilin 70-ci illərində Səfəvi dövlətində iqtisadi və siyasi böhranın ilk əlamətləri özünü açıq şəkildə büruzə verirdi. Bu vaxt İran körfəzinin mühüm liman məntəqələri yenidən Qərb dövlətlərinin nəzarəti altına düşmüşdü. Okeanlardan keçən beynəlxalq ticarət yolu ticarət gəmiləri olmayan Səfəvi dövlətinin üzünə qapanmış, Volqa-Xəzər yolunun əsas hissəsinə Rusiya nəzarət edir, Avropa mallarını ölkəyə qərbli tacirlər, Mərkəzi Asiya, Hind, Çin mallarını isə hindli tacirlər gətirirdi. Səfəvi dövlətinin mal ixracı da əcnəbi tacirlərin əlində idi. Səfəvi dövlətinə mal idxalı artmış və mal ixracı isə öz növbəsində şəhərlərdə bəzi istehsal sahələrinin ləğvi və iqtisadi durğunluğa səbəb olurdu. Dövlət hakimiyyətinin zəifləməsindən mərkəzi və yerli bürokratik aparatın məmurları sui-istifadə edir, vergi və mükəlləfiyyətlər artılır, nəticədə ölkə daxilində narazılıqlar genişlənir, asılı xalqların mərkəzdənqaçma hərəkatları güclənir və siyasi böhran da getdikcə dərinləşirdi.