Şəki üsyanı. 1743-cü ildə Şirvan, Şəki, Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş verdi. Bu dövrdə azadlıq mübarizəsinin mərkəzlərindən biri Şəki idi. Şəkinin hakimi Məlik Nəcəf əhali ilə pis rəftar edir, artıq vergilər toplayırdı. Onun zülmündən cana gəlmiş Şəki Əhalisi Nadir şaha şikayət etdi. Şah isə Şəki əhalisinin sakitliyi üçün Şəki əyanlarından bir nəfərin vəkil seçilməsini tapşırdı. Hacı Qurban oğlu Çələbi Məlik Nəcəfin üzərində nəzarətçi və vəkil seçildi. Məlik Nəcəflə Hacı Çələbi arasında münaqişə başlandı. Məlik Nəcəf Hacı Çələbidən şaha şikayət etdi. Şah onu öz hüzuruna çağırdı və edam edilməsini əmr etdi. Hacı Çələbi edama aparılarkən Məlik Nəcəfin bütün pis əməllərini şaha bildirdi. Şah onu azad etdi. 1743-cü ildə Hacı Çələbi öz adamları ilə Məlik Nəcəfi öldürdü və Şəkidə hakimiyyəti ələ keçirdi, “Gələrsən-görərsən” qalasında möhkəmləndi. Nadir böyük qoşunla Şəkiyə hücum etdi. Lakin 4 aylıq mühasirə bir nəticə vermədi. Nadir şahın qoşunları geri çəkildi. 1746-cı ildə qala müdafiəçilərinin ərzaq ehtiyatı tükəndi. Hacı Çələbi vəkil vəzifəsində qalmaq şərti ilə Nadir şaha təslim oldu.
Yeni çıxışlar. Nadir şahın öldürülməsi.Şirvan və Şəkidə baş verən üsyanlardan sonra xalqın vəziyyəti daha da ağırlaşdı. Nadir şah yeni-yeni vergilər üçün fərmanlar verdi, keçən ildən qalmış vergi borclarının ödənilməsini tələb etdi. Üsyan dalğası yenidən gücləndi. 1747-ci ildə Ərdəbildə və Təbrizdə üsyan başladı. Təbriz üsyanına III Sam Mirzə başçılıq edirdi. Üsyançılar Novruz bayramı günü şəhəri ələ keçirdilər və şahın adamlarını qırdılar. Onlar İrəvana hücum etdilər, müqavimətə rast gəlib Təbrizə qayıtdılar. Bu üsyan da məğlubiyyətlə başa çatdı, III Sam Mirzə qətlə yetirildi.
Xalqların azadlıq mübarizəsi, aramsız müharibələr, iqtisadi vəziyyət, iri feodal qrupları arasındakı mübarizə - bütün bunlar Nadir şahı qəzəbləndirdi və o, kütləvi cəza tədbirlərinə başladı. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də yan keçmədi. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişirdi. 1747-ci ilin iyununda gecə Nadir şah öz çadırında qətlə yetirildi. Bir çox tarixçilərin “Şərqin Napoleonu” adlandırdıqları bu böyük şəxsiyyətin həyatı belə faciəli şəkildə başa çatdı. Onun yaratdığı və ərazisi 5,5 milyon kvadrat kilometr olan Azərbaycan Əfşarlar imperiyası süqut etdi, dövlətin ərazisində onlarla xırda dövlətlər – xanlıqlar meydana gəldi.
FƏ Sİ L 11. AZƏ R BAY CAN X ANL I QL AR DÖV R ÜNDƏ