Nadir şahın ordu quruculuğu. Nadir şahın sərkərdəlik və dövlətçilik fəaliyyətinin yadda qalan uğurlarının əldə edilməsinin başlıca səbəblərindən biri də onun güclü hərbi qüvvələr yaratması idi. Nadir şah özünün bütün hərbi keyfiyyətlərini də məhz bu qüvvələr vasitəsilə ifadə edə bilmişdi. İstəklərinə və tələblərinə uyğun gələn qoşunları formalaşdırmaqla Nadir şah həm böyük tarixi qələbələrlə yadda qaldı, həm də yeni bir dövlət qurdu. Səfəvilər dövründə mövcud olmayan hərbi-dəniz qüvvələrinin və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əhəmiyyətli addımlar atdı. Nadir şah iştirak etdiyi döyüşlərin aparıldığı şəraitə uyğun olaraq yüngül artilleriyanın (zənburəklərin) işlədilməsinə, döyüş istifadəsinə diqqəti artırdı, artilleriyanın yeni strukturlarını yaratdı. Bundan başqa, briqada (tip) və ləşgərlərin strukturlarında da bir sıra yeniliklər meydana gəldi. Nadir şahın qoşunlarında dəstələr daimi və müvəqqəti əsasda üzvi şəkildə birləşdirildi. Nadir şah dövləti, əsasən, hərbi dayaqlar üzərində bərqərar olmuşdu. Ona görə də, Nadir şahın ətrafında daimi əsasda yaradılmış qoşun strukturu var idi. Bura cəzayirçi, qorcu, qullar dəstələri, xüsusi qvardiya keşikçilər dəstəsi və s. daxil idi. Qoşunlara səfərbərliyin həyata keçirilməsində Nadir şah könüllülük prinsipindən istifadə edirdi. Bununla belə, Nadir şah qoşunların sayının artması üçün məcburiyyət vasitələrinə də əl atır, ələ keçirdiyi vilayətlərin, ərazilərin hakimləri və əhalisi qarşısında konkret sayda qoşun toplayıb mərkəzi hakimiyyətin ixtiyarına verilməsi tapşırıqlarını da qoyurdu. Nadir şah qoşunların struktur vahidlərinin formalaşdırılmasında və onların idarə edilməsində onluq sistemindən istifadə edirdi.
Eyni zamanda Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradılması işinə başladı və ordusunu yenidən qurmaq fikrinə düşdü. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirdi. Onun ordusunda artilleriya və tüfəngçilər – ağır muşketlərə silahlanmış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Topçuların hazırlığı, artilleriya və top sınaqları burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi ətrafındakı bütün torpaqları birləşdirərək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi.
Onun apardığı mərkəzləşdirmə siyasəti fars mənşəli feodal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadirə suiqəsd edildi. Lakin sui-qəsd uğurlu olmadı, sui-qəsdin təşkilində günahlandırılan,
Nadirin böyük oğlu Rzaqulunun gözləri çıxarıldı.