Azərbaycan ədəbiyyatı. Bu dövrün Azərbaycan ədəbiyyatı klassik ədəbiyyatın və şifahi xalq yaradıcılığının mütərəqqi ənənələrinə əsaslanmaqla bərabər Avropa və rus ədəbiyyatının da nailiyyətlərindən bəhrələnərək yeni ədəbi mərhələyə qədəm qoymuşdu. Azərbaycan tənqidi realizmi yüksək səviyyəyə çatmışdı. XX əsr Azərbaycan tənqidi realizm məktəbinin görkəmli nümayəndələri C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi, Y.V.Çəmənzəminli, Ə.Möcüz və b. idilər.C.Məmmədquluzadənin “Ölülər”komediyası, M.Ə.Sabirin “Hophopnamə”si, N.Nərimanovun “Pir” povesti, Ə.Haqverdiyevin “Pəri cadu” pyesi və s. XX əsr Azərbaycan ədəbiyyatının realist istiqamətinin ən parlaq nümunələri idi.
Bu dövrün digər ədəbi cərəyanı da romantizm idi. Onun ən böyük nümayəndələri M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq, və b. idilər. H.Cavid Azərbaycan ədəbiyyatında şeirlə yazılmış ilk dram əsərinin müəllifi idi. Onun fəlsəfi “Şeyx Sənan” faciəsi dini fanatizmə qarşı yönəlmişdi.
XX əsrin əvvəllərində ədəbi failiyyətin müstəqil istiqaməti kimi formalaşan Azərbaycan uşaq ədəbiyyatı A.Səhhət, A,Şaiq, M.Ə.Sabir, C.Məmmədqulqzadə, S.S.Axundovun əsərləri sayəsində inkişaf edirdi.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixinin öyrınilməsinin əsasını qoyan görkəmli ədəbiyyatşünas alim F.Köçərli “Azərbaycan türklərinin ədəbiyyatı” adlı 3 cildlik əsərini yazdı.
Dünya ədəbi irsinin və ədəbi fikrinin öyrənilməsində , ictimai-siyasi və elminəzəri məsələlərin təhlil edilməsində Ə.Hüseynzadə , Ə. Ağayev , Ə.Topçubaşov kimi Azərbaycan publisistləri də fəal iştirak edirdilər. Bu dövrdə Azərbaycan elminin görkəmli nümayəndələrindən olan tarixçi-şərqşünas, etnoqraf M.Şahtaxtinski Sarbonna Universitatinin “Asiya fonetikası “cəmiyyətinin həqiqi üzvü seçilmişdı.
XX əsrin əvvəllərində Azərbaycan tarixşünaslıq elmi R.İsmayilovun “Qafqazın qısa tarixi”(1904), H.Gəncəvinin “Zəbdətüt Təvarix” (Tarixin qaymağı), M.R.Fənanın “Qarabağın yeni tarixi”(1912) əsərləri ilə zənginləşdi.
İncəsənət.XX əvvəllərində teatr , musiqi, təsviri incəsənət də öz inkişafında yeni mərhələyə qədəm qoymuşdu. Mədəni maarif cəmiyyətlərinin yaranması öz növbəsində Azərbaycan milli teatr sənətinin inkişafına və Azərbaycan teatrının H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, S.Ruhulla kimi korifeylərinin yaranmasına təkan verdi. 1916-cı ildə H.Ərəblinski və H.Sarabskinin rəhbərliyi ilə yaradılan
“Müsəlman dram cəmiyyəti” Azərbaycan teatrını həm ölkə daxilində , həm də onun sərhədlərindən kənarda tanıtdı.
Azzərbaycan milli opera teatrının yaranması da bu dövrə təsadüf edir . Azərbaycan musiqisinin inkişafında Ü.Hacıbəyov, M.Maqomayev, C,Qaryağdıoğlu, H.Sarabski, Q.Pirimov kimi mədəniyyət xadimlərimizin böyük xidmətləri olmuşdur. 1908-ci ildə Z.Tağıyev teatrinda “Leyli və Məcnun” operasının ilk dəfə tamaşaya qoyulması Azərbaycan musiqi tarixində mühüm bir hadisə oldu.
1908-1915-ci illərdə Ü.Hacıbəyiv “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşud Banu “,”Harun və Leyla “ kimi bir söra yeni operalar yaratdı.
1913-cü il oktyabrın 25-də ilk dəfə milli musiqili teatr səhnəsində Ü.Hacıbəyovun “Arşın mal alan “ musiqili komediyası səhnəyə qoyuldu və böyük müvəffəqiyyət qazandı.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında bəstəkar M.Maqomayevin də misilsiz xidmətləri olmuşdur. Onun 1916-cı ildə yaratdığı “Şah İsmayıl “ operası Azərbaycan opera sənətinin qızıl fonduna daxil oldu.