Maarif. Çarizmin milli müstəmləkə siyasəti maarifin inkişafında özünü daha aydın göstərirdi . Bu dövrdə Bakı şəhərində azərbaycanlı əhalinin yalnız 19,3% savadlı idi. Savadsızlığın başlıca səbəbi isə ana dilində məktəblərin açılmasına icazə verilməməsi və təhsilin pullu olması idi. Azərbaycan burjuaziyasının dövlət dumasında olan nümayəndələrinin məktəb açmaq tələbləri əsasən eşidilməmiş qalırdı. Lakin 1905-1907-ci illər hadisələrindən sonra çar hökuməti maarif sahəsində də bəzi güzəştlərə getməyə məcbur oldu.
Bu dövrdə Azərbaycan demokratik ictimaiyyəti “rus-tatar” məktəbləri şəbəkəsini genişləndirmək uğrunda mübarizə aparırdı. Onlar eyni zamanda çarizmin bu məktəbləri ruslaşdırma siyasətinə qarşı da çıxış edirdilər . Azərbaycabda mədəniyyət və təhsilin inkişafında “Nicat” , “Nəşri-maarif “ kimi cəmiyyətlər mühüm rol oynadı.
Sahibkarlar, ziyalılar, ictmai və din xadimlərindən ibarət böyük bir qrupu özündə birləşdirən və Z.Tağıyevin rəhbərlik etdiyi “Nəşri maarif “ cəmiyyəti məktəb şagirdlərinə maddi yardım göstərməklə yanaşı özləri də təhsil ocaqlarının yaradılmasında iştirak edirdilər. 1915-ci ildə cəmiyyətin açdığı 15 xalq məktəbində 900 şagird təhsil alırdı.
“Nicat “ cəmiyyətinin qurucuları isə Ə.Ağayev, Ə.Axundov, M.Hacinski kimi qabaqcıl Azərbaycan ziyalıları idi.
Azərbaycan demokratik ziyalıları Azərbaycan qadınlarının da savadlanması istiqamətində fəal iş görürdülər. 1901-ci il oktyabrın 1-də Azərbaycan mill burjuaziyasının lideri və Azərbaycan maarifciliyi tarixində özünəməxsus yeri olan Z.Tağıyev öz hesabına “Bakı rus-müsəlman qadın məktəbi” açmışdı. Bu XX əsr Azərbaycan mədəniyyətində mühüm tarixi hadisə idi. Bunun ardınca 1902-ci ildə Gəncədə qadın məktəbi , daha sonra Ağdamda, Qazax qəzasının Salahlı kəndində , Göyçay qəzasının Zəyəm kəndində , Şuşada, Şamaxıda və b. yerlərdə qadın məktəbləri açıldı. Bu məktəblərdə H.Məlikova, X.Ağayeva, R.Hacıbəyova, S.Vəzirova, Ş.Əfəndiyeva, A.Sultanova kimi ziyalı Azərbaycan qadınları müəllimlik edirdilər.
Əsrin əvvəllərində Bakı və b. şəhərlərdə yaşlıların da təhsil alması üçün əsasən bazar günü fəaliyyət gostərdikləri üçün “Bazar məktəbləri” adlanan müəssisələr fəaliyyət göstərməyə başlamışdı.
Bu dövrdə Azərbaycan mədəniyyət xadimlərinin qarşısında duran ən mühüm vəzifələrdən biri də də tədtis-metodik vəsaitlər hazırlayıb nəşr etdirmək idi. Bu işdə R.Əfəndiyev, S.S.Axundov, F.Ağazadə, A.Şaiq, M.Mahmudbəyov, A.Səhhət, Ə.Əfəndiyev, Q.N.Nərimanbəyov, Q.Qəmərlinski, Ü.Hacıbəyov, F.Köcərli kimi Azərbaycan ziyalılarının böyük rolu olmuşdu. A.Şaiqin rəhbərliyi altında “Uşaq çeşməyi”, “Gülzar” kimi dərsliklər, A.Mahmudbəyovun redaktorluğu ilə “İkinci il”, “Türk ədəbiyyatına ilk qədəm” , “Yeni türk əlifbası”, Şahtaxtinskinin “Şərq əlifbasının fonetikası” adlı dərsliklər yazılmışdı.
XX əsrin əvvəllərində Azərbaycabda mədəni-maarif idarələri də fəaliyyət göstərməyə başlamışdı. Bakıda, Şuşada, Nuxada, Gəncədə, Qubada kitabxanalar açılmışdı. 1902-ci ildə Qara şəhərdə , 1906-ci ildə Bayılda açılmış xalq evlərində görkəmli mədəniyyət xadimlərinin mühazirələri təşkil edilirdi. 1907-ci ildə Bakıda müsəlman mədəni maarif cəmiyyəti “Səadət “, 1910-cu ildə isə “Səfa” cəmiyyəti fəaliyyət göstərməyə başladı.
Mətbuat. I rus inqilabından sonra Azərbaycabda milli mətbuat sahəsində də xeyli irəliləyişlər baş vermişdi. Bürokratiyanın maneçiliklərinə , təqiblərə baxmayaraq Azərbaycabda 1917-ci ilin fevralınadək 227 dövri mətbuat orqanı fəaliyyət göstərirdi. 1905-1917-ci illərdə Azərbaycabda nəşr olunan əsas mətbuat orqanları “Həyat” , “Tazə həyat” , “Tərəqqi”, “İttifaq”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” və b. qəzetlər idi. Mətbuat tarixində Müsavat partiyasının orqanı olan “Açıq söz “ qəzetinin xüsusi yeri var idi. Azərbaycabda bu dövrdə “Hümmət”, “Təkamül”, “Bakı həyatı” qəzetləri , “Yeni söz” jurnalı da nəşr olunurdu. Bunların içərisində inqilabi demokratik mətbuat orqanı olan satirik “Molla Nəsrəddin “jurnalı xüsusi yer tuturdu.
1905-1907-ci illər milli mətbuatın inkişafında nəşriyyatçılar qrupunun fəaliyyətini xüsusi qeyd etmək lazımdir. Nəşriyyatçılar arasında Orucov qardaşları, H.Vəzirov, İ.Aşurbəyli, Ə.Mikayılov, M.İbrahimov xüsusilə fərqlənirdi. Gəncədə, Lənkəranda, Şuşada, Naxşıvanda da kiçik mətbəələr fəaliyyət göstərirdi. C.Məmmədquluzadə və Ö.Faiq Tiflisdə “ Qeyrət” mətbəəsini təsis etmişdi.