Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.
Maddə
Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.
Maddə
İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir.
Maddə
Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə kiçik Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir, burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 31/2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq barəsinədək gedir; buradan İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 verst aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı; adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edirdi ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velkic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhədindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.