§ 2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı mübarizə
Eramızın 224-cü ilində İranda parfiyalıların hakimiyyəti devrildi və Sasanilər sülaləsinin idarə etdiyi dövlət yaradıldı. Bu dövlətin əsasını Sasan sülaləsindən olan I Ərdəşir qoymuşdu (224-241). Sasanilər dövlətinin paytaxtı Kteston (Mədain) idi. Yaradılmış olan bu dövlət işğalçılıq siyasətinə başlamış. Orta Asiyanın bir hissəsini, Atropatenanı, Mesopatamiyanı və Suriyanı tutmuşdular. Zəngin təbii sərvəti olan əlverişli mövqedə yerləşən, mərkəzi şəhəri, Təbriz olan Atropatenanın işğal (227-si il) edilməsi Sasanilər üçün daha əhəmiyyətli idi. Atropatena sasanilərin ən mühüm əyalətlərindən birinə çevrilmişdi. Atropatenada hakim mövqe tutan Zərdüşt dinini sasanilər dövlət dini elan etmişdir. Zərdüşt və ya baş allah Ahuramazdanın (Hörmüz) adı ilə adlandırıldığı kimi məzdəizm hakim feodalların tələbatına uyğunlaşdırılmışdı. Şahənşah I Sapur (241-272) itaət altına alınmış vilayətlərdə zərdüşt dinini zorla yaymaq əmrini vermişdi. Atropatenanın Qazaka şəhərindəki atəşpərəstlik məbədi yenə də baş məbəd hesab olunurdu. Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin mərkəzindən bura piyada ziyarətə getməli idilər. Sasanilər Atropatenanı tutduqdan sonra Albaniyaya, Armeniyaya, İberiyaya hücum etmişdir. Uzunmüddətli müharibələrdən sonra qəsbkarlar 262-si ildə Albaniyanı da işğal etmişdilər. Sonra da Armeniya və İberiya ərazisi də işğal olundu. Azərbaycan üç əsrdən artıq Sasanilər hakimiyyəti altında qalmışdır. Bu Azərbaycanın inkişafını ləngitsə də onun iki hissəsinin – Atropatena və Albaniyanın iqtisadi və mədəni cəhəddən yaxınlaşmasına şərait yaratmışdı.
Bu dövrdə Albaniyanı, Armeniyanı, İberiyanı Roma imperiyası da işğal etməyə can atırdı. Şimali Qafqazdan köçəri tayfalar tez-tez basqınlar edirdilər. Azərbaycan bu Şimal canişinliyində mühüm strateji mövqe tutaraq, imperiyaya gedən yolları həm şimalda xəzərlərdən, həm də qərbdə Bizansdan qoruyurdu. Xəzərlər Arran və Azərbaycana başqalarına nisbətən tez-tez basqınlar edirdilər, buna görə də Sasani şahları öz sərhədlərini möhkəmləndirməyə son dərəcə əhəmiyyət verirdilər. Alban tarixində Sasani şahlarından II Şapurun (309-379) hökmranlığı zamanı xəzərlərin təqribən 350-ci ildə Arrana basqını haqda məlumat vardır.
«Külli miqdarda» xəzər Çoqay qapısından keçib, bizim ölkəyə girmişdi. Şapur Assuriya, Xorasan və Xarəzmdən saysız-hesabsız ordu, Atropatena əyalətindən çoxlu qoçaqlar, albanları və Qafqaz dağlarının vəhşi xalqlarından 12 tayfa toplayıb bu böyük qüvvə ilə yürüşə başlayaraq onların qarşısına çıxdı.
Lakin xəzərlərə qarşı ciddi tədbir görən İran şahı I Qubad idi: onun sərkərdələrindən biri Dinavərədək gəlib çıxan xəzərləri təqib edərək, Surzan (Gürcüstan) və Arranı onlardan geri aldı. O, Arran ölkəsinə daxil oldu və Ər-Ras (Araz) adı ilə məhşur çayla Şirvan arasında olan bütün torpaqları tutması haqda Bəlazuri məlumat verir.
IV əsrdə Roma imperiyası ilə sasanilər arasında Albaniya, Ermənistan və İberiyanı işğal etmək uğrunda uzun sürən müharibələr baş verir. Roma imperiyası və köçəri xalqlarla birləşən ermənilər sasanilərə qarşı müqavimət göstərirdilər. Atropatena isə bu müharibələrin meydanına çevrilirdi. Sasani hökmdarı II Şapur Armeniya üzərinə hücum edərkən şahin bacısına evlənmiş, alban hökmdarı Urnayır onunla birlikdə bu yürüşdə iştirak etmişdir.
İran ilə Roma imperiyası arasında uzun sürən müharibəyə 390-cı ildə son qoyuldu. Sülh müqaviləsinə görə Armeniyanın, Gürcüstanın şərq vilayətləri, Albaniya sasanilərin hakimiyyəti altına keçdi. Bu vəziyyət təqribən VII əsrə kimi davam etmişdir.
Strateji əhəmiyyətə malik olan Albaniyaya sasanilər xüsusi əhəmiyyət verirdilər. Çünki şimaldan gözlənilən köçəri tayfaların hücumlarının qarşısını almaq üçün bir sədd idi. Albaniyada Dərbənd istehkamlarını tikmək buna misaldır. Dərbənd torpaq istehkamı II Yezdəgirdin (438-457) dövründə tikilmişdir. VI əsrdə daş divarlarla əvəz edilmişdir. Albaniyanın əhalisinin gücü və dövlətin vəsaiti hesabına inşa edilən istehkam Xəzər dənizinin içərilərinə doğru irəliləyirdi. Aqvan tarixinin müəllifi yazır ki, Dərbənd istehkamları və qalasını tikmək üçün Iran şahları ölkəmizi Arrani taqətdən saldılar: bu qəribə binanı tikmək üçün memarları səfərbərliyə alan və çoxlu müxtəlif material axtarıb tapan Iran şahları həmin tikinti vasitəsilə Qafqaz dağı ilə Şərq (Xəzər) dənizi arasındakı keçidləri qapalı saxlayırdılar.
Şimaldan gələn hücumları dəf etmək üçün və albanların sasanilərə qarşı çıxışlarının qarşısını almaq üçün bir dayaq nöqtəsi olaraq sasanilər Azərbaycanda çoxlu qalalar tikdirmişlər. «Torpaqqala» (Samurda) ondan sənubda «Gilgilçay istehkamı», Beşbarmaq dağına qədər uzanan divarları, Zaqatalada daş hörgülərini, Bərdədə, Şəmkirdə, Şamaxıda və başqa yerlərdə tikilmiş qaları buna misal göstərmək olar.
Sasanilərin ağır vergi, mükəlləfiyyət və qəsbkarlıq siyasətinə qarşı Azərbaycan əhalisi arasında olan böyük narazılığı dərinləşdirdi.
Əvvəllər əsas vergi olan tüstü vergisi kəndli həyətlərinin sayı ilə bağlı idi. Artıq vergidən can qurtarmaq üçün kəndli ailələri böyüyəndə də bir-birindən ayırmırdılar. İndi isə tüstü (ailə) töycüsünü can vergisi ilə (adam başına vergi) əvəz etdilər. Vergi toplanmasının yeni sistemi mütəşəkkil soyğunçuluq xarakteri daşıyırdı. Əhalidən alınan vergiləri 2 dəfə artıran II Yezdəgird zamanı bu narazılıq daha da artmışdır.
Sasanilərin işğalçılıq məqsədilə yerli əhalidən atlılar toplamaq və Albaniyada zərdüşt dinini zorla yaymaq siyasəti bu narazılığı daha da gücləndirmiş, xalqların səbr kasasını doldurmuşdur. Bununda nəticəsində Sasani zülmünə qarşı üsyanlar baş verdi.
450-ci ildə Zaqafqaziyada sasanilərə qarşı qüdrətli üsyan başlamışdı. Üsyana Vardan Mamikanyan başçılıq etmişdi. Üsyan ilk növbədə qələbə çalsa da sonra məğlubiyyətə uğradı.
Yeni üsyan dalğası 457-ci ildə Albaniyada alban hökmdarı II Vaçenin başçılığı ilə olmuşdu. Üsyançılar Dərbənd qalasını ələ keçirmiş, Dağıstanda yaşayan tayfalarla ittifaqa girmişdilər. Hunlardan muzdlu qoşun toplayan düz bir il çəkən üsyan amansızlıqla yatırıldı. 463-cü ildə Albaniyada dövlət quruluşu ləğv olundu və ölkəni İran canişini – mərzban idarə etməyə başladı. Albaniyada bu rejim 30 il davam etdi. Evtalitlərlə uğursuz müharibə, albanlara qarşı cəza tədbirləri, vergilərin artması Nahararların irsi imtiyazlarının məhdudlaşdırılması, dini təqiblər yeni üsyan üçün zəmin yaradırdı. Üsyan Albaniyada təqribən 484-cü ilədək davam etdi. Üsyan etmiş erməni, iber və albanlarla uzun müddətdən bəri vuruşan iranlılar eyni zamanda evtalitlər tərəfindən məğlubiyyətə uğradılar. Peroz öldürüldü və 484-cü ildə evtalitlər İran torpaqlarına soxuldular. Bütün bunlar onsuz da əldən düşmüş İran ordusunu Ermənistan, İberiya və Albaniyadan çəkilib getməyə məcbur elədi.
484-cü ildə Balaş (Sasani) hakimiyyətə gəldi (484-488). İranda yaranmış ağır siyasi və iqtisadi vəziyyət, müharibələrdə dağıdılmış kənd təsərrüfatını bərpa etmək cəhdləri Balaşı Zaqafqaziyada ata-babalarının yürütdüyü siyasətə-dini təqiblərə son qoymağa və burada yaşayan xalqlarla sülh bağlamağa məcbur etdi.
Nvarsak kəndində üsyançıların təqdim etdikləri şərtlər əsasında müqavilə bağlandı. Nvarsak sülhünün şərtlərinə görə İran hökuməti Albaniya, Ermənistan və İberiyaya mühüm güzəştlərə getdi. Albaniyada Arşaki çarlarının hakimiyyəti bərpa edildi və çara ölkənin daxili məsələlərinin müstəqil həll etmək ixtiyarı verildi, alban zadəganlarının imtiyazları bərpa olundu. Ölkənin baş hakimi və nahararların süzereni yalnız alban hökmdarı ola bilərdi. Zərdüşt dininin tərəfdarları təqib edilməyə başladı. Yeni xristian kilsələri tikilir, kahinlərin əhali üzərində təsirinin güclənməsində III Vaçaqanın Aquen kəndində (Ağdam rayonu) ali rütbəli ruhani-
lərin və ən iri feodal sahibkarlarının məclisinin toplanması mühüm rol oynamışdır. Məclis xristian kilsəsinin vəziyyətini möhkəmləndirmək və onun dövlət işlərində rolunu artırmaq barədə bir sıra qərarlar qəbul etdi. Aquen məclisi mülkü cinayət işlərini ruhanilərin idarəsinə verilməsini lazım bildi və başqa bütpərəstlik ənənələrini qadağan etdi.
Albaniyada xristianlığın və yazının yayılması alban tayfalarının birləşmiş və tayfalararası dilin yaranmasına kömək etdi. Albaniyada tayfalararası aran dili təşəkkül tapdı. Bizans və ərəb mənbələri Albaniyada xüsusi dilin (aran) olduğunu göstərmişlər.
Sasanilərin hakimiyyətinin ilk dövrlərində İranda Orta Asiyada və qonşu ölkələrdə rəsmi zərdüşt dininə qarşı geniş dini təlim və hərəkat yayılmışdı. Bu təlim öz banisi Maninin (216-17-276) adı ilə Manixeyçilik adlanmışdı. Bu təlimə görə manixeyçilik ümumi bir din olmalı və bütün mövcud dinləri əvəz etməlidir. Manixeyçilikdə onların hamısının ünsürləri var idi. İlk dövrlərdə hakim zümrəyə qarşı çevrilməyən bu təlim sonradan hakim təbəqə əleyhinə narazılığı əks etdirir, eyni zamanda adamları zahidliyə, nigahsızlığa, fədakar həyata dəvət edirdi. Bu təlim xüsusilə şəhərlərdə sürətlə yayılırdı. Mani 276-cı ildə edam olundu. Manixeyçilik
V əsrdə meydana çıxan məzdəkilər hərəkatına böyük təsir göstərmişdi.
V əsrin 80-sı illərində başlanmış məzdəkilər hərəkatı feodal istismarına qarşı çevrilmişdir. Bu hərəkatın başında Məzdək dururdu. Orta əsrlərdəki kəndli hərəkatları kimi məzdəkilər hərəkatı da dini pərdə altında baş vermişdi.
Hərəkatın başçısı Məzdək öz fikirlərini Həmədanda yaymağa başlamışdır. Məzdək Maniliyin radikal cərəyanı – Bundos təlimini, həmçinin zərdüştlüyün ictimai ideyalarını ön plana çəkməklə inkişaf etdirmişdi. O, həyat nemətlərini bərabər bölüşdürməyi təbliğ edirdi. Sasani hökmdarı I Qubadın zamanında Məzdək atəşpərəstlik məbədlərinin birinin kahini, sonra isə İranın baş kahini olmuş, Möbədənmöbəd (yaxşıdan-yaxşı) adlandırılmış onun tərəfdarları isə mühüm dövlət vəzifələrinə təyin olunmuşlar. Kahinlərin və əyanların iqtisadi-siyasi hökmdarlığına son qoyduqdan sonra I Qubad Məzdəklə ittifaqdan imtina etmişdir. I Qubadın oğlu Xosrovun əmri ilə Məzdək və onun yaxın adamları edam edilmiş, onun məsləkdaşları Azərbaycanın şimalına, Orta Asiyaya və başqa ölkələrə dağılmışlar.
Məzdəkilər hərəkatı V əsrin 80-ci illəri VI əsrin 20-ci illərində Sasanilər dövlətində əyanlar və kahinlərdən ibarət varlı təbəqələr əleyhinə şəhər yoxsullarının və kəndlilərin hərəkatı idi. Bu hərəkat İranda iqtisadi və siyasi böhranın kəskinləşdiyi şəraitdə, şah hakimiyyətinin zəifləməsi, əyyanların və zərdüşt kahinlərinin qüdrətinin artması, əhali istismarının güclənməsi, ictimai və mülki bərabərsizliyin dərinləşməsi, xalq kütlələrinin var-yoxdan çıxması və müflisləşməsi, xarici siyasətdə müvəffəqiyyətsizliklər nəticəsində başlamışdı.
Hərəkətverici qüvvəsi kəndlilər olan bu hərəkat İran, Mesopatomiya və Cənubi Qafqazın bir sıra əyalətlərinə yayılmışdı. I Qubad əyan və kahinlərin mövqeyini zəifləmək məqsədilə Məzdəkilər hərəkatına qoşuldu. Lakin 496-cı ildə əyanlar və kahinlər I Qubadın hakimiyyətini devirdilər. 499-su ildə I Qubad eftalitlərin, Orta Asiya hunları hökmdarlarının köməyi ilə hakimiyyəti yenidən ələ aldı. Bundan sonra məzdəkilər hərəkatı daha da genişləndi. Məzdəkilər hərəkatının tərəfdarları mühüm dövlət vəzifələri tuturdular. İctimai tələblər və şüarlar irəli sürən məzdəkilər ictimai və əmlak bərabərliyi haqda məzdəklilik təliminə əsaslanaraq əyanların əmlakını ələ keçirib yoxsullara paylayır, sadə adamları yüksək dövlət vəzifələrinə təyin edir, hərəmxanaları ləğv edirdilər.
Məzdəkilər hərəkatının sonrakı inkişafı siyasi qüvvələrin qruplaşmasına sə-
bəb oldu. I Qubad hakimiyyətini möhkəmləndirdikdən sonra zəifləmiş əyanlarla barışığa meyl etdi. 529-cu ildə I Qubadın oğlu Xosrov məzdəkilər hərəkatına son qoydu. Məzdəkin fikri belə idi ki, «Allah öz nemətlərini ondan ötəri yaratmışdır ki, insanlar onu öz aralarında bərabər surətdə bölüşdürsünlər. Lakin insanlar birbirinə qarşı ədalətsizlik edirdilər. Buna görə əmlak varlıların əlindən alınıb yoxsullar arasında bölüşdürülməlidir. Onlar geriyə ibtidai-icma bərabərliyinə qayıtmaq istəyirdilər. Məzdəkilərin ideyaları xürrəmilərə böyük təsir göstərmişdir. Ümumilikdə, İran və Azərbaycan xalqlarının azadlıq mübarizəsinin gedişinə böyük təsir göstərmişdir. VI əsrin sonlarında Sasanilər siyasi və iqtisadi hakimiyyəti möhkəmləndirmək üçün hərbi-inzibati islahatlar keçirdilər. Bu islahata görə dövlətin bütün ərazisi dörd canişinliyə – Atropaten, Albaniya, Armeniya və İberiya vilayətlərinə bölündü və Şimal canişinliyinə tabe edildi. Canişinliyin baş şəhəri Atropatenda Qazaka idi.
VI əsrin ortalarında hakimiyyət Albaniya hökmdarlarının əlindən çıxmışdı. Atropatena və Albaniya şahların yaxın qohumu olan canişin – Mərzbanlar tərəfindən idarə olunurdular.
Sasanilərin vergi islahatları xalq kütlələrinin vəziyyətini olduqca ağırlaşdırmışdı. Sasanilər Azərbaycanda vergi almaq qaydasında imperiya əhalisi və torpaq mülklərini xüsusi olaraq siyahıya almaqla dəqiqlik yaratmışdılar. I Xosrov Ənuşiravan tərəfindən siyahıya alınma Sasanilər xəzinəsinin istər Azərbaycanın hər iki hissəsində, istərsə bütün imperiya əhalisindən vergi alınmasına imkan vermişdi. I Xosrovadək torpaq vergisi, kənd təsərrüfatı məhsullarının gəliri nəzərə alınaraq, götürülən hasilatın 1/3; ¼; 1/5; 1/6 hissəsi miqdarında əsasən məhsulla alınırdısa, I Xosrov dövründə vergi torpağın becərilməsi və suvarılmasından və məhsulun miqdarından asılı idi. Can vergisi əyanlardan, ruhanilərdən və hərbi adamlardan başqa, 20-dən 50 yaşadək bütün əhalidən alınırdı. Can vergisinin miqdarı qəti müəyyən edilməmişdi və ildə 4 dirhəmdən tutmuş 12 dirhəmədək alınırdı.
Artmaqda olan vergilərə, ağır zülmə qarşı 571-572-si ildə Albaniya və Ermənistanda üsyan qalxmışdı. Üsyan böyük qəddarlıqla yatırılmışdı.
IV-VI əsrlərdə şimaldan Dərbənd keçidindən keçən tayfalar Azərbaycana hücumlarını genişləndirmişdilər. 395-396-sı illərdə türk xalqları olan hunların, xəzərlərin Azərbaycana hücumları olmuşdur. Belə hücumlar Bəhram Gurun (420-438) və 454-455-si illərdə II Yezdəgerdin dövrlərində də olmuşldur. 486-cı ildə Hunlar, Sabirlərin 522-si ildə isə digər köçəri tayfaların Azərbaycana yürüşləri olmuşdur.
558-ci il üçün Albaniyada türk dilli xalqların sayı daha da artmışdı. 590-cı ildə Sasanilər Araz vadisində bizanslılarla döyüşdə məğlub olmuşdular.
İran – Bizans müharibələri seriyasında 628-si ilədək uzanan son müharibə 603-cü ildə II Xosrovun yürüşü ilə başlamışdı. Bizansa qarşı müharibə İranlılar üçün əvvəlcə əlverişli keçirdi və onlar bir neçə il ərzində çoxlu vilayətlər tutmağa
və imperiyanın paytaxtı Konstantinopolun özünə yaxınlaşmışdılar.
610-su ildə İrakli Bizansda hakimiyyətə gəldi. O, II Xosrov ilə sülh bağlamağa cəhd etsə də, Xosrov nəinki imtina etdi, hətta digər vilayətləri də onun əlindən aldı.
İranlılar 622-ci ilədək Pont sahilindən şərqdəki bütün Roma torpaqlarını tutdular.
İranlıların müvəffəqiyyətləri 623-cü ilədək davam etdi. Həmin il İrakli iranlılar üçün əlverişli olan bir barışıq bağlamağa II Xosrovun razılıq vermədiyini gördükdə böyük bir ordu toplayıb dolama yolla Kolxida və Iiberiyadan keçərək İran üzərinə hərəkət etdi.
Bizans ordusu Dvini tutdu, Azərbaycana soxuldu və Naxçıvanı işğal etdikdən sonra Arazı keçdi. Sonra Cənubi Azərbaycanın paytaxtı Qazaka tutuldu və atəşpərəstlərin bu şəhərdəki baş məbədi bizanslılar tərəfindən dağıdıldı.
İrakli Sasanilərə qarşı müharibədə 626-cı ildə Xəzərlilərlə ittifaqa girmişdi. 628-ci ildə İraklinin və xəzərlərin qoşunları Tiflisi yandırmışdılar. Nəticədə 629cu ildə Bizansla Sasanilər arasında sülh müqaviləsi imzalanır. Sülhə görə Armeniya Bizansın, Albaniya İranın ixtiyarında qalır, İberiya müstəqil dövlətə çevrilir.
Sasanilərin uzun sürən müharibələrdə zəifləməsi ucqarlarda olduğu kimi Albaniyada da müstəqillik meylini gücləndirir. VI-VII əsrin əvvəllərində Mehranilər sülaləsinin idarə etdiyi Girdiman dövləti yarandı. Onun yaradıcısı II Xosrovun qohumu Mehran idi. O, Albaniyanın dağlıq hissəsində Mehranabad şəhərini saldı. Varaz Qriqorinin vaxtında Mehranilər xristianlığı qəbul etdilər. Mehranilər Bərdəni tutmuş, sonra isə özlərinin paytaxtına çevirmişdilər. Mehranilərin iqamətgahlarından biri Musa Kalankatlının «Aqvan hökmdarlarının qış mənzili» adlandırdığı Xalxal qalası idi. Öz atası IV Hörmüzün (579-590 qatillərinə divan tutan Xosrovun intiqamından canın qurtarmağa çalışan Mehran qaçıb Albaniyaya getmiş və özü ilə 30000-ə yaxın ailə aparmışdı. O, Uti vilayətinə gəlib böyük Partov şəhərinin yaxınlığında dayanmaq istəyirdi Xəzərlərin torpağına gedib bu düşmənlərlə
İranın düşmənlərinə qoşulsun.
Xosrov isə başa düşmürmüş ki, Mehran xəzərlərlə birləşsə, böyük bir təhlükə yaranacaq, ona görə də Xosrov İranın adlı-sanlı əyanlarının təzyiqi ilə Mehrana aşağıdakı məzmunda bir məktub göndərir: «Qardaşım mənim sadiq qardaşım (Həzarət) düşmən olub məndən uzaqlaşma. Əgər mənimlə bir yerdə yaşamaqdan xoşun gəlmirsə, bu məktub sənə çatanda nə qədər yol getmişsənsə, ölkədə (Albaniyada) yaşamaq üçün bir o qədər torpaq götür».
Musa Kalankatlının dediyinə görə, Xosrovun qasidi elə bir yerdə Mehrana çatmışdı ki, orada Mehrabad şəhəri salmışdı. Sonra Mehran Girdman vilayətindən şimala getdi, onun 12 hakimini hiylə ilə öz yanına çağırdı və qılıncdan keçirib ölkəyə sahib oldu. Bərdəni tutan Mehranilər onu özlərinə paytaxt etmişdilər.
Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi Varaz Qriqorun ikinci oğlu Knyaz Cavanşir idi. (637/8-681) onun hökmranlığı dövründə ərəblər Arranı istila etməyə başladılar. Cavanşirin nəsli arran şahlar adlandırılmışdı. Bu dövrdə ərazisi Kaspi dənizi sahilindən Axsu çayına qədər uzanan ərazidə Şirvanşahlar dövləti də yaranmışdı.