Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 1. Moğolların mənşəyi və həyat tərzi haqqında məlumat



Yüklə 3,15 Mb.
səhifə38/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   173
Ar2019-47-1

§ 1. Moğolların mənşəyi və həyat tərzi haqqında məlumat
§ 2. Moğolların Azərbaycana birinci yürüşü. Azərbaycan Xarəzmşah Cəlaləddinin hakimiyyəti altında.
§ 3. Moğolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda moğol ağalığı
§ 4. Hülakülər dövləti. Moğol əsarətinin sonu
§ 5. Moğolların idarəçilik sistemi

§ 1. Moğolların mənşəyi və həyat tərzi haqqında məlumat


Moğolların ulu babaları türklərlə qohumdilli olub, bir kökdən üç qola bölünmüşdür: türk, moğol və tunquz-mancur.
XII əsrdə moğollar Kulun-Bugir gölündən Altay dağlarına, şimalda Baykal gölünə, cənubda Qobi səhrasının o tayında, Böyük Çin səddi yaxınlığında yaşayırdılar. Onların əsas hissəsi çöllərdə maldarlıqla məşğul olurdu. Moğolların sərvəti böyük at ilxılarından, qoyun sürülərindən və qaramal naxırlarından ibvrət idi. Moğol tayfalarının içərisində sayca və hərbi qüvvəcə fərqlənənlər var idi ki, bunlar da tatarlar, naymanlar, kereitlərdən ibarət idi. Şimalda-tayqalarda «meşə», düzən yerlərdə isə «çöl» moğolları tayfalar halında yaşayırdılar.
XII əsrdə moğollarda qan qohumluğu əlaqəsi çox güclü idi. Lakin qəbilə münasibətlərində tədricən dağılma prosesi gedirdi. Onun yerini feodal münasibətləri tuturdu. Qəbilələr dağıldıqca birləşmələr və ya ordalar meydana gəlir, müxtəlif qəbilələrdən olanlar hissələri bu birləşmələrə daxil olurdu. Həmin birləşmələrin başında ən iri maldarlardan seçilən hərbi rəislər – xanlar, noyonlar və bahadırlar dururdu. Onların öz atlı dəstələri var idi. «Moğolların nəsli haqqında qiymətli rəvayət»də deyildiyi kimi, bu dəstələr rəislərin köməkçisi və əlaltısı olur, yaxşı ox atır, atın yüyənindən tutur, qolu üstündə quş saxlayır və ov itlərini tərk qayışlarına bağlayıb aparırdılar. Ağalar həlak olduqda nökərləri də ölməli idi.
Moğolların ilk siyasi birləşmələri bir qədər əvvələ təsadüf etsə də, XIII əsrin əvvəllərində bu proses daha da güclənir. Bu birləşmələrin mərkəzi Kerulen və
Onon çaylarının vadiləri, vahid moğol dövlətinin yaradıcısı isə məşhur sərkərdə Temuçin olur.
Rəşid-əd-din öz əsərində aşağıdakı 40-dan artıq moğol tayfasının adını qeyd
edir: - kerait, konqait, mərkit, tayciut, tatar, nayman, kətəkin, səlciut, durban, cəcirat, kunqirat, ikiras, kuralas, alçı-tatar, çaqan-tatar, onqut, cəlair, sünit, xuşin, manqut, olkunut, konkotan, sulduz, baarin, barulas, hədərkin, üryənküt, qiyat, ürüt, bəyaut, ərulət, yoin, siciut, kingit, nukuz, uxar-mərkit, tanqut, nuyagin, nirun, dərləkin və s. O, göstərir ki, Çingiz xanın 5-ci babasının adı Bəysunqur, 4-cü Tümbinə xan, 3-cü Kabul xan, 2-ci Bartan Bahadur, Çingiz xanın atası isə Yesugey Bahadur olmuşdur. Çingiz xanın anası Selun əkə idi. Çingizin qardaşlarından birinin adı Cuçi-Kasar («Kasar» - yırtıcı, vəhşi deməkdir) olub və onun 40-a yaxın övladı var idi.
1155-ci ildə doğulmuş Temuçin Baykal ətrafında yaşayan kereitlər tayfasının xanı Toğrul ilə ittifaq bağlayaraq öz tayfa düşmənləri olan tatarları darmadağın etmiş və qonşu tayfaların birləşdirilməsi üçün müvəffəqiyyətli müharibələr aparmışdır. Tumuçinin moğol tayfaları içərisindən çıxmış Camuqa adlı digər bir rəqibi də var idi. Hər iki xan arasında şiddətli müharibə Temuçinlə Toğrulun arasındakı münasibətlər pozulduqdan sonra başlayır. Toğrulla birlikdə Camuqa 1203-cü ildə Temuçinə qarşı mü-haribəyə başlayırlar. Döyüş nəticəsində kareitlər tayfası tamamilə darmadağın eldilir, Toğrul və Camuqa öldürülür. Beləliklə, Temuçin tatarların yeganə hökmdarı olur.
1206-cı ildə Onon çayı sahilində moğol noyonlarının qurultayı Temuçini moğol tayfalarının böyük xanı (xaqanı) elan edir. Çin adətinə görə yeni seçilən hakim öz adını dəyişməli idi. Odur ki, Temuçin yeni ad – Çingiz xan (türkcə tengiz-dəniz, okean) adı ilə tanınmağa başlayır.
Rəşid-əd-din qeyd edir ki, Çingiz xanın 500-ə yaxın arvadı və kənizi olmuşdur. Çingiz xan onlardan 5-ni sevimli qadın adlandırırdı. Onun hər tayfadan evləndiyi qadın var idi. Lakin onların içərisində ən böyüyü və fəxrisi sayılan kunqirat tayfasından olan Börtə-Fucin idi. «Fucin» çin dilində «qadın» deməkdir. Çingiz xanın bu qadından 4 oğlu və 5 qızı olmuşdur. Oğlanları – Cuçi, Çağatay, Ugedey, Tuluy, qızları – Fucin bəyi, Ciciğan, Alaqay bəyi, Tüməlün, Altəlün.
Onun ikinci arvadı Kulan-Xatundan Kulkan adlı, üçüncü arvadı, tatar tayfasından olan Yesukətdən Caur adlı oğlanları olmuşdu. Dördüncü arvadı-Çin hakiminin qızı Kuncu-Xatun və beşinci arvadı tatar tayfasından olan Yesukətin bacısı Yesülünün övladları haqqında Rəşid-əd-din heç bir məlumat vermir.
Çingiz xan gələcəkdə moğol hakimiyyətində ara müharibələri olmasın deyə göstərmişdi ki, mənim ölumümdən sonra hakimiyyətə ancaq Börtə-Fucindən olan oğlanlarım-Cuçi, Çağatay, Ugedey və Tuluy yiyələnə bilər. Çingiz xan və Cuçi hər ikisi 1227-ci ildə vəfat etdiyindən böyük xan vəzifəsinə Çingiz xanın üçüncü oğlu Ugedey seçilmişdir. Cuçinin ölümündən sonra isə ona məxsus olan torpaqlar oğlu Batı xanın ixtiyarına keçmişdir. Çingiz xanın dövründə təşkil edilmiş moğol dövlətinin paytaxtı Orxon çayının sahilində yerləşən Qaraqorum şəhəri idi.
Moğol tayfalarını birləşdirmək və mərkəzi hakimiyyəti möhkəmlətmək siyasəti yeridən Çingiz xan hələ 1206-cı ildə noyonların aratlar (kəndlilər) üzərində ağalığını təsbit edən Böyük Yasa (qanunlar məcəlləsi) elan etmiş, moğol tayfalarını hərbi-inzibati vahidlərə-minliklərə (bu vahidlər xanın tələbi ilə 1000 süvari əsgər verməli idilər) bölmüş, dövlətdə baş verə biləcək iğtişaşları yatırmaq üçün 10 minlik şəxsi qvardiya (keşik) yaratmışdı. Çingiz xan dəqiq bölgü-onluq, yüzlük, minlik, tümən (on minlik) və iri mərkəzləşdirilmiş idarə sisteminə malik güclü ordu yaratmış, müharibə aparılması və hərbi xidmətin təşkil olunması qaydalarını işləyib hazırlamışdı.
Dəqiq kəşfiyyat məlumatlar toplamaq, düşmənin qüvvələrini parçalamaq, çoxsaylı süvari qüvvələri ilə qəflətən hücuma keçmək Çingiz xan strategiya və taktikasının səciyyəvi xüsusiyyətləri idi.
Moğol dövləti az bir zamanda mərkəzləşərək böyük imperiyaya çevrilir və moğolların böyük işğalları başlayır.
1211-ci ilədək Cuçi Sibirdə yaşayan xalqları Çingiz xana tabe etdirir. Yuxarı Yenisey tərəflərdə yaşayan qırğızlar və başqa tayfalar, Baykal ətrafında yaşayan buryatlar və yakutlar itaət altına alınırlar. Şimal qərbdə Sibir torpağına qədər, yəni Tobol çayının İrtış çayına töküldüyü yerə qədər olan ərazilər moğol imperiyasının tərkibinə qatılır. Mərkəzi Asiyada, Çinin şimalında yaşayan uyğur türkləri də Çingiz xana tabe olurlar.
Moğollar 1211-ci ildə Çinin şimal əyalətlərinə girərək soxulurlar və 1215-ci ildə Pekini tuturlar. Çingiz xanın hakimiyyətinin sonuna kimi Pekin şəhəri də daxil olmaqla, Şimali Çin ərazisi moğol dövlətinə tabe edilir. Bundan sonra Şərqi Türkustan işğala məruz qalır.
1219-cu ildə Orta Asiyaya hücum başlayır. Həmin ilin payızında moğol qoşunları Otrar şəhərini mühasirəyə alırlar. Çingiz xan öz oğullarını burada qoyub,
1220-ci ilin fevralında Buxaraya yaxınlaşır. Qarnizon rəisi şəhəri başlı başına qoyub qaçır. Buxara təslim olur. Mart ayında Səmərqənd təslim olur. Əhalinin əksəriyyəti qılıncdan keçirilir. Altı ay müqavimətdən sonra Otrar da süqut edir. Xarəzmşah Məhəmməd qaçıb Xəzər dənizində bir adada gizlənir, çox keçmədən burada vəfat etir.
Məhəmmədin ölümündən sonra oğlu Cəlaləddin Xarəzmşah elan edilir. Lakin hərbi rəislərin ona qarşı qəsd hazırladığını bilən kimi, o, Xarəzmdən çıxıb getməyə məcbur oldu. Elə həmin ildə bir-birinin ardınca Ürgənc və Mərv şəhərləri də moğollara təslim olur.
Beləliklə, moğollar qısa müddət içərisində bütün Orta Asiyaya sahib olurlar. Xarəzmşah Məhəmməd qaçan zaman Çingiz xan onun arxasınca Cəbə noyon və Sübutay bahadurun başçılığı altında otuz minlik qoşun göndərir. Həmin qoşunun məqsədi həm də Yaxın Şərq və Şərqi Avropa ölkələrinə kəşfiyyatdan ibarət olmuşdu.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin