Ağqoyunlu dövlətinin xarici siyasəti. Avropa dövlətləri ilə yaxınlaşmaqla Uzun Həsən aşağıdakı məsələlərin həllinə nail olmaq istəyidi: 1) hərbi qüdrəti il-
bəil artan qonşu Osmanlı imperiyasına qarşı xristian ölkələrin simasında müttəfiqlər qazanmaq; 2) ticarət əlaqələrini genişləndirmək, xüsusilə, Avropa üçün çox vacib olan ipək ixracını təmin etmək, Avropa ölkələri ilə Şərq ölkələri arasında ticarətdə vasitəçiyə çevrilmək və bu missiyanı Osmanlının əlindən almaq; 3) Avropalı hərb mütəxəssislərinin köməyilə ordunu qabaqcıl silahlarla təmin etmək və silah istehsalına başlamaq. Xüsusən, avropalı toptökən ustaların Ağqoyunlu dövlətinə gətirilməsinə daha çox diqqət verilirdi.
Ağqoyunlu ilə Osmanlının maraqlarının kəsişdiyi məsələlərdən biri Trabzon məsələsi idi. Yunanlar hələ Bizans imperiyası dövründə Trabzonu ələ keçirmiş, burada kütləvi məskunlaşmış və imperatorluq yaratmışdılar (1204-1462). 1453-cü ildə II Mehmet İstanbulu fəth etdikdən sonra bir çox Avropa ölkələri də türklərin əlinə keçdi. Cənubi-Şərqi Anadolunun böyük hissəsi Osmanlılar tərəfindən tutulduqdan sonra Trabzon imperatorluğu türk əraziləri arasında bir adaya bənzəyirdi. Trabzon imperatorluğu ilə Ağqoyunlu arasında bir adaya bənzəyirdi. Trabzon imperatorluğu ilə Ağqoyunlu arasında hələ XIV əsrdən dostluq münasibətləri qurulmuşdu. Uzun Həsən imperator İoann Komninin qızı Teodora (Dəspinə xatun) ilə evlənmişdi. Trabzon Ağqoyunlunun Qara dəniz vasitəsilə Avropaya çıxışında mühüm rol oynayırdı. Təbii ki, Trabzon imperatorluğunun Ağqoyunlu ilə yaxınlaşmasında öz maraqları vardı. Belə ki, Ağqoyunlu dövləti Trabzonun Genuya tərəfindən ələ keçirilməsinin qarşısını almışdı.
Uzun Həsən II Mehmeti Trabzonu tutmaq fikrindən daşındırmaq üçün anası Sara Xatunun başçılığı ilə onun yanına böyük elçi heyəti göndədi. Sara Xatunun qarşısına iki vəzifə qoyulmuşdu: 1) Sultanın Ağqoyunlu ərazisinə girməsinin qarşısını almaq; 2) onu Tabzon səfərindən daşındırmaq. Sara Xatun II Mehmet tərəfindən Bulqar dağının ətəyində, hərbi düşərgədə yaxşı qarşılanmış, danışıqlar çox səmimi olmuş, onlar bir-birinə “ana-oğul” deyə müraciət etmişlər. Sara Xatun sultanın Ağqoyunlu dövləti ərazisinə girməyəcəyi barədə razılığını alsa da, Trabzon üzərinə hücumdan çəkindirə bilməmişdi.
II Mehmetin göndərdiyi və Həmzə bəyin başçılıq etdiyi qoşunlar Trabzon üzərinə hücum edib 1461-ci il avqustun 15-də şəhəri ələ keçirdi. Bu Osmanlı döv-
ləti ilə Ağqoyunlu arasında uzun çəkişmələrin başlanğıcı oldu. Sara Xatun gəlininin varislik hüququnu əsas gətirərək Trabzon xəzinəsini sultanla böldü. 1461-ci ildə Uzun Həsən və II Mehmet arasında Yassıçəmən müqaviləsi bağlandı. Trabzon tutulduqdan sonra, ağqoyunlular Qara dənizdə Avropaya yeganə çıxış yolunu itirdilər. Bu, Osmanlı-Ağqoyunlu münasibətlərinin pisləşməsinə səbəb oldu.
Uzun Həsən diplomat kimi davranaraq elçilərlə hədiyyələr göndərib Trabzonun alınması ilə Fatehi təbrik etdi, ürəyində isə təcavüz və qisas hissini söndürə bilməyib Avropanın xaçpərəst ölkələrinə üz tutdu. 1463-cü ildən Osmanlının ən qatı düşməni olan Venetsiya respublikası ilə Ağqoyunlu arasında anlaşma yarandı. İki dövlət arasındakı münasibətlərin sıxlaşmasında Venetsiyanın Hələbdəki konsulluğu böyük rol oynayırdı. Avropa səyyahları və elçiləri bir-birinin ardınca Uzun Həsənin sarayına gəlməyə başladılar.
Osmanlı dövlətinin zəifləməsində daha çox maraqlı olan Venetsiya respublikası Katerino Zeno (1471-1473), Yosafat Barbaro (1473-1478), Ambroko Kontarini (1474-1476) kimi diplomatlarını Ağqoyunlu sarayına göndərmişdi. Ağqoyunlu səfirləri İsaq, Hacı Məhəmməd, Mirak, Həsən Əzən, Murad bəy, Xoca Avropa dövlətlərində olmuşdular. Aparılan danışıqlar nəticəsində Osmanlı dövlətinə qarşı ittifaq yaradıldı. Bu ittifaqa Roma Papası, Venetsiya respublikası, Genuya respublikası, Neapol krallığı, Macarıstan krallığı, Kipr krallığı, Rodos feodal dövləti, Qaraman bəyliyi və Ağqoyunlu dövləti daxil idilər. Venetsiya Uzun Həsəni hərbi sursatla təchiz etməyi öz üzərinə götürmüşdü.
Avropa ölkələri ilə əlaqələrdə Kiçik Asiyanın cənubunda yerləşən Qaraman bəyliyi böyük əhəmiyyət kəsb edirdi. Buna görə də Uzun Həsən bu bəyliyin müstəqilliyinin qorunub saxlanmasına çox diqqət yetirirdi.
1472-ci ildə Ağqoyunlu dövləti ilə Venetsiya arasında ittifaq bağlandı və tərəflər qərbdən və şərqdən Osmanlı dövlətinə zərbə vurmağı planlaşdırdı. Bu plan türkləri zəiflətməyə çalışan Avropa dövlətləri üçün də sərfəli idi. Tərəflərin razılığına uyğun olaraq 1472-ci ildə Uzun Həsən Qaraman bəyliyi vasitəsilə Aralıq dənizi sahillərinə çıxdı: burada o, Venetsiyanın vəd etdiyi hərbi mütəxəssisləri və silah-sursat almalı idi. 1473-cü ilin martında 200 döyüşçüdən, top və barıtdan ibarət 4 Venetsiya gəmisi Kipr adasına yan aldı. Lakin onları Uzun Həsənə çatdırmaq mümkün olmadı. Çünki Venetsiya ikili siyasət yeridir, Osmanlının ağır daxili vəziyyətindən istifadə edərək onunla gizli danışıqlar aparır, ticarətdə güzəştlər qoparmağa çalışırdı. Ağqoyunlular Osmanlı dövlətinə qarşı Avropa dövlətləri ilə vahid cəbhə təşkil edə bilmədi. Uzun Həsənə qarşı 60 min Osmanlı qoşunu göndərildi. Osmanlılar Ağqoyunluları Kiçik Asiyanın qərbində, Beyşehir yaxınlığında məğlub etdilər. Sonra isə II Mehmet və Uzun Həsənin qoşunları Fərat çayı yaxınlığında üz-üzə dayandılar.
İlk döyüş 1473-cü il avqustun biri Malatya yaxınlığında oldu. Murad paşanın başçılığı altında Osmanlı qoşununun ön cərgəsi Ağqoyunlu sərkərdəsi Uğurlu Məhəmmədin yalançı geriləməsinə aldanıb pusquya düşdü. Osmanlı qoşununun çoxu qırıldı, Murad paşa özü Fərat çayında boğuldu.
Uzun Həsən, oğlu Uğurlu Məhəmmədin hücumu davam etdirmək təklifini qəbul etməyərək, qələbədən sonra yeni hücuma keçmədi. Öz qüvvələrini toplayıb nizamlamaq imkanı alan Fateh, avqustun 11-də Tərcan yaxınlığında Otluqbeli döyüşündə qəti uğur qazandı. Ağqoyunlu ordusu böyük itkilər verdi. İlkin döyüşlərdə Yusif Mirzə və daha iki oğlunu itirən Uzun Həsən bu dəfə oğlu Zeynal Mirzəni şəhid verdi.
Ağqoyunlular məğlub oldu. Ağqoyunluların məğlubiyyətinin bir sıra səbəbləri var idi: Ağqoyunlu dövlətinin ərazisi nə qədər geniş olsa da, onun Osmanlı dövləti kimi monolit birliyi yox idi. Ağqoyunlu süvarisi Osmanlının nizam-intizamlı yenicərlərindən zəif idi. Osmanlı ordusu odlu silah cəhətdən xeyli üstün idi.