Şeyx Heydər oğullarının Ərdəbil və Gilanda gizlədilməsi. İsmayılın Ərzincan səfəri.Ağqoyunlu Rüstəm padşah (1493-1497) qızılbaşların əsgəri qüvvəsindən istifadə edib hakimiyyətini möhkəmləndirdikdən sonra onların başçısı Soltanəlidən ehtiyat etdiyinə görə onu da aradan götürməyə fürsət axtarırdı. 1494-cü ildə Ərdəbil yaxınlığında, Şəmsi kəndində Ağqoyunlu sərkərdəsi Ayba soltanla Soltanəli arasında savaş baş verdi. Soltanəli məğlub edildi. Bu döyüşdə Sultan Əli də həlak oldu. Şeyx Heydərin qalan iki oğlu İsmayıl və İbrahim Ərdəbildə gizlədildi. Ancaq Ağqoyunlular Ərdəbili tutduqdan sonra İsmayıl və İbrahimi müridləri Gilana qaçırıb Biyepiş valisi Gərgiyə Mirzə Əlinin sarayında gizlətdilər. Rüstəm Mirzə dəfələrlə Gərgiyə Mirzənin sarayına elçi göndərib İsmayılı tələb etsə də, o müxtəlif bəhanələrlə elçiləri geri qaytarmışdı. Səfəvilərin tərəfdarı olan Lahicanda hakim Gərgiyə Mirzə Əli İsmayıl və qardaşına qayğı ilə yanaşır, onlara fars və ərəb dillərini öyrətmək üçün Şəmsəddin Gilani adlı birisini də müəllim tutur. XV yüzilliyin son illərində Bayandur şahzadələri arasındakı çəkişmələrdən, savaşlardan əziyyət çəkən və nəticədə mərkəzləşdirilmiş dövlətə böyük ehtiyac hiss edən Azərbaycan xalqının Səfəviyyə cəmiyyətinin irsi şeyxi olan İsmayıla rəğbəti gündən-günə artırdı. Səfəvilərin Azərbaycan və onun xaricindəki tərəfdarları ağqoyunluların hakimiyyətinə qarşı baş qaldırmaq üçün fürsət axtarırdılar. Artıq bu zaman Bayandur şahzadələrindən Əlvənd Mirzə ilə Murad Mirzə arasında hakimiyyət uğrunda gedən müharibə Baba Xeyrulla başda olmaqla bir qrup ağsaqqalın işə qarışması ilə dayandırılmış və 1500-cü ildə Əbhər barışında dövlətin ərazisi adıgedən şahzadələr arasında iki yerə bölünmüşdür. Bu barışda İrəvan, Diyarbəkr, Qarabağ da daxil olmaqla Kür çayından “Qızıl üzən” çayına qədər Azərbaycan torpaqları Əlvənd Mirzənin, İraq, Fars Kirman isə Murad Mirzənin hakimiyyəti altında olması qərarlaşdırılmışdır. Azərbaycanın Şirvan bölgəsi isə Dərbəndi sülaləsinin hakimiyyəti altında idi. Azərbaycanın ayrı-ayrı hakimlər arasında bölünməsi, vilayətlər arasında təsərrüfat əlaqələrinin zəifləməsi, məhsuldar qüvvələrin inkişafının ləngiməsi ilə əlaqədar olaraq, artıq xalqın qüvvətli dövlət hakimiyyətinin yaranmasına ehtiyac hissi artırdı. Belə bir vaxtda Ismayılın bayrağı altında Azərbaycanı yenidən birləşdirmək uğrunda böyük bir siyasi hərəkat başlandı.
Hələ 1499-cu ilin avqustunda 13 yaşlı Ismayıl Lahicanı yeddi nəfər türk-qızılbaş qazisi ilə tərk etmişdi. Az bir vaxt içərisində Rumdan, Qaracadağdan, Əhərdən gələn qızılbaş müridləri də onlara qoşuldular. Xalxala yaxınlaşarkən Ismayılın başına toplaşan qızılbaş döyüşçülərinin sayı artıq 1500-ə çatdı. Ismayıl öz atlıları ilə birlikdə qışı Astara yaxınlığındakı Ərcivanda keçirdi. Bu, Güney Azərbaycan vilayətlərindən Səfəvi tərəfdarlarının gəlib çatmasına imkan verdi. 1500-cü ilin yazında Anadoludakı tərəfdarlarına qovuşmaq üçün buradan Ərzincana getmək qərara alındı. Ancaq qızılbaşlar oraya birbaşa deyil, Arazın quzeyinə keçərək Göyçə mahalından yollandılar. Ərəşli və Zülqədərli tayfaları da qızılbaşlara qoşuldu. Göyçə dağlarında Cahanşah Qoraqoyunlunun nəvəsi Soltan Hüseyn Baranlı da qızılbaşlara qoşulmaq istədiyini bildirdi. Ancaq onun sui-qəsd hazırlığında olduğunu bilən qızılbaş bəyləri çevik tərpəndilər. Gecə ilə oranı tərk edib Çuxur-Sədə (Irəvan), oradan da Şürəkələ vardılar. Burada Qaraca Ilyas Bayburtlu Anadolu qızılbaşlarının böyük bir dəstəsi ilə Ismayılın tərəfinə keçdi. Ərzincana çatdıqdan sonra Ismayılın artıq 7000 qazisi var idi. Bunlar Ustaclı, Şamlı, Rumlu, Təkəli, Afşar, Qacar, Varsaq tayfalarından olan gənclər, habelə «Qaradağ (Qaracadağ) sufiləri» idilər.