Memarlıq və incəsənət. XIII-XIV əsrlərdə memarlıq xeyli inkişaf etmişdi. Moğolların dağıtdığı bir çox şəhərlər yenidən bərpa olunmuşdu. 1239-cu ildə
Gəncənin bərpasına başlandı. Qazan xan Muğanda Mahmudabad şəhərini saldırdı. Hülakilərin paytaxtı olan Təbriz böyüyür və genişlənirdi. Burada “Arquniyyə”, “Qazaniyyə”, “Rəb-i Rəşidi” kimi yeni məhəllələr salındı. Elxani vəziri Tacəddin Əlişahın Təbrizdə tikdirdiyi “Əlişah məscidi” sonralar “Ərk qalası” adı ilə müdafiə qalasına çevrilmişdi. Abşeronda Mərdəkan, Nardaran, Ramanı qalaları dövrün memarlıq abidələri idi. Bu dövrdə türbələrin tikintisinə geniş yer verilmişdi. Naxçıvanda Cuğa kəndində Gülüstan türbəsi, Sultaniyədə Şərq türbələrinin incilərindən sayılan Olcaytu Xudabəndə türbəsi (1305-1313), 1322-ci ildə Bərdə türbəsi, Qarabağlar kəndində (Naxçıvan) Hülaki xanın arvadı Quti xatunun şərəfinə tikilmiş türbə gözəl memarlıq nümunələridir. XIV əsr memarlıq abidələrindən biri də Bərdə körpüsüdür. 16 gözdən ibarət olan bu körpünün uzunluğu 170, eni isə 5 metrdir.
XV əsrdə də bir sıra görkəmli memarlıq abidələri yaradılmışdır. Bunlardan Bakıda Şirvanşahlar Saray kompleksinin binalarından birini – divanxananı, “Bayıl daşları”nı, Mərdəkan qalasının kitabəsini, Qaraqoyunlu Cahanşah tərəfindən Təbrizdə inşa etdirilən “Göy məscidi” (1465), Ağqoyunlu Sultan Yaqub Mirzənin əmri ilə tikilən “Həşt behişt” (1483) saray kompleksini, “Həsən padşanın camesi”ni, “Nəsriyyə” və “Məqsudiyyə” mədrəsələrini göstərmək olar.
Dekorativ tətbiqi sənətsahəsində bir sıra uğurlar olmuşdu. Dekorativ tətbiqi sənətin gözəl nümunələri olan Azərbaycan xalçaları dünya şöhrəti qazanmışdı.
Təbriz və başqa şəhərlərdə metalişləmə sənəti inkişaf etmişdi. Təbriz ustalarından Yusif ibn Əhmədin 1319-cu ildə hazırladığı bədii kasa (hazırda Londonda Viktoria və Albert muzeyində saxlanılır), 1399-cu ildə Əmir Teymurun sifarişi ilə Əbdüləziz ibn Şərafəddin tərəfindən hazırlanmış 2 ton ağırlığında tiyan (hazırda Sankt-Peterburqda Ermitajda saxlanılır) yüksək zövqlə hazırlanmış bədii sənət əsərləridir. Minatür sənətinin nümunələrindən kitabların tərtibatında, tikilən memarlıq abidələrində geniş istifadə edilmişdir.
Görkəmli musiqişünas Səfiyəddin Urmavi (1230-1294) “Kitab əl-ədvar” (“Musiqi dövrləri haqqında kitab”) kitabını yazmışdır. XV əsrdə Azərbaycanda yetişmiş ən mahir musiqiçilərdən Əbdülqadir Marağaini (1353-1445) göstərmək olar. Onun yaratdığı mahnılar, muğamlar, rəqs melodiyaları Yaxın və Orta Şərq mədəniyyətinə böyük təsir göstərmişdir. Əbdülqadir Marağai ilk dəfə 12 əsas muğamdan törəmə 24 şöbə sistemini elmi cəhətdən əsaslandırmış, musiqi mətnləri və Azərbaycan dilində şeirlər yazmışdır.
Dövrün tanınmış rəssamı Əmir Dövlətyar rəssamlıq məktəbi yaratmış, onlarla rəssam yetişdirmişdi.
FƏ Sİ L 8. AZƏ R BAY CAN SƏ FƏ V İ DÖV L Ə T İ (1501-1736)