Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Daxili çəkişmələrə son qoyulması, I Şah Abbasın islahatları



Yüklə 3,15 Mb.
səhifə74/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   173
Ar2019-47-1

Daxili çəkişmələrə son qoyulması, I Şah Abbasın islahatları. I Şah Abbas dövlətə qarşı baş qaldıran əmirləri sakitləşdirib, Osmanlı dövləti ilə barışıb, özbəkləri Xorasandan uzaqlaşdırdıqdan sonra ölkəni sabitliyə qovuşdurdu. Dövlətin mərkəzini Qəzvindən daha qorxusuz yer olan İsfahana (1598)köçürdü. Yeni Paytaxtın və onun ətraf bölgələrinin əhalisinin xeyli hissəsini hələ vaxtı ilə I Şah Ismayıl tərəfindən burada dayaq yaratmaq məqsədi ilə köçürülüb yerləşdirilmiş Təkəli türkləri təşkil edirdi. I Şah Abbas da bura Təbrizdən xeyli əhali gətirib, onlara Zayəndərud çayının sahilində Təbrizabad (Abbasabad) adlı məhəllə saldırıb, orada məskunlaşdırdı. O cümlədən, I Şah Abbas zamanı Təbrizdən Isfahana 200 sənətkar ailəsi də köçürülmüşdü. Beləliklə, dövlətin yeni mərkəzində türk-qızılbaşlardan özünə güclü dayaq yaradan I Şah Abbas Avropa və Şərq ölkələri ilə əlaqələri artırmaqla, daxildə iqtisadi islahatlar keçirib, ölkədəki geriliyi yavaş-yavaş aradan qaldırdı. O, məmləkətlə yanaşı, onun ordusunu da sağlamlaşdırmağa başladı. Şah Abbas Səfəvi imperatorluğunu möhkəmləndirməklə Osmanlılar tərəfindən tutulan torpaqları geri qaytarmaq fikrində idi. O, eyni zamanda Bəsrə körfəzindən yavaşyavaş ölkənin içərilərinə doğru irəliləyən Qərb dövlətlərinin işğalçılıq siyasətinin mahiyyətini başa düşür, Səfəvi imperatorluğunu onlara qarşı dura biləcək bir duruma gətirməyə çalışırdı.
Dövləti möhkəmləndirmək üçün imperiya ərazisindəki mərkəzdənqaçma hərəkatlarının qarşısını almaqla, paralel əmirlər arasında davam edən çəkişmələr də aradan qaldırılmalı idi. I Şah Abbas hakimiyyətə gəldiyi gündən idarəçiliyə yeni əmirlər gətirdi. Ancaq onlar da özlərindən əvvəlkilərin yolu ilə getməyə başladılar. Elə buna görə də, onların da çoxu hakimiyyətdən uzaqlaşdırıldı. I Şah Abbas hakimiyyətə keçməsində Mürşüdqulu xana borclu idi. Ancaq 1589-cu idlə yorulmaz, qeyrətli şəxsiyyət olan Mürşüdqulu xan öldürüldü. I Şah Abbas nüfuzlu əmirləri aradan götürməklə həm ara çəkişmələrini azaltdı və həm də hakimiyyətini möhkəmləndirdi. Onların yerinə isə daha gənc və az tanınan əmirləri gətirdi. Şah bu gənc əmirlərdə qüsur gördükdə onları da aradan götürdürdü. Ancaq I Şah Abbas həyata keçirdiyi bu cəza tədbirləri ilə hakimiyyətinin möhkəmləndirilməsinə tam müvəffəq ola bilmədi. Ona görə ki, bu zaman Gilanda, Astrabad, Kaşan, Luristanda baş qaldırmış separatizm dövlətin möhkəmləndirilməsi qarşısında ciddi çətinliklər yaradırdı. Elə buna görə də, I Şah Abbas əhalisinin çoxu türk olmayan bu vilayətlərdə məhəlli sülalələri və bir çox zadəgan mülklərində hakimlərin irsi hüquqlarını ləğv etdi. Hakimiyyətə imperatorluğun tərkibindəki başqa xalqların əsilzadələri, eyni zamanda kiçik yaşından saraya gətirilib burada böyüdülən çərkəz, gürcü qulları da cəlb olundu. Onların idarəçiliyə gətirilməsi qızılbaşların hakimiyyətdəki mövqeyini azaltmaq məqsədini güdmürdü. Şah Abbas bununla imperatorluğun tərkibindəki başqa xalqların mərkəzdənqaçma meyllərinin qarşısını aldırdı. Yeni əsilzadələrin hakimiyyətə gətirilməsi dövlətin milli mahiyyətini dəyişə bilməzdi. Ona görə ki, I Şah Abbas öz daxili siyasətində dövlətin milli mahiyyətini dəyişmək fikrində olmamış və əslində onun möhkəmləndirilməsi tədbirlərini həyata keçirmişdir. Bu dövləti quran da, yaşadan da türklər idi. Belə ki, 1628-ci ildə dövlət quruluşunda müxtəlif vəzifələrdə olan 92 əmirdən 54 nəfəri türk, 15 nəfəri türklüyü qəbul etmiş və türk dilindən savayı ayrı dil bilməyən qulam və qalanı isə qeyri-türklərdən ibarət olmuşdur.
I Şah Abbas hərbi islahatında Osmanlı dövlətinin yeniçəri hərbi institutunu örnək olaraq qəbul edərək, qulam, tüfəngçi nizami alaylarını yaratmış və bir qədər sonra isə topçu alayını da təşkil edib, əsgəri təşkilatı təkmilləşdirərək, dövləti hərbi-siyasi baxımdan gücləndirməyə müvəffəq olmuşdur. 44 minlik daimi ordu yarada bilmişdi.
Beləliklə, I Şah Abbas islahatları və daxili siyasətindəki uğurları sayəsində bir tərəfdən bürokratik dövlət aparatını genişləndirmiş, digər tərəfdən mərkəzi hakimiyyəti möhkəmləndirməyə müvəffəq olmuş və onun türk əmirlərindən ibarət olan mərkəzi və yerli idarələrə qeyri-türk elementlərini də qismən cəlb etməsi dövlətin cənub, cənub-şərq bölgələrindəki mərkəzdənqaçma hərəkatlarının qarşısının alınması işinə xidmət etmişdir. Ölkə miqyasında mərkəzdənqaçma hallarının, əmirlər arasındakı çəkişmələrin qismən aradan qaldırılması iqtisadiyyatın təkamülünə, məhsuldar qüvvələrin inkişafına müsbət təsirlər göstərmişdir. Daxili və xarici ticarətin inkişafında Şahın karvan yollarını abadlaşdırması, yolboyu karvansaralar inşa etdirməsi, yollardakı təhlükəsizlik tədbirləri də az rol oynamamışdır.
I Şah Abbasın vergi islahatı, yəni ayrı-ayrı bölgələr, şəhərlər üzrə vergilərin azaldılması, yaxud müəyyən müddət ərzində ləğvi ölkənin iqtisadi həyatındakı geriliyin aradan qaldırılması və dövlət büdcəsinin gəlir qaynaqlarının bərpası ilə bağlı olub, itirilmiş torpaqların geri qaytarılması, mərkəzləşdirmə siyasətinin uğurla həyata keçirilməsi, dövlətin hərbi-siyasi qüdrətinin artırılması işinə xidmət edirdi. Şahın fərmanı ilə 1598-1599-cu ildə Əcəm Iraqında heyvandarlıq təsərrüfatından alınan çobanbəyi vergisi ləğv edilərək, bəzi vergilər isə azaldıldı və bəziləri də ləğv olundu. Isfahan şəhəri və mahalı qeyd olunan fərman əsasında bir il müddətində və 1613-cü ildə isə üç il ərzində bütün vergilərdən azad edilmişdir. Artıq burada göstərilən zaman kəsiklərində divan və xassə torpaqlarındakı icarədarlar da icarə haqqını ödəməkdən azad idilər. Ölkənin şimal-qərb torpaqları osmanlılardan geri alındıqdan sonra vergi imunitetləri bu bölgələrə də aid edilir. Belə ki, Ordubad, Dərbənd və 1615-ci ildə Təbriz şəhər əhalisi mal-xərac vergisindən azad olundular. Bu, zaman Təbrizdə garuğəgi və ehdas vergisi də ləğv edilir. I Şah Abbasın vergi islahatına uyğun olaraq bu həyata keçirilən tədbirlərin bütün ölkə miqyasında həyata keçirilməsi az vaxtda iqtisadiyyatın bərpasına qismən də olsa, zəmin yarada bilmişdi.
I Şah Abbasın dövründə sikkələr qızıl, gümüş, misdən ibarət olub, ancaq qı-
zıl sikkə yeni Şah hakimiyyətə keçdikdə zərb edilir və bu sikkələr dövriyyəyə az buraxılır, alqı-satqıda ondan çox nadir hallarda istifadə olunurdu. I Şah Abbas dövründə qızıldan zərb olunmuş sikkələrin çəkisi də dəqiq məlum deyil. Bu zaman dövriyyədə I Şah Abbasın sikkə islahatı və fərmanı əsasında abbası adı ilə gümüşdən zərb edilən sikkələr üstünlük təşkil edirdi. Abbasinin rəsmi çəkisi bir misqal, yəni 4,64 qram idi. Sikkələrin dinarla dəyərinə gəldikdə isə 1 abbasi 200, I şahı 50, I bisti 20, I kasbeki 5 dinar olub, I tümən isə 100000 dinara, yaxud 50 Abbasiyə bərabər idi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin