XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı. XV əsrdə Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri müsəlman Şərqinin ən güclü dövlətləri idi. Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında Azərbaycan tayfalarının hərbi feodal əyanları-Baharlı və Bayandur tayfaları rəhbər rol oynayırdılar. Hər iki sülalənin dövlət başçıları padşah titulu daşıyırdılar. Uzun Həsən özünün Osmanlı və Teymuri sultanları səviyyəsində olduğunu bildirmək üçün sultan titulunu qəbul etmişdi. Şirvanşahlar dövlətinin başçıları özlərini şah adlandırırdılar. Ordunun baş komandanı əmir-əl-üməra (əmirlər əmiri) titulunu daşıyır, padşahdan sonra 2-ci şəxs sayılır. Sonrakı yerdə sədr-əzəm dayanır və mövlana (ağa) ləqəbini daşıyırdı. O, ruhanilərə başçılıq edir, vəqf mülklərinə, onlardan vergilərin toplanmasına, mədrəsələrə və dini müəssisələrə başçılıq edir, məhkəmə işlərini nizamlayırdı. Mərkəzi dövlət aparatında sonrakı yeri baş vəzir tuturdu. O, daxili inzibati və xarici işlərə, dövlət gəlirinin hesablanmasına və maliyyə işlərinə baxırdı, şahın möhürdarı, sahibi-divan idi. Ağqoyunlu və Qaraqoyunlu dövlətində hərbi-təşkilati işlər köçmə adəti (qoşun hissəsi ailə üzvləri ilə birgə olurdu) ilə bağlı idi. Qadınları çox səliqəli geyinir, at minir və onu məharətlə sürürdülər. Bu dövlətlərin imtiyazlı qvardiya dəstələrindən əlavə, 100 min, Şirvanşahlar dövlətinin isə 60 minə qədər qoşunu vardı. Dövlət (divan), sülalə (xass), xüsusi irs (mülk) və müsəlman ruhanilərin isə vəqf torpaqları var idi. Hərbi-köçmə əyanlara iqta əvəzinə irsən keçən soyurqal torpaq paylanırdı. Soyurqal sahiblərinin iqtaya nisbətən hüquqları daha geniş idi, onlar vergi toxunulmazlığı hüququna malik idi. Kəndlilər 40-dan çox vergi verir və mükəlləfiyyət icra edirdilər. Malcəhət (məhsul vergisi) Uzun Həsənin “Qanunnamə”sinə əsasən məhsulun 1/5 təşkil edirdi. Sudan istifadə müqabilində bəhrə vergisi, maldarlardan çobanbəyi, sənətkar və tacirlərdən tamğa, bac vergisi, əhalidən can vergisi alınırdı. XV əsrin 30-80-ci illərində Cahanşahın, Uzun Həsənin, Sultan Yaqubun hakimiyyəti dövründə şəhər həyatı xeyli canlandı. Uzun Həsənin islahatı şəhərlərin yüksəlişi üçün rəsmi tədbir idi. Başlıca limana çevrilən Bakı şəhəri Moskva knyazlığı və Mərkəzi Asiya ilə ticarət əlaqələrində əsas rol oynayırdı. Burada neft hasil olurdu, sikkəxana da var idi. Venesiya diplomatı A. Kontarini deyirdi ki, Şamaxı məhsulların çoxluğuna görə Təbrizdən üstün olmuşdu. Təbriz, Gəncə, Ərdəbil və Şamaxı mühüm toxuculuq mərkəzləri idi. Gəncədə ipəkqurdu yetişdirilirdi və ipək hazırlanırdı. Şirvanın ipək parçaları dünyada tanınırdı. Təbriz və Şirvan xalçaları, Təbriz dulusçuluq, ustaların yaratdıqları göy, mavi, ağ və firuzəvi rəngli tikinti materialları bir çox ölkələrdə istifadə olunurdu. Misgərlik və dəmirçilik peşələri inkişaf etmişdi. Mis qablar əhalinin məişətində əsas yer tuturdu. Hətta, Uzun Həsənin sarayında qab-qacaq misdən idi. Azərbaycan-Rusiya ticarət əlaqələrində Həştərxan mühüm rol oynayırdı. Avropa ilə Asiyanı əlaqələndirən mühüm beynəlxalq karvan yolları Azərbaycandan keçirdi.
Ədəbiyyat:
1.Azərbaycan tarixi. 7 cilddə, III c., Bakı, 1998, s .14-181
2. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə, s.322-391
3.Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə, Bakı, s. 149-161
4.Azərbaycan tarixi. S.Əliyarlının redaktorluğu ilə, Bakı, s. 271-363.
5.Azərbaycan tarixi.M.Abdullayevin redaktorluğu ilə, s. 94-119
6.Məmmədov İsmayıl. Azərbaycan tarixi. Bakı, 2005, s. 133-207
7. Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 82-115.
Dostları ilə paylaş: |