II dövr - 1447-1501-ci illər. Səfəvilər özlərini müstəqil ruhani feodalları kimi təqdim edir və Azərbaycanın siyasi həyatında mühüm rol oynayırlar.
III dövr - 1501-1587-ci illər. Səfəvilərin hakimiyyəti yaranır, möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatında mühüm rol oynayırlar.
IV dövr 1587-1736-cı illəri əhatə edir. Səfəvi dövlətinin mərkəzi Təbrizdən İsfahana köçürülür. Bu bölgü əsasında belə nəticəyə gəlirik ki, Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə qədər götürülməlidir. Ərdəbil hakimiyyəti dövrü ona görə maraq döğurur ki, bu kiçik ruhani feodallığı 80 ildən artıq bir dövrdə Azərbaycan feodal dövlətlərinin istinadgahı olmaqla, onların birləşdirilməsində mühüm rol oynamışdır. Məhz Səfəvilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasında rüşeym olmuşdur.
1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicandan Ərdəbilə yola düşdü. İsmayıl ilk növbədə Şirvanşahlar dövlətinə zərbə vurmaq istəyirdi, çünki Təbrizə hücum etməklə dərhal 3 düşmənlə-Ağqoyunlu Əlvənd Mirzə və Muradla, onları müdafiə edən Fərrux Yasarla toqquşmalı olardı. 1500-cü ilin payızında qızılbaş qoşunu Şirvan ərazisinə daxil oldu. 1500-cü ilin sonunda Cabanıdöyüşündə Şirvanşahlar məğlub oldu, Fərrux Yasar öldürüldü. Oğlu İbrahim Şeyx Şah Gilana qaçdı. 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək üçün sərkərdələri Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını tələb etdilər. Fərrux Yasarın oğlu Qazı bəyin arvadı qalanı müdafiə edirdi. O verilən təklifi rədd etdi, hətta, gələn elçiləri və şəhəri təslim etməyi məsləhət görən Bakı darğası Əbdül Fəttahı edam etdirdi. Müqaviməti görən İsmayıl 1501-ci ilin yazında sərkərdəsi Hadim bəyi Bakıya göndərdi. Sonda özü gəldi və onun əmri ilə bürclərdən birini uçurduqdan sonra şəhərə daxil oldular. İsmayıl buradan Gülüstan qalasına doğru irəlilədi. Qala güclü müdafiə olunurdu. İsmayıl Ağqoyunlu Əlvəndin Təbrizdən güclü qüvvə ilə yürüşə başlaması xəbərini alaraq qoşunu geri çəkdi. İsmayıl və əyanları Təbriz taxtını Ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətini qurmağı başlıca vəzifə hesab edirdilər. 1501-ci ilin ortalarında Şərur düzündə həlledici döyüş oldu. Əlvənd Ərzincana qaçmaqla xilas oldu. 1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizədaxil oldu və özünü şah elan etdi (1501-1524), adına xütbə oxutdurdu, sikkə zərb etdirdi və Azərbaycan taxt-tacına yiyələndi. Beləliklə, paytaxtı Təbriz olmaqla Azərbaycan Səfəvi dövlətinin əsası qoyuldu. Əhalinin etnik çoxluğunu Azərbaycan türkləri təşkil edirdi. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Ordu əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmada Azərbaycan dili işlədilirdi. Azərbaycan ədəbi dilinin inkişafında Şah İsmayılın rolu müstəsnadır. 1503-cü il iyunun 21-də Almaqulağı adlı yerdə baş vermiş döyüşdə Ağqoyunlu Murad məğlub oldu. Şiraza qaçan Muradı Şah İsmayıl (1501-1524) təqib edərək, Ağqoyunlu dövlətinin 2-ci qoluna son qoydu. Şah İsmayıl İran və Əcəm İraqının xeyli hissəsini, Qumu, Kaşanı və İsfahanı tutdu, 1504-cü ildə Yəzdə və Kirmana yiyələndi, 1508-1510-cu illərdə Xorasan istisna olmaqla, bütün İranı və Ərəb İraqını tabe edərək öz hakimiyyəti altında birləşdirdi. Səfəvi dövləti şərqdə Şeybanilər dövləti, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. 1507-1508-ci illərdə Şeybani xan Xorasanı tutmuş və İsmayıla göndərdiyi məktubda tabe olmasını, hakimiyyətdən əl çəkməsini tələb etdi. Şah İsmayıl Xorasana doğru hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi və Mərv qalasını möhkəmləndirib müdafiəyə hazırlaşdı. Şah İsmayıl 1 həftə uğursuz həmlədən sonra hiylə işlətdi-Şeybani xanın qoşununu qaladan çıxarıb döyüşü səhrada keçirmək üçün ağıllı tatika etdi. Hiyləni başa düşən özbək sərkərdələri Şeybani xanın Mərvdən çıxmasını məsləhət görmədilər, lakin Şeybani xan məsləhətə qulaq asmayaraq, qızılbaşları təqib edərək çayı keçdi və İsmayılın əsas qüvvələri ilə üz-üzə gəldi. 1510-cu il dekabrın 1-də baş vermiş bu döyüşdə 10 min nəfər özbək qoşunu qırıldı. Şeybani xan özü də öldürüldü. Amudəryadan Fərat çayına qədər geniş ərazi İsmayılın hakimiyyəti altına keçdi.