Səfəvi dövləti XVI əsrin 2-ci yarısı-XVII əsrin 1-ci yarısında. 1576-cı ilin mayında I Təhmasibin vəfatından sonra oğulları Məhəmməd Mirzə, İsmayıl Mirzə və Heydər Mirzə arasında taxt-tac üstündə mübarizə qızışdı. İsmayıl Mirzə bu mübarizədə qalib gələrək, II İsmayıl adı ilə özünü şah elan etdi. Lakin saray çevrilişi nəticəsində İsmayıl Mirzə 1577-ci ildə öldürüldü. Ölkədə ikihakimiyyətlilik yarandı. Qəzvində I Təhmasibin qızı Pərixan xanım hakimiyyəti ələ aldı. Qızılbaş əmirləri Pərixan xanımı təkr edib, Məhəmməd Mirzənin tərəfinə keçdilər. 1578-ci il fevralın 13-də Məhəmməd Mirzə (Xudabəndə) Qəzvində taxta sahib oldu. Məhəmməd Xudabəndə (1578-1587) Pərixan xanımı edam etdirdi, arvadı Məhdi Ulya “dövlət işlərini” öz əlinə aldı. O, ali divanın vəkili vəzifəsinə qədər yüksəldi. Əslində ölkə qızılbaş tayfaları arasında bölünmüşdü. Məhəmməd Xudabəndinin yalnız şahlıq adı qalmışdı. 1577-ci ildə Van hakimi Xosrov paşa Səfəvilərə qarşı kürd tayfalarının qiyamını təşkil etdi. Xoy, Salmas, Urmiya üsyançıların əlində qaldı. Sultan III Murad (1575-1595) baş komandan Mustafa Lələ paşanıƏrzuruma göndərir, Krım xanı II Məhəmməd Gəraydan (1577-1584) bu yürüşdə iştirakını tələb edir. 1578-ci il avqustun 9-da Çıldırda qızılbaşlar məğlub oldular. Mustafa Lələ paşanın göndərdiyi 20-30 min nəfərlik qoşun hissələri Ahalsıxı ələ keçirib Kaxetiyaya daxil oldular. Səfəvi ordusunun rəhbərliyində birliyin olmaması, qızılbaş əmirlərinin həddindən artıq özlərinə arxayın olmaları, Osmanlılarla döyüşə o qədər də əhəmiyyət verməmələri, qüvvələr fərqi-bütün bunlar nəticədə Çıldır döyüşündə məğlubiyyətə gətirib çıxartdı. Çıldır döyüşündən sonra Mustafa Lələ Paşa Şirvanı, 1578-ci ilin avqustunda Tiflisi, az sonra Qorini tutdu. 1578-ci il sentyabrında Qanıx (Alazan) çayı sahilindəki döyüşdə Osmanlı ordusu böyük itki verdi. Səfəvi ordusu Qarabağa, oradan da Təbrizə qayıtdı. Mustafa Lələ paşa sentyabrın ortasında Ərəşə daxil oldu. Osmanlı ordusu Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı müqavimətsiz tutdu. 1578-ci ilin sentyabrında Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə 30 minlik qoşunla Qarabağa gəldi. Əmirlərin və vəzir Mirzə Salmanın qoşunları ilə birləşərək Şamaxı qalasında Osman paşanı mühasirəyə aldılar. 1578-ci ildə Krım xanı Adil Gərayın 12 minlik qoşunu məğlub oldu və Adil Gəray əsir alındı. Mirzə Salman təcili Şamaxıya gəldi. Osman paşa Dərbəndə qaçdı. Şirvan Osmanlılardan azad olsa da, Dərbənd tutulmadı. Səfəvilər Şirvanı Osmanlılara güzəştə vermək istəmirdilər. 1580-ci ilin əvvəllərində qızılbaş qoşunu Təbrizdən Şirvana hərəkət etdi. Ordunun komandanı Sinan paşa Ərzurumdan Səfəvi sarayına hədələyici məktubla elçi göndərdi. Şahrux xan möhrdar Sinan paşanın iddialarına sərt cavab verdi. Sinan paşanın təklifi ilə həmin qış hərə öz yerində qaldı. Lakin Şirvan Krım türklərinin 3-cü basqınına məruz qaldı. Osman paşa Krım türklərinin köməyi ilə Bakıya daxil oldu. Məhəmməd Xudabəndə təcili əmirləri qoşunla Mollahəsənli qəsəbəsinə göndərdi, Osmanlılar geri çəkildilər və Dərbənddə möhkəmləndilər. 1581-ci ilin yazında Qazı Gəray və Səfi Gərayın rəhbərliyi ilə Krım türkləri 4-cü dəfə Şirvana hücum etdilər. İmamqulu xan Qacar qızılbaş dəstəsini Şirvan hakimi Peykər xanın köməyinə göndərdi. Şamaxı ilə Şabran arasında baş vermiş döyüşdə Qazı Gəray əsir alındı, Krım türkləri və Osmanlı birləşmiş qoşunu məğlub oldu. Qarabağdan Xorasana yürüş etdikdən sonra qızılbaş əmirlərinin Şirvana qayıda bilməməsindən istifadə edən Osman paşa yenidən Dərbənddən Şamaxıya gəldi. Şirvanda Osmanlı hakimiyyəti bərpa edildi. 1583-cü ilin yazında Qarabağ hakimi İmamqulu xan Qacar yeni qüvvə ilə Şirvana daxil oldu. Bu döyüşdə Osmanlılar darmadağın oldular. Samur çayı sahilində 1583-cü ildə tarixdə “Məşəl savaşı” adlanan döyüş isə Osmanlı qüvvələrinin üstünlüyü ilə qurtardı, qızılbaşlar meydanı tərk etdilər. 1582-ci ilin əvvəllərində Sinan paşa sülh bağlamaq məqsədi ilə Səfəvi səfiri İbrahim xan Tərxanla birlikdə Ərzurumdan İstanbula gəldi. Lakin Qızılbaş əmirləri bildirdilər ki, Şirvanı heç bir vəchlə güzəştə getməyəcəklər. Əgər sultan 1555-ci il sülhünün şərtlərinə razı deyilsə, onda müharibəni davam etdirəcəklər. 1585-ci il avqustun 12-dəosmanlı qoşunu Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində yürüşə başladı. Məhəmməd Xudabəndə Həmzə Mirzənin başçılığı altında onlara qarşı 20 min nəfərlik qoşun göndərdi. 1585-ci ilin sentyabrında Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların əsas dəstələri Sufiyan ərazisində döyüşdə əvvəlcə qızılbaşlar Osmanlılara ağır zərbə vursa da, onların sayca üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi. Bir gün sonra Osman paşa Təbriz üzərinə hücuma başladı. Müdafiəsiz qalan Təbriz təslim oldu. Osman paşa 1 aydan artıq Təbrizdə qaldı. 1586-1589-cu illərdə tədricən bütün Azərbaycan Sultan III Muradın ordusu tərəfindən işğal olundu. Səfəvilər ərazinin qalan hissəsini itirməmək üçün ağır sülh şərtləri ilə razılaşdılar.