2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri. I Pyotrun Xəzəryanı bölgələrə yürüşü. XVIII əsrin əvv. qədər Rusiya hərbi təcavüz üçün qüvvəsi olmadığından Azərbaycana qarşı yalnız iqtqsadi siyasət yeridirdi. Lakin bu siyasətin az əhəmiyyətli olduğunu başa düşən I Pyotr (1689-1725) Xəzəryanı bölgələri ələ keçirirərək Xəzər-Volqa yolu ilə Şərq-Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı qərara aldı. I Pyotrun əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək, Cənubi Qafqazda möhkəmlənmək idi. Ona görə də 1722-1723-cü illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulurdu. 1721-ci il avqustda Şirvan üsyanı zamanı Şamaxını ələ keçirən Hacı Davud və Surxay xanın adamlarının rus tacirlərini öldürmələri I Pyotrun qərarını qətiləşdirdi. I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi düşməni elan etdi. Hacı Davud kömək üçün Osmanlı sultanı III Əhmədə müraciət etdi, sohra isə İstanbula gəlib özünün Şirvan hakimi təsdiq olunması üçün razılıq aldı. Rusiyanın işğalçılıq niyyətinin əsas səbəbləri: əvvəla, Rusiya iqtisadiyyatının Azərbaycan xammalına böyük ehtiyacı vardı. 2, Rusiya osmanlıların Cənubi Qafqazda, Xəzəryanı bölgələrdə möhkəmlənmək cəhdinin qarşısını almağa çalışırdı. 1722-ci ilin martında əfqanlar İsfahanı tutub, şah Sultan Hüseyni taxtdan saldıqdan sonra Rusiya fəallaşdı və iyunun 18-də Həştərxandan quru və dəniz yolu ilə Azərbaycana yürüşə başladı. I Pyotr Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki, bu yürüşdə məqsəd onları müsəlman zülmündən xilas etməkdir. 1722-ci il iyunun 15-də Azərbaycan dilində “Bəyannamə” nəşr etdirib Şirvana göndərdi: 1) Səfəvilərə qarşı qiyam edənləri, rus tacirlərini öldürənləri cəzalandıracaq; 2) Osmanlıların bu bölgəni tutmalarının qarşısını alıb, Səfəvi hakimiyyətini bərpa edəcək.
I Pyotrun bu bəyannaməsi əhalinin bir qisminin Rusiyaya meylinə səbəb oldu. 1722-ci il avqustun 23-də Dərbənd şəhərinin naibi İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. Bu vaxt: 1) Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsinin yaranması; 2) Osmanlı dövlətinin rus qoşunlarının Xəzəryanı bölgələrə soxulmasına kəskin etiraz etməsi; 3) dağlarda qoşun toplayan Hacı Davudun rusların irəliləməsinin qarşısını almağa hazırlaşması I Pyotru, Bakının işğalını M.Matyuşkinə tapşıraraq Peterburqa qayıtmağa məcbur oldu. 1722-ci ilin dekabrında ruslar Rəşt şəhərini, 1723-cü ilin iyulunda Bakını işğal etdilər. Sonra Salyan işğal olundu. 1723-cü il sentyabrın 12-də II Təhmasibin elçisi İsmayıl bəy şahdan icazəsiz Dərbənddən Gilana qədər olan Xəzəryanı bölgələrin Rusiyaya verilməsi haqqında Peterburq müqaviləsini imzaladı. Rusiya bunun əvəzində əfqanlarla müharibədə Səfəvi şahına yardım edəcəyini vəd etdi. Beləliklə, 1722-1723-cü illər Xəzəryanı bölgənin Rusiya tərəfindən işğalının I mərhələsi oldu.