2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı. XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan xanlıqlarında daxili siyasi həyat olduqca mürəkkəb və gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öz torpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar. Bu xanlıqlardan yalnız bəzilərinin hakimləri bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirməyi öz qarşılarına məqsəd qoy-muşdular.
Azərbaycanın cənub xanlıqlarında daxili siyasi mübarizə İranda mərkəzi hakimiyyəti ələ keçirməkdən ibarət idi. Bu mübarizədə əfqan tayfasından olan Azad xan, Nadir şahın qohumu Fətəli xan Əfşar, Astarabad və Mazandaranda yaşayan Qacarların başçısı Məhəmmədhəsən xan Qacar və zəndlər tayfasının başçısı Kərim xan Zənd fəal iştirak edirdi. İlk dövrlərdə Fətəli xan Əfşar xeyli uğur qazanmışdı. O, Azad xanın köməyilə Urmiya, Təbriz, Xoy, Qaradağ və Mərənd xanlıqlarını özündən asılı vəziyyətə sala bilmişdi. Lakin Fətəli xan bununla kifayətlənməyib öz hakimiyyətini bütün İranda yaymaq niyyətində idi. Onun bu cəhdi Məhəmmədhəsən xanın və Kərim xan Zəndin ciddi müqaviməti ilə rastlaşdı.
Bu dövrdə İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Fətəli xana qarşı mübarizəyə başladı. 1752-ci ildə Miyanə və Qəmşə döyüşlərində 1761-ci ildə Qaraçəmən kəndi yaxınlığında baş verən döyüşdə zəndlər məğlub oldular, lakin sonra Kərim xan Zənd 1763-cü ildə 9 aylıq mühasirədən sonra Fətəli xan Əfşarın sonuncu iqamətgahı Urmiya qalasını ələ keçirdi. Bununla da Azərbaycanın cənub xanlıqları Kərim xan Zənddən asılı vəziyyətə düşdülər. Lakin bu asılılıq, əksər hallarda, formal xarakter daşıyırdı. Nadir şahın ölümündən sonra Azərbaycanın şimal xanlıqları arasında Şəki xanlığı xüsusilə fərqlənirdi. Xanlığın banisi Hacı Çələbi öz hakimiyyətini bütün Azərbaycan torpaqlarına yaymağa çalışırdı. Lakin onun 1748-ildə Təbrizə və Qarabağa yürüşü uğursuzluqla nəticələndi. O bu uğursuzluqların əvəzini Ərəş və Qəbələ sultanlıqlarını xanlığa birləşdirməklə çıxa bildi. Hacı Çələbinin güclənməsi həm qonşu Azərbaycan xanlıqlarını, həm də Kartli-Kaxetiya çarlığını ciddi narahat edirdi. Gürcü çarı Teymuraz və onun oğlu II İrakli Azərbaycan xanlıqları arasında ziddiyyətləri daha da dərinləşdimək və bu yolla Gəncə, Qarabağ xanlıqlarını və Car-Balakən camaatlığını ələ keçirtmək istəyirdilər. 1751-ci ildə gürcü qoşunları Car torpağına hücum etdilər. Lakin ağır məğlubiyyətə uğrayıb geri çəkilməyə məcbur oldular. Gürcü çarları bunun əvəzini Gəncəni tutmaqla çıxmağa çalışırdılar. Onlar bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən faydalanmaq qərarına gəldilər. II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ, İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarından ibarət güclü ittifaq yaratmağa nail oldu. 1752-ci il martın 21-də danışıqlar bəhanəsiylə müttəfiqləri Gəncə yaxınlığına toplayan II İrakli qəflətən onların hamısını əsir götürdü. Bu hadisə tarixə “Qızılqaya xəyanəti” kimi daxil olub. Bu xəbəri eşidən Hacı Çələbi öz ordusu ilə düşməni ağır məğlubiyyətə uğratdı. Əsir götürülmüş Azərbaycan xanları azad edildi. Düşmən ordusunu təqib edən Hacı Çələbi Qazax və Borçalı sultanlıqlarını ələ keçirdi. Gürcü çarlarının Car-Balakəni ələ keçirməklə çıxmaq cəhdləri də nəticəsiz oldu. 1755-ci ildə Hacı Çələbi böyük qüvvə ilə Şirvana yürüş etdi. Lakin Şamaxı və Quba xanlıqlarının birləşmiş qüvvələri ilə toqquşmada məğlub olub geri çəkildi. Elə həmin il Hacı Çələbi vəfat etdi. Onun ölümündən sonra Şəki xanlığında başlamış hakimiyyət uğrunda mübarizə vəziyyəti xeyli mürəkkəbləşdirdi. Hüseyn xanın və Məhəmmədhəsən xanın hakimiyyətləri dövründə Şəki xanlığı özünün əvvəlki qüdrətini itirdi. Bundan istifadə edən qubalı Fətəli xan 1785-ci ildə Şəki xanlığını özündən asılı vəziyyətə saldı.
Dostları ilə paylaş: |