Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli işğalçılara qarşı mübarizə



Yüklə 393,13 Kb.
səhifə73/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   69   70   71   72   73   74   75   76   ...   153
C fakepathmuhazire tarix (3)

3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli işğalçılara qarşı mübarizə. Azərbaycan xanlıqlarının xarici siyasət əlaqələri bir tərəfdən ölkə daxilində gedən siyasi proseslərlə, digər tərəfdən isə İran, Osmanlı Türkiyəsi və Rusiya kimi böyük qonşu dövlətlərin bölgədə yeritdikləri siyasətlə sıx bağlı idi. Uzun müddət Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələrində hakimiyyəti qoruyub saxlamaq və qonşu xanlıqlar hesabına öz torpaqlarını genişləndirmək üçün yardım almaq istəyi üstünlük təşkil edirdi. Rusiya və Osmanlı Türkiyəsi kimi dövlətlər ayrı-ayrı Azərbaycan xanlarının bu istəyindən bölgənin daxili işlərinə müdaxilə etmək və burada öz mövqelərini möhkəmləndirmək üçün istifadə edirdilər. Lakin bu zaman göstərilən dövlətlərdən hər biri özlərinin hərbi və iqtisadi potensialından çıxış edirdi. Feodal pərakəndəliyi dövrü keçirən İran uzun müddət Azərbaycana təsir göstərmək imkanlarını itirmişdi. Kərim xan Zəndin diplomatik yolla Azərbaycan xanlıqlarını, ilk növbədə Quba xanlığını öz təsiri altına almaq cəhdləri uğursuzluqla nəticələnmişdi. XVIII əsrin ikinci yarısında Rusiya ilə aparılan iki müharibədə ( 1768-1774 və 1781-1791 illər) ağır məğlubiyyətə uğrayan Osmanlı imperiyası Azərbaycanda fəal xarici siyasət yeridə bilmirdi. Elə bunun nəticəsi idi ki, sultan höküməti ayrı-ayrı Azərbaycan xanlarının gürcü-rus blokunun təcavüzünə qarşı kömək xahişlərini ya cavabsız qoyur, ya da boş vədlər verməklə kifayətlənirdi.

İran və Osmanlı Türkiyəsindən fərqli olaraq Rusiya Cənubi Qafqazda daha fəal siyasət yeridirdi. XVIII əsrin 70-ci illərində Krımı ilhaq etməyə hazırlaşan Rusiya Cənubi Qafqaza dair geniş işğalçılıq planı hazırlamışdı. Bu planın əsas mahiyyətini Gürcüstanı Cənubi Qafqazda hegemon dövlətə çevirmək və Azərbaycanın Qarabağ, Qaradağ, İrəvan və Naxçıvan xanlıqları hesabına erməni çarlığı yaratmaq təşkil edirdi. Lakin bu planlar olduqca gizli saxlanılırdı. Rusiyanın bu məkrli siyasatindən xəbərsiz olan bir çox Azərbaycan xanları ilk növbədə qubalı Fətəli xan onunla sıx diplomatik əlaqə yaratmağa çalışırdı. Hələ 1775-ci ildə Quba xanı öz elçisi Mirzə bəy Fərhadbəylini Peterburqa göndərmişdi. Quba xanı Əmir Həmzəyə qarşı mübarizədə göstərdiyi köməyə görə rus çarı II Yekaterinaya minnətdarlıq edir və Dərbəndin açarlarını ona göndərirdi. Fətəli xan həm də Quba xanlığının Rusiyanın himayəsinə qəbul edilməsini xahiş edirdi. Lakin Türkiyəni qıcıqlandırmaqdan ehtiyat edən II Yekaterina onun bu xahişini yerinə yetirməkdən imtina etdi və Dərbəndin açarlarını qaytardı.

XVIII əsrin 80-ci illərində Rusiya Krımı birləşdirmək üçün hazırlıq işlərini gücləndirdi. Bu məqsədlə Cənubi Qafqaza da ordu göndərmək planlaşdırırdı. Lakin 1783-cü ildə Krımın dinc yolla birləşdirilməsi nəticəsində Cənubi Qafqaza ordu göndərmək zərurəti aradan qalxdı. Bununla belə, Rusiya Azərbaycan ərazisində erməni çarlığı yaratmaq planından imtina etməmişdi. Bu məqsədlə Qarabağın erməni məliklərinə hər cür yardım göstərilir, İbrahimxəlil xanı devirmək üçün planlar işlənilib hazırlanırdı. Rusiya özünün işğallarına hüquqi əsas qazanmaq üçün İrəvan, Qarabağ və Qaradağ xanlıqlarının ona güzəştə gedilməsi barədə İran hakimi Əlimurad xanla danışıqlar aparırdı. Öz hakimiyyəti üçün real təhlükə yarandığını görən qarabağlı İbrahimxəlil xan bunun qarşısını diplomatik yolla almaq qərarına gəldi. O, 1784-cü ildə öz nümayəndəsi Musa sultanı Peterburqa göndərdi və Rusiyanın himayəsi altına keçməyə hazır olduğunu bildirdi. II Yekaterina onun bu təklifıni qəbul etməsə də Qarabağda hakimiyyət dəyişikliyi etmək planını təxirə saldı.

1783-cü ildə Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə keçməsi bir çox Azərbaycan xanlarını da belə addım atmağa həvəsləndirirdi. Qubalı Fətəli xan bu yolla öz hakimiyyətini bütün Azərbaycana yaymağı planlaşdırırdı. O, Rusiya höküməti ilə apardığı diplomatik yazışmalarda özünün bütün Azərbaycanın hökmdarı kimi tanınmasına çalışırdı. Lakin erməni və gürcüləri özünün Cənubi Qafqazda əsas dayağı hesab edən Rusiya Fətəli xanın güclənməsinin qarşısını hər vəchlə alırdı. Elə bunun nəticəsi idi ki, Fətəli xanın 1787-ci ildə Mirzə Sadıq Məhəmmədvəliyevin başçılığı ilə Rusiyaya göndərdiyi nümayəndə heyəti uğursuzluğa düçar oldu. Rusiya bu dəfə də Quba xanlığını öz himayəsinə götürməkdən imtina etdi.

XVIII əsrin 80-ci illərində İranda daxili siyasi vəziyyət müəyyən dərəcə sabitləşməyə başladı. Burada uzun müddət davam etmiş daxili siyasi mübarizədə Ağa Məhəmməd xan Qacar üstünlük qazandı. O, 1785-ci ildə Tehranın özünün iqamətgahı seçdi və keçmiş Səfəvilər dövlətinin sərhədlərini bərpa etməyi öz qarşısına məqsəd qoydu. Ağa Məhəmməd xan Qacar 90-cı illərin əvvəllərində özünün əsas rəqibləri olan Zəndləri tamamilə sıradan çıxardı və Cənubi Azərbaycan xanlıqlarının əksəriyyətini asılı vəziyyətə saldı. Bundan sonra o, Cənubi Qafqazı tabe etmək uğrunda mübarizəyə başladı. Ağa Məhəmməd xanın güclənməsi Azərbaycanın şimal torpaqlarının müstəqilliyini ciddi təhlükə qarşısında qoyurdu. Azərbaycan xanlarının əksəriyyəti, o cümlədən, Qarabağ, İrəvan, Naxçıvan və Xoy xanları kömək üçün Osmanlılara müraciət etdilər. Qubalı Şeyxəli xan isə bu məqsədlə həm Osmanlılara, həm də Rusiyaya müraciət etmişdi. Qarabağlı İbrahimxəlil xan isə Osmanlı imperiyasından kömək istəməklə yanaşı özü də müəyyən müdafiə tədbirləri gördü. Onun təşəbbüsü ilə Qarabağ, Lənkəran, İrəvan xanlıqlarından, Kartli-Kaxetiya çarlığından və Avar hakimi Ümmə xandan ibarət ittifaq yaradıldı. Lakin bu tədbirlər Qacarın Cənubi Qafqaza hücumunun qarşısını ala bilmədi. Osmanlı imperiyası Azərbaycan xanlarına heç bir əməli kömək göstərmədi. Başı Fransa burjua inqilabına qarşı mübarizəyə qarışmış Rusiya da Qacarın Cənubi Qafqaza hücumunun qarşısını almaq üçün heç bir tədbir görmədi. 1795-ci ilin iyununda 85 min nəfərlik İran ordusu Qarabağa soxuldu və Şuşanı mühasirəyə aldı. Lakin 33 gün davam edən mühasirəyə baxmayaraq Ağa Məhəmməd xan Şuşanı ələ keçirə bilmədi. O, bunun əvəzini Tiflisi ələ keçirib yandırmaqla çıxdı. Ağa Məhəmməd xan Qacarın Şimali Azərbaycana hücumu və Tiflisi yandırması Rusiyanın bu bölgədəki mövqelərinə ağır zərbə oldu. Cənubi Qafqazın İran tərəfındən işğal edilməsinə yol vermək istəməyən Rusiya höküməti ordu göndərmək qərarına gəldi. V. Zubov bu orduya komandan təyin edildi. Bu xəbəri eşidən Ağa Məhəmməd xan tələsik Arazın o tayına çəkildi və tezliklə şah titulunu qəbul etdi.

Ölkədə vahid dövlətin olmaması istər İran, istərsə də rus ordusuna güclü müqavimət təşkil etməyə imkan vermirdi. Ayrı-ayrı xanların təkbaşına müqavimət cəhdləri isə uğursuzluqla nəticələnirdi. Qubalı Şeyxəli xan 1796-cı ilin mayında 10 gün ərzində rus qoşunlarını Dərbəndə buraxmaqdan imtina etsə də son nəticədə təslim oldu. 1796-cı ildə rus ordusu Quba, Bakı, Şamaxı, Salyan və Gəncə xanlıqlarını işğal etdi. Növbəti ildə yürüşü İranın içərilərinə doğru davam etdirmək planlaşdırılırdı. Lakin 1796-cı ilin noyabırında II Yekaterinanın vəfat etməsi buna imkan vermədi. Yeni rus çarı I Pavel rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı. Rus ordusunun Azərbaycanı tərk etməsindən istifadə edən Ağa Məhəmməd şah 1797-ci ilin yazında yenidən böyük ordu ilə Şuşaya yaxınlaşdı. İbrahimxəlil xan ciddi müqavimət göstərsə də uğursuzluğa düçar oldu. Başsız qalan Şuşa şəhəri düşmən ordusu tərəfındən işğal edildi. Lakin bu vəziyyət uzun müddət davam etmədi. 1797-ci il iyulun 4-də Ağa Məhəmməd şah sui-qəsdçilər tərəfındən öldürüldü. Başsız qalan İran ordusu tələsik Qarabağı tərk etdi.

Beləliklə, XVIII əsrin 90-cı illərində Rusiya və İranın Azərbaycan torpaqlarını işğal etmək cəhdləri iflasa uğradı. Lakin bu heç də təhlükənin tamamilə sovuşması demək deyildi. Rusiya və İran Azərbaycan torpaqlarını işğal etmək planlarından imtina etməmişdilər. Azərbaycanda hökm sürən siyasi pərakəndəlik bu planların reallaşması üçün əlverişli şərait yaradırdı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin