1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında döyüşdə şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı və Nuxa ələ keçirildi. Səlim xan İrana qaçdı. Sonra rus qoşunları Car-Balakəni də ələ keçirdilər.
Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra İranla sülh bağlamağa can atırdı, belə ki, rus komandanlığı Osmanlı imperiyası ilə müharibənin yaxınlaşdığını qabaqcadan görür və buna görə də əl-qolunu azad etmək, mümkün olarsa, hətta İranı Osmanlılara qarşı müharibəyə sövq etmək istəyirdi. İran hökuməti də güzəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi. 1806-cı il sentyabrın ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə rus qoşunlarının baş komandanı Qudoviçin yanına göndərdi. Çar hökuməti güzəştə getmək fikrində deyildi, əksinə, o, İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etdi. Lakin danışıqlar uzandı. İngiltərə və Fransa bu işdə az rol oynamırdı. İngiltərə açıq-aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Osmanlıları Rusiya ilə müharibəyə təhrik edirdilər.
Dostları ilə paylaş: |