1808-ci ilin mayında İran qoşunu İrəvana doğru çəkilirdi. Sentyabrın 4-də Soğanlıq düşərgəsindən rus qoşunları Pəmbəkə döğru yeridi. Sentyabrın 26-da Qudoviç irəvanlı Hüseyn xan üzərində qələbə çaldı. Rus qoşunları yolüstü Eçmiədzini ələ keçirdi. General Nebolsin Naxçıvana doğru irəliləyərək, oktyabrın sonunda Qarababa kəndi yanında İran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başladı və mayın ortalarında qalaya hücuma keçdi. Lakin müvəffəqiyyətsizliyə uğrayaraq geri çəkilən rus qoşunları Naxçıvanı da tərk etməyə məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutdu, Qarababa kəndində döyüşdə Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası uğursuz başa çatdı və Qudoviç istefaya getdi. 1809-cu ilin əvvəllərindən Rusiyanın Cənubi Qafqazdakı vəziyyəti daha da ağırlaşdı. Sarıqamışda 14 min sərbaz cəmləşdirilmişdir. Qafqazda rus qoşunlarının sayı isə 43,5 min nəfərə çatdığı halda İran 150 min nəfərlik ordu çıxarmaq niyyətində idi. Yeni baş komandan Tormosovİranla münasibətləri danışıqlarla nizama salmağa ümid edirdi. Lakin 1809-cu ilin iyununda şahın özü Qarabağ və İrəvanla kifayətlənməmək və qüvvələrini Osmanlı Türkiyəsi ilə birləşdirmək üçün Qərbdə hərbi əməliyyatlar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. 1809-cu ilin hərbi əməliyyatları iyulda 2 İran qoşununun Qarabağ və Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. 3-cü qoşun hissəsi Göyçə (Sevan) gölünün yanında dayandı. Onun əməliyyat meydanı Gəncə, Qazax və Şəmşəddil olmalı idi. Lakin İran qoşunları öz planlarını həyata keçirə bilmədilər. Avqustda İran da və Rus qoşunları da Gəncəyə hücum etdi. Abbas Mirzə yenidən döyüşə girmədən, bir neçə yaşayış məntəqəsini talan edərək, Arazın o tayına çəkildi.