1809-cu ilin sentyabrında 10 minlik İran süvari qoşunu Talış xanlığına soxuldu və Lənkəranı talan etdi. Həmin günlərdə Əsgəranda İran və Rusiya arasında danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi. İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə mane olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtlər çar sarayı tərəfindən deyil, Tormosov tərəfindən irəli sürülür. Eyni zamanda İngiltərə İran qoşunlarını silahla təchiz edirdi.