1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Şah qoşunları ingilis zabitlərinin komandanlığı altında azsaylı rus qoşunlarını mühasirəyə aldılar və qələbə çaldılar. 1812-ci il martın 18-də Kotlyarevski iranlıların yolunu kəsmək və onları darmadağın etmək istəyirdi, lakin Abbas Mirzəyə Arazın o tayına keçmək müyəssər oldu. M.İ.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə Osmanlı imperiyasını sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Osmanlı Türkiyəsi arasında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə, Osmanlı Türkiyəsi Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi. Rusiya İranla da sülh bağlanılmasında maraqlı idi, çünki Qərbdə Fransa ilə münasibətlər kəskinləşirdi. General Rtişşev 1812-ci il aprelin 20-də İranla sülh bağlamaq göstərişi aldı. İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və Arpaçay çayları boyunca keçməsi barədə əvvəllər irəli sürülən təkliflərdən imtina edir və sərhədi işğaldan sonra necə varsa elə qurmağa razılaşırdı. Lakin Abbas Mirzə ərazi güzəştləri tələb etdiyinə görə danışıqlar uzandı.