1804-cü ilin mayında Fətəli şah rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi. 10 il davam edən Rus-İran müharibəsi başlandı.
İlk döyüş - 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazisində Eçmiədzin yanında döyüşdə rus qoşunları gürcülərin köməyi ilə üstünlük qazandılar.
İkinci döyüş 1804-cü il iyulun 29-dan 30-a keçən gecə İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi. Azuqənin çatışmazlığı, qoşunların azlığı, İran qoşunlarının Gəncəyə tərəf irəliləməsi üzündən sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi.
General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan “Rusiya təbəəliyinə” keçməyi tələb etdi. 1805-ci il mayın 14-də Gəncə yaxınlığında Kürək çayının sahilindəki görüşdə İbrahimxəlil xanla Sisianov arasında imzalanan müqaviləyə əsasən xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur, çar isə, öz növbəsində, bu xan sülaləsinin hüquqlarını “bütün zamanlar üçün” təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Xan rus qarnizonunu Şuşaya buraxmağı və onun zəruri şeylərlə təmin etməyi öz üzərinə götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min çervon ayırmağı öhdəsinə götürdü. 1805-ci il mayin 21-də eyni şərtlərlə Şəki xanlığı da Rusiyanın himayəsi altına keçdi.
Dostları ilə paylaş: |