1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında Qarabağa soxuldular. Pirqulu xan Əsgəranı tutdu. 1805-ci il iyunun 26-da şah qoşunları rus qarnizonunun yerləşdiyi Şahbulağı mühasirəyə aldılar. Koryagin vəziyyətin çıxılmazlığını görüb, qalanı iyulun 8-də təslim etməyə razılaşdı, özü isə iyulun 7-ə keçən gecə dəstəsi ilə qalanı tərk etdi.
İyulda İran qoşunları Qazaxa soxuldular. Koryagin 570 nəfərlik dəstəsi ilə iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşərgəsinə hücum etdi. İran qoşunlarının 1805-ci ilin yay hərbi kompaniyasındakı məğlubiyyəti və bunun ardınca başlamış fasilə Rusiya hökumətinə Azərbaycanda öz mövqeyini daha da möhkəmləndirmək, Şirvan, Bakı və Quba xanlarını tabe etmək imkanı verdi.
Şamaxı xanı Mustafa xan xanlığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 10 min çervon bac ödəməyə, xanlığın hüdudları daxilində ticarətin təhlükəsizliyini təmin etməyə və s. razılaşdı. Mustafa xan və Sisianov 1805-ci il dekabrın 27-də müqavilə imzaladılar. 1805-ci il iyunun 23-də rus donanması Ənzəli limanına çatdı. Uğursuz cəhddən sonra rus eskadrası avqustun 12-dən avqustun 29-dək Bakı xanlığının mühüm strateji məntəqələrini tutdu.
İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək üçün şah sarayına müraciət etdi. General Zavalişin Bakıya Urmiya və Qubadan köməyin yaxınlaşmasından qorxaraq, Lənkəran yaxınlığındakı Sara adasına çəkildi. 1806-cı il fevralın əvv. Sisianovun artilleriyası Bakının 2 km-də general Zavalişinin desant dəstəsi ilə birləşdi və Naxır bulaqda düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi. Fevralın 8-də Sisianov polkovnik Eristavinin müşaiyəti ilə xanla görüşmək üçün yola düşdü. Görüşdə o, Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bakıda Sisianovun öldürülməsindən sonra rus qoşunlarının vəziyyəti ağırlaşdı. Xanların çoxu tərəddüd etməyə başladı.
Dostları ilə paylaş: |