4. XVIII əsrdə Azərbaycan mədəniyyəti. XVIII əsrdə Azərbaycan xalqı azadlıq uğrunda gərgin mübarizə aparmaqla yanaşı öz mədəniyyətini də inkişaf etdirdi. Bu dövrdə ölkədə fəaliyyət göstərən məktəblərdə dərslər, əsasən, ərəb və fars dillərində keçirilirdi. Bu məktəblərdə təhsil almış adamlar məmur, mirzə və ya rühani vəzifələrini tuturdular.
Bu dövrdə elm sahəsində ciddi irəliləyiş olmasa da tarix və coğrafıyaya dair bir sıra qiymətli əsərlər yazılımışdı. Görkəmli coğrafıyaşünas Hacı Zeynalabdin Şirvani Qafqaz, İran, Osmanlı Türkiyəsini və Hindistanı gəzmiş və bu ölkələr haqqında qiymətli məlumatlar toplamışdı. Tarixçi Əbdürrəzzaq bəy Dünbüli özünün «Məasiri-Sultaniyyə» əsərində İran hökmdarı Fətəli şahın hakimiyyət dövründə baş vermiş hadisələrdən bəhs etmişdi.
Azərbaycan ədəbiyyatında realist janr getdikcə üstünlük təşkil edirdi. Poeziyada vətənpərvərlik ideyaları və xalqın düşdüyü ağır vəziyyətə etiraz səsi xeyli güclənmişdi. Nişat Şirvani, Şikəstə Şirin və Nəbi kimi tarixi mövzuda yazan şairlərin əsərlərində ağır həyatdan narazılıq və şikayət üstünlük təşkil edirdi. Şakir Şirvanininn «Şirvan haqqında dastan» adlı müxəmməsində 1743-cü ildə Nadir şahın əleyhinə yönəlmiş Şamaxı üsyanından bəhs edilir.
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri Molla Pənah Vaqif və Molla Vəli Vidadi olmuşdur. Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuş, Qarabağda, sonra isə gürcü çarı II İraklinin sarayında yaşamışdı. Vidadi yüksək sənətkarlıqla yazdığı şerləri ilə lirik Azərbaycan poeziyasını zənginləşdirmişdi. O, ədəbiyyata qoşma və gəraylılar müəllifı kimi daxil olmuşdur. Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdu. Əvvəllər Qazax mahalında və Gəncədə, sonralar isə Qarabağda yaşamışdı. Zəngin bilikli şair Qarabağ xanının sarayında baş vəzir olmuş və xanlığın idarə edilməsində xüsusi rol oynamışdır. Vaqifın yaradıcılığında məhəbbət mövzusu əsas yer tuturdu. Şairin şerləri xalq dilinin zəngiliyini əks etdirir və realizmi, milli təravəti, orjinallığı, nikbinliyi ilə səciyyələnir. Vaqifın realist yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamış və Azərbaycan şerlərinin sonrakı nəsillərinə güclü təsir göstərmişdi.
XVIII əsrdə Azərbaycanda inşa edilmiş memarlıq abidələri dövrün siyasi həyatı ilə sıx bağlı olmuşdur. Yadelli hücumlarının və ara müharibələrinin mütəmadi olaraq davam etdiyi xanlıqlar dövründə Azərbaycan xanları düşmən hücumlarına tab gətirə biləcək dərəcədə möhkəmləndirilmiş qalaların, bürc və istehkamların tikintisinə diqqəti artırmağa məcbur idilər. Ərazisində hərbi-müdafıə xarakterli obyektlərin tikildiyi xanlıqlardan biri Qarabağ xanlığı idi. Buna misal olaraq Bayat, Şahbulaq və Şuşa qalalarının qala divarlarını, Əsgəranın qoşa qalalarını göstərmək olar. Müdafıə xarakterli obyektlər Şəki, Şamaxı, Təbriz, Naxçıvan və Ərdəbil xanlıqlarında da tikilmişdi. Azərbaycan memarlığında karvansara tikintisi sahəsində qazanılmış zəngin ənənələr bu dövrdə də davam edirdi. XVIII əsrin ikinci yarısında Şəkidə tikilmiş «Yuxarı» və «Aşağı» karvan-saraları müasir dövrümüzədək gəlib çatmışlar. Azərbaycan ərazisində ən böyük karvansara hesab edilən «Yuxarı» karvansarada 300 otaq və zirzəmi var idi.
Şuşada, Şəkidə, Qubada, İrəvanda ayrı-ayrı xanlar tərəfindən dəbdəbəli saraylar tikdirilmişdi. Bu dövrdə Azərbaycanda saray tikintisinin ən gözəl nümunəsi şərq memarlığının incilərindən sayılan Şəki xanlarının sarayıdır. Saray 1763-cü ildə Şəki hakimi Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Sarayın fasadı başdan-başa şəbəkə üslubu ilə bəzədilmişdir.