Şəki üsyanı. 1743-1744-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar başladı. Şəkidə mübarizə daha kəskin şəkil almışdı. Hələ 1741-ci ildə əhali Şəki hakimi məlik Nəcəfdən Nadir şaha şikayət etmişdi. Odur ki, Nadir şah Hacı Çələbi Qurban oğlunun Şəkidə vəkil seçilməsinə razı olmuşdu. Lakin məlik Nəcəfin şikayətindən sonra Hacı Çələbi Nadir şahın hüzuruna çağırıldı. Hacı Çələbi məlik Nəcəfi öldürüb hakimiyyəti ələ aldı və 1743-cü ildə Şəkini müstəqil xanlıq elan etdi. Bununla da Azərbaycanda müstəqil xanlıqların yaranmasının əsası qoyuldu. Nadir şah ona qarşı ordu yeritdikdə Hacı Çələbi “Gələrsən-görərsən” qalasına sığındı. Lakin uzun müddət mühasirə nəticəsində ərzaq ehtiyatı tükənən Hacı Çələbi 1746-cı ildə Nadir şahın hakimiyyətini tanımağa məcbur oldu. 1747-ci ildə yeni üsyanlar qalxanda Hacı Çələbi özünü yenidən xan elan etdi.
1747-ci ildə Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə yeni üsyanlar baş verdi. Üsyana III Sam Mirzə başçılıq edirdi. O, Təbrizdə hakimiyyəti ələ aldı. Sonra İrəvana hücum etdi, lakin burada müqavimətə rast gəldiyindən Təbrizə qayıtdı və qətlə yetirildi.
Bu dövrün üsyanlarının səciyyəvi cəhəti, onların çoxunun eyni vaxtda başlanması idi. Bu isə şah qüvvələrinin parçalanmasına və maddi ehtiyatların tükənməsinə səbəb olurdu. Lakin üsyanların əksəriyyətinin kortəbiiliyi, aydın məqsədin olmaması və daxili ziddiyyətlər onların taleyini əvvəlcədən həll edirdi. Bununla belə, həmin üsyanların böyük tarixi əhəmiyyəti var idi. Azərbaycan və əsarətə alınmış digər ölkələrdə azadlıq hərəkatının genişlənməsi üçün əlverişli şərait yaranırdı. Aramsız müharibələr, iqtisadi vəziyyətin ağırlığı, sosial qruplar arasındakı ziddiyyətlər Nadir şah dövlətinin süqutuna doğru aparırdı. 1747-ci il iyunun 19-da sui-qəsd nəticəsində Nadir şah öldürüldü, onun silah gücünə yaratdığı dövlət süqut etdi. Ölkəni feodal ara müharibələri bürüdü.
Ədəbiyyat:
1.Azərbaycan tarixi. 7 cilddə, III c., s.347-403
2. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə, s.500-522
3.Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə, s.72-184
4.Azərbaycan tarixi. S.Əliyarlının redaktorluğu ilə, s.460-507
5. Azərbaycan tarixi. M.Abdullayevin redaktorluğu ilə, s.142-152
6. Məmmədov İsmayıl. Azərbaycan tarixi, s.258-275.
7. Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 146-154.
Dostları ilə paylaş: |