XVII əsrdə aşağıdakı torpaq mülkiyyəti formaları var idi: 1.Dövlət torpaqları (divan); 2.Şah və onun ailəsinin xüsusi torpaq mülkləri (xalisə); 3.Hərbi və mülki məmurlara məxsus şərti torpaq sahələri (tiyul); 4.Məscidlərə məxsus torpaqlar (vəqf); 5. Xüsusi mülkiyyətdə olan torpaqlar (mülk); 6. İcma torpaqları (camaat). Divan və xalisə aparıcı mülkiyyət formaları idi. Divandan əldə edilmiş bütün gəlirlər dövlət xərclərinin ödənilməsinə sərf olunurdu. Xalisdən əldə edilmiş gəlirlər isə şaha mənsub olsa da xəzinəyə əlavə edilirdi, yaxud şahın razılığı ilə xərclənirdi. Şah üzvlərinə mənsub olan torpaqların gəliri isə həmin torpaq sahiblərinin özlərinə xərclənirdi. Hərbi və mülki şəxslərə xidmət müqabilində (soyurqal, tiyul) torpaqlar verilirdi. Dini idarələrə-məscidlərə məxsus torpaqdan (vəqf) götürülən gəlir məscidlərə və xeyriyyə işlərinə xərclənirdi. Xüsusi torpaq mülkiyyəti olan mülk azad alış və satış obyekti idi. Camaat torpaqları bütün kənd sakinlərinə mənsub idi. Feodallar camaata məxsus torpaqları zəbt edirdilər.
XVII əsrin 2-ci yarısında təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edirdi. Azərbaycanda demək olar ki, bütün kənd təsərrüfatı bitkiləri yetişdirilirdi. Təbriz ətrafında buğdanın 7 növü və arpa, Gəncə, Şamaxı, Təbriz, Ərdəbil, Marağa və Naxçıvanda çəltik və paxla, Şirvan, Xoy, Gəncə və Naxçıvan da pambığın 7 növü, Təbrizdə üzümün 60-a qədər növü, Şamaxıda 7 növü yetişdirilirdi. Azərbaycan öz meyvələri ilə məşhur idi. Bağçılıq yüksək inkişaf etmişdi. Tərəvəzçilik və bostançılıq geniş yayılmışdı. İpəkçilik ölkənin şimalında daha çox inkişaf etmişdi. Bakı ətrafında az miqdarda kətan yetişdirilirdi. Azərbaycan boyaqotu (qızılboya) becərilməsi ilə məşhur idi. Boyaqotu Şirvanda, Arazın cənub sahillərində geniş yayılmışdı. Abşeron ərazisində xeyli zəfəran əkib-becərilirdi. Yeni bitki növlərindən biri olan tütün Azərbaycanın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada becərilirdi. Əkinçilikdə süni suvarma mühüm rol oynayırdı. Süni suvarmada çay və bulaq sularından, eləcə də kəhriz sularından istifadə edilirdi. Təbriz 900 kəhrizin və arxın, 6 dağ çayının suyu ilə təchiz olun muşdur. Əhalinin xeyli hissəsi köçmə maldarlıqla məşğul idi. Səfəvi şahlarının Qarabağ, Mərənd və Marağada xüsusi ilxıları vardı. Dəvədən əsas yük heyvanı kimi istifadə edilmişdi. Təbriz-İstanbul-Hindistan ticarət əlaqələrində at və qatır əsas nəqliyyat vasitəsi idi. Arıçılıq da inkişaf etdirilmişdi. Gəncə və Ərdəbil balı xüsusilə məşhur idi.
XVII əsrin II yarısında feodal zümrəsini 4 qrupa bölmək olar: 1. Qızılbaş əyanları və digər tayfaların hərbi zadəganları, şah qvardiyasından çıxmış qulamlar; 2. İri torpaq sahibləri olan şiə təriqətli ali ruhanilər; 3. Mülki əyanlar; 4. Yerli əhəmiyyətli əyanlar.
Qızılbaş hərbi-feodal əyanları I qrupda mühüm yer tuturdular. Hərbi-feodal əyanların II təbəqəsi qızılbaş tayfasından olmayan yerli türklərdən ibarət idi. III təbəqəsini şah qulamları içərisindən çıxmış hərbi sərkərdələr təşkil edirdilər. II qrupa ali ruhani təbəqəsinin nümayəndələri daxil idilər və vəqf torpaqlarını idarə edirdilər. Bundan əlavə, ali şiə ruhani nümayəndələri mülki hüquqla xeyli əraziyə malik idilər. Ruhanilərə sədr başçılıq edirdi. O, ölkənin baş ruhanisi hesab edilir, şahın nəvvabı-müavini sayılırdı. Sədrlər vəqf sistemində böyük torpaq sahələri cəmləşdirib, dövlət miqyasındı şiəliyi daha da geniş yaymaqla ölkədə öz təsirini gücləndirir və ictimai-siyasi həyatın inkişafına kömək edirdilər. Mülki işlərə baxılması tamamilə ruhanilərin əlində idi. Onlardan şəriət məhkəmələrini aparan şeyxülislam, qazı təyin olunurdu. III qrupa mülki əyanlar daxil idilər. Onların içərisində yerli türklərin xüsusi yeri vardı. Çoxu sonralar Səfəvi dövlətinin mərkəzi bürokratiyasının sıralarına daxil olmuşdu. IV qrupa yerli torpaq sahibkarları daxil idilər. Qarabağda və Şirvanda əyanların güclü mövqeyi vardı. Onların ali nümayəndələri məlik titulu daşıyırdı.
XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Vergi verən əhali ümumi adla rəiyyət adlanırdı və ayrı-ayrı qruplara bölünürdü. İş heyvanı, istehsal alətləri, toxumu olan, feodaldan aldığı torpağı özü becərən kəndli hampa adlanırdı. Bu kəndlilər cütlərin sayına görə ayrı-ayrı bölgələrdə daha kiçik dərəcələrə bölünürdülər. İstehsal alətləri olmayan kəndlilər II qrupa aid idilər. Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər əkər adlanırdı və daha çox istismar olunurdu. Azərbaycanda oturaq təsərrüfatla yanaşı, yaylaq və qışlaqla bağlı olan köçmə təsərrüfatlar da vardı. Bunlar əsasən maldarlıqla məşğul olan elatlar idilər. Köçmə təsərrüfatla məşğul olan əhali patriarxal formada istismar olunurdu. Elatlar orduda qulluq etməli, hərbi yürüş elan edilən vaxt hər tayfa məlum sayda ümumi süvari qoşun verməli idi. Hər tayfanın mövqeyi onun verdiyi döyüşçülərin sayına görə müəyyən edilirdi. Köçmə təsərrüfatlar oturaq təsərrüfatlara nisbətən az miqdarda vergi verirdi. XVII əsrin ortalarından başlayan məhsuldar qüvvələrin inkişafı əsrin sonunda geriləmə ilə əvəz olundu. Azərbaycan kəndlisindən alınan vergilərin sayı 35-ə çatırdı. Onlardan alınan torpaq və gəlir vergisi-malcəhət, bəhrə, xərac verginin əsas hisəsi sayılır, natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəini təşkil edirdi. Bu vergidən 1/10-i torpaq sahibkarlarına, 2/10 dövlətə çatırdı. Bağbaşı-məhsulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu-örüşdə heyvanların otarılmasına görə alınırdı. Dəhyek (1/10)-bu vergi götürülən gəlirin 10%-i miqdarında alınırdı. Cüftbaşı (cütpulu)-əkib-becərmək üçün 1 cüt qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı-hər toxucu dəzgahın istehsal etdiyi məhsuldan alınan vergi idi. İxracat-ümumi və müxtəlif vergi, mükəlləfiyyətlərin məcmusu mənasında işlənirdi. Dövlət canişinlərinin, hərbi xidmətdə olanların və əyanların tələbatını ödəmək üçün alınırdı. Ot-alafa-yük heyvanları, atlar üçün alınırdı. Ulafa bir nəfərin (hərbçi, canişin və b.) dolanışığı üçün alınırdı. Bu 2 vergi bəzən pul ilə alınırdı. Sonralar alafa “at arpası” adlındırılırdı. Künəlgə-əyanların kəndlinin evində qalmaq hüququ idi. Əvrəz-daimi olmayan vergi idi, natura, yaxud mükəlləfiyyət icra etməklə ödənilirdi. Rüsum dövlət canişinləri və ruhanilər üçün natura ilə alınan vergiyə deyilirdi. Səvari-əhalinin hakim sülalənin üzvlərinə, sərkərdələrə, yeni fəth edilmiş yerlərə (ya Novruz bayramı münasibətilə) tanınmış adamlara göndərilən hədiyyə idi-növruzi adlanırdı. Tərh-dövlətə və ya feodala lazım olan malın bazar qiymətindən aşağı qiymətə alınması idi. Dəstəndaz-hakimiyyətin nisbətən aşağı pilləsində xidmət edən şəxslər üçün verilən vergi idi. Cizyə-xristianlardan alınırdı. Kəndlinin feodal və ya dövlətin nəfinə zorla, havayı işləməsi biyar adlanırdı. Biyardan suvarma şəbəkəsində və dövlətin digər işlərində geniş istifadə olunurdu. Bütün ailə üzvləri növbə ilə ildə 2 gündən 6 günə qədər biyara getməli idi. Tüstü pulu və s. alınırdı. Bütün bunlar əhali içərisində narazılığa səbəb olmuşdu.
XVII əsrin ortalarından başlayaraq şəhərlər yenidən keçmişdə olduğu kimi, sənətkarlıq, ticarət, mədəniyyət mərkəzlərinə çevrilməkdə idi. 60-70-ci illərdə Təbriz öz ərazisinə, zənginliyinə, ticarətinə və əhalisinin sayına görə 2-ci şəhərə çevrilmişdi. Əhalisinin sayı 500 minə çatırdı, 47 mədrəsə, 600-ə qədər ibtidai məktəb, 320 məscid, Əlişah məscidi kompleksi (qacarlar dövründə qalaya çevrildiyindən Ərk adland.), 200-ə yaxın karvansara, 7 min dükan var idi. Gəncə ən iri şəhərlərdən biri sayılırdı. 1667-ci il yanvarın 4-də Şamaxıda baş vermiş zəlzələdə əhalinin 70 mindən çoxu həlak oldu. Lakin şəhər bərpa edildi. Şamaxıda ipək toxuyan emalatxanalar işləməyə başladı. Şəhərin yaxınlığında Mücü kəndində ipəksarıyan və ipəktoxuyan dəzgahlar hazırlanırdı. Bakı şəhər-qala idi. Bakı kvadrat formada olub, iç-içə qaladan ibarət idi. Şəhərin qərbində minarəsiz məscid vardı. 3 yerdən darvazası vardı. Liman şəhər kimi məşhur idi. Tranzit ticarətində mühüm rol oynayırdı. Ərdəbil şəhəri ticarət yolu üzərində yerləşir, külli miqdarda xam ipək istehsal edir, beynəlxalq ticarətdə mühüm yer tuturdu. Dərbənd coğrafi mövqeyinə görə hərbi şəhər idi. Marağa öz meyvələri, üzüm bağları ilə məşhur idi. Müqəddəm tayfası Marağada yerləşəndən sonra əhali vergilərdən azad edilmişdi. Əsrin ortalarında Marağada 7 min ev var idi. Əhər öz təbii zənginliyi və inkişaf etmiş əkinçiliyi ilə tanınırdı. Naxçıvanda 5 karvansara, bir neçə hamam, ticarət mərkəzi, qəhvəxana, 2 min ev vardı. Əsrin sonunda Naxçıvanın iqtisadi, ticarət və mədəni həyatı zəifləmişdi. Ordubadın b. şəhərlərlə, həmçinin xariclə geniş ticarət və digər əlaqələri vardı. Culfanın həyatı XVII əsrdə müharibələr nəticəsində faciəli olmuşdu. Əsrin 60-cı illərində əhali şəhərin yalnız şimal-qərb hissəsində məskunlaşmışdı. 70-ci illərdə cəmi 30 ev qalmışdı.
XVII əsrin II yarısında Azərbaycanda şəhər əhalisinin sosial tərkibi aşağıdakı qruplara bölünürdü: 1.Feodal zümrəsi, hərbi feodallar, mülki bürokratiya, ali ruhani, iri, orta və kiçik torpaq sahibləri. 2.Ticarətlə məşğul olan iri, orta və kiçik tacirlər. 3.Sənətkarlar. 4.Şəhərətrafı torpaqların becərilməsi və maldarlıqla məşğul olan əkinçilər.
Şəhərlərdə bütün hakimiyyət iri torpaq sahibi olan bəylərbəyinin əlində idi. Hər bir şəhər mərkəzi hakimiyyətin, yerli torpaq sahibliyinin səlahiyyətini öz əlində cəmləşdirən mülki bürokratiya fəaliyyət göstərirdi. Bu 2 təbəqə kübarlar adlanırdı. Ali din xadimlərinin sərəncamında vəqf qəyyumu kimi bütöv kəndlər, su mənbələri və s. vardı. Feodal zümrəsi içərisində say hesabı ilə yerli əyanlar üstünlük təşkil edirdilər. Bu təbəqə ölkənin idarə olunmasında həlledici rol oynayırdılar. Şəhərdə sənətkarlar və tacirlər də mühüm yer tuturdular. Tacirlər həmişə həm mərkəzi, həm də yerli hakimiyyətin möhkəmlənməsini istəyirdilər. Sənətkarlar şəhər əhalisinin təbəqələri içərisində çoxluq təşkil edirdilər. Şəhərlərin əkinçi əhalisi maldarlıqla məşğul olurdu. Şəhərin başında bəylərbəyi, xan və sultan rütbəsi olan hakim, həmçinin məlik dururdu. Maliyyə işlərinin qaydaya salınması, dövlət xəzinəsinin doldurulması vəzirin səlahiyyətinə daxil idi. Vəzir dərəcə etibarılə bəylərbəyidən aşağı olsa da müstəqil fəaliyyət göstərirdi. O, mərkəzi hakimiyyət tərəfindən təyin edilirdi və birbaşa ona tabe idi. Darğa şəhərdə asayişi qoruyur, şəriət normalarına riayət olunmasına nəzarət edir, hakim təbəqələrin göstərişlərinə əməl edirdi. Məhkəmə işlərinə bir qayda olaraq qazı baxırdı. Bəzi şəhərlərdə qazının vəzifəsini rütbəcə ondan yuxarı olan şeyxülislam yerinə yetirirdi. Böyük şəhərlərdə məhkəmə işlərinə hər ikisi baxırdı. Sənətkar və tacir təbəqəsinə vergi qoyulması, daxili problemlərin qaydaya salınması ilə kələntər məşğul olurdu. Sənətkarlıq və ticarətin hər bir sahəsində ona naib kömək edir di. Azərbaycanda ayrı-ayrı sənətkarlıq məmulatlarının hazırlanması üzrə ixtisaslaşma gedirdi. 44-dən çox sənət və peşə növü vardı. Yeni istehsal sahələri-çini qablar və pəncərə şüşəsi istehsalı yaranır, odlu silah istehsalı genişlənirdi. Onlarla müxtəlif növ parçalar toxunurdu. Şirvan xam ipək istehsalında Yaxın və Orta Şərqdə Gilandan sonra II yer tuturdu. Xam ipək Təbrizdə, Naxçıvanda, Marağada, Gəncədə də hasil edilirdi. Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan, Marağa, Ərəş, Mərənd, Xoy, Ordubad da əhəmiyyətli toxuculuq mərkəzləri hesab olunurdular. Təbriz əsasən qızılı və gümüşü saplarla işlənmiş məxmər, atlaz, nazik ipək parçalar, qumaş, çalma, Ərdəbil tafta, darayı, kələğayı, adi və zərbaf çadralar, Bakı qumaş parçalar hazırlanmasında ixtisaslaşmışdı. Xarici bazarlarda əla Quba xalçalarına tələb vardı. Abşeron, Qarabağ, Naxçıvan da bu sahədə geri qalmırdı. Polad, mis, qızıl, gümüş məmulatı istehsalında Azərbaycan ustaları dünya şöhrəti qazanmışdılar. Şamaxı və Lahıcda mis məmulatı, silah və zirehli geyimlər hazırlanırdı. Ağacişləmədə daha çox nəzərə çarpan nəccarlıq (ərəb. dülgər, xarrat) idi. Ərdəbildə, Şəkidə ipək parçalar, ipək tikmələr, ipək və yun qurşaqlar, mis qablar, ağacdan şəbəkə, əmək alətləri, məişət əşyaları və s. hazırlanırdı. Gəncə yaxınlığında hasil edilən misdən yerli ustalar naxışlı qab-qacaq düzəldirdilər. Sənətkarlar 3 qrupa bölünürdü: 1. Fərdi fəaliyyət göstə rənlər; 2. Xüsusi təşkilatlarda birləşənlər; 3. İri feodal emalatxanalarında işləyənlər. Hər bir sənətkar sənət vergisi ilə yanaşı, şəhər əhalisinin aşağı təbəqəsi kimi vergi verməli, mükəlləfiyyətlər daşımalı idi. Təbrizdə 15 min dükan vardı. Oradakı bazar bütün Asiyada ən böyük bazar idi-“Qeysəriyyə” bazarı. Naxçıvan, Ərdəbil, Bakı, Ordubad şəhərlərində ticarət də müstəsna rol oynayırdı. Həftədə bir dəfə alver həftəbazarda gedir. Böyük hərbi əməliyyatlar aparılan vaxtlarda ordubazarlar təşkil olunurdu. Ordubazarlarda asayişə ordubəyi nəzarət edirdi. Burada malların qiyməti sülh vaxtı başqa bazarlardan yüksək olurdu. Qələbə qazanılanda ticarət qarət hesabına varlanır, məğlub olanda isə mallarını itirirdilər. Karvansaralar xarici ticarətin mərkəzləri hesab olunurdu. Burada topdansatış ticarət əməliyyatları aparılırdı. Bu karvansaraydarın icazəsilə aparılır və xüsusi dəftərlərdə qeyd olunurdu. Karvansaraydar ticarətin qayda-qanunla aparılmasına, əmtəənin keyfiyyətinin, onun çəkisinin və miqdarının dürüstlüyünə, razılaşdırılmış qiymətlə rə nəzarət edirdi. Hər ticarət əməliyyatının ümumi məbləğinin 2%-i onun zəhmət haqqını təşkil edirdi. Böyük karvansarada hər bir tacir hücrə adlanan yer və anbar icarəyə götürürdü. Burada qonaq evləri də mövcud idi. İri şəhərlərdə karvansara və qonaq evləri birləşdirilirdi. Xarici tacir öz hücrəsi və anbarıyla yanaşı yaşaya bilərdi. Osmanlılar Azərbaycandan cins atlar və dəvələr almağa çox maraq göstərirdilər: Marağa, Mərənd, Qarabağ və Muğanda yetişdirilən minik və yük atları. Osmanlılar Azərbaycan ipəyini, boyaq maddələrini, toxuculuq məmulatlarını avropalılara satmaqla xeyli gəlir götürürdülər. Azərbaycan tacirləri İtaliya və b. Avropa ölkələri iqtisadi əlaqələr yaratmaq üçün Osmanlı tranzit ticarət yolundan istifadə edirdilər. Məhsullar İstanbul, İzmir, Hələb şəhərlərinə daşınır, oradan isə dəniz yolu ilə Avropaya çatdırılırdı. Həmin şəhərlər Avropanın Şərq ölkələri ilə tranzit ticarətində “göndərmə məntəqələri” idi. Azərbaycanla Hindistan arasında ticarət əlaqələri yaradığına görə multanı-hind tacirləri ticarət həyatında xüsusi mövqe tuturdular. Abşeronun Suraxanı kəndində hindlilərin xüsusi atəşpərəstlik məbədi vardı. Hind malları Volqa-Xəzər yolu ilə Rusiya və Avropaya aparılırdı. Bakı, Şamaxı, Təbriz, Ərdəbil ticarət daşımalarında mühüm rol oynayırdılar. Həştərxan vasitəsilə Azərbaycanla Şərqi Avropa şəhərləri arasında daimi ticarət əlaqələri yaranmışdı. Şərqi Avropa ölkələrindən tacirlər dəniz yolu ilə Dərbəndə, sonra duz və neft satışında liman şəhəri olan Bakıya yollanırdılar. Sonra İrandan keçib cənuba, oradan da Hindistana gedirdilər. Səfəvi dövlətində 15-20 min hind taciri fəaliyyət göstərirdi. 80-cı illərdə Şamaxıda 200-ə yaxın hind taciri yaşayırdı. Şamaxıdan Hindistana çoxlu xam ipək, ipək parça, Bakıdan qara və ağ neft, Abşeronda yetişdirilən zəfəran aparılırdı.
XVII əsrin 2-ci yarısında nominal pul vahidi dinar (tərkib.~2,4 q qızıl) idi. I Şah Abbas dövründə buraxılan və “abbasi” adlandırılan pul vahidi (çəkisi 2 misqal-4,64 q təmiz qızıl, dəyəri 200 dinar-2 misqal təmiz gümüş) dövriyyədə qalmaqda idi. XVII əsrin 2-ci yarısında Azərbaycanda aşağıdakı sikkələr işlənmişdir:1. Abbasi-200 dinar dəyər.; 2.Mahmudi-100 dinar; 3.Şahı-50 dinar; 4.Bisti (fars. “20”, 20 dinara = gümüş sikkə); 5.Qazıbəyi-Şirvanşah Sultan Məhəmməd Qazinin şərəfinə-mis pul-5 dinar.1-ci 4 sikkə qızıl və gümüşdən, qazıbəyi isə misdən hazırlanırdı. Gümüş pulların üzündə ortada “Allahdan başqa Allah yoxdur. Məhəmməd onun elçisi, Əli isə nümayən dəsidir”sözləri yazılırdı. Bu sözlərin ətrafında 12 imamın adları həkk edilirdi. Pulun arxa üzündə hakimiyyətdə olan şahın adı, sikkənin kəsildiyi yer və tarix göstərilirdi. Xırda mis sikkə lərin üzündə doğan günəş əks olunur, arxa üzündə isə sikkənin kəsildiyi yer, tarix göstərilirdi. XVII əsrin son onilliyində ölkəyə gətirilən xarici ticarət də tənəzzülə uğramışdı. Pul böhranı Səfəvi dövlətini sarsıdan səbəblərdən biri idi. Dövriyyəyə çoxlu qəlp pul daxil olmuş, ölkədə əmtəə mübadiləsi acınacaqlı vəziyyətə düşmüşdü. XVII əsrin sonunda Azərbaycan iqtisadiyyatının bütün sahələri dərin tənəzzül dövrü keçirirdi. Fırıldaqçılıq və dövlət aparatındakı vəzifəli şəxslərin pul hərisliyi, satqınlığı kütləvi hal almışdı. Bu durğunluq və tənəzzül çox uzun çəkmiş və ictimai həyatın bütün sahələrinə mənfi təsir etmişdi. Azərbaycanın cənub torpaqlarında suvarma sisteminin əsas mənbəyi olan yeraltı kanallar şəbəkəsi-kəhrizlər 400 dəfə azalmışdı. Ticarət və sənətkarlıqla məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın həcminin azalmasına gətirib çıxarmışdı. Sikkələrin xarab olması, qızıl və gümüş pulların dövriyyədən çıxması Səfəvilər dövləti hüdudlarında ticarətin, əmtəə mübadiləsinin inkişafı üçün əngələ çevrilmişdi. Şəhər iqtisadiyyatındakı tənəzzül Azərbaycan ictimai, siyasi həyatında dərin böhrana səbəb olmuş xəzinənin, ayrı-ayrı feodal əyanların gəliri azalmışdı. Hökumət əhalidən yığılan vergiləri 3 qat artırmışdı. XVII əsrdən etibarən Avropanı Asiya ilə birləşdirən və Afrika ətrafından keçən dəniz yolunun kəşfi ilə əlaqədar qədim İpək yolu öz əhəmiyyətini tədricən itirirdi. XVII əsrin 2-ci yarısında istismar olunan xalqın hakim təbəqənin zülmünə qarşı mübarizəsi müxtəlif formalarda özünü göstərirdi. Bəzən mübarizə üsulu dini xarakter daşıyır, xalq azadlıq hərəkatı şəklində cərəyan edirdi, ya da qiyama çevrilirdi. Əhali kəskin ərzaq qıtlığı ilə üzləşmişdi. “Oğurluq” və qarət artmış, varlıların taxıl anbarlarına hücumlar çoxalmışdı. 1667-ci ildə Çuxursəd bəylərbəyiliyində 2 il ərzində maaşları ödənilməmiş Qacar və Bayat tayfalarından olan döyüşçülərin üsyanı baş verdi. Üsyançılara davam gətirə bilməyən bəylərbəyi Səfiqulu xan qalaya sığındı. Lakin şahın təyin etdiyi bəylərbəyi bu üsyanı amansızcasına yatırmağa nail oldu.
Dostları ilə paylaş: |