2. XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar. Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal bazasına, tacirlərinin isə satış bazarına çevrildi. Azərbaycanda müstəmləkə iqtisadiyyatı mövcud idi. O yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli idi. Şimali Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə çevrildi. Azərbaycanın çar Rusiyası tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycan Rusiyanın tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Bakı kimi neft mərkəzinin olması Azərbaycanda kapitalist münasibətlərinin XIX əsrdə inkişaf etməsinin əsas amillərindən biri idi. Rusiyanın tərkibində Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması prosesi də sürətləndi. Azərbaycan xanlıqlarında mövcud olan müxtəlif pul sistemləri vahid rus pul sistemi ilə əvəz edildi. Bu tədbir ölkənin ayrı-ayrı əraziləri arasında ticarətin və XIX əsrin I yarısında əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan Rusiyanın iqtisadi inkişaf axınına cəlb olundu, onun bazarına qoşuldu və bu bazar vasitəsilə dünya əmtəə dövriyyəsində iştirak etməyə başladı. Azərbaycandakı çar ekspansiyası Rusiya hərbi feodal dövlətinin zəif inkişaf etmiş ölkələrin işğalına və bu ölkələrdə yaşayan xalqların əsarət altına alınmasına yönəldilmiş bir siyasəti idi. Çarizm hər vasitə ilə ucqarlarda, o cümlədən Azərbaycanda feodal münasibətlərini, geriliyi qoruyub saxlamağa, rus kapitalı tərəfindən ölkənin müstəmləkə qaydası ilə qarət olunmasına, kapitalizmə qədərki münasibətlərin saxlanılmasına çalışırdı. Ucqarların xalq kütlələri ikiqat zülmə-çarizmin və yerli istismarçıların zülmünə məruz qalırdılar. Yerli mülkədarların və burjuaziyanın bəzilərinin simasında özünə müttəfiq tapan və onlara arxalanan çarizm Azərbaycanda müstəmləkə siyasəti yeridirdi.
XIX əsrin 30-cu ill. çar Rusiyası tərəfindən Azərbaycanda aparılan feodal istismari, müstəmləkə zülmü və ağır vergilər xalqın narazılığına səbəb olmuşdur. Ilk çıxışlar 1826-cı ildə Gəncədə, 1830-cu ildə Car-Balakəndə baş versə də, bu üsyanlar çar qoşunları tərəfindən boğulmuşdur. Lənkərandakı üsyan iki ayadək davam etsə də amansızcasına yatırılmışdır. 1837-ci ildə Quba əyalətində 12 mindən çox üsyançının iştirak etdiyi hərəkata kəndxuda Hacı Məhəmməd və camaatın nüfuzunu qazanmış Yarəli başçılıq edirdi. Çar qoşunları tərəfindən üsyan yatırılmış, Hacı Məhəmməd tutulub edam edilmiş, Yarəli qaçıb canını qurtarmışdır. 1838-ci ildə Şəki əyalətində müstəmləkə zülmünə qarşı qalxmış üsyana Məşədi Məhəmməd başçılıq edirdi. O, dağıstanlıların köməyi ilə Şəki əyalətinə gələrək əhalini ayağa qaldırmış, lakin üsyan çar qoşunları tərəfindən yatırılmışdır.
XIX yüzilliyin 30-cu ill. Azərbaycanın müxtəlif yerlərində müstəmləkə zülmünə və feodal istismarına qarşı silahlı çıxışlar qalxsa da, çar qoşunları tərəfindən amansızcasına boğulmuşdur.
Dostları ilə paylaş: |