2. Milli dövlət quruculuğu. Azərbaycan parlamenti. Azərbaycan Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. “İstiqlal Bəyannaməsi”nə görə, Azərbaycanda ali hakimiyyət xalqa məxsus idi. Qanunverici hakimiyyət-parlamentə, icraedici hakimiyyət isə parlament qarşısında məsuliyyət daşıyan hökumətə məxsus idi.
Hərbi quruculuqdan başqa, 1918-ci il 17 iyun tarixli intibahnaməsinə görə dövlət idarələri, məhkəmə və məktəb sisteminin milliliəşdirilməsi əsas vəzifələrdən biri idi. İyunun 26-da Azərbaycan Milli ordusunun yaradılması haqqında fərman verildi. İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Noyabrın 9-da isə həmin bayraq üçrəngli-yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi Azərbaycanın dövlət bayrağındakı bu 3 rəng “türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur”.
I Dünya müharibəsində məğlub olmuş Osmanlılarla Böyük Britaniya arasında 1918-ci il oktyabrın 30-da bağlanmış Mudros barışığına görə Osmanlı imperiyası Cənubi Qafqaz, o cümlədən Azərbaycandan hərbi hissələrini çıxarmalı idi, Cənubi Qafqaz Böyük Britaniyanın nüfuz dairəsi elan olunur və Bakıya ingilis qoşunları yeridilir. M.Ə.Rəsulzadənin təsvirinə görə 1500 əsgərlik Azərbaycan ordusu ölkənin müxtəlif yerlərinə səpələndiyinə və Bakıda 500 nəfər milis (polis) qaldığına görə məsələ yalnız diplomatik yolla həll olunmalıydı. N.Usubbəyov, Ə.Ağayev və M.Rəfiyevdən ibarət Azərbaycan nümayəndə heyətinin İrandakı ingilis qoşunlarının komandanı general Tomsonla Ənzəlidə apardığı danışıqlar səmərəsiz oldu. General Tomson Ənzəlidən Bakıya yola düşməzdən əvvəl bəyənnamə ilə çıxış etdi:
“I. Noyabrın 17-si saat 10-na kimi Bakı həm türk, həm də Azərbaycan qoşunlarından təmizlənməlidir;
II. Bakı şəhəri neft mədənləri ilə birlikdə işğal olunacaq, ölkənin qalan hissəsi isə Azərbaycan hökuməti və qoşunlarının nəzarəti altında qalacaqdır;
III. Azərbaycan Respublikası rəsmi olaraq tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri Azərbaycan hökuməti ilə de-fakto (faktik surətdə, işdə, həqiqətdə) əlaqələr yaradacaqlar;
IV. Aşağıdakı dəyişikliklər istisna olmaqla bütün müəssisə və təşkilatlar öz adi fəaliyyətlərini davam etdirirlər:
A) general Tomson Bakının general-qubernatoru təyin olunur;
B) şəhər polisinə ingilis komandanlığının nümayəndəsi başçılıq edir;
V) şəhər Dumasına yenidən əvvəlki fəaliyyət sərbəstliyi verilir;
Q) Paris sülh konfransında millətlərin öz müqəddəratini tə-yinetmə prinsipi ətrafında gedən diskussiyalardan Azərbaycan kənarlaşdırılmayacaq;
D) silahlı ermənilər Bakıya buraxılmırlar”.
1918-ci il noyabrın 17-də ingilis qoşunları Biçeraxovun dəstələri ilə birlikdə Bakıya daxil oldular. Noyabrın 16-da Azərbaycan Milli Şurası 5 aylıq fasilədən sonra Bakıda yenidən fəaliyyətə başladı. Noyabrın 19-da Milli Şura ikinci iclasında “Azərbaycan parlamentinin yaradılması haqqında qanun” qəbul etdi. Yaranmış fövqəladə şəraitdə Ümumazərbaycan Müəssisələr Məclisini çağırmaq mümkün olmadığı üçün Milli Şuranı ali qanunvericilik orqanına-Azərbaycan Parlamentinə çevirmək qərara alındı. Qanuna əsasən Azərbaycanda yaşayan bütün millətlər parlamentdə təmsil olunmalı idilər. 120 nəfərdən ibarət olan Azərbaycan parlamentində Azərbaycan türklərinə-80, ermənilərə-21, ruslara-10, alman, yəhudi, gürcü və polyakların hərəsinə 1 yer ayrılmışdı. Qalan 5 yerdən 3-ü Bakı həmkarlar təşkilatı, 2-si isə Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye ittifaqı üçün nəzərdə tutulmuşdu. Azərbaycan Milli Şurası Rus Milli Şurasının nümayəndələrini parlamentin işinə cəlb etmək məqsədi ilə kompromis variant irəli sürdü. 1918-ci il noyabrın 24-də Azərbaycan Milli Şurası bildirdi ki, 28 may tarixli “İstiqlal bəyənnaməsinin” mövcudluğuna baxmayaraq, o, Azərbaycanın müstəqilliyinin Rus Milli Şurası tərəfindən dərhal tanınmasını tələb etmir. Lakin Azərbaycanı Rusiyanın mülkiyyəti hesab edən və buna görə də Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququnu inkar edən Rus Milli Şurası parlamentə nümayəndələrini göndərməkdən imtina etdi. Rus Milli Şurası Azərbaycan hökumətindən tələb etdi ki, ağqvardiyaçıların təşkil etdikləri Ufa direktoriyasının ali hakimiyyətini tanısın. Hətta general Tomson belə bu tələbin əsassız olduğunu bildirdi. Bu hadisələr ingilis komandanlığı ilə Azərbaycan hökuməti arasında yaxınlaşma prosesinə təkan vermiş oldu. Azərbaycanın dövlət müstəqilliyinin müdafiəsində “Müsavat” partiyası və digər sol təşkilatların göstərdikləri qətiyyət Rus Milli Şurası daxilində ziddiyyətlərin yaranmasına və son nəticədə bu təşkilatın parçalanmasına gətirib çıxardı. Rus Milli Şurası üzvlərinin bir hissəsi olnun tərkibindən çıxaraq “Rus-Slavyan cəmiyyəti” adlı təşkilat yaratdılar. Bu təşkilat Azərbaycan parlamenti və hökumətinin işində iştirak etməyə hazır olduğunu bildirdi. Bunun ardınca Azərbaycanın erməni icması və “Daşnaksütyun” partiyası da öz nümayəndələrini parlamentə göndərməyə razılıq verdilər.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təsis iclası oldu. Əli Mərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini seçildi. Daha sonra baş nazir F.X.Xoyski söz alaraq hökumətin öz səlahiyyətlərini yerə qoyduğunu və bütün hakimiyyəti parlamentə təhvil verdiyini elan etdi. Fikir rəngarəngliyinə baxmayaraq bütün fraksiyalar bir məsələdə yekdil idilər: parlamentin fəaliyyətinin əsas məqsədi-Azərbaycanın müstəqilliyinin, onun milli-siyasi hüquqlarının müdafiə olunması, Azərbaycanla digər Qafqaz xalqları arasında həmrəylik münasibətlərinin yaradılması, ölkə daxilində demokratik quruluşun bərqərar edilməsindən ibarət olmalıdır və həmin məqsədlər ətrafında bütün parlament fraksiyaları sıx birləşməlidirlər. Azərbaycan parlamentinin 97 üzvü var idi və bunlar 10 fraksiyada birləşmişdilər. “Müsavat” partiyasının nümayəndələri bitərəf demokratlar qrupu ilə birləşərək ən böyük parlament fraksiyasını təşkil edirdilər. 38 parlament üzvündən ibarət olan bu fraksiyanın lideri M.Ə.Rəsulzadə idi. Parlamentdə “İttihad” partiyasının-13, “Əhrar”ın-7, “Hümmət” və müsəlman sosialist blokunun üzvlərindən ibarət olan sosialistlər fraksiyasının-13, Rus-Slavyan cəmiyyəti”nin-4, “Daşnaksütyun”-7, erməni icması və milli azlıqlar fraksiyalarının hər birinin-4 nümayəndəsi vardı. Bundan əlavə parlamentdə “bitərəflər” və “müstəqillər” (Ə.M.Topçubaşov, S.Mehmandarov, X.Məlikaslanov) fraksiyaları fəaliyyət göstərirdilər. A.Əfəndiyev heç bir fraksiyaya daxil deyildi. Yeni hökumət kabinetinin təşkili F.X.Xoyskiyə həvalə olundu. 1918-ci il dekabrın 26-da Azərbaycan Respublikasının yeni, 3-cü hökumətin tərkibi parlamentə təqdim olundu.