4.Azərbaycan Respublikasının yeni neft strategiyası. «Əsrin
müqaviləsi»nin imzalanması
1.Qondarma Dağlıq Qarabağ məsələsi və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri.Qarabağ məsələsi iki əsrdir ki, zaman-zaman gündəmə çixir. 1923-cü ilin iyulunda Azərbaycanın iradəsinə zidd olaraq, Moskva mərkəzinin bolşevik havadarlarının dəstəyi ilə ona vilayət statusu verilmişdi. Dağlıq Qarabağ Kiçik Qafqazın cənub-şərqində yerləşir, ərazisi təqribən 4,4 kv. km-dir. Tərkibinə 5 rayon-Əsgəran, Hadrut, Mardakert (Ağdərə), Martuni (Xocavənd) və Şuşa daxildir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan və Türkiyənin şərqindən bura kütləvi şəkildə ermənilərin köçürülməsi nəticəsində əhalinin milli tərkibindəki nisbət ermənilərin xeyrinə dəyişmişdi. 1989-cu ildə vilayətdəki əhalinin 73,4%-i ermənilər, 25,3%-i azərbaycanlılar, 1,3%-i isə qeyri millətlər təşkil etmişdi. Sovet İttifaqının “yenidənqurma”, “aşkarlıq” siyasətindən istifadə edən ermənilər yenidən Azərbaycana ərazi iddialarını qaldırdılar. Milli qızışdırmada erməni ziyalılarının, xüsusən P.Qazaryanın, Zori Balayanın, Silva Kaputikyanın və b. azərbaycanlılara iftira və təhqirlə dolu, tarixi saxtalaşdırıcı “əsərlər”inin də mühüm rolu olmuşdu. 1987-ci ildə Ulu öndərimiz H.Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından istifadə edən “Qarabağ Komitəsi” oktyabrda İrəvanda ilk açıq mitinq keçirdi. Bu komitə yerli “Krunk” təşkilatı açıq fəaliyyətə başladı. “Miatsum” hərəkatı genişləndi. Ona rəhbərlik etmək məqsədi ilə 1988-ci il mayın 2-də “55-lər Komitəsi” yaradıldı. Erməni millətçiləri Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edərkən Azərbaycanın guya vilayətin sosial-iqtisadi və mədəni inkişafına diqqət vermədiyini əsas kimi götürürdülər. 1988-ci ilin əvvəllərində Ermənistanın dəstəyi və Mərkəzin müşahidəsi və qızışdırıcı siyasəti ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatları daha da artdı. 1988-ci il fevralın 20-də DQMV Sovetinin sessiyası “DQMV-nin Ermənistanın tərkibinə daxil edilməsinə razılıq verməsini təklif etdi. Ermənistan SSR Ali Soveti 1988-ci il iyunun 15-də Azərbaycan SSR Ali Sovetindən DQMV-in Ermənistanın tərkibinə daxil edilməsinə razılıq verməsini təklif etdi. İyunun 21-də Vilayət Xalq Deputatları Sovetinin fövqəladə sessiyası SSRİ Ali Sovetinə müraciətlə DQMV-nin Ermənistan SSR-ə verilməsini xahiş etdi. İyulun 12-də Vilayət Sovetinin sessiyası qeyri-qanuni olaraq DQMV-nin Azərbaycanın tərkibindən çıxdığı və Ermənistana birləşdirildiyi barədə qeyri-qanuni qərarı elan etdi. Sentyabrın 18-də ermənilər Xocalıya hücum etdilər. Sentyabrın 21 və oktyabrın 18-də Xankəndində azərbaycanlıların və buna cavab olaraq, Şuşada ermənilərin evləri, avtomobilləri yandırıldı. 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyyəti “Azərbaycan SSR-nin DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi və birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Bundan istifadə edən ermənilər 1989-cu ilin iyununda Qarabağdakı Azərbaycan kəndlərini mühasirəyə aldılar, sovet ordu hissələrinin köməyi ilə Xankəndindən bütün azərbaycanlıları (14 min) çıxardılar. Azərbaycan demokratik qüvvələrinin tələbi ilə 1989-cu il noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv olundu. Vilayətin idarəçiliyi V.Polyaniçkonun başçılığı ilə Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “DQMV-nin Ermənistana birləşdirmək haqqında” qeyri-qanuni qərar qəbul etdi. Xankəndində Ermənistan SSR-in bayrağı asıldı. Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistanla sərhəd boyunca (976 km) fövqəladə vəziyyət elan etdi. 1991-ci ilin mayında bir sıra erməni kəndlərində pasport rejimi yoxlanıldı, erməni silahlı dəstələri tərksilah edildilər. Lakin, yenə də ermənilərin Azərbaycan kəndlərinə hücumları davam etməkdə idi.
Azərbaycanda ərazi bütövlüyü və suverenlik uğrunda xalq hərəkatı başladı. 1988-ci ilin əvvəllərində (fevralın 19) ilk etiraz çıxışları başlandı. Xankəndində bir azərbaycanlının öldürülməsi xəbərini eşidən ağdamlılar fevralın 24-də Xankəndinə yürüş etdilər. Yürüş zamanı Əsgəranda 2 nəfər öldürüldü və 19 nəfər yaralandı. 1988-ci il noyabrın 17-də “Topxana” meşəsində sənaye obyektinin tikilməsi xəbəri ilə əlaqədar “Azadlıq” meydanında xalqın izdihamlı mitinqi oldu. Noyabrın 19-da ilk dəfə “Azadlıq” meydanında AXC-nin üçrəngli bayrağı qaldırıldı. Bu tariximizə “Milli Dirçəliş” hadisəsi kimi daxil oldu. Mitinq 1988-ci il dekabrın 4-də dağıdıldı. 1989-cu ilin martında hərəkata rəhbərlik etmək üçün Xalq Cəbhəsinin Müvəqqəti Təşəbbüs Mərkəzi təşkil edildi. Əbülfəz Əliyev (Elçibəy) AXC-nin sədri seçildi. Sonrakı mitinqlər artıq AXC-nin rəhbərliyi ilə idarə olunurdu. Azərbaycan SSR Ali Sovetinin 1989-cu il sentyabrın 23-də çağırılmış fövqəladə sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etdi. 1989-cu il dekabrın 31-də Naxçıvanda Araz boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları ləğv edildi. Azərbaycanın SSRİ tərkibindən çıxmaq təhlükəsini görən Mərkəz 1990-cu ilin əvvəllərində Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirildi. SSRİ müdafiə naziri D.Yazov Gəncəyə gəldi. O, “Tayfun” əməliyyat planına görə AXC-ni dağıtmaq, “demokratik hərəkatı” boğmaq üçün tədbirlər görməyə başladı. Yan¬varın 13-də 1 erməninin 2 azərbaycanlını öldürülməsini təşkil etdi. Bakıda erməni talanları başladı. Mərkəzin tapşırığı ilə milis və digər inzibati orqanlar seyrçi mövqe tutdular. Talanlar zamanı 56 nəfər erməni öldürüldü, 112 nəfər xəsarət aldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə” fərman verdi. Respublika hökuməti iflic vəziyyətində idi. Mərkəz Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı. Əhali Bakı ətrafında barrikadalar qurmağa başladılar. Hadisələrı nəzarət etmək üçün Moskvadan Bakıya SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko göndərilmişdi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi, gizli saxlanıldı. Yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda qanlı qırğın törətdilər. Əməliyyata SSRİ-nin hərbi naziri D.Yazov başçılıq edirdi. Əməliyyat nəticəsində 132 nəfər (116-sı azərbaycanlı) günahsız adam qətlə yetiildi. 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü, 400 nəfər həbs edildi. Bu, tariximizə “Qanlı yanvar” hadisəsi kimi daxil olmuşdu. Bakıda 3 günlük matəm elan edildi. Bakıda fövqəladə vəziyyət, kamendant saatı tətbiq edildi. AXC dağıdıldı. Bundan sonra suverenlik və azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlandı.