Orta Tunc dövrü e.ə. III minilliyin axırı və II minilliyin əv. başlamış, II minilliyin ortalarına qədər davam etmişdir. Orta Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar arasında əlaqələr genişlənmiş, iri yaşayış məskənləri yaranmışdır. İlkin şəhər mərkəzləri də yaranmış və müdafiə divarları ilə əhatə olunmuşdur: Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Urmiya sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə. Qədim Naxçıvan şəhəri Orta Tunc dövründə, 3500 il b.ə. tanınmışdır. Artıq təbəqələşmə gedirdi (2-3 otaqlı evlərin olması bunu sübut edirdi). Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdı. Süni suvarma kanalları yaradılmışdır. Üzümçülük və şərabçılıq meydana gəlmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan tələbatını ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına şərait yaratmışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində 2-ci böyük ictimai əmək bölgüsü-sənətkarlığın başqa istehsal sahələrindən ayrılması baş vermişdi. Naxçıvan yaxınlığında II Kültəpədə dulusçuluq məhəlləsi və dulus sobaları tapılmışdır. Qablar naxışlarla bəzədilərkən rəngli boyalardan istifadə edilmişdir. Filizçıxarma işi geniş inkişaf etmişdir. Əridilmiş metalı xüsusi qəliblərə tökərək müxtəlif əmək alətləri, silah, bəzək əşyaları hazırlayırdılar. Döymə və lehimləmə üsullarından istifadə olunmuşdur. Toxuculuq, sümükişləmə, gön-dəri işləmə və daşişləmə kimi sənət sahələri də inkişaf etmişdir. Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahələri idi. Orta Tunc dövründə Azərbaycan ərazisində yaşamış qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşmişlər. İri tayfa ittifaqlarının vahid mərkəzləri var idi. Onlara nüfuzlu, varlı adamlar başçılıq edirdi. Əhalinin dini inamları, mərasim və ayinləri qəbir abidələrinin quruluşunda (daş qutular, kurqanlar), dəfn adətlərində (ölülərin yandırılması, onların üzərinə qırmızı boya çəkilməsi və s.) əks olunmuşdu. Qaya təsvirlərinin bir çoxu ibtidai ovsunla bağlı olmuşdur. Saxsı qabların, metal əşyaların və bəzək şeylərinin üzəri həndəsi naxışlar, heyvan və bitki rəsmləri ilə bəzədilmişdir.