Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından III minilliyin sonuna qədər davam etmişdir. Bu dövrə Azərbaycanda Kür-Araz mədəniyyəti səciyyəvidir ki, bu daQarabağda, Naxçıvanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya ərazisində və b. bölgələrdə tapılmış zəngin materiallar əsasında tədqiq edilmişdir. Yaşayış məskənləri bəzən 3-5 ha çatırdı, çay kənarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı, ətrafına müdafiə divarı çəkilirdi. Bunlar Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Evlər dairəvi formada, bünovrəsi daşdan, divarları çiy kərpicdən, bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalar və yarımqazma evlər formasında tikilirdi. Dini ayinlər üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayonunda Sərkərtəpə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Belə ibadət evləri Qazax rayonunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlərində də vardır.