Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. XIV-XII əsrləri əhatə edir. Erkən (ilk) Dəmir dövrü e.ə. XI-VIII əsrləri əhatə edir. Azərbaycanda yaşayış məskənləri, qəbir abidələri (kurqanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik (siklop-təpəgöz, siklopik-böyük ölçülü tava daşlarından hörülmüş qalaçalar-təpəgözlər tikmişlər) qalalar tədqiq edilmişdir. Yaşayış və təsərrüfat binalarının bünövrəsi çay daşları və ya qaya parçalarından qoyulur, divarları çiy kərpicdən hörülürdü, ətrafına müdafiə divarları çəkilirdi. Bu dövrdə sənətkarlıq daha məhsuldar inkişaf etmiş, qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdi. Möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahların yaranması, əmək alətlərinin təkmilləşməsi, tayfa ittifaqlarının daha da güclənməsi, tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması, bu şəxslərin ilahiləşdirilməsi tədricən ibtidai icma quruluşunun dağılması, sinifli cəmiyyətin yaranmasına gətirib çıxardı. İri suvarma kanalları çəkilmişdir. Əkinçilikdə buğda, arpa, darı və s. bitkilər becərilir, taxıl tuncdan və dəmirdən hazırlanmış oraqlarla biçilir, taxıl vəllərlə döyülür, dən daşlari ilə üyüdülürdü. Üzümçülük və şərabçılıq inkişaf etmişdir. Dulusçuluq əmək fəaliyyətində xüsusi yer tuturdu. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Metalişləmədə ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə (qravüra) üsulları ilə qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar. Toxuculuq, sümükişləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və b. sənət sahələri də əhəmiyyət kəsb edirdi. Sənətkarlar içərisindən sənətkar-tacirlər qrupu ayrılmışdır. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləşdirilməsinə gətirib çıxarırdı. Belə tayfa başçıları öləndən sonra ona sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar ucaldılırdı. Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluqçularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını da basdırıdılar. Atları yüyənli-cilovlu, müxtəlif əşyalarla bəzədilmiş halda qəbirə qoyurdular. Bu, axirət dünyasına inam idi.
Azərbaycan Assuriya ilə geniş ticarət əlaqələri saxlayırdı. Azərbaycanda Assuriyada istehsal olunmuş şirli gil qablar, silindrik möhürlər, silahlar, bəzək şeyləri tapılmışdı. Xocalıda üzərində mixi xətlə Assuriya padşahının (Adadnirari) adı yazılmış muncuq tapılmışdır. Su yolları ilə ticarət əlaqələri çay (Kür-Araz) və dəniz (Xəzər) vasitəsilə yaradılırdı. Qobustan qayalarında həkk olunmuş müxtəlif gəmi təsvirləri buna sübutdur.
Dostları ilə paylaş: |