Aratta dövləti Azərbaycanın e.ə. III minilliyin I yarısında siyasi tarixində mühüm rol oynamışdı. E.ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda-Urmiya gölündən cənubda yaşayan Lullubi tayfası e.ə. XXIII əsrdə dövlət qurumuna çevrilmişdi. Kutilər Urmiya gölündən qərbdə və cənub-qərbdə yaşamışlar, e.ə. III minilliyin II yarısında Kuti (Kutium) dövlət qurumunu yaratmışdılar. Mesopotamiya 100 ilə yaxın kutilərin hakimiyyəti altında qaldı. Kuti dövlətinin sərhədləri şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər uzanmışdı. Kutilərdə Şumerdə və Akkadda olan idarə sistemi idi, ölkə canişinlər vasitəsilə idarə olunurdu. Kutilər və hökmdarları türk mənşəli idilər. E.ə. III minilliyin sonunda (e.ə. XXII əsrin axırlarında) Kuti və Lullubi dövlətləri süquta uğrayaraq xırda vilayətlərə parçalandılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar, Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bunlar süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Onlar Mesopotamiyaya daxil olmuşlar. Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər və turukkilər) burada yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda məskunlaşmışlar. E.ə. II minilliyində qədim Azərbaycan tayfaları tutukkilər, lullubilər, kutilər və şubarlar Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmışlar. Qədim Azərbaycan tayfalarının vahid dövlət halında birləşməsi zəruri idi.